| 
						 
						
						 Bakıda 
						səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov 
						aprelin 4-də M.V.Lomonosov adına Moskva Dövlət 
						Universitetinin Bakı filialının rektoru, professor 
						Nərgiz Paşayeva ilə görüşmüşdür.  
						
						
						 AzərTAc xəbər verir ki, S.Lavrov əvvəlcə MDU-nun Bakı 
						filialının yeni kampusunun tikintisinin gedişini əks 
						etdirən albomlarla tanış olmuşdur. Bundan əlavə, görüş 
						iştirakçıları S.Lavrovun universitetə hədiyyə etdiyi 
						ədəbiyyat, rus dili, tarix və başqa sahələrə aid 
						kitabları gözdən keçirmişlər. Sonra rusiyalı nazir bu 
						ali məktəbin müəllim və tələbələri ilə görüşmüşdür.
						 
						
						
						 Tədbirdə çıxış edən professor N.Paşayeva tələbələrin 
						məşhur dövlət xadimləri və ictimai xadimlərlə görüşünün 
						əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, Bakıda 
						MDU-nun filialının yaradılması Azərbaycan vətəndaşlarına 
						öz ölkəsinin hüdudlarını tərk etmədən dünyanın ən 
						nüfuzlu ali məktəblərinin birində təhsil almaq imkanı 
						vermişdir. N.Paşayeva demişdir: "Sirr deyildir ki, 
						Azərbaycan gənclərinin burada təhsil almaq istəyi əsasən, 
						Rusiya xalqının mədəniyyətinin və tarixinin ən böyük 
						nailiyyətlərindən biri olan Moskva Dövlət 
						Universitetinin ənənəvi yüksək nüfuzu ilə bağlıdır".
						 
						
						
						 N.Paşayeva Azərbaycanda rus dilinin vəziyyəti barədə 
						söhbət açaraq vurğulamışdır ki, respublikamızda rus 
						dilinə, rus mədəniyyətinə həmişə qayğıkeş, səmimi, 
						həssas münasibət və həqiqi məhəbbət hissləri olmuşdur və 
						olacaqdır.  
						
						
						 S.Lavrov öz çıxışında qeyd etmişdir ki, MDU-nun Bakı 
						filialının Azərbaycanda ən gənc ali məktəb olduğuna 
						baxmayaraq, o artıq ölkədə ən nüfuzlu ali məktəblərdən 
						birinə çevrilmişdir. Nazir demişdir: "Rusiya 
						Federasiyası rus dilinin Azərbaycan və Rusiya 
						xalqlarının dostluğunun mühüm vasitələrindən biri kimi 
						inkişaf etdirilməsi, qorunub saxlanması və tətbiqi 
						işində universitet rəhbərliyinin xidmətlərini çox yüksək 
						qiymətləndirir".  
						
						
						S.Lavrov vurğulamışdır ki, universitetin fəaliyyəti və 
						onun rektoru Nərgiz Paşayevanın Rusiya və Azərbaycanın 
						strateji tərəfdaşlığında humanitar tərkib hissənin 
						möhkəmlənməsinə şəxsi töhfəsi Rusiya Prezidenti 
						tərəfindən yüksək qiymətləndirilmiş, o, N.Paşayevanın "Dostluq" 
						ordeni ilə təltif olunması haqqında qərar qəbul etmişdir.
						 
						
						
						Nazirin sözlərinə görə, səfər müddətində keçirilmiş 
						görüşlərdə iki ölkənin mədəniyyətlərinin qarşılıqlı 
						zənginləşməsinin, bir-birini qarşılıqlı tamamlamasının, 
						dostluq ənənələrinin yeni nəsillərə ötürülməsinin 
						vacibliyi bir daha vurğulanmışdır.  
						
						
						Rusiyalı nazir ölkələrimiz arasında energetika və 
						investisiya sahələrində münasibətlərin, beynəlxalq 
						məsələlərdə, regionda və dünyada təhlükəsizlik 
						məsələlərində səmərəli əməkdaşlığın durmadan inkişaf 
						etməsini qeyd etmişdir.  
						
						
						S.Lavrov vurğulamışdır: "Rusiya-Azərbaycan əməkdaşlıq və 
						tərəfdaşlığı Cənubi Qafqazda sabitliyin və 
						təhlükəsizliyin təmin edilməsində mühüm amildir. 
						Ümidvaram ki, indiki səfər Rusiya və Azərbaycanın 
						mənafelərinin xalqlarımızın rifahı naminə irəliləməsinə 
						kömək edəcəkdir".  
						
						
						 Sonra Rusiya xarici işlər naziri tələbələrin və 
						müəllimlərin qlobal siyasət, iqtisadiyyat, ölkələrimiz 
						arasında münasibətlər barədə suallarına cavab vermişdir.
						 
						
						
						Sonda Sergey Lavrov professor Nərgiz Paşayevaya RF 
						Xarici İşlər Nazirliyi yanında "Rossotrudniçestvo" 
						agentliyinin "Dostluq və əməkdaşlığa görə" fəxri 
						nişanını təqdim etmişdir.  
						
						
						
						AzərTAc  |