| 
						 
						
						 Aprelin 
						6-da Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların 
						Beynəlxalq Forumunun (ASAİF) ikinci beynəlxalq konfransı 
						işə başlamışdır. Macarıstan parlamentində keçirilən 
						konfransda dünyanın 25 ölkəsindən 250-dən artıq gənc 
						iştirak edir.   Əvvəlcə Azərbaycanın və Macarıstanın 
						dövlət himnləri səsləndirilmişdir. 
						
						
						Sonra ASAİF-in fəaliyyətindən bəhs edən film nümayiş 
						olunmuşdur.  Konfransı Azərbaycanın Macarıstandakı 
						səfiri Vilayət Quliyev açdı. Səfir bu gün azərbaycanlı 
						gənclərin xaricdə təhsil aldıqdan sonra təkcə özəl 
						təşkilatlarda deyil, dövlət qurumlarında da peşəkar 
						karyeralarını inkişaf etdirdiklərini diqqətə çatdırdı. 
						Diplomat dedi: "Tələbə hərəkatının tarixi yetərincə 
						araşdırılmayıb. Son əlli ili götürsək, Rusiyada və 
						Avropada təhsil alan tələbələrin Azərbaycanın 
						inkişafında əvəzsiz xidmətləri ilə bağlı böyük 
						araşdırmalar aparmaq olar. 1960-cı illərdə Moskva, Sankt-Peterburq 
						və digər şəhərlərdə azərbaycanlı gənclər təkcə yaxşı 
						mütəxəssis kimi yetişməyiblər, onlar həm də həmvətənləri 
						arasında milli şüur formalaşdırıblar, mədəniyyətimizi 
						digər xalqlara yüksək səviyyədə nümayiş etdiriblər, 
						həmin xalqın həyatında önəmli rol oynayıblar. Məhz 
						qurulan mədəniyyət mərkəzləri, təhsil ocaqları və digər 
						layihələrdə bu gənclərin əvəzsiz rolu olub". 
						
						
						Daha sonra Azərbaycanın gənclər və idman naziri Azad 
						Rəhimov çıxış edərək dedi: "Azərbaycan gəncliyi 
						2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması 
						zamanı sənədin geniş ictimai müzakirələrə çıxarılmasını, 
						layihəyə gənclər tərəfindən 2 mindən artıq təklifin 
						irəli sürülməsini, ölkəmizin bütün təbəqələrindən olan 
						vətəndaşlar, eləcə də beynəlxalq təşkilatlar üçün 
						müzakirələrin açıq olduğunu qeyd etmək istəyirəm. 
						 
						
						
						Xüsusi yaradılmış elektron ünvana sizdən - xaricdə 
						təhsil alan gənclərimizdən gələn təkliflər isə mütləq 
						vurğulanmalıdır. Çünki bunu sizin vətəndaş yetkinliyiniz 
						kimi qiymətləndiririk". 
						
						
						Dövlət Proqramı haqqında müfəssəl məlumat verən nazir 
						sənəddə gəncləri birbaşa maraqlandıran "Azərbaycanın 
						gənc dostları" mübadilə proqramının həyata keçirilməsi, 
						gənc alimlərin tədqiqatlarının dəstəklənməsi, xaricdə 
						təhsil alıb Vətənə qayıdan gənclərin işlə təmin edilməsi 
						üçün nəzərdə tutulan mühüm müddəalar barədə ətraflı 
						məlumat verdi. 
						
						
						Azad Rəhimov dedi: "Tələbələrimizin elmi konfranslarda, 
						seminarlar və müsabiqələrdə iştirakı dövlətimiz 
						tərəfindən bundan sonra da dəstəklənəcəkdir. Tələbələrin 
						və məzunların bu sahədə əldə etdiyi hazırkı və gələcək 
						müvəffəqiyyətlərinin lazımınca ictimaiyyətə təqdim 
						olunmasında, yaşadıqları ölkənin kütləvi informasiya 
						vasitələrində işıqlandırılmasında dəstək göstərmək üçün 
						ASAİF bu sahədə öz potensialının artırılması haqqında 
						düşünməlidir. Humanitar sahədə - tarix, sosiologiya, 
						politologiya, beynəlxalq münasibətlər, jurnalistika və 
						s. sahələrdə təhsil alan tələbələr öz tədqiqat işlərini 
						Azərbaycan ilə bağlı aparmalı, eləcə də digər 
						tədqiqatçıları bu işə cəlb etməlidirlər". 
						
						
						Macarıstan Respublikasının Milli Assambleyasının vitse-spikeri 
						Jakap İstvan konfrans iştirakçılarını salamladı, bilik 
						üzərində qurulan əlaqələrin möhkəmliyindən danışaraq 
						vurğuladı ki, ölkələrin əlaqələrinin intensivləşməsində 
						gənclərin xüsusi rolu vardır. Jakap İstvan dedi: "Bu gün 
						Azərbaycan və Macarıstan arasında möhkəm, sabit və 
						davamlı inkişaf edən sıx əlaqələr vardır. Macarıstanda 
						digər xarici ölkələrlə bərabər, Azərbaycandan da çoxlu 
						tələbə təhsil alır. Qeyd etmək istərdim ki, xaricdə 
						təhsil gənclərə tolerantlığı, digər ölkələrin 
						mədəniyyətlərinə, adət-ənənələrinə daha böyük hörmətlə 
						yanaşmağı öyrədir". Vitse-spiker bu yaxınlarda 
						Azərbaycan və Macarıstanın diplomatik əlaqələrinin 20 
						illiyinin qeyd olunacağını da diqqətə çatdırdı. 
						
						
						Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil 
						və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov 
						çıxış edərək konfransın əhəmiyyətindən danışdı, tədbirin 
						məhz nə üçün Budapeştdə keçirilməsinin səbəblərini 
						diqqətə çatdıraraq dedi: "Əvvəla, bu, coğrafi baxımdan 
						düzgün seçimdir. Sizin təhsil aldığınız Macarıstan 
						Avropanın mərkəzidir. İkincisi, siz artıq bizim ümumi 
						tarixi köklərimiz barədə eşitdiniz. Azərbaycan kimi 
						Macarıstan da Şərq ilə Qərb arasında vacib körpüdür. Bu 
						amil də tədbirin burada keçirilməsini şərtləndirmişdir".
						 
						
						
						Azərbaycanlı tələbələrin xaricdə təhsil alması ilə bağlı 
						yaxşı ənənələrin olduğunu xatırladan Elnur Aslanov dedi: 
						"1970-ci illərdə ümummilli lider Heydər Əliyev 
						Azərbaycanın istedadlı, bacarıqlı gənclərini müxtəlif 
						ölkələrə təhsil almağa göndərdi. Bu gün bu siyasəti 
						dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. 
						Xaricdə təhsil alıb ölkəmizə qayıdan hər bir gənc 
						Azərbaycanın sabahıdır. Azərbaycanı gələcəkdə məhz bu 
						gənclər idarə edəcəklər. Lakin bir məqamı unutmaq olmaz. 
						Bizə sadəcə diplom alıb Vətənə qayıdan gənclər yox, 
						ağıllı, savadlı, bilikli, ixtisasını mükəmməl bilən 
						gənclər lazımdır". 
						
						
						Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə 
						toxunan Elnur Aslanov demişdir ki, Qarabağ Azərbaycanın 
						əzəli torpağıdır. Biz öz doğma torpaqlarımızın bir 
						qarışını da heç kimə güzəştə getməyəcəyik. Azərbaycanın 
						işi haqq işidir. Biz təcavüzə, işğala məruz qalmış 
						ölkəyik və torpaqlarımızı istənilən yolla azad etməyə 
						haqqımız vardır. 
						
						
						Təhsil naziri Misir Mərdanov, Dövlət Neft Fondunun 
						icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan 
						Respublikasının Prezidenti yanında Dövlət Qulluğu 
						Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Milli 
						Məclisin komitə sədri Səməd Seyidov və digər rəsmilər də 
						gənclərin təhsil alıb Vətənə qayıtmalarının 
						əhəmiyyətindən, bu təhsilin onların hər birinə verdiyi 
						geniş imkanlardan, hazırda Azərbaycan üçün ən ağrılı 
						problem olan Dağlıq Qarabağ münaqişəsinin intellektual, 
						geniş şəkildə dünya ictimaiyyətinə çatdırılmasında 
						gənclərin əvəzsiz rolundan danışdılar. 
						
						
						Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış 
						edərək bildirdi ki, ASAİF-in növbəti beynəlxalq 
						konfransı İtaliyada keçiriləcəkdir.  
						
						
						Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, 
						Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla 
						xanım Əliyevanın konfrans iştirakçılarına müraciəti 
						oxundu. 
						
						
						Azərbaycanın Avropa ölkələrindəki səfirlərinin də 
						qatıldığı konfrans işini davam etdirib.  
						
						
						AzərTAc  |