| 
						 
						
						 Rentgen 
						şüalarının qeyri-adi kəşfi  
						
						
						1901-ci  ildə İsveç Elmlər Akademiyası yeni təsis 
						edilmiş Nobel mükafatına ilk dəfə kimin layiq görülməsi 
						məsələsini müzakirə edirdi. Fizika üzrə ilk mükafatın 
						kimə təqdim olunması çoxlarında heç bir şübhə oyatmırdı.  
						Əlbəttə ki, mükafat o dövrdəki ən məşhur alimə verilməli 
						idi. Lakin bir məsələ aydın deyildi: o, bu ali mükafatı 
						qəbul edəcəkmi? Bu, Vürsburq Universitetinin (Almaniya) 
						professoru, kəşf etdiyi yeni şüa ilə bütün dünyaya səs 
						salmış alman alimi Vilhelm Konrad Rentgen idi. Lakin bu 
						şüaları ilk dəfə kəşf etmiş Rentgen kimdir,  bu şüalar 
						hansı şəraitdə, necə kəşf olunub?   
						
						
						
						Elm yollarında 
						
						
						Alman fiziki Vilhelm Konrad Rentgen 1845-ci il martın 
						27-də Prussiyada Remşeyd şəhəri  yaxınlığındakı kiçik 
						Lennepe qəsəbəsində anadan olub. O, ailənin yeganə 
						övladı idi. Atası Fridrix Konrad tekstil ticarəti ilə 
						məşğul olub. Anası Şarlotta ev qadını idi. 1848-ci ildə 
						ailə Şotlandiyanın Apeldorn şəhərinə - anasının vətəninə 
						köçüb. O, 1862-ci ildə Utrext Texniki Məktəbinə daxil 
						olur. Lakin tezliklə yazı lövhəsində müəllimin 
						karikaturasını  çəkmiş şagird yoldaşlarından birinin 
						adını söyləməkdən imtina etdiyinə görə məktəbdən qovulub. 
						Məktəbi başa vura bilməyən Vilhelm kamal attestatı almaq 
						üçün digər təhsil ocağında ekstern imtahan versə də, 
						istəyinə nail ola bilməyib. Buna görə də 1865-ci ildə 
						kamal attestatının tələb olunmadığı Sürix Texniki 
						Məktəbinə üz tutub. Utrext Texniki Məktəbində aldığı 
						qiymətlərə görə o, qəbul imtahanlarından azad olunub. Bu 
						o imtahan idi ki, vaxtilə məşhur Albert Eynşteyn də verə 
						bilməmişdi.   3 il ərzində Vilhelm  maşınqayırmanı  
						öyrəndi, onda tətbiqi riyaziyyat və texniki fizikaya 
						daha çox maraq vardı. Müəllimi məşhur alman alimi 
						A.Kundtun tövsiyəsi ilə o, mühəndis-texniki  kursu 
						bitirdikdən sonra eksperimental fizika  ilə məşğul 
						olmağa başlayıb. 1869-cu ildə qazların nəzəriyyəsinə 
						dair yazmış olduğu məqaləyə görə fəlsəfə doktoru adı 
						alıb. 1874-cü ildə professor Kundtun ardınca Strasburq 
						Universitetinə yollanıb. 1875-ci ildə fizika və 
						riyaziyyat müəllimliyi ixtisası üzrə imtahan verən 
						Vilhelm Qoyengeym şəhərindəki Ali Kənd Təsərrüfatı 
						Məktəbində professor olaraq fəaliyyətə başlayıb.  Bir il 
						sonra Strasburqa qayıdan Rentgen tanınmış fizik 
						Q.Helmholtsun tövsiyəsi ilə Qisen Universitetində 
						professor yeri aldı. O burada əsasən elektromaqnetizm və 
						optika ilə məşğul olurdu. Tezliklə Faradey- Maksvell 
						elektrodinamikasına əsaslanan Rentgen çox qiymətli kəşfə 
						imza atdı. O, nüvənin maqnit sahəsini aşkar etmişdi. Ali 
						təhsil aldıqdan sonra elmi işlərinə görə Strasburq, 
						Qisen, Vürsburq və Münhen universitetlərinin professoru 
						seçilib. Tədqiqatları pyezoelektrik və piroelektrik 
						xassələrinə, onlarda elektrik və optik hadisələr 
						arasındakı əlaqəyə və maqnetizmə aiddir.   
						
						
						
						Sensasion xəbər  
						
						
						 1896-cı 
						ilin əvvəllərində dünyanın bütün universitetləri və 
						akademiyaları sensasion xəbər yaydılar: Vilhelm Konrad 
						adlı fizik, heç kimə tanış  olmayan alman alimi çox 
						gözəl keyfiyyətlərə malik olan hansısa yeni şüa kəşf 
						edib. Demək olar ki, elə bir qəzet yox idi ki, Vürsburq 
						Universitetinin Rentgen adlı professorunun yeni kəşfi 
						barədə xəbər yaymasın. Xəbərlərdə  insan əlinin skeleti 
						əks olunmuşdu, sonradan məlum oldu ki, bu əl alimin 
						xanımı Berta Rentgenə məxsusdur.  İnsan gözü bu şüaları 
						görə bilmirdi, lakin onlar fotoqraf lövhələrinə təsir 
						edirdi, onların köməyi ilə hətta qaranlıq otaqda belə 
						şəkil çıxarmaq mümkün idi. Bundan əlavə, yeni şüaların 
						varlığını çox sadə qaydada müəyyən etmək mümkün idi: 
						bundan ötrü onun keçdiyi yola  kimyəvi tərkibli kağız və 
						ya şüşə ekran qoyulduqda, o, qaranlıqda parlaq işıqlanma 
						effekti - fosforessiya yaradırdı.  Ən təəccüblüsü bu idi 
						ki, yeni şüalar, işığın şüşədən keçdiyi kimi,  istənilən 
						əşyadan keçirdi. Bu şüaların qarşısı əl ilə kəsildikdə 
						parlaq ekranda tünd əl skeletinin izləri görünürdü. Adlı-sanlı 
						adamlar kraxmallanmış paltarda şüa qarşısında durarkən 
						ekranda öz skeletlərinin kölgəsini, eləcə də 
						ciblərindəki pul kisəsi, saatı da görə bilirdilər.  
						Tezliklə yeni şüalardan profilaktik məqsədlər üçün 
						istifadə etmək barədə düşünən insanlar tapıldı. 
						Amerikada, yeni şüa barədə xəbər yayıldıqdan cəmi 4 gün 
						sonra həkimlərdən biri xəstənin bədənində güllənin 
						ilişib qaldığını öyrənmək üçün yeni şüadan istifadə 
						etməyə ilk təşəbbüs etdi. Lakin Rentgenin kəşfi 
						həkimlərdən çox  fizikləri daha çox maraqlandırırdı.  
						Fiziklər müəyyən etmək istəyirdilər ki, bu şüanın 
						təbiəti necədir, öz mahiyyətinə görə adi işıq şüalarına 
						oxşardımı və ya əksinə, onlar necə yaranır, onların 
						yaranmasına nə səbəb olur.    
						
						
						
						X şüaları  
						
						
						Vilhelm Rentgen onun şərəfinə adlandırılmış rentgen 
						şüalarını (o, özü bu şüaları X şüaları, yəni tanış 
						olmayan şüalar adlandırmışdı) 1895-ci il noyabrın 8-də 
						kəşf etmişdi. 1894-cü ildə Vürsburq Universitetinin 
						rektoru seçilən alim katod şüalarını öyrənirdi. Noyabrın 
						8-də o, həmişəki kimi laboratoriyasında çalışırdı. 
						Gecəyarısı özünü yorğun hiss edən fizik evə getməyə 
						hazırlaşırdı. Qapını bağlamazdan əvvəl seyrçi nəzərlə 
						laboratoriyaya nəzər salan fizik işığı söndürüb və tez 
						qapını örtmək istəyib. Lakin birdən onun diqqətini 
						qaranlıqda hansısa işıqlı ləkə cəlb edib. Məlum olub ki, 
						parlayan barium  lövhəli ekrandır. Lakin o niyə 
						işıqlanırdı? Günəş çoxdan qüruba enmişdi, elektrik işığı 
						işıq saça bilməzdi. Katod borusu isə şəbəkədən azad idi. 
						Bundan əlavə, katod borusu kartondan olan qara üzlüklə 
						örtülmüşdü. Alim katod borusuna bir daha baxdı və özünü 
						məzəmmət etdi ki, onu söndürməyi unudub. Elektrik 
						dövrəsinin açarına toxunan alim borunu keçirib. Ekranın 
						işıqlanması yox olub, borunu qoşduqda isə o yenidən 
						işıqlanmağa başlayıb.  Deməli, işıqlanmanı katod borusu 
						yaradırdı. Lakin necə? Yeni kəşf bir addımlıqda idi. Ani 
						heyrətdən özünə gələn Rentgen gördüklərini təhlil etməyə 
						və yeni şüanı öyrənməyə başladı. Katod borusunu qabına 
						qoyan alim əlində ekran laboratoriyada gəzişməyə başladı.  
						Məlum oldu ki, 2-3 metr məsafə naməlum şüa üçün maneə 
						deyil.  Bu şüalar kitab, şüşə divardan və s. asanlıqla 
						keçir. Lakin birdən alim əlini naməlum şüanın keçdiyi 
						yola tutdu. Fizik ekranda öz əl sümüklərinin kölgəsini 
						gördü. Bu, fantastik və eyni zamanda qorxunc idi! Lakin 
						bu bir dəqiqəlik an idi. Rentgenin növbəti addımı 
						fotoplastinkaların yerləşdiyi şkafa doğru oldu. Çünki 
						görünən mənzərənin şəklini fotoplastinkaya köçürmək 
						lazım idi. Beləliklə, yeni gecə eksperimenti başladı. 
						Alim müəyyən etdi ki, şüalar plastinkanı işıqlandırır, 
						boru ətrafında sferik qaydada ayrılmırlar, onlar müəyyən 
						istiqamətə malikdirlər.   
						
						
						 Səhər 
						taqətdən düşmüş Rentgen bir qədər dincəlmək və 
						eksperimentini davam etdirmək üçün evə tələsdi. O, 50 
						gün (gecə-gündüz) ərzində yeni şüanın öyrənilməsinə vaxt 
						sərf etdi. Bu anlarda o, ailəsini, sağlamlığını, şagird 
						və tələbələrini də unutdu. Alim universitet 
						rəhbərliyindən laboratoriyada gecələmək üçün çarpayı 
						istəmişdi, onun yeməyini də laboratoriyaya gətirirdilər.  
						O, işlərini tam başa çatdırana qədər heç kimə bu barədə 
						danışmadı. X şüalarından ilk xəbər tutan onun arvadı 
						Berta oldu. Məhz fotoplastinkaya köçürülmüş ilk rentgen 
						şəkildə Bertanın barmağındakı nişan üzüyü olan əl 
						skeleti əksini tapmışdı. Bu şəkil Rentgenin 1895-ci il 
						dekabrın 28-də universitetin fizika-tibb cəmiyyətinin 
						sədrinə ünvanladığı "Yeni şüa haqqında" məqaləsinə əlavə 
						olunmuşdu.  
						
						
						Məqalə ayrıca broşüra halında dərc olundu, Rentgen onu 
						Avropanın aparıcı fiziklərinə göndərdi. Rentgen başa 
						düşürdü ki, bu, xüsusən də tibdə əvvəllər görünməmiş 
						yeni imkanlar açır. Əvvəllər görünməz olan şeyləri aşkar 
						etməyə imkan verən rentgen şüaları onun müasirlərinə 
						güclü təsir etmişdi.    Rentgen süaları bir az sonra 
						tibdə və texnikanın müxtəlif sahələrində istifadə 
						olunmağa başladı.   
						
						
						
						Gizlinləri görməyə imkan verən kəşf  
						
						
						Vilhelm Konrad Rentgen dünyada fizika elmi tarixində ilk 
						Nobel mükafatı almış alimdir.  Rentgen süaları elmin 
						inkisafına çox böyük təsir etdi. Rentgenologiya adlanan 
						yeni elm sahəsi yarandı.  
						
						
						 Rentgen 
						şüaları, ilk növbədə, gizlinləri görməyə imkan verirdi, 
						bu kəşf o dövrün insanlarında dərin təəssürat buraxmışdı. 
						Elmi və tətbiqi mahiyyətinə görə rentgen şüalarının 
						əhəmiyyəti ölçüyəgəlməz idi. Onun əhəmiyyəti həm də onda 
						idi ki, bu kəşf insanların materiya  haqda biliklərini 
						keyfiyyətcə zənginləşdirirdi.  Rentgen, sözün bütün 
						mənasında klassik idi və onun elmi işləri müasir dövrdə 
						də texnika və elmin inkişafına böyük təsir göstərib.  
						 
						
						
						Rentgen şüaları həyatımızın bir çox sahələrində öz 
						tətbiqini tapdı. Alimin X şüaları tibdə milyonlarla 
						insanın həyatını xilas etməyə imkan verdi. "İks-şüalar 
						hamıya, bütün bəşəriyyətə məxsusdur. İks-şüalarla bağlı 
						elmi işlər mənimlə başlamayıb, mənimlə də bitən deyil. 
						Mənim etdiklərim böyük zəncirin yalnız həlqəsidir",-deyə 
						Rentgen sonralar yazırdı.  
						
						
						Rentgenin kəşfinin elmi əhəmiyyəti tədricən aydınlaşırdı, 
						sonralar rentgen şüaları sahəsində işlərə görə daha 7 
						Nobel mükafatının təsis olunması bunu təsdiqləyir.
						 
						
						
						1914-cü ildə rentgen şüalarının difraksiyası (M.Laue), 
						1915-ci ildə rentgen şüalarının köməyi ilə kristalların 
						strukturunun öyrənilməsi (ata və oğul Breqlər), 1917-ci 
						ildə rentgen şüalanmanın xarakteristikasının müəyyən 
						olunması (Ç.Barkle), 1924-cü ildə rentgen şüaları 
						diapazonunda spektrlərin öyrənilməsi (K.Siqbanu), 
						1927-ci ildə sərbəst elektronlarda rentgen şüalarının 
						səpələnməsi (A.Kompton), 1936-cı ildə rentgen şüalarının 
						və elektronların difraksiyasının köməyi ilə molekulyar 
						strukturların öyrənilməsi (P.Debayu), 1979-cu ildə 
						rentgen tomoqrafiyanın işlənib hazırlanması (A.Komark və 
						Q.Xaunsfild) işləri Nobel mükafatına layiq görüldü.  
						Bundan başqa, DNT-nin (dezoksiribonuklein) və fotosintez 
						prosesini yaradan zülalların, qemoqlobin molekulunun 
						strukturunun kəşfi kimi parlaq işlər məhz rentgen 
						şüalarının köməyi ilə araya-ərsəyə gəlmişdi.  
						
						
						Dahi fizik öz adı ətrafında qaldırılan hay-küyü 
						bəyənmirdi,  məqbul saydığı yeganə metod üzərində 
						işlərini səylə davam etdirirdi.   
						
						
						
						O, ideyadan ötrü son pencəyini belə verməyə hazır idi
						
						
						  
						
						
						 Vilhelm 
						Rentgen həyatda olduqca sadə və təvazökar adam olub.   
						Amerikanın Kaliforniya Universiteti Rentgeni təkidlə işə 
						dəvət edirdi. Lakin o, həyatının son illərinə qədər 
						Münhen Universitetində elmi fəaliyyətini davam etdirdi. 
						Bavariya şahzadəsi onu elmi uğurlarına görə ordenlə 
						təltif etmişdi. Ona zadəgan titulu vermişdi. Lakin 
						Rentgen bu tituldan imtina etdi. Böyük fizik bu titulu 
						özü üçün gərəksiz hesab edirdi. Hətta Nobel Komitəsi ona 
						fizika sahəsində Nobel mükafatı verəndə də, çox məşğul 
						olduğunu bəhanə edərək ali mükafatın təqdimolunma 
						mərasiminə getmədi. Nəticədə dəyərli mükafat poçtla 
						sahibinə göndərildi.   
						
						
						İstər həyatda, istərsə də elmdə sözübütöv olan Rentgen 
						öz prinsiplərinə sona qədər sadiq qaldı. 1914-cü ildə o, 
						müharibə şəraitində başqalarından yaxşı yaşamağa haqqı 
						olmadığını düşünərək aldığı Nobel mükafatını, bütün var-dövlətini 
						son qəpiyinə qədər dövlətə bağışladı. Həyatının son 
						günlərinə qədər o, özünə heç nəyi rəva görmədi.  Bir 
						vaxtlar arvadı ilə bir neçə il yaşadığı İsveçrəni 
						ziyarət etmək üçün o, bir il ərzində kofe içməkdən belə 
						imtina etdi. Onun heç vaxt pula, var-dövlətə tamahı 
						olmayıb. O, ideyadan ötrü son pencəyini belə verməyə 
						hazır idi.   
						
						
						
						"Sizin üçün çətin deyilsə, döş qəfəsinizi mənə göndərə 
						bilərsiniz"  
						
						  
						
						
						Vilhelm Konrad öz sadəliyi və həm də incə yumor hissi 
						ilə də yaddaşlarda qaldı. Bu barədə maraqlı rəvayətlər 
						var.  
						
						
						Rentgen şüalarının kəşfindən bir il sonra fizik bir 
						ingilis dənizçisindən məktub almışdı.  Onun xahişi alimi 
						xeyli karıxdırmışdı.  Dənizçi yazırdı ki, həkimlərdən 
						onun döş qəfəsində qalmış gülləni görə bilməyə imkan 
						verən yeni şüanın kəşf olunduğu barədə xəbər alıb. Lakin 
						həkimlər gülləni çıxarmağa tələsmirlər, çünki onun 
						yerini dəqiq bilmirlər. Buna görə də dənizçi məktubunda 
						böyük fizikdən xahiş edirdi ki, poçt vasitəsi ilə ona (əlbəttə, 
						əgər bu, çətin deyilsə) bir az "sehrli şüa" göndərsin. 
						Dənizçi hətta vəd edirdi ki, həkimlər gülləni tapan kimi 
						şüaları geriyə - alimə göndərəcək.  Özünü itirmiş alim 
						uzun müddət dənizçinin bu qeyri-standart məktubuna necə 
						cavab vermək sualı üzərində baş sındırıb. Onun məktubuna 
						sadəcə məhəl qoymamağı alim özünə rəva bilmirdi, məktubu 
						cavabsız qoymaq onun təbiətinə yad idi. Cavab məktubunun 
						tonu barədə düşünən alim sonda qərara gəlib ki, yumor bu 
						halda vəziyyətdən çıxmaq üçün ən yaxşı vasitədir. Alimin 
						cavabı belə idi: "Mən böyük təəssüf hissi ilə bildirirəm 
						ki, hazırda əlimdə zəruri miqdarda şüa yoxdur". Lakin 
						sonra fizik bir qədər düşünərək dənizçiyə aşağıdakı 
						məzmunda məktub göndərib: "Əgər sizin üçün çətin deyilsə, 
						döş qəfəsinizi mənə göndərə bilərsiniz".  Sonra alim 
						dənizçini əmin edirdi ki,  gülləni çıxaran kimi onun döş 
						qəfəsini özünə qaytaracaq.  
						
						
						 Məşhurluq 
						onu əsəbiləşdirirdi  
						
						
						Rentgeni birdən-birə bu cür məşhurluq xeyli 
						əsəbiləşdirirdi, onun qiymətli vaxtını alırdı və 
						eksperimentlərini davam etdirməsinə mane olurdu. Buna 
						görə də o, mətbuat səhifələrində az-az çıxış edirdi. 
						Lakin alim bu mövzuda məqələlərini tam dayandırmadı. 
						Olduqca utancaq və təvazökar olan Rentgeni onun 
						şəxsiyyətinin  bütün cəmiyyəti cəlb etməsi fikri belə 
						dərindən  həyəcanlandırmışdı.  O, elmlər akademiyasının 
						yüksəkmaaşlı üzvlüyündən, Berlin Universitetinin fizika 
						kafedrasından imtina etdi. Bundan başqa o, Almaniya 
						kayzeri II Vilhelmi belə özünə qarşı qoymağa cəsarət 
						etdi.  
						
						
						1872-ci ildə Rentgen Sürixdə bir vaxtlar oxuduğu Federal 
						Texnologiya İnstitutunun yataqxana sahibinin qızı Anna 
						Berta Lüdviq ilə ailə qurdu. Onların öz uşaqları olmadı. 
						1881-ci ildə onlar alimin qardaşının 6 yaşlı qızı 
						Bertanı  övladlığa götürdülər.  
						
						
						Rentgen kəşf etdiyi şüaların tibb üçün fövqəladə 
						əhəmiyyət kəsb etməsi düşüncəsindən olduqca məmnun idi. 
						O, heç vaxt patent, mükafatlandırılma barədə düşünmürdü.  
						Nobel mükafatından başqa, London Kral Cəmiyyətinin 
						Rumford medalını, Kolumbiya Universitetinin elm 
						qarşısında görkəmli xidmətlərinə görə Bernard medalını 
						almışdı, dünyanın bir çox elmi cəmiyyətlərinin  fəxri  
						və müxbir üzvü idi.    
						
						
						Onun tələbəsi olmuş məşhur rus fiziki A.İoffe yazırdı: "Rentgen 
						həyatda və elmdə böyük insan idi.  Onun bütün şəxsiyyəti, 
						fəaliyyəti və elmi metodologiyası keçmişə məxsusdur. 
						Lakin yalnız XIX əsr fiziklərinin, xüsusən də Rentgenin 
						yaratdığı  fundament əsasında müasir fizika meydana gələ 
						bilərdi".   
						
						
						O, təbiətdə gəzməyi sevirdi, Alp dağlarına səyahət 
						edirdi. Dostları ilə ova gedirdi. 1920-ci ildə arvadının 
						vəfatından sonra Münhendə bütün tutduğu vəzifələrdən 
						imtina etdi.  
						
						
						O, 1923-cü ildə 78 yaşında elə özünün kəşf etdiyi X 
						şüaların yaratdığı xərçəng xəstəliyindən vəfat edib.
						 
						
						
						Rentgen həyatının son günlərinə qədər xəstə yatan 
						arvadına qulluq edib. Müharibə dövrü idi. Var-dövlətini 
						dövlətə bağışlayan alim tənha və ehtiyac içində idi, 
						çətinliklə hərəkət edirdi. Onun tələbəsi olmuş məşhur 
						rus fiziki, akademik A.İoffe böyük fizikin son 
						günlərində onun yanında olub. Rentgen bir həftə ərzində 
						20 kq arıqlamışdı.  Məhz İoffe pul taparaq Rentgeni 
						həkimə aparıb. Həyatın, taleyin oyunlarına bax! Böyük 
						alimi rentgen müayinəsindən keçirmək üçün onlar 2 həftə 
						gözləməli olublar. Rentgen-müayinədə alimin qalın 
						bağırsağında xərçəng aşkar olunub. Həkim-rentgenoloq  
						xəstəsinin adını eşidəndə çox təəccüblənmişdi. O, uzun 
						müddət inana bilmirdi ki, xəstəsi rentgen şüalarını kəşf 
						etmiş məşhur alimdir. Həkim müayinə üçün  pul almaqdan 
						imtina edib. Rentgen ölümündən sonra bütün kağızlarını 
						məhv etməyi vəsiyyət etmişdi.  Ölümündən qabaq Rentgen 
						yazırdı: "Mənim həyatım özümə necə də mənasız görünür". 
						Alimin biblioqrafları qeyd edirlər ki, əlbəttə, dahi 
						fizikin bu sözləri həqiqəti əks etdirmir, bu sözlər 
						yalnız onun həyatının sonlarında narahatlıq və daxili 
						həyəcanlarının dərinliyini göstərir.  "Səmimiyyət və 
						alicənablıq onun xarakterinin ən qabarıq cəhətləri idi. 
						Onun simasının sərt ifadəsi daxilindəki hissləri 
						gizlədirdi, o, şübhəsiz ki, öz hiss və duyğularını 
						yalnız həqiqi dostlarına və ən yaxın adamlarına açırdı", 
						- yaxınlarından biri onu belə qiymətləndirmişdi.    
						
						
						
						Rentgen şüalarının kəşfindən bir il sonra fizik bir 
						ingilis dənizçisindən məktub almışdı.  Onun xahişi alimi 
						xeyli karıxdırmışdı.  Dənizçi yazırdı ki, həkimlərdən 
						onun döş qəfəsində qalmış gülləni görə bilməyə imkan 
						verən yeni şüanın kəşf olunduğu barədə xəbər alıb. 
						Dənizçi məktubunda böyük fizikdən xahiş edirdi ki, poçt 
						vasitəsi ilə ona (əlbəttə, əgər bu, çətin deyilsə) bir 
						az "sehrli şüa" göndərsin.   
						
						
						
						Bavariya şahzadəsi onu elmi uğurlarına görə ordenlə 
						təltif etmişdi. Ona zadəgan titulu vermişdi. Lakin 
						Rentgen bu tituldan imtina etdi. Böyük fizik bu titulu 
						özü üçün gərəksiz hesab edirdi. Hətta Nobel Komitəsi ona 
						fizika sahəsində Nobel mükafatı verəndə də, çox məşğul 
						olduğunu bəhanə edərək ali mükafatın təqdimolunma 
						mərasiminə getmədi. Nəticədə dəyərli mükafat poçtla 
						sahibinə göndərildi.     
						
						
						
						Rentgen bir həftə ərzində 20 kq arıqlamışdı.  Məhz 
						alimin tələbəsi, rus fiziki, akademik A.İoffe pul 
						taparaq Rentgeni həkimə aparıb. Həyatın, taleyin 
						oyunlarına bax! Böyük alimi rentgen müayinəsindən 
						keçirmək üçün onlar 2 həftə gözləməli olublar. Rentgen-müayinədə 
						alimin qalın bağırsağında xərçəng aşkar olunub. Həkim-rentgenoloq  
						xəstəsinin adını eşidəndə çox təəccüblənmişdi. O, uzun 
						müddət inana bilmirdi ki, xəstəsi rentgen şüalarını kəşf 
						etmiş məşhur alimdir.  
						
						
						
						Hazırladı: Oruc MUSTAFAYEV   |