| 
						 
						
						 Bu 
						qadının adı həmişəlik olaraq tarixə düşüb - məşhur 
						kimyaçı, fizik, iki dəfə Nobel mükafatı laureatı Mariya 
						Skladovskaya Küri. Lakin o, təkcə alim deyildi. Onun 
						həyatında adi qadın sevincləri də  - sevgi, ailə, 
						uşaqlar da vardı...   Mariya Kürinin bütün həyatı elm 
						naminə fədakarlıq, qəhrəmanlıq nümunəsidir. O, 
						radioaktivliyin tədqiqatı sahəsində öncüllərdən biri idi. 
						Bu sahədə elmi işlərinə görə əri Pyer Küri və Anri 
						Bekkerlə birlikdə fizika sahəsində Nobel mükafatına 
						layiq görüldü. Bundan 8 il sonra o, kimya sahəsində 
						işlərinə, 2 yeni kimyəvi element - radium və poloniumu 
						kəşf etdiyinə,  radiumun öyrənilməsi və onun metal 
						halında əldə olunması sahəsində xidmətlərinə görə ikinci 
						Nobel mükafatına layiq görüldü. Dünyanın bir çox 
						akademiyaları və elmi cəmiyyətlərin fəxri üzvü seçilmiş 
						Mariya Küri ilk qadın-professor oldu. Radioaktivliyə 
						dair mühazirələri onun "Radioaktivlik" fundamental 
						işlərinin əsasını təşkil etdi. Bu tədqiqat işi dünyanın 
						bir sıra dillərinə təkrar-təkrar tərcümə olunaraq nəşr 
						olunub. Mariya Küri Parisdə Radium İnstitutunun təsis 
						olunmasının təşəbbüskarı olub. Böyük və səmimi qəlbli 
						insan, elm fədaisi  ilk dəfə şüalanmanın tibbi 
						məqsədlərlə istifadə olunmasını təşkil edib.  
						
						
						  
						
						
						
						Elmin cazibə qüvvəsində 
						
						  
						
						
						Mariya Skladovskaya Küri  1867-ci il noyabrın 7-də 
						Varşavada anadan olub. O, Vladislav və Bronislav 
						Skladovskaya ailəsinin kiçik qızı idi. Onun atası 
						gimnaziyada fizikanı tədris edib, anası isə vərəmə 
						tutulana qədər gimnaziyanın direktoru olub.  Mariyanın 
						11 yaşı olanda anası vəfat edib. Bu itki onun həyatında 
						çox ağrılı bir iz qoyub. Bir sıra tədqiqatçılar ehtimal 
						edirlər ki, anasının xəstəliyinin müalicəsinə kömək edə 
						bilməməsi Mariyanı  milyonlarla insanın həyatını xilas 
						edəcək elmi kəşflərə sövq etmişdi. O, ibtidai və orta 
						məktəbdə müvəffəqiyyətlə oxuyub. 1883-cü ildə 
						gimnaziyanı qızıl medalla bitirib. Hələ gənc yaşlarından  
						elmin cazibə qüvvəsini hiss edib, öz dayısıoğlunun kimya  
						laboratoriyasında laborant işləyib. Məşhur rus kimyaçısı, 
						elementlərin dövri sisteminin yaradıcısı Dmitri 
						Mendeleyev atasının dostu idi. Bir dəfə laboratoriyada 
						gənc Mariyanı iş başında müşahidə edən Mendeleyev onun 
						kimya sahəsində işlərini davam etdirəcəyi təqdirdə 
						parlaq gələcəyi olacağını deyib. Mariya ali təhsil almaq 
						istəyirdi.   Gənc Mariyanın ali təhsil almaq arzusu 
						qarşısında iki maneə var idi: ailəsinin kasıbçılığı və 
						qadınların Varşava Universitetində təhsil almasına 
						qoyulan qadağalar. O, öz bacısı Bronya ilə belə bir şərt 
						kəsir: Mariya bacısına onun tibb institutunda təhsilini 
						başa vurmasına kömək etmək üçün dayə işləyəcək. Daha 
						sonra isə Bronya bacısının ali təhsil alması xərclərini 
						öz üzərinə götürməli idi.   Bronya Parisdə tibb təhsili 
						üzrə həkim diplomu aldı və Mariyanı öz yanına dəvət etdi. 
						1891-ci ildə Polşanı tərk edən Mariya Paris 
						Universitetinin (Sorbonn)  təbiət elmləri fakültəsinə 
						daxil oldu. Mariya  1894-cü ildən poladın maqnitləşmə 
						hadisəsinin tədqiqi ilə məşğul olub. Həmin il o, gələcək 
						əri Pyer Küri ilə tanış olub. Mariya ilə tanış olana 
						qədər Pyer artıq tanınmış alim idi.   
						
						
						
						Hörmət və dəstəyə söykənən alim ailəsi   
						
						  
						
						
						 Fizikaya 
						maraq onları yaxınlaşdırdı və onlar bir il sonra 
						evləndilər. Toy mərasimi Pyerin 1895-ci ildə doktorluq 
						müdafiəsindən sonra oldu.   
						
						
						"Bizim ilk evimiz üçotaqlı sadə mənzil idi. Evdə 
						qulluqçu saxlamaq imkanımız xaricində idi. Ev işləri 
						mənim öhdəmə düşürdü. Mən buna tələbəlik illərindən 
						alışmışdım. Professor Pyer Küri ildə min frank alırdı", 
						- deyə Mariya sonralar xatırlayırdı. Onların ilk qızı 
						İren 1897-ci ilin sentyabrında anadan olub. Üç ay sonra 
						Mariya poladın maqnetizmi sahəsində işlərini başa 
						çatdırıb, 1898-ci ildə şüa buraxan maddələr üzərində 
						təcrübələrə başlayıb. 1898-ci il aprelin 12-də  Fransa 
						Elmlər Akademiyası belə bir xəbər yayıb: "Mariya 
						Skladovskaya Küri uran-oksid mineralında yüksək 
						radioaktivliyə malik yeni kimyəvi elementin olmasını 
						xəbər verib". İki uran mineralı - uranit (uran-oksidi) 
						və xalkolit (mis-oksid və uranil) uranın özündən daha 
						aktivdir. Bu, həddən artıq qiymətli fakt belə bir fikrə 
						gəlməyə əsas verir ki, bəhs olunan minerallarda urandan 
						da aktiv olan element mövcuddur.     
						
						
						Pyer Küri arvadının uğurlu təcrübələrini çox həvəslə 
						izləyirdi. Tədqiqatın  gedişinə müdaxilə etmədən öz 
						məsləhət və qeydləri ilə daim Mariyaya kömək edirdi. İlk 
						təcrübələrin uğurlu gedişindən ruhlanan Pyer özünün 
						kristallar üzərində davam etdirdiyi işləri yarımçıq 
						qoyaraq Mariyanın yeni elementin kəşfi səylərində ona 
						yaxından kömək edirdi.   1898-ci ilin iyulunda alimlər 
						yeni elementin - poloniumun (onlar yeni elementi 
						Mariyanın vətəni Polşanın şərəfinə adlandırdılar) kəşfi 
						barədə açıqlama  verdilər. Elə həmin ilin dekabrında 
						alimlər Fransa Elmlər Akademiyasına uranit mineralının 
						tərkibində ikinci radioaktiv elementin mövcud olmasına 
						dair xəbər göndərdilər. Lakin Kürilər hələlik iki 
						elementi əldə etməmiş və kimyaçılara onların 
						mövcudluğuna dair həlledici sübutlar təqdim edə 
						bilməmişdilər. Onlar olduqca çətin bir işə - uran 
						qətranından iki yeni elementin ayrılmasına  başladılar. 
						Tədqiqatların aparılması üçün böyük miqdarda filiz 
						xammalı lazım idi. Sonrakı  4 il ərzində Kürilər 
						sağlamlıq üçün zərərli şəraitdə işləməli oldular. 
						 
						
						
						 Olduqca 
						çətin və eyni zamanda maraqlı bir dövrdə Pyerin 
						əməkhaqqı alim ailənin dolanışığına çatmırdı. Baxmayaraq 
						ki, intensiv tədqiqatlar və balaca İren Mariyanın bütün 
						vaxtını alırdı, o, 1900-cü ildə Sevrdə fizika fənnini  
						tədris etməyə başladı. Pyerin atası Kürilər ailəsinə 
						köçərək İrenə baxmaqla ailəyə kömək edirdi. 1902-ci ildə 
						Kürilər bir neçə ton uran qətranından 0,1 qram radium-xlorid 
						əldə etdiklərini xəbər verdilər. Poloniumu əldə etmək 
						onlara hələlik müyəssər olmadı, çünki məlum oldu ki, 
						polonium radiumun parçalanma məhsuludur. Əldə olunmuş 
						birləşmələri təhlil edən Mariya müəyyən etmişdi ki, 
						radiumun atom kütləsi 225-dir. Radium duzu mavi işıq və 
						istilik saçırdı. Bu fantastik maddə bütün dünyanın 
						diqqətini cəlb etdi. Məşhurluq və elmi mükafatlar 
						Kürilər ailəsinə eyni vaxtda gəldi.  
						
						
						
						Nobel mükafatı almış ilk qadın  
						
						
						Tədqiqatlarını davam etdirən Mariya nəhayət doktorluq 
						dissertasiyası üzərində işlərini başa çatdırıb.  "Radioaktiv 
						maddələrin təhqiqatı" adlı elmi iş 1903-cü ilin 
						sentyabrında Sorbonn Universitetinə təqdim olundu. 
						Mariya Küriyə elmi dərəcə təsis edən komitə qeyd edirdi 
						ki, onun işi bu vaxta qədər təqdim olunmuş  doktorluq 
						dissertasiyaları arasında  çox böyük əhəmiyyəti olan 
						işdir.  Mariya Kürinin doktorluq dissertasiyası elmə 
						verilmiş ən böyük töhfələrdən biri idi. Beləliklə, 
						Mariya Fransada elm sahəsində doktor adını alan ilk 
						qadın oldu. 
						
						
						1903-cü ilin dekabrında İsveç Kral Akademiyası fizika 
						sahəsində Anri Bekkerel, Pyer və Mariya Skladovskaya 
						Kürilərə Nobel mükafatı təqdim etdi. Mariya Küri Nobel 
						mükafatı almış ilk qadın idi. Kürilər mükafatın yarısını 
						aldılar və bu vəsait onların yaşayışı və elmi işləri 
						davam etdirmələri üçün böyük stimul oldu.  Bundan sonra 
						Pyer fizika sahəsində öz işlərini davam etdirə bilərdi.   
						Kürilər radiumun insan orqanizminə təsirini müəyyən 
						etmişdilər. Onlar belə bir fərziyyə söyləmişdilər ki, 
						radium şişlərin müalicəsində istifadə oluna bilər. 
						Radiumun terapevtik  effekti  dərhal təsdiqləndi və 
						nəticədə, radiumlu mənbələrin qiymətləri kəskin surətdə 
						qalxdı. Lakin Kürilər ekstraksiya prosesini 
						patentləşdirməkdən və öz tədqiqatlarının nəticələrindən 
						hər hansı kommersiya məqsədləri üçün istifadə 
						olunmasından imtina etdilər. 1904-cü ilin noyabrında 
						Mariya Küri ərinin fizika professoru işlədiyi 
						laboratoriyanın müdiri təyin olundu. Dekabr ayında 
						onların ikinci qızı Yeva doğuldu. Sonralar o, pianoçu və 
						anasının biblioqrafı oldu. Mariya bütün  qüvvəsini əldə 
						etdiyi elmi nailiyyətlərindən, sevimli işindən, Pyerin 
						sevgi və dəstəyindən alırdı!  
						
						
						 Sonralar 
						o, özü etiraf edirdi: "Mən nigahda bu ittifaqı bağlayana 
						qədər arzu edə bildiklərimin hamısını, hətta daha 
						artığını qazandım". Lakin 1906-cı ildə Pyer küçə 
						qəzasında həlak olur. Ən yaxın iş həmkarını, 
						məsləkdaşını və yaxın dostunu itirən Mariya sarsılmışdı. 
						Lakin möhkəm iradəyə malik olan Mariya öz işlərini davam 
						etdirmək üçün özündə qüvvə tapdı. 1906-cı ildə Mariya 
						ictimai təhsil nazirliyinin təsis etdiyi pensiyadan 
						imtina etdi. Sorbonn Universiteti onu əvvəllər ərinin 
						rəhbərlik etdiyi fizika kafedrasına müdir təyin etdi. 6 
						aydan sonra Mariya özünün ilk mühazirəsini oxudu. O, 
						Sorbonnda mühazirə deyən ilk qadın-müəllim oldu.   
						Mariya Küri bütün səylərini təmiz halda metal radiumun 
						əldə olunmasına yönəltdi və 1910-cu ildə A.Debirn ilə 
						birlikdə radiumu kəşf edərək 12 illik elmi 
						tədqiqatlarını başa çatdırdı. 1910-cu ildə bir çox 
						alimlərin təkidi ilə Mariyanın namizədliyi ən nüfuzlu 
						elmi cəmiyyət olan Fransa Elmlər Akademiyasının 
						üzvlüyünə irəli sürüldü.  Onun əri ölümünə bir il qalmış 
						akademiyanın üzvü seçilmişdi.  Fransa Elmlər 
						Akademiyasının bütün tarixi ərzində heç bir qadın bu 
						qurumun üzvü olmamışdı. Buna görə də Mariya Kürinin 
						namizədliyinin irəli sürülməsi bu qərarın tərəfdarları 
						və əleyhdarları arasında qızğın mübahisələrə yol açdı.   
						Bir neçə aylıq təhqiredici polemikalardan sonra 1911-ci 
						ilin yanvarında Kürinin namizədliyi rədd olundu. Bir 
						neçə aydan sonra İsveç Kral Akademiyası "kimyanın 
						inkişafında görkəmli xidmətləri, radium və polonium 
						elementlərinin kəşfi,  radiumun əldə olunması, bu gözəl 
						elementin təbiətinin və onun birləşmələrinin öyrənilməsi 
						sahəsində xidmətlərinə görə" ona Nobel mükatatı  təqdim 
						etdi. Bununla da Mariya Küri iki dəfə Nobel mükafatı 
						almış alim oldu. Akademiya xüsusi olaraq qeyd edirdi ki, 
						radiumun öyrənilməsi sonralar xüsusi yeni elm sahəsinin 
						- radiologiyanın yaranmasına yol açdı. Mariya böyük qızı 
						İrenlə Stokholma Nobel mükafatını almağa yollanır. İren 
						təntənəli mərasimdə iştirak edir. 24 ildən sonra isə elə 
						həmin zalda  İren öz Nobel mükafatını alıb.  Mariya Küri 
						radioaktivlik barədə yeni elmin inkişaf etdirilməsi üçün 
						layiqli laboratoriyanın yaradılmasına nail olmaq üçün az 
						əmək sərf etmədi.  Birinci Dünya müharibəsinə az qalmış 
						Paris Universiteti və Paster İnstitutu, radioaktivliyin 
						tədqiqi üçün Radium İnstitutu təsis edildi. Küri 
						fundamental tədqiqatlar və radioaktivliyin tibbi tətbiqi 
						şöbəsinin direktoru təyin olundu. Müharibə zamanı o, 
						hərbi həkimlərə radiologiyanın tətbiqini öyrədirdi. 
						Müharibədən sonra Radium İnstitutuna qayıdan Mariya Küri 
						həyatının son illərinə qədər tələbələrin elmi işlərinə 
						rəhbərlik edirdi  və tibdə radiologiyanın tətbiqini fəal 
						surətdə dəstəkləyirdi.  Böyük elmi işinə baxmayaraq, 
						Küri iki azyaşlı qız uşağının sədaqətli və sevimli anası 
						idi. 1921-ci ildə qızları ilə birlikdə Amerika Birləşmiş 
						Ştatlarına səfər etdi. ABŞ-ın 29-cu prezidenti Herber 
						Hooverin ona təqdim etdiyi 50 min dolları Mariya sevimli 
						tədqiqatlarını davam etdirmək üçün bir qram radium 
						almağa sərf etdi. 1929-cu ildə ikinci səfərində ona 
						verilmiş ianə əsasında o,  Varşavadakı hospitalların 
						birində terapevtik istifadə üçün daha bir qram radium 
						aldı. Lakin sonrakı illərdə radiumla apardığı işlər 
						nəticəsində onun sağlamlığı ciddi surətdə pisləşdi. O, 
						1934-cü il iyulun 4-də vəfat edib. 
						
						
						 Boynunda 
						ölüm ampulu gəzdirən alim-qadın  
						
						
						Elmə  olan tükənməz sevgisi ona həyatda üzləşdiyi bütün 
						çətinliklərlə inadkarlıqla mübarizə aparmaqda kömək 
						edirdi.   
						
						
						Müasirləri Mariya Kürini olduqca təvazökar, sadə qadın 
						kimi xatırlayırdılar.  O, mağazaya girər, heç vaxt 
						qiymətlərə baxmazdı. Lakin səhvsiz olaraq satıcıdan ən 
						sadə, ən ucuz paltar, onun zövqünə oxşaya biləcək şlyapa 
						istəyərdi. Pyerlə evlənməzdən əvvəl toy paltarı barədə 
						yazırdı: "Mənim əynimdəki paltardan başqası yoxdur. Əgər 
						siz xeyirxahsız və mənə bir şey hədiyyə etmək 
						istəyirsinizsə, mən tünd, tamamilə praktik, 
						laboratoriyaya apara biləcəyim bir şeyi istərdim".  Onun  
						sözlərinə görə,  "elm böyük gözəllikdir. Alim öz 
						laboratoriyasında sadəcə texnik deyil: təbiətin ona 
						sehrli nağıl kimi təsir edən  hadisələri ilə üz-üzə 
						dayanan uşaqdır". Məlumdur ki, Mariya Küri radium 
						istehsalına patent almaqdan imtina edib. Bu, onu xeyli 
						varlandıra bilərdi.1920-ci ildə amerikalı jurnalistin "Siz 
						nə arzu edərdiniz" sualına cavabında Mariya "mənim 
						tədqiqatlarımın davam etməsi üçün bir qram radium. Lakin 
						radium mənim imkanlarıma uyğun deyil", - deyib.  Onun 
						həyatı və elmi mücadiləsi bir örnək idi. Lakin o, 
						yaşadığı həyatı, üzləşdiyi sarsıntıları heç bir qadına 
						arzu etmirdi.  "Mənim kimi bu cür qeyri-təbii həyat 
						sürməyə zərurət yoxdur. Mən elmə çox vaxt ayırdım. Çünki 
						mən elmə can atırdım, elmi tədqiqatları çox sevirdim. 
						Mənim qadınlara və gənc qızlara arzum sadə ailə həyatı 
						qurmaları və onları maraqlandıran işdir". 
						
						
						Mariya Küri uzun müddət radioaktiv elementlərlə təmasda 
						oldu.  O, radioaktivliyin ziyanlı xüsusiyyətindən 
						xəbərsiz olduğu üçün radium elementini sinəsində 
						talisman kimi gəzdirib.  Baxmayaraq ki Mariya Küri çox 
						ağıllı və təhsilli qadın olub, o, radioaktiv maddələrlə 
						işləyən zaman heç bir  müdafiə tədbiri görməyib. Həmişə 
						üzərində müstəqil surətdə əldə etdiyi elementin olduğu 
						ampulanı, məhz zəhərli radiumu gəzdirib. Radioaktiv 
						maddə olan, zəif  mavi işıq saçan kiçik ampula hər zaman 
						Mariyanın əlində, gah da talisman və ya amulet kimi 
						boynunda olardı. Bu cür işıqlanma isə zəhərli maddə 
						buraxırdı. Məhz bu kəşfi Mariyanın ölümünə səbəb olmuşdu. 
						 
						
						
						Mariya Küri Nobel mükafatından əlavə, Fransa Elmlər 
						Akademiyasının Bertelo, London Kral Cəmiyyətinin Devi, 
						Franklin İnstitutunun Elliot Kresson medalları ilə də 
						təltif edilmişdir. O, 85 müxtəlif elmi cəmiyyətin üzvü 
						olmuş, həmçinin 20 fəxri elmi ada layiq görülmüşdür.
						 
						
						
						Tədqiqatlar gedişində  Kürilər radiasiyaya məruz qalaraq 
						sağlamlıqlarını itirmişdilər. Mariya və Pyer Kürilər 
						xəstə idilər və onlar mükafatın Stokholmda keçirilən 
						təqdimetmə mərasiminə belə qatıla bilmədilər. Onlar 
						mükafatlarını yalnız bir il sonra ala bildilər. Aldığı 
						şüa dozalarından Mariya 8 kilo arıqlamışdı. Bəzi 
						biblioqraflar hətta qeyd edirlər ki, radiasiya 
						şüalanması  nəticəsində  o dövrdə hamilə olan Mariya 
						Küri 5 aylıq körpəsini belə itirmişdi.  
						
						
						Onun həyatı bir örnək idi. Bunun ən parlaq nümunəsi qızı 
						İrenin onun yolunu davam etdirməsi oldu. İren Küri 
						1935-ci ildə kimya üzrə Nobel mükafatı aldı. Mariyanın 
						qoyduğu ənənə davam edirdi. İren həyat yoldaşı Frederik 
						Jolio ilə birlikdə  süni radioaktivliyi  kəşf edərək 
						Mariya Kürinin ölümündən cəmi 1 il sonra 3-cü Nobel 
						mükatına layiq görüldü. İren Sorbonn Universitetinin 
						professoru kimi həyatının sonuna kimi anasının miras 
						qoyduğu elmi işləri davam etdirdi.   
						
						
						Qeyd edək ki, Pyer və  Mariya Kürilərin ikinci qızı, 
						anasının biblioqrafı olan Yeva Küri ixtisasca jurnalist 
						olub.  Nobelçi ailənin sonbeşiyi  Yevanıın həyat yoldaşı 
						Henri Riçardson Labuas da tarixin yaddaşına Nobel 
						mükafatı laureatı kimi düşüb.   
						
						
						
						Yaşadığı 67 il ərzində adi  bir şagirddən fizika üzrə 
						professora, arzuları aşıb-daşan bir uşaqdan dünyanın ən 
						məşhur  elm adamına qədər maraqlı, çətin, kəşməkəşli, 
						eyni zamanda şərəfli bir alim ömrü yaşamış əfsanəvi 
						Mariya Skladovskaya Küri həyatını qurban vermək bahasına 
						insanlığa möhtəşəm elm xəzinəsi qoyub.  
						
						
						
						Oruc MUSTAFAYEV  |