| 
						 
						
						"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən 
						uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və 
						alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" 
						çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Təhsil 
						Nazirliyindən aldığımız məlumata görə, son iki il 
						ərzində 10-17 yaş arası 24 uşaq övladlığa verilib. 
						İnternat tipli 9 müəssisə ümumi təhsil məktəbinə, lisey 
						və gimnaziyaya çevrilib. 
						
						
						Bakının Sabunçu, Suraxanı, Xəzər rayonlarında Günərzi 
						qayğı və reabilitasiya-inkişaf mərkəzləri yaradılıb. 
						Daha 2 reabilitasiya mərkəzi isə Nazirlər Kabinetinin 
						müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə 
						verilib. Reabilitasiya mərkəzlərində alternativ 
						xidmətlərə cəlb edilmiş hər bir uşağın 
						qiymətləndirilməsi, fərdi təlim planının tərtib olunması 
						və reabilitasiya işlərinin keyfiyyətinin monitorinqi ilə 
						bağlı tədbirlər həyata keçirilib. Təhsil Nazirliyinin 
						tabeliyində fəaliyyət göstərən alternativ qayğı 
						mərkəzlərinin yaradılması nəticəsində 298 uşağın dövlət 
						uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. 
						
						
						Risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli 
						preventiv tədbirlərin görülməsi, qarşıya çıxan 
						problemlərin vaxtında və operativ şəkildə aradan 
						qaldırılması, uşaqların müvafiq müəssisələrə daxil 
						olmasına ciddi nəzarətin təmin edilməsi istiqamətində 
						görülən işlər nəticəsində ölkə üzrə ümumilikdə 465 
						uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı 
						alınıb. Dövlət Proqramı çərçivəsində bu günə qədər 149 
						uşaq bioloji ailəsinin və yaxın qohumlarının himayəsinə 
						qaytarılıb.  
						
						
						Dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların  
						sayı da azalıb. Belə ki, 2008-ci ildə 14389 nəfər təşkil 
						edən bu rəqəm 2011-ci ildə 9776-ya enib. Bundan başqa, 
						dövlət uşaq müəssisələrində yaşayan, lakin övladlığa, 
						himayədarlığa və ya qəyyumluğa verilməsi mümkün olmayan 
						10 uşağın ailə mühitində yaşamasının təmin edilməsi 
						məqsədilə ailə tipli kiçik qrup evi tikilib.  
						
						
						 2010-2011-ci tədris ilindən etibarən dövlət uşaq 
						müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə 
						uşaqlara və ailələrə dəstək xidmətlərini həyata keçirən 
						sosial işçilərin hazırlanması üçün Bakı Pedaqoji 
						Kadrların İxtisasartırma və Yenidənhazırlanma 
						İnstitutunda sosial iş ixtisası üzrə kurs açılıb ki, 
						buraya da son 2 il ərzində 32 tərbiyəçi-müəllim cəlb 
						olunub.  
						
						
						Uşaqların müdafiəsinə dair mövcud qanunvericilik 
						bazasının ətraflı təhlili aparılıb və bir sıra müvafiq 
						normativ-hüquqi sənədlər hazırlanaraq təsdiq edilmək 
						üçün Nazirlər Kabinetinə təqdim olunub.  
						
						
						
						Samirə KƏRİMOVA  |