| 
						 
						
						Azərbaycan təhsili günbəgün dəyişir, inkişaf edir, 
						yeniliklərlə zənginləşir. Əvvəllər tədris prosesində 
						biliklərin şagirdlərə hazır şəkildə mənimsədilməsi tələb 
						olunurdusa, indi şagirdlərin özünün tədris olunan mövzu 
						ətrafında müstəqil fikir yürüdə bilməsinə, bir-birinin 
						biliyinə qiymət verməsinə, kimin nəyə qadir olduğunu 
						aşkar etməsinə, problem yaratmaq, tədqiq etmək, qurmaq, 
						yaratmaq bacarığına daha çox diqqət yetirilir. 
						
						
						Təcrübə göstərir ki, eyni metodlardan istifadə dərsi 
						maraqsız edir, şagirdin fənnə marağını azaldır. Bu 
						baxımdan mən Azərbaycan dili və ədəbiyyat dərslərində 
						interaktiv təlim metodlarından geniş istifadə edirəm. 
						Yeni təlim metodlarından istifadə ilə əlaqədar "Fəal və 
						interaktiv təlim/tədris metodları" mövzusuna həsr 
						olunmuş üç mərhələdə "Öyrədənlərin öyrədəni" kursunu 
						keçmişəm. Dərslərimin rəngarəng, maraqlı, düşündürücü 
						olmasında bu treninqlərin böyük əhəmiyyəti vardır. 
						
						
						Kurikulumlarda təlim forması və üsullarına təlim 
						strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılmışdır. 
						Onların mahiyyəti və əsas xüsusiyyətləri yeni tələblər 
						əsasında şərh edilmişdir. 
						
						
						İnteraktiv təlim metodları ilə işləmək üçün 
						aşağıdakıların nəzərə alınmasının böyük əhəmiyyəti 
						vardır:  
						
						
						1. Fəal təlim üçün iş formalarının müəyyənləşdirilməsi. 
						
						
						2. Fəal dərsin mərhələləri. 
						
						
						3. Fəal dərsin strukturu. 
						
						
						Dərslərimdə fəal təlimin fərdi iş, cütlərlə iş, böyük 
						qruplarla və kiçik qruplarla iş formalarından istifadə 
						edirəm. Hər bir formada fəal dərsin aşağıdakı 
						mərhələlərinə əməl etməyə çalışıram: 
						
						
						1. Düşünməyə yönəlmə-şagird mövzu ilə əlaqədar 
						biliklərini xatırlayır, fəallaşır. Onlarda mövzuya maraq 
						yaradıram. 
						
						
						2. Dərketmə - yeni biliklərin öyrənilməsi.  
						
						
						3. Düşünmə - yeni biliyi möhkəmləndirmək üçün testlər, 
						tapşırıqlar, əvvəlcədən hazırlanmış kartoçkalar verilir. 
						
						
						Dərsə başlayarkən motivasiyadan istifadə edirəm. 
						Motivasiyada problem yaradıram, problemlə bağlı 
						şagirdlər öz fikir və fərziyyələrini irəli sürürlər. 
						
						
						Tədqiqatın təşkilində problemin həlli istiqamətində 
						sinfə iş tapşırıram, əvvəlcədən hər qrup üçün işçi 
						vərəqələri hazırlayıram. İş formasını özüm seçirəm. 
						
						
						Məlumatın mübadiləsində verilən tapşırıqla əlaqədar 
						şagirdlər öz aralarında fikir mübadiləsi aparırlar, 
						müstəqil fikirlər irəli sürürlər. Təbii ki, hər qrupun 
						cavabı eyni olmur. Hansı qrupun cavabının daha dolğun, 
						daha dəqiq  olduğunu qeyd edirəm. 
						
						
						Məlumatın müzakirəsi və təşkilində qrupların liderləri 
						işçi vərəqini lövhəyə yapışdırır, ümumi fikri müəllim və 
						şagirdlərə çatdırırlar. 
						
						
						Nəticənin çıxarılması mərhələsində dinlədiyim fikirlərə, 
						nəticələrə münasibətimi bildirirəm, əgər yanlış fikir 
						varsa düzəliş edirəm, istiqamət verirəm, sonra ümumi 
						nəticə çıxarırıq. 
						
						
						Tətbiqetmə mərhələsində əldə olunan biliklərə 
						əsaslanaraq sinifdə və ya evdə verdiyim tapşırıqlar 
						yerinə yetirilir. Bu mərhələdə kartoçka və testlərdən, 
						BİBÖ metodundan istifadə edirəm. 
						
						
						Ədəbiyyat dərslərində texniki vasitədən, televizordan da 
						istifadə edirəm. C.Məmmədquluzadənin "Anamın kitabı", "Ölülər", 
						İ.Şıxlının "Dəli Kür", S.Vurğunun "Vaqif" və s. əsərləri 
						əyani şəkildə göstərməyin səmərəsi daha böyükdür. 
						
						
						Qruplarda iş aparan zaman müqayisə metodundan da 
						istifadə edirəm. Bu metod oxşar anlayışların, fikirlərin, 
						obrazların və s. fərqləndirilməsi üçün daha əlverişlidir. 
						Bu müqayisə zamanı əvvəlki bilik yada salınır, mövzu 
						daha da möhkəmlənir, şagirdlər daha çox məlumatlar əldə 
						edirlər. 
						
						
						Mən dil dərslərində ən çox çoxmənalı sözlər və 
						omonimləri, -i4 şəkilçisinin omonimliyini, -ın4 
						şəkilçisinin omonimliyini, fellərdə omonim şəkilçilər, 
						tabesiz mürəkkəb cümlələrin məna əlaqələri, tabesiz 
						mürəkkəb cümlələrlə həmcins xəbərli sadə cümlələrin bəzi 
						oxşar və fərqli cəhətini aydınlaşdırmaq üçün müqayisə 
						metodundan istifadə edirəm. 
						
						
						Hər qrupun müqayisəni daha dəqiq, daha düzgün aparmasını 
						xüsusi qeyd edirəm. 
						
						
						Ədəbiyyat dərslərində də bu metodun böyük əhəmiyyəti 
						vardır. Bəzi obrazların mənimsədilməsində, məsələn, "Xeyir 
						və şər" mənzum hekayəsində Xeyir və Şərin müqayisəsi ("Yeddi 
						gözəl" poemasında, VII sinif); "Dədə Qorqud" və "Koroğlu" 
						dastanlarında oxşarlıqlar və fərqlər (X sinif); 
						C.Cabbarlının sujet xətti, mövzu və üslub etibarı ilə 
						oxşar əsərləri ("Ədirnə fəthi" və "Trablis müharibəsi" 
						dramları, XI sinif); Aydınla Oqtay Eloğlunun müqayisəsi 
						("Aydın" və "Oqtay Eloğlu" dramları, XI sinif); Vaqif və 
						Natəvan - hər ikisinin oxşarlıqları (S.Vurğunun "Vaqif" 
						və İ.Əfəndiyevin "Xurşidbanu Natəvan" dramları, XI sinif) 
						və s. müqayisəsi şagirdlərin mövzunu daha yaxşı 
						mənimsəməsinə şərait yaradır. 
						
						
						Dərslərimdə fənlərarası inteqrasiyadan, rollu oyunlardan, 
						klaster, karusel, Venn diaqramı, BİBÖ, beyin həmləsi və 
						s. kimi interaktiv təlim metodlarından da geniş istifadə 
						edirəm. 
						
						
						Bəzi hallarda şagirdləri axtarmağa, düşünməyə, mühakimə 
						yürütməyə öyrətmək məqsədilə hər qrupun özünə test 
						tərtib etdirirəm. 
						
						
						Bəzi hallarda mövzuya aid (məsələn, tabesiz mürəkkəb 
						cümlə) şagirdlərə mətnlər tərtib etdirirəm, sonra mətnə 
						ad vermələrini tapşırıram. 
						
						
						Beləliklə, çalışıram ki, dərsləri şagirdlərin yaş 
						səviyyəsinə uyğun və maraqlı qurum. Müxtəlif metodlardan 
						istifadə edirəm ki, dərs canlı, maraqlı keçsin, bütün 
						şagirdlər dərsdə fəal iştirak etsinlər.  
						
						
						
						Sevil ƏLİYEVA, 
						Heydər Əliyev adına liseyin Azərbaycan dili və ədəbiyyat 
						müəllimi  |