| 
						 
						
						 Aprelin 
						5-də Azərbaycan Dillər  Universitetində  FİFA "U-17 
						qadınlararası dünya çempionatı Azərbaycan 2012"-nin 
						Yerli Təşkilat Komitəsinin nümayəndələri tələbələrlə 
						görüş keçirdi.  Təqdimat mərasimində çıxış edən ADU-nun 
						tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev 
						Azərbaycanda son 10 ildə idmanın sürətlə inkişaf 
						etdiyini və dövlət başçısının bu sahəyə xüsusi diqqət 
						ayırdığını bildirdi.  Ölkəmizin bir sıra aparıcı idman 
						növləri üzrə keçirilən beynəlxalq yarışlara ev sahibliyi 
						etdiyini deyən prorektor bu il ölkəmizdə 17 yaşlı 
						qadınlar arasında dünya çempionatının keçiriləcəyini  
						tələbələrin diqqətinə çatdırdı. Ə.Əliyev Azərbaycanın 
						tanıdılmasında və nüfuzunun artmasında idmanın mühüm rol 
						oynadığını vurğuladı. Prorektor ADU-nun tələbələrinin 
						ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak 
						etdiyinə də toxundu.  
						
						
						FİFA "U-17 qadınlararası dünya çempionatı Azərbaycan 
						2012"-nin Yerli Təşkilat Komitəsinin (YTK) "Könüllülük 
						proqramı"nın direktoru Vüqar Rüstəmli  və proqramın 
						nümayəndəsi Nərmin Abbasova çempionatın ümumi tanıtımı 
						və "Könüllülük proqramı" haqqında tələbələrə ətraflı 
						məlumat verdilər. Təqdimatda çempionata hazırlıq 
						çərçivəsində görülən işlər, bu tip beynəlxalq tədbirin 
						ölkəmiz üçün əhəmiyyətindən danışıldı. V.Rüstəmli FİFA-nın 
						dünya çempionatları, qadın futbolu, Azərbaycanda 
						keçiriləcək çempionatın gedişatı, oyunların təşkil 
						olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 
						yaşadək qızlardan ibarət milli yığmamızdan bəhs etdi.
						 
						
						
						Gənclərə dünya çempionatında yaradılmış geniş 
						imkanlardan söz açan proqram rəhbəri tələbələri "Könüllülük 
						proqramı"nda aktiv iştirak etməyə çağırdı. O, könüllü 
						olmağın xeyirləri, perspektivləri və proqramda iştirak 
						şərtləri ilə bağlı tələbələri məlumatlandırdı. 
						 
						
						
						Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlanan 
						sualları cavablandıran tələbələr dünya çempionatını 
						özündə əks etdirən müxtəlif növ hədiyyələr qazandılar.
						 
						
						
						
						ADU-nun Mətbuat xidməti  |