| 
						 
						
						Paytaxtımızda ekologiya və təbiəti mühafizə 
						problemlərinə həsr olunan Ətraf Mühitin Mühafizəsi VI 
						Beynəlxalq Layihə  Olimpiadasına (İNEPO-AVRASİYA) start 
						verildi.  Bununla bağlı aprelin 3-də "Çağ" Öyrətim 
						İşlətmələri Şirkətində KİV nümayəndələri üçün mətbuat 
						konfransı keçirildi. Tədbiri Azərbaycan-Türkiyə Özəl 
						Liseyləri Baş İdarəsinin rəisi, Ətraf Mühitin Mühafizəsi 
						VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) 
						təşkilat komitəsinin sədri Arif Gömleksiz açaraq  media 
						nümayəndələrinə olimpiada haqqında geniş məlumat verdi. 
						
						
						Yarışın keçirilməsində əsas məqsədin Azərbaycanda və 
						dünyada artmaqda olan ekoloji problemlərin həlli və 
						ətraf mühitin qorunub saxlanması istiqamətində gənc 
						nəsli məlumatlandırmaq, şagirdlərdə ekoloji şüuru 
						inkişaf etdirmək, onlarda ətraf mühitə qarşı həssas, 
						müsbət münasibət formalaşdırmaq olduğunu qeyd edən Arif 
						Gömleksiz həmçinin  təbii, mədəni, sosial-estetik, 
						tarixi dəyərlərin qorunması məsələlərinin də diqqətdə 
						saxlanıldığını bildirdi. Şagirdlərin olimpiadaya böyük 
						həvəs göstərdiklərini və bu yarışa qatılmaq istəyən 
						ölkələrin sayının ilbəil artdığını deyən idarə rəisi 
						təqdim olunan layihələrdə  ekologiya, ətraf mühitin 
						mühafizəsi ilə bağlı bir sıra problemlərin öz əksini 
						tapdığını və hazırlanmış xüsusi stendlərin ictimaiyyət 
						tərəfindən maraqla qarşılanacağına  ümidvar olduğunu 
						bildirdi. 
						
						
						"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri 
						Ənvər Özərən 2007-ci ildən Bakıda keçirilən adıçəkilən 
						yarışın artıq ənənəyə çevrildiyini söylədi. Qeyd etdi ki, 
						dünyanın müxtəlif ölkələrindən bu tədbirdə iştirak etmək 
						üçün hər il şəhərimizdə səfərdə olan şagirdlər ekoloji 
						problemlərlə bağlı məktəblilərimizlə bir araya gəlirlər. 
						Bakıda keçirilən beynəlxalq olimpiadanın digər ölkələrdə 
						təşkil olunan yarışlardan xüsusi özəlliyi ilə 
						fərqləndiyini deyən Ənvər Özərən bildirdi ki, yarışa 
						qatılan xarici ölkələrin məktəbliləri burada ilk növbədə 
						Azərbaycan xalqının qonaqpərvərliyi, isti münasibəti ilə 
						qarşılaşırlar. 
						
						
						Ənvər Özərən Azərbaycan -Türkiyə Özəl Liseylərinin 
						yarandığı vaxtdan bu günə qədər uğurla fəaliyyət 
						göstərməsindən, burada təhsil alan şagirdlərin dünya 
						bilik olimpiadalarında qazandıqları nailiyyətlərdən 
						ətraflı söz açdı. Qeyd olundu ki, azərbaycanlı gənclər 
						xarici ölkələrdə təşkil olunan  nüfuzlu bilik 
						yarışlarında yüksək savad və bacarıq nümayiş etdirərək  
						Vətənə medallarla dönürlər. Bundan böyük qürur və sevinc 
						hissi keçirdiyini deyən Ənvər Özərən daha sonra  "Çağ" 
						Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci 
						ildönümünə həsr edilmiş məktəblilərin Ətraf Mühitin 
						Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının 
						(İNEPO-AVRASİYA) əhəmiyyətinə toxunaraq çıxışının 
						sonunda bütün iştirakçılara uğurlar arzuladı, tədbirin 
						təşkilində zəhməti olanlara təşəkkürünü bildirdi. 
						
						
						Məlumat üçün bildirək ki, olimpiadanın açılışı aprelin 
						6-da olacaq, iştirakçılar təmsil etdikləri ölkələri 
						haqqında stendləri və ətraf mühitin mühafizəsi ilə bağlı 
						hazırladıqları layihələrini nümayiş etdirəcəklər. Elə 
						həmin gün olimpiada iştirakçılarının təqdim etdikləri 
						layihələr münsiflər heyəti tərəfindən diqqətlə nəzərdən 
						keçirilərək geniş təhlil ediləcək və qaliblər 
						müəyyənləşdiriləcəkdir. Aprelin 7-də isə Heydər Əliyev 
						adına İdman-Konsert Kompleksində qaliblərin 
						mükafatlandırılması mərasimi keçiriləcəkdir.  
						
						
						
						Samirə  KƏRİMOVA   |