| 
								 
								
								
								Təhsil sistemi  
								
								
								 Şimali 
								Kipr Türk Respublikası Aralıq dənizinin şərq 
								sahillərində yerləşir. Ölkənin müstəqilliyi 
								Türkiyə Cümhuriyyətindən başqa heç bir dövlət 
								tərəfindən tanınmayıb. Bununla belə, Şimali Kipr 
								Türk Respublikası de-fakto müstəqil dövlətdir. 
								1985-ci ildə qəbul edilmiş Konstitusiyaya görə, 
								dövlət başçısı prezidentdir. 
								
								
								Ölkədə son illər təhsil sahəsinin sürətli 
								inkişafı müşahidə edilməkdədir. Təhsil sisteminə 
								nəzarət, müvafiq qanunların və yeni normativ-hüquqi 
								sənədlərin hazırlanması işi Milli Təhsil, 
								Gənclik və İdman Nazirliyi  tərəfindən həyata 
								keçirilir. 
								
								
								Məktəbəqədər təhsil, ibtidai təhsil və orta 
								təhsilin 12-14 yaşlı uşaqlar üçün nəzərdə 
								tutulmuş birinci mərhələsi icbari xarakter 
								daşıyır. Məktəblərin əksəriyyəti dövlət 
								tərəfindən maliyyələşdirilir. Dövlət məktəbləri 
								ilə yanaşı, genişləndirilmiş təhsil proqramları 
								təklif edən özəl tədris ocaqları da fəaliyyət 
								göstərir. 
								
								
								Şimali Kiprin təhsil sistemi aşağıdakı pillələrə 
								bölünür: 
								
								
								* Məktəbəqədər təhsil - 6 yaşa qədər olan 
								uşaqlar üçün nəzərdə tutulub; 
								
								
								* İbtidai təhsil - 6-11 yaşlı uşaqlar üçün 
								nəzərdə tutulub; 
								
								
								* Orta təhsilin aşağı pilləsi (əsas təhsil) - 
								12-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub; 
								
								
								* Orta təhsilin yuxarı pilləsi - 15-17 yaşlı 
								uşaqlar üçün nəzərdə tutulub; 
								
								
								* Peşə təhsili; 
								
								
								* Ali təhsil.  
								
								
								Orta təhsilin yuxarı pilləsində şagirdlər əsasən, 
								lisey və peşə məktəblərində oxuyurlar. Orta 
								təhsilin yuxarı pilləsi universitetlərə hazırlıq 
								mərhələsi hesab olunur. 
								
								
								Tam orta təhsil 11 ildir. 12 illik təhsilə 
								keçmək planlaşdırılsa da, qarşıya çıxan maneələr 
								aradan qaldırılmamış bu məsələnin 
								reallaşdırılması mümkün olmayacaq. 
								
								
								Ölkə üzrə təxminən 1 müəllimə 30 şagird nisbəti 
								qeydə alınıb. Dərs ili sentyabr ayında başlayır 
								və iyun ayının sonunda başa çatır. 
								
								
								Şimali Kipr Türk Respublikasında fəaliyyət 
								göstərən universitetlər müasir təhsil 
								ənənələrini uğurla tətbiq edir, daha yüksək 
								səviyyəli mütəxəssis hazırlığı istiqamətində 
								rəqabət aparırlar. Şərqi Aralıq Dənizi 
								Universiteti, Yaxın Şərq Universiteti, Kipr 
								Beynəlxalq Universiteti,  Girnə Amerikan 
								Universiteti, Lefke Avropa Universiteti, 
								Türkiyənin Orta Şərq Texniki Universitetinin və 
								İstanbul Texniki Universitetinin Şimali Kiprdəki 
								filiallarında nəinki yerli, həmçinin kifayət 
								qədər əcnəbi tələbələr təhsil alır.  
								
								
								
								Məktəbəqədər təhsil  
								
								
								Şimali Kiprdə məktəbəqədər təhsil müəssisələri 
								sırasına körpələr evi və kreşlər  daxildir. 
								Körpələr evinə 4 yaşına qədər uşaqlar cəlb 
								edilir. Kreşlərdə isə 4-6 yaşlı uşaqlar təhsil 
								alırlar. 
								
								
								5 yaşlı uşaqların məktəbə hazırlığını nəzərdə 
								tutan məktəbəqədər təhsil proqramları 2004-cü 
								ildən etibarən icbari xarakter daşıyır. Dövlət 
								məktəbəqədər təhsil müəssisələrində təhsil 
								ödənişsiz əsaslarla həyata keçirilir. 
								
								
								Məktəbəqədər təhsil proqramlarının əsas məqsədi 
								şagirdlərin ümumi və emosional inkişafını təmin 
								etməkdən ibarətdir. Bununla yanaşı, uşaqların 
								məktəbə hazırlığı məsələlərinə də xüsusi diqqət 
								yetirilir, müvafiq kurikulumlar əsasında tədris 
								aparılır.  
								
								
								
								İbtidai təhsil  
								
								
								 Uşaqlar 
								6 yaşından etibarən I sinfə qəbul olunur. Qeyd 
								etdiyimiz kimi, 5 illik ibtidai təhsil icbari 
								xarakter daşıyır və ödənişsiz əsaslarla aparılır. 
								
								
								2002-2003-cü tədris ilinin statistik 
								məlumatlarına görə, Şimali Kiprdə 344 ibtidai 
								məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 60 
								mindən çox şagirdin təlim-tərbiyəsi ilə təxminən 
								4000 müəllim məşğul olur. 
								
								
								Dövlət məktəbləri ilə yanaşı, özəl ibtidai 
								təhsil müəssisələri də fəaliyyət göstərir. Özəl  
								məktəblərə də Milli Təhsil, Gənclik və İdman 
								Nazirliyi nəzarət edir. 
								
								
								İbtidai təhsil (6-11 yaş) əsas təhsil 
								mərhələsinin birinci pilləsi hesab olunur. Orta 
								təhsilin 3 il davam edən aşağı pilləsi isə 
								(12-14 yaş) əsas təhsilin ikinci mərhələsidir. 
								Əsas təhsil ödənişsiz və icbari xarakter daşıyır. 
								
								
								İbtidai təhsil şagirdlərin məktəb həyatında ən 
								mühüm mərhələ hesab olunur. İbtidai siniflərdə 
								şagirdlərə əsasən oxu və yazı bacarıqları 
								aşılanır, tarix, riyaziyyat, ədəbiyyat, 
								coğrafiya və digər fənlər tədris olunur. 
								
								
								İbtidai məktəblərdə şagirdlərə əsasən, eyni 
								müəllim dərs keçir. Musiqi və bədən tərbiyəsi və 
								digər bu kimi fənləri isə yalnız fənn 
								müəllimləri tədris edirlər. 
								
								
								Şagirdlər ibtidai təhsil mərhələsini 
								tamamladıqdan sonra öz təhsillərini orta 
								məktəblərdə davam etdirirlər.  
								
								
								
								Orta təhsil  
								
								
								 Şimali 
								Kiprdə 12-17 yaşlı uşaqlar orta təhsil 
								pilləsində oxuya bilərlər. Orta təhsil iki 
								mərhələdə həyata keçirilir. İlkin mərhələ 
								adlandırılan orta məktəbin aşağı siniflərində 
								12-15 yaşlı uşaqlar təhsil alır. Təhsilin bu 
								mərhələsi icbari və ödənişsiz əsaslarla həyata 
								keçirilir. Bu təhsil mərhələsi Türkiyədə olduğu 
								kimi, "orta okul" adlandırılır. 
								
								
								Orta təhsilin yuxarı pilləsində 3 illik proqram 
								tədris edilir. Şagirdlər orta təhsilin yuxarı 
								pilləsində lisey və gimnaziyalarda oxuyurlar. 
								
								
								Orta təhsilin yuxarı pilləsində əsasən əsas 
								təhsil pilləsini uğurla başa vuran şagirdlər 
								təhsil alır. Orta məktəbin son 3 ilində əsasən 
								təmayüllər üzrə tədris aparılır. Bu zaman 
								şagirdlər ixtisas fənlərini və əlavə fənləri 
								seçməkdə sərbəstdirlər. 
								
								
								Dövlət tərəfindən maliyyələşdirilən məktəb və 
								kolleclərdə tədris əsasən türk dilində aparılır. 
								İngilis, alman və fransız dilləri xarici dil 
								kimi tədris olunur. Orta məktəblərdə şagirdlərin 
								hamısı vahid məktəbli formasından istifadə edir. 
								
								
								Dövlət və özəl məktəblərdə tədris Milli Təhsil, 
								Gənclik və İdman Nazirliyi tərəfindən müəyyən 
								edilmiş kurikulum əsasında aparılır. Şagirdlərin 
								bilikləri 1-10 ballıq şkala üzrə 
								qiymətləndirilir. 
								
								
								Özəl məktəblərdə və kolleclərdə tədris dili kimi 
								əsasən ingilis dilindən istifadə olunur. Türk 
								dili isə ikinci dil kimi tədris edilir. Özəl 
								tədris müəssisələrinin fəaliyyətinə də Milli 
								Təhsil, Gənclik və İdman Nazirliyi nəzarət edir. 
								Qeyri-dövlət məktəblərinin nizam-intizam 
								məsələləri və tədris standartları da nazirlik 
								tərəfindən tənzimlənir. 
								
								
								Məktəblərdə şagirdlərin dərsdənkənar məşğələlərə 
								cəlb olunması işinə xüsusi diqqət yetirilir. 
								Təhsil ocaqlarında təsviri incəsənət, musiqi, 
								idman və digər dərnəklər fəaliyyət göstərir. 
								Bütün bunlar uşaqların fərdi yaradıcılıq 
								qabiliyyətinin və istedadının inkişaf 
								etdirilməsinə xidmət edir.  
								
								
								
								Peşə təhsili  
								
								
								 Kiprdə 
								icbari təhsili başa vuran şagirdlərin təxminən 
								20 faizi öz təhsilini texniki və ya peşə 
								məktəblərində davam etdirir. Bu tədris 
								ocaqlarında təhsil əsasən iki istiqamətdə - 
								nəzəri və texniki istiqamətlərdə aparılır. 
								
								
								Texniki və peşə məktəblərində kənd təsərrüfatı, 
								tibb bacısı, turizm, otel menecmenti və iaşə 
								xidməti ixtisaslarına yiyələnmək mümkündür. Onu 
								da qeyd edək ki, peşə təhsili də orta təhsilin 
								bir hissəsi hesab edilir. 
								
								
								Milli Təhsil, Gənclik və İdman Nazirliyi texniki 
								və ya peşə məktəblərində tədris olunan 
								ixtisasların müəyyənləşdirilməsi, eləcə də 
								məzunların məşğulluğunun təmin olunması 
								məqsədilə Əmək və Sosial Müdafiə Nazirliyi ilə 
								yaxından əməkdaşlıq edir. Odur ki, peşə 
								məktəblərində əsasən əmək bazarının tələblərinə 
								uyğun ixtisaslar tədris edilir. 
								
								
								Texniki və peşə təhsili proqramları çərçivəsində 
								yaşlıların təhsilinə də imkan yaradılır. 
								Yaşlıların peşə təhsili proqramları ömürboyu 
								öyrənmə və təkmilləşmə prinsipinə əsaslanır.  
								
								
								
								Ali təhsil  
								
								
								 Son 
								illər Şimali Kipr Türk Respublikasında ali 
								təhsil sahəsinin sürətli inkişafı müşahidə 
								edilməkdədir. Ölkə universitetləri yüksək 
								səviyyəli təhsil proqramları sayəsində dünya 
								arenasında tanınmağa iddialıdır. 
								
								
								Avropa ölkələrinin əksər hissəsində olduğu kimi, 
								ali təhsil pilləsində bakalavriatura səviyyəsi 4 
								il davam edir. Şimali Kipr Türk Respublikası 
								Boloniya prosesinə qoşulmasa da, bu dərəcə 240 
								Avropa Kredit Transferi Sisteminə uyğun gəlir. 
								
								
								Magistratura səviyyəsi diplomdansonrakı dərəcə 
								kimi qəbul olunur. Bakalavriatura səviyyəsini 
								bitirən məzunlar öz təhsillərini magistratura 
								səviyyəsində müvafiq ixtisaslar üzrə davam 
								etdirə bilərlər. 
								
								
								Elmi araşdırmaları əhatə edən doktorantura ali 
								təhsilin üçüncü səviyyəsi hesab olunur. 
								Doktoranturaya yalnız magistraturanı bitirmiş 
								məzunlar qəbul edilirlər. 3 illik təhsil və elmi 
								tədqiqat fəaliyyətini əhatə edən doktorantura 
								səviyyəsinin sonunda hər bir doktorant konkret 
								nəzəri müddəalarını sübuta yetirməli, 
								araşdırmaların nəticələri ortaya qoyulmalıdır. 
								
								
								Şimali Kiprdə fəaliyyət göstərən ali təhsil 
								müəssisələri ilbəil beynəlxalq əlaqələrini və 
								tələbə mübadiləsinin səviyyəsini yüksəltməyə 
								nail olur. Kipr Beynəlxalq Universiteti, Şərqi 
								Aralıq Dənizi Universiteti, Lefke Avropa 
								Universiteti, Girnə Amerikan Universiteti, Yaxın 
								Şərq Universiteti, Lefkoşa Atatürk Təlim 
								Akademiyası, Türkiyənin Orta Şərq Texniki 
								Universitetinin və İstanbul Texniki 
								Universitetinin Şimali Kiprdəki filiallarında 
								həyata keçirilən layihələr bu tədris ocaqlarının 
								nüfuzunu daha da artırır, onların qarşısında 
								yeni perspektiv inkişaf imkanları açır. 
								
								
								Yüksək nüfuzu ilə fərqlənən Şərqi Aralıq Dənizi 
								Universiteti beynəlxalq statusa malikdir. Bu ali 
								məktəbdə dünyanın müxtəlif ölkələrindən 
								tələbələr təhsil alır. Universitetdə ümumilikdə 
								14000-ə yaxın tələbə müxtəlif ixtisaslara 
								yiyələnir və 1000-dən çox işçi çalışır. 
								
								
								Lefke Avropa Universiteti, Beynəlxalq Kipr 
								Universiteti, Girnə Amerikan Universiteti, Orta 
								Şərq Texniki Universiteti Şimali Kipr filialı və 
								digər ali məktəblərdə də həm yerli, həm də 
								əcnəbi tələbələr təhsil alırlar. Bəzi 
								universitetlərdə təlim dili kimi ingilis dilinə 
								də yer verilir. Kipr universitetlərinə Birləşmiş 
								Krallıq, Almaniya, Türkiyə, MDB respublikaları, 
								İordaniya, Hindistan, Misir, Pakistan, Sudan və 
								digər ölkələrdən olan tələbələr daha çox maraq 
								göstərirlər.  
								
								
								Beynəlxalq əməkdaşlıq  
								
								
								Şimali Kipr təhsil və elmi əməkdaşlıq 
								sahələrində beynəlxalq əlaqələrin inkişafına 
								xüsusi önəm verir. Bu baxımdan Boloniya prosesi 
								və onun müddəalarının tətbiqi, 
								universitetlərarası və beynəlxalq təşkilatlarla 
								ikitərəfli razılaşmalar, birgə əməkdaşlıq 
								məsələləri daim diqqət mərkəzində saxlanılır. 
								
								
								ERASMUS mübadilə proqramı, Aralıq dənizi 
								ölkələri əməkdaşlıq proqramları və digər təhsil 
								proqramları üzrə əlaqələr genişləndirilir. 
								Tələbə mübadiləsi sahəsində ilbəil daha müsbət 
								nəticələr qazanılır, elmi əlaqələrin inkişafına 
								hərtərəfli dəstək verilir. 
								
								
								Onu da qeyd edək ki, Şimali Kipr Türk 
								Respublikası ilə Azərbaycan arasında elm və 
								təhsil sahəsindəki əlaqələr ilbəil inkişaf 
								etməkdə, əməkdaşlığın yeni-yeni istiqamətləri 
								müzakirə olunmaqdadır. 
								
								
								MÜQAYİSƏLİ STATİSTİKA 
								
									
										|   | 
										
										
											
												| 
												
												Göstəricilər | 
												
												
												Şimali Kipr Türk Respublikası | 
												
												
												 | 
											 
											
												| 
												
												Ərazi | 
												
												
												3355 km² | 
												
												
												86,6 min km² | 
											 
											
												| 
												
												Əhali | 
												
												
												300 min nəfər | 
												
												 
												
												9,25 milyon nəfər  | 
											 
											
												| 
												
												Dövlət büdcəsi | 
												
												
												1,78 milyard ABŞ dolları | 
												
												
												16,44 milyard manat
												 
												(təxminən 21 milyard ABŞ 
												dolları) | 
											 
											
												| 
												
												Təhsil sahəsinə ayrılan vəsait | 
												
												
												250 milyon ABŞ dolları | 
												
												 
												
												1,583 milyard manat 
												(təxminən 2 milyard ABŞ dolları)  | 
											 
											
												| 
												
												Ümumi təhsil məktəblərinin sayı | 
												
												
												164 | 
												
												
												4523 | 
											 
											
												| 
												
												Ümumi təhsil məktəblərində 
												çalışan müəllimlərin sayı 
												 | 
												
												
												4400 nəfər | 
												
												
												169117 nəfər | 
											 
											
												| 
												 
												
												Ümumi təhsil məktəbləri
												şagirdlərinin sayı  | 
												
												
												43000 nəfər | 
												
												
												1294059 nəfər | 
											 
											
												| 
												
												Ümumi təhsil məktəblərində 
												çalışan müəllimlərin orta aylıq 
												əməkhaqqı | 
												
												
												2000 ABŞ dolları | 
												
												 
												
												270 manat 
												(təxminən 344 ABŞ dolları)  | 
											 
											
												| 
												
												Ali təhsil müəssisələrinin sayı
												 | 
												
												
												7  | 
												
												 
												
												51  | 
											 
											
												| 
												 
												
												Ali təhsil müəssisələri  
												tələbələrinin sayı  | 
												
												
												47000 nəfər | 
												
												
												143146 nəfər | 
											 
											
												| 
												
												İlk peşə-ixtisas təhsili 
												müəssisələrinin sayı | 
												
												
												13 | 
												
												
												107 | 
											 
											
												| 
												
												Ali təhsil müəssisələri üzrə 
												illik təhsil haqqı | 
												
												
												3500-4500 ABŞ dolları | 
												
												 
												
												700-4500 manat 
												(təxminən 890-5725 ABŞ dolları)  | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								
								Bəşarət MƏMMƏDOV, 
								
								
								
								Dilrubə BAYRAMOVA  
								
								
								
								Yazının hazırlanmasında Şimali Kipr Türk 
								Respublikası Milli Təhsil, Gənclik və İdman 
								Nazirliyinin rəsmi məlumatlarından istifadə 
								olunub.  |