| 
						 
						
						
						Rusiyada universitetlər birləşdiriləcək  
						
						
						Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin 
						rektoru, akademik Viktor Sadovniçi hesab edir ki, ölkədə 
						təhsilin keyfiyyətini yüksəltmək üçün ali məktəblərin 
						birləşməsi və onların sayının azaldılması işi davam 
						etdirilməlidir. Onun sözlərinə görə, Rusiyada 3,5 min 
						ali məktəb və onların filialları var. "Rusiyada 
						müəllimlərin bu ali məktəblərdə və onların filiallarında 
						arzuolunan səviyyədə dərs deməsi üçün kifayət qədər 
						potensial yoxdur. Buna görə də şübhəsiz ki, ali 
						məktəblərin sayının azaldılması davam etdirilməlidir, 
						lakin bu proses yeni qəbul olunmuş tələbələrə şamil 
						olunmamalıdır", - deyə rektor bildirib. O hesab edir ki, 
						universitetlərin birləşməsi zamanı tələbələri daha güclü 
						ali məktəblərə köçürmək lazımdır. V.Sadovniçi ali 
						məktəblərin birləşməsi və ixtisarı prosesinin tədricən 
						və ölçülüb-biçilmiş şəkildə davam etdirilməsi 
						zəruriliyini qeyd edib.   
						
						
						
						Almaniya xarici ölkə diplomlarının tanınması prosedurunu 
						sadələşdirir  
						
						
						Aprelin 1-dən Almaniyada xarici ölkələrdə alınmış 
						peşəkar ixtisasların müəyyən olunması və tanınmasının 
						sadələşdirilməsi barədə qanun qüvvəyə minib. 
						Mütəxəssislər yeniliyi, ilk növbədə, demoqrafik 
						problemlərlə izah edirlər. Qeyd olunur ki, demoqrafik 
						dəyişikliklər bir sıra sahələrdə ixtisaslı mütəxəssislər 
						çatışmazlığı yaradacaq, hökumətin əsas vəzifəsi isə 
						Almaniyanı yüksəkixtisaslı miqrantlar üçün daha  
						cəlbedici etməkdir.  Xarici diplomların tanınmasına dair 
						əvvəlki qaydalar kifayət qədər vahid şəklə salınmamışdı. 
						2008-ci ilin statistikasına əsasən  2,8 milyon 
						miqrantdan 300000 nəfərin  ixtisas üzrə işləmək imkanı 
						olub. Beləliklə, diplomların tanınmasının unifikasiyası 
						baş verir. Bununla da ölkədə iş tapmaq hüququ sadələşir. 
						Qanunun təsir dairəsinə 350-dən artıq ixtisas aiddir. 
						Diplomların tanınması proseduru bütün ölkə ərazisində  
						həm Avropa Birliyi vətəndaşları, eləcə də digər 
						ölkələrdən olan miqrantlar üçün eynidir.  Diplomların 
						tanınması barədə qərar bu barədə ərizəçinin 
						müraciətindən sonra 3 ay ərzində qəbul olunacaq.    
						
						
						
						Tələbələr üçün yeni immiqrasiya qaydaları  
						
						
						Böyük Britaniyada təhsil alan tələbələrə də şamil 
						olunacaq yeni immiqrasiya qaydaları qüvvəyə minir. İlk 
						növbədə, ənənəvi Post-study work sxemi ləğv olunur. Bu 
						sxem Böyük Britaniyada təhsil alan xarici tələbələrə 
						təhsillərini başa vurduqdan sonra 2 il müddətində 
						Birləşmiş Krallıqda işləməyə imkan verirdi. Ölkənin 
						immiqrasiya naziri Demian Qrinin sözlərinə görə, bundan 
						sonra belə bir hüquq - "Tier 1" və yaxud "Tier 2" 
						kateqoriyalı işçi vizaları yalnız ən yaxşı və istedadlı 
						tələbələrə veriləcək.  Yeni qaydalara görə, 
						universitetlərin məzunları müvafiq ixtisas üzrə etibarlı 
						işəgötürənlərdən ən azı 20 min funt-sterlinq əməkhaqqı 
						təmin olunmaqla iş təklifinə malik olmalıdırlar.  Nazir 
						qeyd edib ki, apreldən başlayaraq yeni növ viza -  
						Graduate Entrepreneur qüvvəyə minəcək.  Bu viza "Tier 1" 
						növlü vizanın şamil olunmadığı, lakin dünya innovasiya 
						layihələri üzərində işləyən,  ölkədə qalmaq və öz 
						fəaliyyətini davam etdirmək arzusunda olan tələbələr 
						üçün 1000 yer təqdim edəcək.  Bundan əlavə, gənc iş 
						adamları və xırda firmaların rəhbərləri şəxsi biznesin 
						inkişaf etdirilməsi üçün sərəncamlarında ən azı 50 min 
						funt-sterlinq olduğu təqdirdə təhsillərini başa 
						vurduqdan sonra Böyük Britaniyada qalmaq imkanı 
						qazanırlar. 2008-ci ildən sonra ilk dəfə tələbələr və 
						işləyən miqrantların maliyyə müstəqilliklərinin təsdiq 
						olunması üçün tələb olunan pul vəsaitlərinin həcmi 
						artırılır.  
						
						
						Qeyd edək ki, xarici tələbələrə də şamil olunan 
						immiqrasiya islahatlarının qlobal məqsədi tələbə 
						vizalarından Böyük Britaniyaya daimi yaşamağa köçmək 
						üçün istifadə olunması cəhdlərinin qarşısının 
						alınmasıdır.  
						
						
						
						Gürcüstanda gənclər peşə təhsilinə həvəsləndirilir 
						
						
						Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin 
						Tbilisidəki informasiya mərkəzinə gələrək peşə təhsili 
						almaq istəyən gənclərə 1000 larilik (550 ABŞ dolları) 
						vauçer təqdim edib. Vauçerlərin təqdim olunmasına martın 
						20-dən başlanılıb. Bu məqsədlə dövlət tərəfindən 7 
						milyon lari vəsait ayrılıb. Bu vəsait  7 min ölkə 
						vətəndaşına peşə təhsili almağa və işlə təmin olunmağa 
						kömək edəcək.  Peşə təhsili almaq arzusunda olanların 
						qeydiyyatı aprelin 20-dək davam edəcək. Vauçerlər peşə 
						təhsili almaq arzusunda olan sosial cəhətdən aztəminatlı 
						tələbələr, eləcə də IX və XII sinifləri bitirmiş 
						şagirdlərə təqdim olunur. Digər kateqoriyadan olanlar 75 
						faiz maliyyə vəsaitləri alacaq. 1000 larilik vauçer 
						almaq istəyənlər apreldə bacarıqlar üzrə imtahan 
						verməlidirlər.      
						
						
						
						Qırğızıstanda 63876 uşaq məktəbəqədər təhsilə cəlb 
						olunmayıb  
						
						
						Qırğızıstanda kənd yerlərində uşaqların yalnız 5 faizi 
						məktəbəqədər təhsillə əhatə olunub. Bu barədə 
						Qırğızıstanın təhsil nazirinin müavini Muxtar Orozbekov 
						martın 26-da parlament dinləmələrində bildirib. Nazir 
						müavini narahatlıqla qeyd edib ki, hazırda respublikada 
						63876 uşaq məktəbəqədər təhsilə cəlb olunmayıb. "Onlardan 
						49 faizi qızlar, 51 faizi oğlanlardır. Yalnız 14 faiz 
						məktəbyaşlı uşaq təhsilə cəlb olunub" - deyə M.Orozbekov 
						bildirib. Ölkənin baş naziri Omurbek Babanov qeyd edib 
						ki, məktəbəqədər təhsilin inkişafı hökumətin 
						fəaliyyətində prioritet istiqamətdir.    O, çoxlu 
						şagirdləri olan və tədrisi yaxşı quran müəllimlərin 
						əməkhaqlarının artırılması vacibliyini bildirib.    
						
						
						
						Oruc MUSTAFAYEV  |