| 
						 
						
						 Aprelin 
						10-da  Heydər Əliyev Sarayında Nizami  Rayon Uşaq-Gənclər 
						Yaradıcılıq Mərkəzinin "Bizim  uşaq dünyamız" adlı 
						musiqili hesabat tədbiri keçirildi. Tədbirdə  Azərbaycan 
						Respublikası təhsil nazirinin müavini Qulu Novruzov, 
						Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin 
						sədr müavini Aynur Sofiyeva, Bakı Şəhər İcra Hakimiyyəti  
						başçısının müavini Fidumə  Hüseynova, Nizami Rayon İcra  
						Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri 
						Fəttah Heydərov, Hadi Rəcəbli, Sədaqət Vəliyeva, Aydın 
						Mirzəzadə, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar  
						müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov və b. 
						iştirak edirdilər. 
						
						
						Öncə mərkəzin fəaliyyəti barədə  film nümayiş olundu. 
						1800-ə yaxın uşaq, yeniyetmə və gəncin  burada 32 adda 
						dərnəkdə öz asudə vaxtlarını səmərəli və faydalı 
						keçirdikləri və uşaqların dünyagörüşlərinin 
						formalaşdırılması, məlumat dairələrinin 
						genişləndirilməsi, istedad və bacarıqlarının üzə 
						çıxarılması məqsədilə  müxtəlif mədəni-kütləvi 
						tədbirlərin təşkil olunduğu diqqətə çatdırıldı. 
						Vurğulandı ki, mərkəzin 38 illik fəaliyyəti ərzində 
						yeniyetmələr  rayon, şəhər, respublika, hətta beynəlxalq 
						səviyyəli uşaq tədbirlərində böyük uğurlar qazanıblar. 
						
						
						Aparıcılar  Lalə Sultanlı və uşaqların sevimlisi  
						Kamran  İsrafilov tədris ili ərzində  mərkəzin gördüyü 
						işlərdən və qazandığı nailiyyətlərdən bəhs etdilər. 
						Sonra səhnədə  ayrı-ayrı dərnəklərin üzvləri  
						məharətlərini göstərdilər. Balaca istedadlar "Şirinlər", 
						"Balaca aşpazlar", "Sehrli otaq" rəqs qrupunun, "Şən 
						sirk", "Çiçəyim" uşaq teatr studiyasının  üzvlərinin 
						çıxışları tamaşaçıları  məmnun etdi. Dünya uşaqları ilə 
						dostluq edən, onların incəsənət və mədəniyyətini öyrənən, 
						beynəlxalq festivallarda, bayram və şənliklərdə, 
						müsabiqə və sərgilərdə Azərbaycanımızı təmsil edən 
						yeniyetmələr  milli  və dünya xalqlarının rəqslərini 
						məharətlə ifa etdilər. Sonra  dərnəklərin  
						nailiyyətlərini əks etdirən fotoslaydlar monitorda 
						göründü. Mərkəzin nümayəndə heyəti Amerika Birləşmiş 
						Ştatlarının  Vaşinqton şəhərində  olarkən "Ən çox 
						sevdiyim idman növü" mövzusunda keçirilən IV Beynəlxalq 
						Uşaq İncəsənət Festivalında  qalib gələn və I yeri tutan 
						12 yaşlı  Nərmin İsmayılzadə və  gənc fototurist 
						dərnəyinin üzvü Şamil Quluzadənin  uğurlarından söz  
						açıldı.  
						
						
						Tədbirin  sonunda   qonaqlar mərkəzin yaradıcı heyətinə 
						öz təşəkkürlərini və xoş arzularını bildirib, bütün 
						çıxışlardan məmnun qaldıqlarını ifadə etdilər. 
						 
						
						
						Təhsil nazirinin müavini Qulu Novruzov  yeniyetmələrin  
						cəsarətli, olduqca  maraqlı, orijinal, rəngarəng  
						çıxışlarını illik hesabat kimi dəyərləndirərək alqışladı 
						və Təhsil Nazirliyinin diplomunu Nizami Rayon Uşaq-Gənclər 
						Yaradıcılıq  Mərkəzinin direktoru Lalə Qətiyə təqdim 
						etdi.  
						
						
						
						Sifai SƏFƏROVA  |