| 
						 
						
						 Aprelin 
						12-də Bakıdakı  Heydər Əliyev adına liseydə Təhsil 
						Nazirliyi sistemində fəaliyyət göstərən texniki 
						yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında 
						keçirilmiş "Uşaq və yeniyetmələrin Respublika elmi-texniki 
						yaradıcılıq müsabiqəsi" qalibləri mükafatlandırıldı. 
						Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Könüllü 
						Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika 
						Şurasının sədri, general-mayor Novruzəli Orucov, Təhsil 
						Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr 
						şöbəsinin müdiri Ağababa İbrahimov, Heydər Əliyev adına 
						liseyin direktoru Fikrət Xəlilov, Respublika Texniki 
						Yaradıcılıq Mərkəzinin direktoru Qorxmaz Əliyev, 
						respublikada fəaliyyət göstərən texniki yaradıcılıq 
						mərkəzlərinin rəhbərləri və digər şəxslər iştirak 
						edirdilər. Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq 
						və yeniyetmələrin elmi-texniki potensialının üzə 
						çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə 
						stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini 
						təşkil etməkdir. Müsabiqə Təhsil Nazirliyinin 2012-ci il 
						tarixli, 6 fevral 165 nömrəli əmri ilə rayon (şəhər) və 
						respublika mərhələləri olmaqla 7 zona üzrə keçirilib. 
						Texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada 
						keçirilmiş müsabiqənin respublika mərhələsinə 209 iş 
						təqdim edilib. Münsiflər heyəti tərəfindən seçim 
						aparıldıqdan sonra 45 nəfər qalib olaraq 
						müəyyənləşdirilib. 
						
						
						Öncə iştirakçılar liseyin qarşısında ulu öndər Heydər 
						Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək 
						önünə gül dəstələri qoydular. Sonra respublikada 
						fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin 
						dərnək üzvlərinin əl işlərindən ibarət maraqlı sərgiyə 
						baxış keçirildi.  
						
						
						Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini 
						Qulu Novruzov liseyin həyətində nümayiş olunan modelləri 
						yüksək qiymətləndirərək bunun sevindirici hal olduğunu 
						qeyd etdi. Son illər texniki yaradıcılıq mərkəzlərinin 
						fəaliyyətinin genişlənməsi və dərnək üzvlərinin sayının 
						çoxalmasını təqdirəlayiq hal hesab edən nazir müavini 
						ölkənin təhsil siyasətində və  xaricdə təhsillə bağlı  
						dövlət proqramının həyata keçirilməsində texniki və 
						mühəndislik sahələrinin prioritet məsələ olduğunu nəzərə 
						çatdırdı. Dərnək üzvlərinin hərbi-texnika modellərinə 
						üstünlük vermələrinin şagirdlərin vətənpərvərlik ruhunda 
						böyüməsinə bariz nümunə olduğunu göstərən Q.Novruzov  
						bunu ölkəmizin ərazi bütövlüyünün qorunması naminə 
						görülən bir iş kimi qiymətləndirdi. Qalibləri təbrik 
						edən Qulu Novruzov iştirakçı şagirdlər arasından 
						gələcəyin mühəndisləri və mütəxəssisləri çıxacağından 
						ümidvar olduğunu bildirdi.  
						
						
						Tədbirdə çıxış edən Könüllü Hərbi Vətənpərvərlik Texniki 
						İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor 
						Novruzəli Orucov şagirdlərdə olan hərbi-vətənpərvərlik 
						ruhunu yüksək qiymətləndirərək müsabiqənin 
						əhəmiyyətindən danışdı. Hərbi texnikanın modelinin 
						hazırlanmasının  yüksək bacarıq tələb etdiyini bildirən 
						N.Orucov qalibləri təbrik edərək onlara gələcək 
						işlərində uğurlar arzuladı.  
						
						
						Müsabiqənin respublika mərhələsində I, II və III yerləri 
						tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və 
						hədiyyələri ilə mükafatlandırıldı. Qaliblərlə xatirə 
						şəkli çəkdirildi.  
						
						
						
						Niyazi RƏHİMOV   |