| 
						 
						
						 Bakı 
						Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 
						Türkiyə Respublikasının Ankara Universitetinin 
						prorektoru, professor Argun Karacabeyin rəhbərlik etdiyi 
						nümayəndə heyətini qəbul edib. Rektor bir müddət əvvəl 
						BDU ilə Ankara Universiteti arasında birgə elmi 
						əməkdaşlıq barəsində imzalanan protokoldan, bu protokol 
						çərçivəsində ölkəmizdə hüquq elminin davamlı inkişaf 
						etdirilməsi, hüquqşünas kadrların hazırlıq səviyyəsinin 
						daha da artırılmasının təmin edilməsi məqsədilə görülən 
						işlərdən danışıb.  
						
						
						Görüşdə hər iki universitetin rəhbərliyi bakalavr 
						səviyyəsində beynəlxalq standartlara uyğun hüquqşünaslıq 
						ixtisası üzrə ikili diplomun verilməsi (tanınması), 
						digər tərəfdən isə gələcəkdə bu prosesin davamı kimi 
						magistratura və doktorantura pillələrində kadr hazırlığı 
						baxımından elmi əməkdaşlığın qurulması istiqamətində 
						fikir mübadiləsi aparıblar.  
						
						
						Sonra Bakı Dövlət Universiteti və Ankara Universiteti 
						arasında birgə bakalavr səviyyəsində hüquqşünas 
						hazırlığı ilə bağlı hüquq təhsili, ikili diplomların 
						verilməsi  barədə Memorandum imzalanıb. Memorandumu BDU-nun 
						rektoru, akademik Abel Məhərrəmov və Ankara 
						Universitetinin rektoru, professor doktor Cemal Taluğ 
						adından prorektor Argun Karacabey imzalayıb. Memoranduma 
						əsasən, bu tədris ilindən başlayaraq, hər  tərəfdən 30 
						nəfər tələbə, cəmi 60 nəfər ikili diplom almaq üçün 1-ci 
						kursa qəbul ediləcək. 60 tələbə həm Türkiyə, həm də 
						Azərbaycanın ikili diplomlarını alacaq ki, həmin 
						diplomlar hər iki ölkədə qəbul ediləcək.  
						
						
						Həmçinin ikili diplom verilməsi ilə bağlı birgə tədris 
						prosesi BDU-da türk və Azərbaycan dillərində aparılmaqla 
						Avropa Kredit Transfer Sisteminə (ECTS) uyğun olaraq 
						həyata keçiriləcək. Tərəflərin öhdəliklərində isə bu 
						məqamlar öz əksini tapıb: qarşılıqlı elmi tədqiqatların 
						və elmi mübadilənin, birgə elmi konfransların 
						keçirilməsi, ikili diplom proqramı ilə bağlı hər növ 
						elan, reklam, təqdimat və sərgilərin  təşkil edilməsi 
						ilə bağlı əməkdaşlığın təmin edilməsi, Birgə Tədris 
						Proqramını müvəffəqiyyətlə bitirən tələbələrə ikili 
						diplom verilməsi. 
						
						
						İmzalanma mərasimindən sonra qonaqlar universitetin 
						Elektron Tədris Mərkəzində, Heydər Əliyev Muzeyində, 
						elmi-tədqiqat laboratoriyalarında olub, hüquq 
						fakültəsinin professor-müəllim heyəti ilə müzakirələr 
						aparıblar.   
						
						
						
						BDU-nun Mətbuat və informasiya şöbəsi  |