| 
						 
						
						2012-ci ildə görkəmli Azərbaycan yazıçısı, şair, 
						dramaturq, publisist və ictimai xadim Məmməd Səid 
						Ordubadinin anadan olmasının 140 ili tamam olur. 
						 
						
						
						Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi 
						roman janrının banisidir. Çoxşaxəli ədəbi fəaliyyət 
						göstərən və bir çox məşhur operaların librettosunun 
						müəllifi olan sənətkar həmçinin dövrün mühüm 
						ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər 
						əsasında dolğun əks etdirən əsərləri ilə tanınır. 
						 
						
						
						Azərbaycan ədəbiyyatının inkişafında təqdirəlayiq 
						xidmətlər göstərmiş Məmməd Səid Ordubadinin 140 illik 
						yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə 
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 
						
						  
						
						
						
						QƏRARA ALIRAM:  
						
						
						1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və 
						Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə 
						Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə 
						almaqla, Məmməd Səid Ordubadinin 140 illiyinə həsr 
						olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 
						
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						
						İlham ƏLİYEV,  
						Azərbaycan Respublikasının Prezidenti 
						Bakı şəhəri, 10 aprel 2012-ci il  |