| 
						 
						
						 Respublikamızda 
						yerinə yetirilən məqsədyönlü təhsil islahatları 
						elmi-pedaqoji tədqiqatlar qarşısında da ciddi vəzifələr 
						qoymuşdur. Müasir dövrdə tətbiqi tədqiqatlarla yanaşı, 
						bu tədqiqatların aparılması üçün istiqamətverici elmi 
						baza rolunu oynayan nəzəri araşdırmalara ciddi diqqət 
						yetirilməsi də vacib məsələlərdən biridir. İlk növbədə 
						təhsilin elmi-nəzəri, metodoloji problemləri ilə bağlı 
						araşdırmalar xüsusi aktuallıq kəsb edir. Bu baxımdan 
						Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü, 
						professor Abdulla Mehrabovun "Müasir təhsilin metodoloji 
						problemləri" adlı yeni nəşr olunmuş monoqrafiyası özünün 
						diqqəti çəkən bir sıra səciyyəvi xüsusiyyətləri ilə 
						seçilir. 
						
						
						Üç bölmədən, 14 yarımfəsildən ibarət olan monoqrafiyada 
						təhsilin və elmi fəaliyyətin metodologiyasının mahiyyəti 
						və məzmunu məsələləri, təlimin məzmunu və təşkilinin 
						müasir problemləri, eləcə də təhsil sistemində keyfiyyət 
						təminatının və onun idarə olunmasının metodoloji 
						aspektləri öz əksini tapmışdır. Müəllif, hər şeydən 
						əvvəl, metodologiyanın obyekti və struktur məsələlərini 
						nəzərdən keçirmiş, tədris-təlim fəaliyyətinin 
						metodologiyasını yeni yanaşmalar əsasında tədqiq 
						etmişdir. 
						
						
						Araşdırmalar göstərir ki, fəaliyyətin metod və 
						vasitələri, məntiqi təşkili haqqında təlim və 
						nəzəriyyələr sistemi bütövlükdə metodologiya anlayışının 
						mahiyyətini ifadə edir. Tətbiqi mənada metodologiya 
						təhsilalanın, yaxud tədqiqatçının konkret fənnə, elm 
						sahəsinə aid biliklərin qazanılması və fəaliyyət 
						prosesində əsaslandığı prinsip və yanaşmalar sistemi 
						kimi başa düşülür. 
						
						
						Metodologiyanın struktur sxemində üç mühüm istiqamət: 1) 
						fəaliyyətin xarakteristikası, 2) fəaliyyətin məntiqi 
						strukturu və 3) fəaliyyətin zamanla bağlı strukturu əsas 
						yer tutur. Birinci istiqamətə - yəni fəaliyyətin 
						xarakteristikasına əsas xüsusiyyətlər, prinsiplər, əsas 
						şərhlər, fəaliyyət normaları; ikinci istiqamətə -  yəni  
						fəaliyyətin məntiqi strukturuna subyekt, obyekt, forma, 
						vasitə, metodlar, fəaliyyətin nəticələri; üçüncü 
						istiqamətə - yəni fəaliyyətin zamanla bağlı strukturuna 
						isə faza, mərhələ, fəaliyyət növləri aid edilir. 
						
						
						Bu məsələlər monoqrafiyada ətraflı, müasir elmi-pedaqoji 
						yanaşmalar əsasında məntiqi izahını tapmışdır. 
						Monoqrafiyada tədris fəaliyyətinin metodologiyasından 
						bəhs olunarkən belə bir fikir əsaslandırılır ki, 
						tədris-təlim prosesinin təşkili formalarına münasibət 
						dəyişməli və beləliklə, aşağıda göstərilən istiqamətlərə 
						üstünlük verilməlidir: 
						
						
						1) təhsilalmanın müxtəlif formalarının (açıq, eksternat, 
						distant  və s. yolla təhsilalma) inkişafı; 2) 
						təhsilalanların özünütəhsil  və  sərbəst  fəaliyyətinə  
						üstünlüyün  verilməsi; 3) fənyönümlü və modul tipli 
						təhsilalmanın rasional uyğunlaşdırılması, nəticəyönümlü 
						təhsilvermənin təşkilinə metodik təminatda  davamlılıq;  
						4) distant təhsilin inkişafı; 5) tədrisin təşkilinin 
						qeyri-ənənəvi, xüsusilə interaktiv formalarının inkişafı; 
						6) özünüqiymətləndirmə yolu ilə təhsilalanların təlim 
						nailiyyətlərinə nəzarətin inkişaf dinamikasının təmin 
						edilməsi. Monoqrafiyada fəaliyyət metodları 
						metodologiyanın əsas problemlərindən biri kimi qeyd 
						olunur və bu məsələyə elmi-pedaqoji ədəbiyyatda iki 
						yanaşmanın olduğu əsaslandırılır. Belə ki, birinci 
						yanaşmaya görə əvvəlcədən seçilmiş kriteriyalar əsasında 
						metodlar böyük qruplarda birləşdirilir, seçim vahidi 
						möhkəmləndirilir, metodlar təsnifatlaşdırılır. Bu 
						baxımdan aşağıda göstərilən təlim metodlarının üç böyük 
						qrupunu xüsusi dəyərləndirmək lazımdır: 
						
						
						1) təlim - dərketmə fəaliyyətinin təşkili ilə bağlı 
						metodlar: buraya  şifahi, əyani və praktik, reproduktiv 
						və problem-axtarıcılıq, induktiv və deduktiv metodları 
						daxil etmək olar;  
						
						
						2) təlim-dərketmə fəaliyyətini stimullaşdıran, vəzifə və 
						məsuliyyətlə bağlı metodlar; 
						
						
						3) tədris-təlim prosesinə nəzarət və özünənəzarət 
						metodları (şifahi, yazılı, laborator və s.).  
						
						
						İkinci yanaşmaya görə təlimin forma və metodik 
						sistemlərinin müasir yanaşmalar əsasında yenidən 
						tədqiqinə ehtiyac var və bu zaman hər şeydən əvvəl, 
						didaktik strukturların tamlığı, bütövlükdə təlim 
						metodlarının sistemləşdirilməsi nəzərə alınmalıdır. 
						İkinci yanaşmanın tələbləri əsasında şərti olaraq təlim 
						metodları aşağıdakı şəkildə qruplaşdırılmışdır: 
						 
						
						
						1) Sokrat (mayeftika) metodu; 2) reproduktiv metod; 3) 
						doqmatik metod; 4) inkişafetdirici təlim metodu; 5) 
						proqramlaşdırılmış təlim  metodu; 6) problemli təlim 
						metodu; 7) axtarış-tədqiqatçılıq təlim metodu; 8) 
						kriterial-sistemləşdirilmiş təlim metodu;  9) layihələr 
						metodu; 10) modelləşdirmə (imitasiya) ilə təlimin 
						təşkili metodu; 11) informasiya sistemləri ilə bağlı 
						metodlar. 
						
						
						Professor A.Mehrabov ayrı-ayrı təlim metodlarının 
						mahiyyətinə də aydınlıq gətirmiş, müasir dövrdə bu 
						metodlardan istifadənin elmi əhəmiyyətini, spesifik 
						xüsusiyyətlərini araşdırmışdır. Monoqrafiyada yeni 
						pedaqoji təfəkkürün formalaşdırılması, elmi fəaliyyətin, 
						informasiya cəmiyyətində təhsil sisteminin metodoloji 
						problemləri tədqiq edilmiş, elmi araşdırmalardan alınan 
						nəticələrin ümumiləşdirilmiş təhlili verilmiş, 
						konseptual müddəalar əsaslandırılmışdır. 
						
						
						Tarixi təcrübə göstərir ki, cəmiyyətin inkişafı digər 
						sahələrlə yanaşı təhsil sistemində də yeni ideyaların 
						meydana çıxmasına, pedaqoji nəzəriyyələrin yeni 
						müddəalarla zənginləşməsinə və təbii ki, yeni pedaqoji 
						təfəkkürün formalaşmasına zəmin yaradır. Əslində müasir 
						dövrdə təhsil sisteminin başlıca məqsəd və 
						vəzifələrindən biri kimi şəxsiyyətin formalaşdırılması 
						yeni pedaqoji təfəkkürə verilən mühüm tələblərdən irəli 
						gəlir. Bu baxımdan yeni pedaqoji təfəkkür, müasir 
						pedaqogika və psixologiya elmlərinin ən yeni 
						nailiyyətlərindən bəhrələnərək yeni məzmun kəsb edir. 
						Professor A.Mehrabovun qeyd etdiyi kimi, hazırda yeni 
						pedaqoji təfəkkür inkişaf edərək müasir dövrün təhsil 
						konsepsiyasına çevrilməkdədir. Monoqrafiyada bu 
						məsələlərə tarixilik və müasirlik baxımından aydınlıq 
						gətirilmiş, yeni pedaqoji və təlim texnologiyalarının, 
						İKT-nin yeni pedaqoji təfəkkürə təsiri diqqətlə 
						araşdırılmışdır.  
						
						
						Burada diqqəti cəlb edən məsələlərdən biri də 
						təhsilşünaslıq və pedaqogika  anlayışlarına münasibətin 
						bildirilməsi, onların müqayisəli təhlilinin 
						verilməsidir. Müəllif qeyd edir ki, təhsilşünaslığın 
						bəzi məsələləri pedaqogika elmi çərçivəsində 
						öyrənildiyinə görə  tədqiqatçıların bəziləri 
						təhsilşünaslığı bütövlükdə pedaqogikanın tərkib hissəsi 
						kimi qələmə verməyə çalışırlar. Bu məsələlərlə bağlı 
						ciddi araşdırmaların aparılması, nəzəri tədqiqatların 
						daha da genişləndirilməsi monoqrafiyada müəllif 
						tərəfindən birmənalı dəyərləndirilir.  
						
						
						Monoqrafiyada elmi fəaliyyətin metodologiyası və onun 
						spesifik xüsusiyyətlərindən bəhs edilərkən, ilk növbədə, 
						bu istiqamətdə aparılmış araşdırmalara, o cümlədən 
						AMEA-nın müxbir üzvü, professor S.Xəlilovun 
						tədqiqatlarına haqlı olaraq müəllif istinad edir, "Elm 
						haqqında Elm" kitabı elmşünaslıq sahəsində ensiklopedik 
						bir əsər kimi qiymətləndirilir. Professor A.Mehrabov 
						qeyd edir ki, təhsilin məzmununda elmi-texniki biliklərə 
						birtərəfli  yer verilməsi və onların insan 
						fəaliyyətində, böyük məqsədlər uğrunda mübarizədə yalnız 
						bir vasitə olduğunun göstərilməsi və beləliklə, 
						təhsilalanların çox məsələlərdən xəbərsiz qalması 
						təhsilin başlıca məqsədlərindən yayınmağa imkan yaradır. 
						Ona görə təhsil və elmin qarşılıqlı əlaqələrini daha da 
						möhkəmləndirmək, inkişaf etmiş ölkələrin qabaqcıl 
						təcrübəsinə davamlı olaraq diqqət yetirilməsi vacibdir.
						 
						
						
						Monoqrafiyada informasiya cəmiyyətində ali təhsil 
						sisteminin inkişafının metodoloji problemləri üzərində 
						geniş dayanılır. Burada, ilk növbədə, ali təhsil 
						sisteminin inkişafının müasir problemlərinin 
						xüsusiyyətlərinə, bu sahəyə dövlət qayğısının 
						nəticələrinə diqqət yetirilir, əldə olunmuş nailiyyətlər 
						göstərilir. Əsərdə belə bir fikir əsaslandırılır ki, 
						müasir dövrdə təhsilin fundamentallılığının saxlanılması 
						ən vacib məsələlərdən biridir. Təhsilin fundamentallığı 
						tədris-təlim prosesində informasiya cəmiyyətinin 
						xüsusiyyətlərini və tələblərini nəzərə almağı tələb 
						edir. Ali təhsil müəssisələrində müxtəlif məsələlərlə 
						bağlı istifadəsi məqbul sayılan informasiyalarla 
						bərabər, onlarla ziddiyyət təşkil edən alternativ 
						informasiya mənbələrindən də istifadəyə ehtiyac vardır. 
						Lakin bu zaman həmin informasiyaların müqayisəsi, 
						təhlili, ümumiləşdirilməsi və nəticə etibarı ilə 
						cəmiyyətin, dövlətin inkişafına fayda verən istiqamətə 
						yönəldilməsi vacibdir. Təcrübə göstərir ki, ənənəvi 
						qaydada təhsilalanların informasiya ilə mexaniki olaraq 
						yüklənməsi, biliyin qazanılmasında əsasən yaddaşa, 
						hafizəyə üstünlük verilməsi təhsilalanlarda zəruri 
						keyfiyyətlərin formalaşmasını ləngidir. Bu gün 
						təhsilalanlarda, o cümlədən tələbələrdə yüksək 
						intellektin formalaşdırılması, ilk növbədə, təfəkkür 
						əməliyyatlarına, tənqidi, məntiqi və yaradıcı təfəkkürün 
						hərəkətə gətirilməsinə əsaslanmalıdır. Diqqəti çəkən 
						məqamlardan biri də  budur ki, professor A.Mehrabovun 
						araşdırmalarında bu məsələlərə də önəm verilmiş, elmi 
						ümumiləşdirmələr aparılaraq problemin nəzəri baxımdan 
						əsaslandırılmasına xüsusi diqqət yetirilmişdir. 
						 
						
						
						Müasir araşdırmalar göstərir ki, hazırkı dövrdə təlimin 
						məzmununa gətirilən informasiyalar təkcə ayrı-ayrı 
						öyrənənlərə deyil, bütövlükdə cəmiyyətə istiqamətlənməli, 
						cəmiyyətin sosial, iqtisadi, siyasi-mədəni inkişafında 
						təkanverici rol oynamalıdır. Bu baxımdan yeni 
						texnologiyalara diqqətin artırılması, müasir 
						texnologiyaların kompleks yanaşma əsasında hazırlanması 
						vacibdir. Monoqrafiyada hazırkı dövrdə ali təhsilin 
						təşkilinə və kadr hazırlığına  yanaşmalarda iki əsas 
						meyilin - "universitet-firma" və "universitet-cəmiyyət"in 
						fərqli xüsusiyyətləri şərh edilmiş, onların 
						göstəriciləri müəyyənləşdirilmişdir. Həmin göstəricilər 
						tədqiqatçı   tərəfindən  aşağıdakı  kimi  
						qruplaşdırılmışdır: 1) keyfiyyətin qiymətləndirilməsi; 
						2) muxtariyyətin verilməsi; 3) ali təhsilin təşkilinə 
						keçidin əsas istiqamətləri və yolu; 4) elmi araşdırmalar; 
						5) təhsil sahəsinin üstün inkişaf edən sahə kimi 
						dəyərləndirilməsi; 6) ali təhsil müəssisəsinin  
						məsrəflər və investisiya baxımından fəaliyyəti; 7) 
						təhsil sahəsində effektivlik; 8) ali təhsildə vergilər 
						üzrə kadrların hazırlanması; 9) dövlət 
						maliyyələşdirilməsinin xarakteri; 10) sosial ədalət 
						prinsipi. Monoqrafiyada verilmiş cədvəldə "universitet-firma" 
						və "universitet-cəmiyyət"in göstəricilərinin məzmunu 
						konkret müddəalarla öz  əksini tapmışdır.  
						
						
						Əsərin ən mühüm müsbət məziyyətlərindən biri də  
						ümummilli lider Heydər Əliyevin "Təhsil sahəsi 
						həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli 
						məqsədlər, mənafelər əsasında qurulmalıdır" ideyası əsas 
						götürülərək müasir təhsil sisteminin metodoloji 
						təhlilinin araşdırılmasıdır. Burada pedaqoji proses və 
						tədris-təlim prosesi anlayışlarının da ümumi və fərqli 
						xüsusiyyətlərinə nəzər yetirilir, tədris-təlim prosesi 
						anlayışının məzmunca daha çox əhatəli olduğu 
						əsaslandırılır, müasir yanaşmalar əsasında onun 
						komponentləri tədqiq edilir. 
						
						
						 Monoqrafiyada diqqəti çəkən ən mühüm məsələlərdən biri 
						təlimin məzmunu və təşkilinin metodoloji problemlərinin 
						elmi əsaslarının araşdırılmasıdır. Burada, ilk növbədə, 
						təhsilin məzmunu və fəaliyyət arasındakı münasibətlərin 
						tənzimlənməsi, təlim prosesində kompetensiyaların 
						formalaşdırılması, inklüziv təhsil, tədris-təlim 
						prosesinin unifikasiyasında fundamental elmi 
						araşdırmaların  metodoloji problemləri ilk dəfə 
						tədqiqata cəlb edilmişdir. Tədqiqatçı təhsilin 
						məzmununun yeniləşdirilməsi zamanı nəzərə alınması tələb 
						olunan prinsiplər üzərində geniş dayanır, onların  
						şərhini verərək, fəaliyyətlə bağlı universal 
						bacarıqların formalaşdırılmasının əsas prinsiplərini 
						müəyyənləşdirir. Araşdırmaları təhlil edərək müəllif 
						özünün elmi qənaətini diqqətə çatdırır, təhsilin məzmunu 
						ilə fəaliyyət arasındakı münasibətlərin həlli üçün, ilk 
						növbədə, nəticəyönümlü təhsil standartlarının 
						hazırlanmasını məqsədəuyğun hesab edir. 
						
						
						Professor A.Mehrabov monoqrafiyada keyfiyyət, onun 
						dəyərləndirilməsi və idarə olunması problemlərinə xüsusi 
						yer ayırmış, bu məsələlərin elmi şərhini vermişdir. 
						Burada pedaqoji ölçmələrin metodologiyası, islam 
						dəyərləri və ondan tədris-təlim prosesində istifadə 
						olunması, təhsil sistemində keyfiyyətin təminatı  və 
						ölçülməsinin metodoloji problemlərini də tədqiqata cəlb 
						etmişdir.   
						
						
						Monoqrafiyada keyfiyyətin idarəolunma modelləri, 
						statistik tənzimləmə, keyfiyyət kateqoriyaları ilə 
						istehlak qiymətlərinin qarşılıqlı əlaqələri, 
						kvalimetriyanın strukturu, keyfiyyətin 
						qiymətləndirilməsi metodları və metodoloji təminatının 
						sadələşdirilmiş strukturu sxem şəklində verilməklə 
						yanaşı, onların komponentlərinin elmi-pedaqoji mahiyyəti 
						müasir yanaşmalar əsasında izah edilmişdir. 
						
						
						Bütövlükdə, monoqrafiyanın məzmunu özünün müasirliyi ilə 
						seçilir, yeni elmi yanaşmaların tədris-təlim prosesinə 
						gətirilməsi və bunların metodoloji əsaslarının 
						işlənilməsi, təhsil sistemində yeni pedaqoji təfəkkürün 
						formalaşdırılması baxımından çox dəyərlidir. Bu əsər 
						təhsilşünaslıq elminin formalaşması və inkişafına yeni 
						töhfə kimi qiymətləndirilməlidir.  
						
						
						
						İntiqam CƏBRAYILOV, 
						pedaqogika üzrə elmlər doktoru, 
						
						
						
						Hümeyir ƏHMƏDOV, 
						pedaqogika üzrə elmlər doktoru  |