| 
						 
						
						Əməkdar elm xadimi, professor Misir Mərdanovun bu 
						fundamental əsəri müstəqil dövlətimizin indiki 
						mərhələsində milli təhsilimizin uğurlu yolla 
						irəlilədiyini təsdiq edir  
						
						
						 Azərbaycan 
						Respublikasının müstəqilliyinin ilk illərində əsasını 
						ulu öndər Heydər Əliyevin qoyduğu siyasi və iqtisadi 
						kurs son zamanlar ölkə Prezidenti İlham Əliyev 
						tərəfindən uğurla davam etdirilmiş, suveren dövlətimiz 
						təkcə regionun deyil, həm də Avropanın siyasi cəhətdən 
						ən sabit ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə yüksək 
						nüfuz qazanmış, iqtisadi inkişaf tempinə görə dünyada 
						lider ölkələr sırasına daxil olmuşdur. Əlbəttə, qısa 
						müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli 
						inkişafı dövlət başçısı İlham Əliyevin yeni idarəetmə 
						modeli sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, 
						dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları 
						Azərbaycanın dinamik inkişafının səbəblərini də məhz 
						İlham Əliyevin ölkəni elmi tədqiqatlara və strateji 
						təhlillərə əsaslanan proqramlarla idarəetmə modelinin 
						nəticəsi kimi qiymətləndirirlər.  Olduqca təqdirəlayiq 
						faktdır ki, Prezident İlham Əliyevin ölkəmizdə uğurla 
						həyata keçirilən yeni idarəetmə modeli təhsil sistemində 
						də müasir menecment modellərinin tətbiqini 
						şərtləndirmişdir. Son illərdə təhsil sahəsində 
						əhəmiyyətli uğurların əldə olunması da bilavasitə 
						təhsilin idarəolunması sisteminin təkmilləşdirilməsi ilə 
						bağlıdır. Təhsil Nazirliyinin strukturunda 
						dəyişikliklərin aparılması, o cümlədən monitorinq və 
						qiymətləndirmə, təhsilin idarəolunmasının məlumat 
						sistemləri, strateji təhlil, planlaşdırma və kadrların 
						idarəolunması, akkreditasiya şöbələrinin yaradılması 
						nazirliyin idarəetmə potensialını xeyli gücləndirmiş, 
						çevik idarəetməyə zəmin yaratmışdır.  
						
						
						Müstəqillik illərində Azərbaycan təhsili ümummilli lider 
						Heydər Əliyevin "Təhsil sahəsi həyatımızın ən gərəkli, 
						ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər 
						əsasında qurulmalıdır" müddəasına əsaslanan islahatlar 
						nəticəsində tarixi təcrübə və nailiyyətlər zəminində bir 
						çox diqqətəlayiq uğurlar qazanmış, milli dəyərlərə 
						söykənməklə beynəlxalq təhsil sisteminə uğurla 
						inteqrasiya edə bilmişdir. 
						
						
						Ulu öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı 
						olan İlham Əliyevin "Təhsil Azərbaycanın davamlı inkişaf 
						strategiyasının ən öncül istiqamətlərindən biridir" 
						konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin 
						yaratmaqla yanaşı, dövlət başçısının bu uzaqgörən 
						fikirlərini bir daha təsdiqləyir: "Biz maddi 
						dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına 
						çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək 
						həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına 
						xidmət edir". 
						
						
						Təhsil sisteminin qarşısında duran əsas vəzifələri 
						müəyyənləşdirərkən Prezident İlham Əliyev belə bir vacib 
						məqamı xüsusi vurğulamışdır: "Neft, qaz Tanrıdan verilən 
						böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə 
						edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və 
						bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını 
						uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf 
						etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o 
						ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz 
						deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni 
						texnologiyalardır". 
						
						
						"Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan 
						kapitalına çevirməliyik" müddəasını əsaslandıran dövlət 
						başçısının dediyi kimi, "təhsil əsri" elan edilən XXI 
						əsrdə yüksək intellektə malik insan kapitalının 
						formalaşması və güclü iqtisadiyyatın qurulmasında 
						təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. 
						Təcrübə göstərir ki, hər hansı bir dövlətin inkişafını 
						təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək 
						səviyyədə insan kapitalına çevrilməsi təmin edir. 
						
						
						Təhsil sahəsindəki bu uğurlu inkişafın ən bariz nümunəsi 
						Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm 
						xadimi, professor Misir Mərdanovun "Çaşıoğlu" 
						nəşriyyatında nəfis şəkildə çapdan çıxmış "Azərbaycan 
						təhsili yeni inkişaf mərhələsində" adlı fundamental 
						əsərində özünün geniş əksini tapmışdır. 2000 nüsxə 
						tirajla buraxılmış 528 səhifəlik kitabda son illərdə 
						Azərbaycanda təhsilin inkişafı, Təhsil Nazirliyinin 
						beynəlxalq qurumlarla birlikdə həyata keçirdiyi 
						islahatlar, ayrı-ayrı təhsil pillələri üzrə 
						reallaşdırılan dövlət proqramları, bu istiqamətdə 
						qazanılan nailiyyətlər, eyni zamanda təhsil sahəsində 
						mövcud olan problemlər və inkişaf perspektivləri kifayət 
						qədər geniş şəkildə əhatə olunmuşdur. 
						
						
						"On söz"dən, "Giriş"dən və 9 fəsildən ibarət olan bu 
						kitabda milli təhsil strategiyasının ən mühüm 
						istiqamətlərinə aydınlıq gətirilmiş, müstəqillik 
						dövründə milli təhsil siyasətinin təşəkkülü və inkişaf 
						istiqamətlərinin hərtərəfli təhlili verilmişdir. Kitabda 
						statistik rəqəmlər əsasında təhsil sisteminin bütün 
						vəsilələrində-məktəbəqədər tərbiyə və ümumi təhsil 
						müəssisələrində, texniki peşə, orta ixtisas və ali 
						məktəblərdə aparılan islahatların gedişi, nəticələr və 
						perspektivlər ətraflı şərh olunmuş, eləcə də əlavə 
						təhsil, ali məktəb elmi məsələləri diqqətlə 
						araşdırılmışdır. Müəllif olduqca zəngin faktlar və 
						rəqəmlər əsasında Azərbaycan təhsilinin hər bir pilləsi 
						və səviyyəsi üzrə inkişaf meyilləri, problemlər və 
						perspektivlər barədə fikirlərini, həyata keçirilən 
						konkret tədbirlər haqqında məlumatları, ölkə təhsilində 
						aparılan islahatların nəticələrini məntiqi və xronoloji 
						ardıcıllıqla oxucuların diqqətinə çatdırmışdır. 
						
						
						Kitab müəllifi haqlı olaraq qeyd edir ki, təhsil 
						xərclərinin ilbəil artması Azərbaycan Respublikasının 
						Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin 
						əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa 
						bağlıdır. Belə ki, son illərdə təhsil xərclərinin 
						artmasının əsasında da həmin konseptual müddəalar 
						dayanır. Məsələn, təhsilə ayrılan büdcə 2003-cü illə 
						müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1.1 
						milyard manata çatmış, 2009-cu ildə isə 1.3 milyard 
						manat təşkil etmişdir. Ayrı-ayrı təhsil pillələri üzrə 
						bir təhsilalana düşən xərc də son illərdə dinamik 
						şəkildə inkişaf etmiş, bu rəqəm ildən-ilə müəyyən qədər 
						yüksəlmişdir. Bütün təhsil işçilərinin əməkhaqqı, 
						tələbələrin, aspirantların təqaüdləri hiss olunacaq 
						dərəcədə artırılmışdır. 
						
						
						Kitabda göstərildiyi kimi, son illərdə baş vermiş əsaslı 
						yeniliklərdən biri də budur ki, təhsil sistemi elmi 
						şəkildə əsaslandırılmış proqramlar əsasında idarə olunur. 
						Təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü 
						dövlət proqramı təsdiq olunmuşdur və uğurla həyata 
						keçirilməkdədir. 
						
						
						Müəllif iftixarla yazır ki, son illərdə 350 min şagird 
						yerlik 1300-dək yeni məktəb binasının tikilməsi çağdaş 
						təhsil tariximizin ən parlaq səhifələrindən biridir. 
						Ümumiyyətlə, ötən dövrdə 700 mindən çox şagird, yəni 
						bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə 
						cavab verən məktəblərdə təhsil almaq imkanı qazanmışdır. 
						Heydər Əliyev Fondunun prezidenti, millət vəkili 
						Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən 
						Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat 
						məktəbləri" proqramları çərçivəsində son illərdə 
						təhsilin bütün vəsilələrində maddi-texniki baza yüksək 
						səviyyədə yaxşılaşdırılmış, son illərdə 226 yeni məktəb 
						tikilmiş, 39 məktəb, 10 uşaq bağçası əsaslı təmir 
						olunmuşdur. 
						
						
						Müəllifin vurğuladığı kimi, tədqiqatlar göstərir ki, 
						məktəbəqədər təhsil uşaqların erkən yaş dövründə 
						intellektual, fiziki və psixoloji inkişafında, potensial 
						imkanlarının üzə çıxarılmasında, məktəb təliminə 
						hazırlanmasında, onlarda mənəvi keyfiyyətlərin, 
						müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati 
						bacarıqların formalaşmasında mühüm rol oynayır. Maddi 
						sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz 
						məktəbəqədər təhsil müəssisələrində qoyulur. Bu yaş 
						dövründə uşağın inkişafına xərclənən vəsait sonradan 17 
						dəfə artıq gəlir gətirir. Bu səbəbdən son illərdə 
						məktəbəqədər təhsilin inkişafı Təhsil Nazirliyinin 
						strategiyasında mühüm prioritet təşkil edir. 
						
						
						Müəllif yazır: "Etiraf etmək lazımdır ki, təhsil 
						sisteminin bu vacib sahəsini dövrün tələblərinə 
						uyğunlaşdırmaq üçün uzun müddətdən bəri xeyli cəhdlər 
						göstərilsə də, ictimaiyyəti razı salan uğurlu nəticələrə 
						hələ nail olunmamışdır. Ona görə də uşaqların 
						məktəbəqədər təhsillə əhatə səviyyəsi xeyli müddətdir ki, 
						16 faizdən yuxarı qalxmır. Halbuki həmin göstərici 
						Finlandiyada 99, Fransada, Belçikada 95, Almaniyada 90, 
						bir sıra MDB ölkələrində isə 50-85 faiz təşkil edir". 
						Kitabda göstərildiyi kimi, yaranmış vəziyyətlə bağlı 
						aparılan təhlillər bir daha sübuta yetirdi ki, 
						məktəbəqədər təhsil sahəsində yığılıb qalmış 
						problemlərin dövlət səviyyəsində həllinə imkan və şərait 
						yaradan proqram xarakterli sənəd qəbul olunmalıdır. Əks 
						halda, ölkə üzrə yaşayış məntəqələrinin 30 faizində 
						məktəbəqədər müəssisələrin olmaması, kənd rayonlarında 
						əksər uşaq bağçalarının heç bir təlim-tərbiyə şəraiti 
						olmayan uyğunlaşdırılmış binalarda yerləşməsi, 
						müəssisələrin 30 faizindən çoxunda məcburi köçkünlərin 
						yerləşməsi, mövcud avadanlıqların yararsız hala düşməsi 
						və s. kimi problemlərin həlli müşkülə dönə bilərdi. 
						Olduqca əlamətdar haldır ki, bu məsələyə xüsusi 
						həssaslıqla   yanaşan   Prezident   İlham Əliyev 12 
						aprel 2007-ci ildə imzaladığı sərəncamla "Azərbaycan 
						Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi 
						Proqramı"nı təsdiq edərək, 2007-2010-cu illərdə 
						ölkəmizdə məktəbəqədər təhsil tarixində yeni mərhələnin 
						təməlini qoydu. 
						
						
						Proqramın reallaşdırılması istiqamətində bir sıra 
						tədbirlər həyata keçirilmiş, təkcə Bakı şəhərində 11 
						yeni uşaq bağçası istifadəyə verilmiş, Bakıda və 
						Sumqayıtda 21 uşaq bağçası əsaslı təmir edilmiş, yeni 
						inşa olunan 32 təhsil müəssisəsi müasir avadanlıqlarla 
						təchiz edilmişdir. 
						
						
						Bununla yanaşı, Təhsil Nazirliyinin sifarişinə əsasən 
						son illərdə 100 adda müxtəlif təlim vəsaitləri 
						hazırlanmışdır. Belə ki, uşaqlarda diqqətin, təfəkkürün, 
						nitqin, yaddaşın inkişafına xidmət edən test kitabları, 
						sadə riyazi təsəvvürlərin inkişafı üzrə çalışmalar, 
						savad təlimi üzrə metodik işləmələr, nəfis tərtibatlı 
						nağıl kitabları və s. hazırlanaraq respublikanın bütün 
						məktəbəqədər təhsil müəssisələrinə çatdırılmışdır. 
						
						
						Müəllif kitabın ən böyük hissəsi olan II fəslini "Ümumi 
						təhsil" adlandırmışdır. Burada məktəb tikintisi 
						proqramları, məktəblərin dərsliklə təminatı, dərslik 
						siyasəti, təhsil sisteminin informasiyalaşdırılması, 
						pedaqoji kadr təminatı, xüsusi qayğıya ehtiyacı olan 
						uşaqlarla iş, idarəetmə sahəsində islahatlar, məktəb-valideyn 
						münasibətləri və s. kimi aktual məsələlər geniş təhlilə 
						cəlb edilmişdir. 
						
						
						Kitabdakı təhlillər göstərir ki, 2003-2004-cü dərs ilinə 
						nisbətən 2008-2009-cu tədris ilində ümumtəhsil 
						məktəblərinin sayı 25, təhsil alanların sayı isə 
						təxminən 265 min nəfər azalmış, müəllimlərin sayı 3702 
						nəfər artmışdır. Məktəblərin sayının azalması 
						rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi, 
						şagird kontingentinin kəskin azalması nəticəsində bir 
						sıra məcburi köçkün məktəblərinin bağlanması ilə 
						əlaqədar olmuşdur. Bu da maraqlıdır ki, 2008-ci ildə I 
						sinfə gedən şagirdlərin sayı ötənilkinə nisbətən 1679 
						nəfər artmışdır. Eyni zamanda statistikaya görə, həm 
						ölkəmizdə fəaliyyət göstərən özəl ümumtəhsil 
						məktəblərinin miqdarında, həm də orada təhsil alan 
						şagirdlərin sayında artma müşahidə edilmiş, amma 
						müəllimlərin sayında azalma baş vermişdir. 
						
						
						Sirr deyil ki, yeni minilliyin əvvəllərində Azərbaycanda 
						ümumi təhsil sistemində ən ciddi problemlərdən biri 
						məktəblərin maddi-texniki bazasının yarıtmaz olması ilə 
						bağlı idi. Ona görə də ümummilli lider Heydər Əliyev bu 
						sahəyə xüsusi diqqət yetirmiş, çıxışlarının birində "Mən 
						bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda 
						məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla 
						təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi 
						tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm" 
						söyləmiş, bu problemin dövlət üçün prioritet məsələ 
						olduğunu vurğulamışdı. Həmin çıxışdan qısa müddət 
						keçdikdən sonra 4 oktyabr 2002-ci ildə ölkə başçısı "Azərbaycan 
						Respublikası ümumi təhsil məktəblərinin maddi-texniki 
						bazasının möhkəmləndirilməsi haqqında" sərəncam 
						imzalamış, bu sənəd ümumi təhsilin böhran vəziyyətindən 
						çıxarılması üçün əsas olmuşdur. Məhz bu sərəncam təhsil 
						sisteminin inkişafında mühüm amil olan ümumtəhsil 
						məktəbləri şəbəkəsinin genişləndirilməsinə, onun maddi-texniki 
						bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratdı. 
						
						
						Kitab müəllifinin qeyd etdiyi kimi, sərəncamın icrası 
						istiqamətində Təhsil Nazirliyi tərəfindən ölkənin bütün 
						ümumtəhsil məktəblərində maddi-texniki bazanın 
						monitorinqi aparıldı və nəticələrə əsasən "Azərbaycan 
						Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, 
						mövcud məktəblərin əsaslı təmiri və müasir tədris 
						avadanlıqları ilə təmin olunmasına dair Proqram 
						(2003-2007-ci illər)" hazırlandı. Proqram Azərbaycan 
						Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli 
						sərəncamı ilə təsdiq edildi. Həmin sənəddə 5 ildə 44698 
						yerlik 149 yeni məktəbin, 175 məktəbdə 25560 yerlik 1328 
						sinif otağının inşası, 408 məktəbdə əsaslı təmir 
						işlərinin aparılması nəzərdə tutulurdu. 
						
						
						Professor Misir Mərdanov bu sahədə həyata keçirilən 
						uğurlu işlərin geniş statistik mənzərəsini şərh edərək 
						yazır ki, son illərdə 350 min şagird yerlik 1300-dək 
						yeni məktəb binasının tikilməsi çağdaş təhsil 
						tariximizin ən parlaq səhifələrindən biridir. Ümumilikdə 
						son illərdə 700 mindən çox şagird, yəni bütün 
						şagirdlərin 50 faizi müasir tələblərə cavab verən 
						məktəblərdə təhsil almaq imkanı qazanmışdır. 
						
						
						Kitabda ümumi təhsil sahəsində görülən irimiqyaslı 
						layihələr içərisində tədrisin məzmunu sahəsində həyata 
						keçirilən islahatlar da geniş təhlil edilmişdir. Əsərdən 
						aydın olur ki, 2002-ci ildə Dünya Bankı ekspertlərinin 
						iştirakı ilə Təhsil Nazirliyi tərəfindən ümumi orta 
						təhsilin məzmununa, onun daim yeniləşdirilməsi və 
						təkmilləşdirilməsi ilə yanaşı, təhsilalanlarda həyati 
						bacarıq və vərdişlərin formalaşmasına daha çox diqqət 
						yetirilməsi məqsədilə kurikulumların tətbiqinə başlandı. 
						Bu sahədə ənənəvi problemlər üç istiqamətdə 
						ümumiləşdirilmiş, əsasən qiymətləndirilmədə formalizmə 
						üstünlük verilməsi, məzmunun ifrat nəzəri və abstrakt 
						olması, nəhayət, bu sahədə şaquli və üfüqi 
						inteqrasiyanın olmaması mövcud problemlər kimi qeyd 
						edilmişdir. 
						
						
						Müəllifin qeyd etdiyi kimi, 30 oktyabr 2006-cı ildə 
						təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi 
						təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədi əsaslı 
						dönüşə təkan verdi, yeni tədris standartları hazırlandı, 
						ibtidai siniflər yeni kurikulumla fəaliyyətə başladı. 
						Bundan sonra isə təhsilin məzmununun yeniləşdirilməsi 
						istiqamətində fəaliyyət başlandı. Kitabın 
						annotasiyasında da vurğulandığı kimi, kitabın 
						əhəmiyyətli cəhətlərindən biri budur ki, Azərbaycanın 
						təhsil tarixində ilk dəfə olaraq məzmun (kurikulum) 
						islahatları, yeni dərslik siyasəti, şagird 
						nailiyyətlərinin qiymətləndirilməsi üzrə müasir 
						mexanizmlərin tətbiqi, təhsilin informasiyalaşdırılması, 
						əlavə təhsil barədə geniş məlumat verilmişdir. 
						
						
						Qeyd edək ki, kitabda ümumi təhsil məktəblərinin 
						dərsliklə təminatı, dərslik siyasəti sahəsində həyata 
						keçirilən dövlət tədbirləri siyasəti ətraflı təhlil 
						edilmişdir. Bu baxımdan Heydər Əliyevin 26 aprel 1999-cu 
						ildə imzaladığı "Azərbaycan Respublikasında ümumi orta 
						təhsilin dövlət standartları" və 15 iyun 1999-cu ildə 
						imzaladığı "Azərbaycan Respublikasının təhsil sahəsində 
						İslahat Proqramı"nın qəbulunadək olan mərhələ birinci 
						mərhələ hesab edilmişdir. Məqsədyönlü fəaliyyətin 
						nəticəsidir ki, dərslik siyasətinin birinci mərhələsində 
						I-IV siniflər üzrə dərsliklərin 90 faizi, V-XI siniflər 
						üzrə isə 75 faizdən çoxu məzmunca yeniləşdirilmişdir. 
						
						
						Dərslik islahatının ikinci mərhələsində əldə edilmiş 
						uğurlar müqayisəli statistik təhlilə əsaslanmışdır. Bu 
						mərhələnin ən böyük uğuru təbiət, texniki və dəqiq 
						fənlərə aid yeni nəsil dərsliklərə keçilməsi idi. 
						Sonralar humanitar fənlər üzrə də eyni prinsiplə dərslik 
						hazırlığı təmin edilmişdir. 
						
						
						Böyük iftixar hissi ilə demək olar ki, Azərbaycan 
						təhsili tarixində ümumtəhsil məktəblərinin dərsliklərlə 
						təmin edilməsi, ölkəmizdə dərslik siyasətinin uğurla 
						həyata keçirilməsi sahəsində görülən işlər müstəqillik 
						illərini dərslik inqilabı dövrü kimi xarakterizə etməyə 
						imkan verir. Qısa bir zaman kəsiyində onlarca fənlər 
						üçün yeni təfəkkür tərzinə, Azərbaycan dövlətinin 
						qarşıda qoyduğu tələblərə, milli ideologiyamıza, 
						dövlətçilik və azərbaycançılıq fəlsəfi konsepsiyasına, 
						tarixi keçmişimizə, soykökümüzə uyğun dərsliklər 
						hazırlamaq, onları çap etmək və məktəblərimizi təmin 
						etmək olduqca böyük problem idi. 
						
						
						Sevindirici haldır ki, Azərbaycan dövləti, Təhsil 
						Nazirliyi bu mühüm işin öhdəsindən müvəffəqiyyətlə 
						gəldi. 2003-2009-cu illərdə 701 adda dərslik hazırlandı. 
						34.256.600 tirajla nəşr edilən bu dərsliklər pulsuz 
						olaraq məktəblərə verildi. Həmçinin dərsliklərdən əlavə 
						Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı 
						fənlər üzrə 140 adda 1,4 milyon tirajla tədris-əyani 
						vəsait hazırlanıb məktəblərə göndərilmişdir. 
						
						
						Belə bir cəhəti də qeyd etmək yerinə düşər ki, möhtərəm 
						Prezidentimiz İlham Əliyev ulu öndər tərəfindən 
						əsaslandırılmış "Müstəqil Azərbaycan Respublikası bütün 
						dünya azərbaycanlılarının vətənidir" ideyasını həyata 
						keçirmək üçün Gürcüstandakı, Dağıstandakı 
						azərbaycandilli məktəblər, MDB ölkələrində, habelə 
						Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya və 
						ABŞ-dakı təhsili ana dilində olan bazargünü məktəblərinə 
						və s. Azərbaycan dilində dərsliklərin göndərilməsini 
						zəruri hesab etmişdir. 
						
						
						Bütün dünyada analoqu olmayan bu siyasətin həyata 
						keçirilməsi dövlətimizin təhsil siyasətinin bütün 
						dünyada ən humanist, ən demokratik siyasət olmasının 
						bariz sübutudur. 
						
						
						Əsərdə professor M.Mərdanovun ciddi diqqət yetirdiyi 
						sahələrdən biri də ümumi təhsil sistemində biliyin 
						qiymətləndirilməsidir. Məlum olduğu kimi, beynəlxalq 
						təcrübədə təhsilalanın biliyinə verilən qiymət həm də 
						müəllimlərin və məktəbin fəaliyyətinə, valideynin 
						təhsilə münasibətinə, məktəb rəhbərinin peşəkarlıq 
						səviyyəsinə verilən qiymət kimi qəbul edilir. Planlı 
						sovet təhsil sistemində keyfiyyət yox, kəmiyyət önə 
						çəkildiyindən orta və ali məktəblərdə bütün məzunların 
						attestat və diplom almaları təbii hesab edilirdi. Ona 
						görə də bu sahədə ənənəvi psixoloji baryeri aşmaq hələ 
						də çətindir və təpkilərlə qarşılanır. Bu sahədə ən ciddi 
						vəzifə beynəlxalq təcrübənin təbliğidir ki, burada da 
						başlıca məqsəd onun mahiyyətinin təhsilin müasir inkişaf 
						tendensiyalarına uyğunlaşdırılmasıdır. Yeni kurikuluma 
						uyğun tətbiq edilən standartlarda təsbit olunmuş 
						biliklər daşıdıqları mahiyyətə görə 3 kateqoriyaya 
						(deklarativ, prosedural və kontekstual) bölündüyündən 
						onların reallaşdırılması üçün tələb edilən bacarıqlar da 
						fərqli müəyyən edilir. 
						
						
						Əsərdə 2008-2009-cu dərs ilində ölkənin təhsil tarixində 
						ilk dəfə olaraq bütün ümumi təhsil məktəblərində 
						mərkəzləşdirilmiş imtahan formasının tətbiqi bu sahədə 
						yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 
						
						
						Azərbaycan təhsilinin salnaməsi hesab edilən bu əsərdə 
						eyni zamanda ali və orta ixtisas təhsili sahəsində 
						görülən işlərin çox geniş elmi-praktik mənzərəsi 
						yaradılmışdır. Müəllifin haqlı olaraq vurğuladığı kimi, 
						müstəqillik əldə edildikdən sonra ölkədə baş verən 
						siyasi-tarixi proseslər bu sahəyə də öz təsirini 
						göstərmiş, onu böhran mərhələsindən ümummilli lider 
						Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışı ilə baş 
						verən quruculuq prosesi xilas etmişdir. 
						
						
						Dünya ölkələrinin təcrübəsi təsdiq edir ki, şəxsiyyət və 
						cəmiyyətin təhsilə tələbatları əbədidir. Həmin 
						tələbatların ödənilməsində orta ixtisas və ali təhsilin 
						özünəməxsus rolu var. Azərbaycanın sosial-iqtisadi 
						inkişafı, formalaşmaqda olan bazar münasibətləri 
						şəraitində vətəndaşların peşə ixtisasına olan tələbat və 
						istəklərinin ödənilməsində orta ixtisas təhsilinin 
						əhəmiyyəti danılmazdır. Kitabın tarixi fakt və təcrübə 
						əsasında hazırlanmış bu fəslində orta ixtisas təhsili 
						təbəqəsini dövlət və özəl təhsil müəssisələrinin 
						statistikası əsasında şərh edən müəllif bu sahənin 
						məqsədlərini ətraflı şəkildə açıqlamışdır. 
						
						
						Əsərdən məlum olur ki, hazırda ölkəmizdə orta ixtisas 
						təhsili müəssisələrinin infrastrukturunun 
						yeniləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata 
						keçirilmişdir. İndi 57 dövlət, 3 özəl orta ixtisas 
						təhsili müəssisəsi 117 ixtisas üzrə kiçik mütəxəssis 
						hazırlayır. 
						
						
						Sürət və intensiv dəyişilmə ilə səciyyələnən müasir 
						zamanda sosial-iqtisadi və mədəni sahələrdə davamlı 
						inkişafa təkan verən real qüvvə hesab olunan ali təhsil: 
						cəmiyyətin ahəngdar inkişafında, cəmiyyətin intellektual 
						potensialının formalaşmasında, maddi sərvətlərin insan 
						kapitalına çevrilməsində müstəsna əhəmiyyət kəsb edir, 
						mühüm rol oynayır. Təsadüfi deyil ki, respublikada Dünya 
						Bankının dəstəyi ilə aparılan islahatların mühüm sahəsi 
						ali təhsili əhatə edir. 
						
						
						Kitabdakı "Ali təhsilin inkişafı" adlı fəsil məzmun 
						zənginliyi, beynəlxalq qurumlarla bağlı görülən işlərin 
						genişmiqyaslı təhlili ilə diqqəti cəlb edir. Buradan 
						bəlli olur ki, 24 dövlət ali məktəbində çalışan 
						professor-müəllim heyətinin pedaqoji fəaliyyətinin 
						məqsəd və vəzifələrinin aydınlaşdırılması, dövlət 
						büdcəsindən təhsilə ayrılan vəsaitin həcminin başqa 
						ölkələrdəki rəqəmlərlə müqayisəli təqdimi, tədrisin 
						məzmunu və sair məsələlərin elmi-nəzəri şərhi fəslin 
						pedaqoji, sosial-ictimai dəyərini artırır. 
						
						
						Kitabın ayrı-ayrı fəsillərində dünyanın seçilən ali 
						məktəblərinin siyahısı, ölkə məktəblərinin reytinqi, ali 
						məktəblərin maddi-texniki durumunu əks etdirən çoxşaxəli 
						diaqramlar, sxemlər və s. kimi köməkçi aparatların 
						verilməsi əsərin əhəmiyyətini xeyli yüksəldir. 
						
						
						Elmi təhlil, publisistik şərh və fakt, hadisə bölümü ilə 
						seçilən kitabdakı "Əlavə təhsil", "Ali məktəb elmi" 
						fəsilləri də maraq doğurur. Bu istiqamətdə ölkədə 
						görülən işlərin sistemli şərhi verilərək qeyd edilir ki, 
						Azərbaycan vətəndaşları bu gün dünyanın müxtəlif 
						ölkələrinin ən tanınmış ali məktəblərində yüksək 
						ixtisaslı kadrlar kimi hazırlanırlar. Son zamanlar 
						bağlanılmış müqavilələrin, qazanılmış uğurların analitik 
						təhlili ölkəmizdə təhsilin inkişaf səviyyəsini bütün 
						aydınlığı ilə dərk etməyə imkan verir. 
						
						
						Beləliklə, kitab haqqında mülahizələrimizi 
						yekunlaşdıraraq professor Misir Mərdanovun "Ön söz"də 
						yazdığı bəzi fikirlərə də öz münasibətimizi bildirmək 
						istəyirik. Müəllif 2009-cu ildə qələmə aldığı bu 
						sətirlərdə yazır: "Artıq 11 ildir ki, Azərbaycan 
						Respublikasının təhsil naziriyəm. Bu illər ərzində 
						təhsil sahəsində görülən işlərin bilavasitə iştirakçısı 
						olmuş, bütün səylərimi problemlərin, çətinliklərin 
						aradan qaldırılmasına yönəltmişəm. Hər zaman istəmişəm 
						və çalışmışam ki, təhsilin bütün pillələrində effektli 
						yeniliklər olsun, Azərbaycanın təhsili yeniləşsin, milli 
						və bəşəri dəyərlərə əsaslansın, Avropa və dünya təhsil 
						sisteminə uğurla inteqrasiya olunsun. Bu istiqamətdə 
						müəyyən addımlar atılıb". Hörmətli müəllifin bu haqlı 
						fikirlərini təsdiqləməklə yanaşı, ədalət naminə qeyd 
						etməyi lazım bilirik ki, indiyə qədər Azərbaycanda 
						təhsil sahəsinə rəhbərlik etmiş nazirlər arasında "Xalq 
						adamı" titulunu qazanmış 2 nəfərin xidmətlərini xüsusilə 
						dəyərləndirmək lazım gəlir. Onlardan biri Azərbaycan 
						pedaqogika elminin korifeylərindən olan akademik Mehdi 
						Mehdizadədir. Azərbaycan təhsilinə 20 ildən artıq 
						rəhbərlik etmiş Mehdi müəllim əsl el ağsaqqalı, 
						Azərbaycan təhsilinin ən ləyaqətli qurucularından biri 
						kimi, xalqımızın sevimli elm və təhsil xadimi kimi böyük 
						şöhrət qazanmışdı. 
						
						
						Belə şəxsiyyətlərdən biri də müstəqillik illərində 
						respublikamızda böyük təhsil islahatlarının aparıldığı 
						olduqca mürəkkəb və məsuliyyətli dövrdə ulu öndər Heydər 
						Əliyevin xeyir-duası ilə təhsilimizin rəhbərliyinə 
						gətirilmiş, 13 ildən artıq müstəqil dövlətimizin təhsil 
						strategiyasının hazırlanmasında və həyata keçirilməsində 
						böyük zəhməti və layiqli uğurları olan professor Misir 
						Mərdanovdur. 
						
						
						Tam səmimiyyətlə qeyd etməyi lazım bilirik ki, bütün 
						şüurlu həyatını milli təhsilimizin inkişafına həsr etmiş 
						Misir müəllim hazırda tutduğu vəzifəyə layiq olan ən 
						hörmətli ziyalımızdır. 
						
						
						Bu fikirləri ifadə edərkən Azərbaycanın görkəmli xalq 
						şairi Bəxtiyar Vahabzadənin aşağıdakı misraları yada 
						düşür.  
						
						
						
						Bəli, əziz dostum, bunu yaxşı bil, 
						
						
						
						Şöhrət də zəhmətlə yaşa dolmalı! 
						
						
						
						Vəzifə insana şan-şöhrət deyil, 
						
						
						
						İnsan vəzifəyə şöhrət olmalı!  
						
						
						Görkəmli təhsil təşkilatçısı professor Misir Mərdanov 
						tərəfindən yazılmış "Azərbaycan təhsili yeni inkişaf 
						mərhələsində" adlı əsəri müstəqillik illərində 
						Azərbaycanda təhsilin inkişafı sahəsində əldə edilən 
						böyük nailiyyətləri konkret faktlar və rəqəmlər əsasında 
						ümumiləşdirən, Azərbaycan dövlətinin təhsil siyasətini, 
						onun fəlsəfəsini tutarlı elmi dəlillərə söykənərək açan 
						qiymətli tədqiqat əsəridir. Bu qiymətli əsər təhsil 
						tədqiqatçıları, mədəniyyət tarixçiləri və bütövlükdə 
						çoxminli təhsil işçiləri üçün qiymətli hədiyyədir. 
						
						
						Bu kitabın ingilis və rus dillərində nəşri müstəqil 
						Azərbaycan Respublikasının təhsil siyasətinin beynəlxalq 
						aləmdə yayılmasına müsbət təsir göstərə bilər. 
						
						
						Bütövlükdə bu fundamental kitab müasir dövrdə müstəqil 
						respublikamızda milli təhsilin hazırkı vəziyyəti, təhsil 
						quruculuğu, inkişaf perspektivləri kimi mühüm məsələlərə 
						aydınlıq gətirən aktual bir əsər kimi çox böyük 
						əhəmiyyətə malikdir. Əminik ki, bu mühüm əsər Azərbaycan 
						təhsil sistemində özünün layiqli yerini tutacaqdır.  
						
						
						
						Abuzər XƏLƏFOV, 
						Bakı Dövlət Universiteti kitabxanaşünaslıq kafedrasının 
						müdiri,  
						BMT yanında Beynəlxalq İnformasiyalaşdırma 
						Akademiyasının akademiki,  
						əməkdar elm xadimi, tarix elmləri doktoru, professor,  
						
						
						
						Knyaz ASLAN 
						Bakı Dövlət Universiteti kitabşünaslıq və nəşriyyat işi 
						kafedrasının müdiri,  
						pedaqogika üzrə fəlsəfə doktoru, dosent  |