| 
						 
						
						Azərbaycan Respublikasının Təhsil Nazirliyi ali 
						məktəblərdə professor-müəllim vəzifələrinin tutulması 
						üçün qaydalar hazırlayır. 
						
						
						Bu barədə məlumat verən Təhsil Nazirliyinin Ali və orta 
						ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev 
						bildirib ki, layihə formasında olan qaydalarda professor-müəllimlərin 
						işə qəbulu ilə bağlı bır sıra yeniliklər nəzərdə tutulur. 
						
						
						Hazırda ali məktəblərdə professor-müəllimlər 
						fakültələrin və ali məktəbin elmi şuraları tərəfindən 5 
						il müddətinə seçilir. Yeni qaydalara əsasən isə 
						professor-müəllim vəzifələrinin tutulması ilə bağlı son 
						qərarı ali məktəbdə işə qəbulla bağlı yaradılmış müvafiq 
						komissiya verəcək. Müsabiqədən keçmiş professor-müəllimlərlə 
						ali məktəb rəhbərliyi 4 illik müqavilə bağlayacaq. Bu 
						müddət başa çatdıqdan sonra isə həmin vəzifənin 
						tutulması üçün yenidən elan veriləcək. Bu vəzifəni əvvəl 
						tutmuş müəllim də müsabiqədə yenidən iştirak edə və uğur 
						qazanacağı təqdirdə həmin vəzifəni tuta bilər. Bir 
						müəllimin müsabiqədə iştirakı ilə bağlı məhdudiyyət 
						qoyulmur. 
						
						
						Bununla yanaşı, müsabiqədən keçən professor-müəllimlərlə 
						ali məktəb rəhbərliyi arasında imzalanmış müqaviləyə 
						uyğun olaraq, müəllimlər hər ilin sonunda öz 
						fəaliyyətləri barədə hesabat verməlidirlər. Əvvəllər 5 
						il müddətinə seçilmiş professor-müəllimlərin hesabatı 
						məktəb rəhbərliyi tərəfindən yaxşı işləməyən müəllimə 
						qarşı hər hansı tədbirin görülməsinə imkan vermirdi. 
						Amma indi hesabatın nəticəsindən asılı olaraq, rektorun 
						müəllimlə müqavilənin davam etdirilib-etdirilməyəcəyi 
						ilə bağlı müvafiq qərar qəbul etmək səlahiyyəti olacaq. 
						"Müqavilədə müəllimin də müəyyən şərtləri nəzərdə 
						tutulur. Yəni müəllim məktəb rəhbərliyi qarşısında 
						tədris prosesini həyata keçirmək üçün onu lazımi 
						avadanlıqlarla, dərs vəsaitləri ilə, elektron 
						kitabxanaya çıxışla təmin etməyi, ona yaxşı auditoriya 
						verməyi şərt kimi qoya bilər. Ali məktəb rəhbərinin isə 
						şərti odur ki, müəllim keyfiyyətli dərs keçsin, 
						tələbələrə proqramlarla müəyyənləşdirilmiş 
						kompetensiyaları verməsi üçün məsuliyyət daşısın. Əks 
						təqdirdə rektor müəllimlə bu müqaviləni poza bilər", - 
						deyə  İ.Mustafayev əlavə edib. 
						
						
						Şöbə müdirinin fikrincə, sözügedən  qaydaların 
						hazırlanması ali təhsil sistemi üçün ən mütərəqqi 
						yeniliklərdən biridir. Yeni qaydalar müəllimlərin 
						məsuliyyətini də artıracaq. 
						
						
						İ.Mustafayev müxbirimizlə söhbətində "Ali təhsil 
						müəssisələrində kafedra müdiri, dekan və dekan müavini 
						vəzifələrinin tutulması qaydaları"nın artıq hazırlanaraq 
						təsdiq olunduğunu və hazırda tətbiq edildiyini   də 
						diqqətə çatdırıb.   
						
						
						
						Yusif ƏLİYEV   |