| 
						 
						
						 Aprelin 
						9-da Bakı Dövlət Universitetində (BDU) Rusiyanın 
						tanınmış siyasətçisi və diplomatı, Rusiya Federasiyası 
						Federal Məclisi Federasiya Şurasının sədri Valentina 
						Matviyenkoya universitetin fəxri doktoru adının 
						verilməsi münasibətilə tədbir keçirilmişdir. 
						
						
						 AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun 
						rektoru, akademik Abel Məhərrəmov qonaq haqqında ətraflı 
						məlumat vermişdir. Rektor bildirmişdir ki, müasir 
						Rusiyanın tanınmış dövlət xadimi, siyasətçisi və 
						diplomatı olan Valentina Matviyenko 2011-ci il 
						sentyabrın 21-dən Rusiya Federasiyası Federal Məclisi 
						Federasiya Şurasının sədri vəzifəsini yerinə yetirir. 
						Rektor, V.Matviyenkonun 2003-2011-ci illərdə Sankt-Peterburqun 
						qubernatoru vəzifəsini tutduğunu da diqqətə çatdırmışdır.
						 
						
						
						 Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan söhbət 
						açan rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin 
						bu münasibətlərin inkişafına mühüm töhfələr verdiyini 
						qeyd etmiş və universitetin Rusiyanın M.V.Lomonosov 
						adına Moskva Dövlət, Sankt-Peterburq, Dağıstan və digər 
						universitetləri ilə əməkdaşlığından danışmışdır. Bakı 
						Dövlət Universiteti haqqında da məlumat verən rektor 
						universitetin 93 illik tarixi ərzində onun çox şöhrətli 
						məzunları, görkəmli alimləri, dünya səviyyəsində tanınan 
						fəxri doktorlarının olduğunu diqqətə çatdırmışdır.
						 
						
						
						 Sonra A.Məhərrəmov Bakı Dövlət Universitetinin Elmi 
						Şurasının 6 aprel 2012-ci il tarixli iclasının qərarını 
						elan edərək Valentina Matviyenkonun Azərbaycan-Rusiya 
						münasibətlərinin inkişaf etdirilməsində, elm və təhsil 
						sahəsində əlaqələrin genişləndirilməsində fəal 
						iştirakına görə Bakı Dövlət Universitetinin Fəxri 
						doktoru adına layiq görüldüyünü bildirmişdir. Sonra 
						Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinə 
						universitetin fəxri doktoru diplomu, mantiya və 
						hədiyyələr təqdim olunmuşdur.  
						
						
						 Tədbirdə çıxış edən Valentina Matviyenko BDU-nun fəxri 
						doktoru olmasından məmnunluğunu qeyd edərək bunu 
						ölkələrimizin elm və təhsil sahəsində əməkdaşlığa böyük 
						önəm verilməsinin rəmzi kimi qiymətləndirdiyini 
						bildirmişdir. İki ölkə arasındakı əlaqələrdən danışan 
						Valentina Matviyenko Rusiya-Azərbaycan tərəfdaşlığının 
						Xəzər və Cənubi Qafqaz bölgələrində sabitlik, sülh və 
						təhlükəsizliyin əsas amilinə çevrildiyini söyləmişdir.
						 
						
						
						Xanım V.Matviyenko ölkələrimiz arasında əlaqələrin 
						perspektivləri, demokratiya, gender problemləri və digər 
						məsələlər ilə bağlı fikirlərini bölüşmüş, tələbələrin 
						suallarını cavablandırmışdır.  |