| 
								 
								
								
								Təhsil sistemi  
								
								
								 Ərəbistan 
								yarımadasında yerləşən Səudiyyə Ərəbistanı 
								Krallığı zəngin təbii ehtiyatları, yüksək 
								inkişaf səviyyəsi və özünəməxsus ənənələri ilə 
								nəinki Şərqdə, eləcə də bütün dünyada fərqlənən 
								bir ölkədir. Olduqca geniş iqtisadi potensialı 
								digər sahələrlə yanaşı, ölkə təhsilinin 
								tərəqqisində də özünü büruzə verir. 
								
								
								Ölkədə 1925-ci ilədək heç bir dünyəvi məktəb 
								olmadığı halda, sonrakı 25 ildə təhsil sahəsi ən 
								yüksək inkişaf səviyyəsinə yüksəlib. 1953-cü 
								ildə ilk dövlət təhsil idarəetmə qurumu olan 
								Maarif Nazirliyi yaradılıb. 
								
								
								1970-ci ilə qədər ölkədə 3,3 min məktəb və 
								kollec fəaliyyət göstərirdi. XXI əsrin 
								əvvəllərində onların sayı 24 mini keçdi. 
								
								
								Ölkənin təhsil sistemi məktəbəqədər, ibtidai, 
								natamam orta, orta və ali təhsil pilləsini əhatə 
								edir. Təhsil sisteminə müvafiq pillələr üzrə 
								Təhsil Nazirliyi, Ali Təhsil Nazirliyi, Texniki 
								və Peşə Təhsili Korporasiyası rəhbərlik edir. 
								
								
								Bütün səviyyələr üzrə təhsil pulsuzdur. Yalnız 
								özəl məktəblərdə təhsil haqqı müəyyənləşdirilib. 
								
								
								 Təhsil 
								sistemində gender bərabərliyi ciddi qorunmaqla, 
								qızlar və oğlanlar ayrı-ayrı məktəblərdə təhsil 
								alırlar. 1960-cı ildə müstəqil qurum kimi 
								Qızların Təhsili üzrə Baş İdarə yaradılıb. Qız 
								məktəbləri 1961-ci ildən fəaliyyət göstərir. 
								2002-ci ildən Təhsil Nazirliyinin nəzdində 
								fəaliyyət göstərən Qızların Təhsili üzrə Baş 
								İdarə müvafiq tədris proqramlarının və 
								kurikulumların hazırlanmasına cavabdehlik 
								daşıyır. Bu idarənin yaradılması qızların 
								təhsilə cəlb olunması istiqamətində əsaslı dönüş 
								yaradıb. 
								
								
								Aparılan davamlı islahatlar nəticəsində təhsilə 
								cəlb olunan qadınların sayı ilbəil artmağa 
								başlayıb. Buna baxmayaraq, mühəndislik, 
								jurnalistika, hüquq, memarlıq sahələri üzrə 
								qadınların təhsil almasına qadağalar qoyulub. 
								Lakin tədricən bu qadağalar qismən də olsa, 
								aradan qaldırılır. Məsələn, əvvəllər qadınların 
								hüquq ixtisasına yiyələnməsi yasaqlanırdı. Son 
								illərdə gender problemləri üzrə ixtisaslaşan 
								qurumlar əsaslandırdılar ki, öz həmcinslərinə 
								hüquqi yardım etmək üçün qadınlar ədliyyə 
								sistemində işləyə bilərlər. Bu məsələ müsbət 
								həllini tapdığı üçün 2008-ci ildə qadınların ilk 
								qrupu hüquq ixtisası üzrə ali təhsilini başa 
								vurdu. 
								
								
								Dünya Bankının statistik məlumatlarına görə, 
								Səudiyyə Ərəbistanında ali təhsilli qadınların 
								sayı İordaniya, Livan və Tunisdə ali təhsil 
								almış qadınların sayına nisbətən daha çoxdur. 
								Kraliça Nora bint Abdul Rahman Universiteti 
								Səudiyyə Ərəbistanının ilk, dünyanın isə ən 
								böyük qızlar universitetidir. 
								
								
								 Hökumət 
								qadınların təhsilinə yüksək diqqət yetirir. Odur 
								ki, qızlar məktəblərinin sayı oğlanlar 
								məktəblərinin sayına nisbətən daha sürətlə 
								artmaqdadır. 
								
								
								Ölkənin ali təhsil müəssisələrində oxuyan 
								tələbələrin 58 faizini qadınlar təşkil etsə də, 
								onların yalnız 14 faizi müxtəlif sahələrdə 
								çalışırlar. Onu da qeyd edək ki, Səudiyyə 
								Ərəbistanında qadınlar işçi qüvvəsi kimi daha 
								çox təhsil və səhiyyə sektorunda təmsil 
								olunurlar. Məşğul qadınların 95 faizi dövlət 
								müəssisələrində, cəmi 5 faizi isə özəl sahələrdə 
								işləyir. 
								
								
								Təhsilin bütün səviyyələrində tədris 
								kurikulumlarının böyük bir hissəsi İslam dininin 
								vacib prinsiplərinin təliminə həsr olunub. 
								Dövlət şagird və tələbələri pulsuz dərslik və 
								tibbi xidmətlə təmin edir. 
								
								
								Hökumətin təhsil sisteminə göstərdiyi qayğı 
								təhsil sektorunun davamlı inkişafına zəmin 
								yaradıb. Hər il təhsil sahəsinə ayrılan büdcə 
								vəsaitləri artırılır. Ölkədə təhsilə iqtisadi 
								inkişafın əsas hərəkətverici qüvvəsi kimi 
								yanaşılır. 1969-cu ildə Səudiyyə Ərəbistanı 
								Nazirlər Şurası tərəfindən təsdiq edilmiş Təhsil 
								Strategiyası Sənədi təhsilin əsas məqsədlərini 
								özündə əhatə edən və təhsil sisteminin gələcək 
								inkişafını müəyyənləşdirən fundamental sənəddir. 
								
								
								 Səudiyyə 
								Ərəbistanı təhsil sistemində tətbiq edilən 
								kurikulumlar sosial-iqtisadi dəyişikliklərə, 
								texnologiyanın inkişafına cavab olaraq daim 
								təkmilləşdirilir. Kurikulumların hazırlanmasına 
								Təhsil Nazirliyinin nəzdindəki Milli Komitələr 
								cavabdehlik daşıyır. Bu komitələr Təhsilin 
								inkişafı şöbəsinə kurikulumlarla bağlı təkliflər 
								verir, ayrı-ayrı təhsil pillələrində tədris 
								olunan fənləri nəzərdən keçirir və müvafiq 
								araşdırmalar aparırlar. 
								
								
								Bütün məktəblər hökumət tərəfindən informasiya-kommunikasiya 
								texnologiyaları ilə təchiz edilib. İbtidai 
								təhsil pilləsinin ilk sinfindən etibarən 
								tədrisdə kompüterlərin tətbiqinə geniş yer 
								verilir. Məktəblərdə İslam dininin, ərəb dilinin 
								və Quranın öyrədilməsi üçün xüsusi kompüter 
								proqramlarından istifadə olunur. 
								
								
								Şagirdlər 6 il ibtidai, 3 il natamam orta, 3 il 
								orta təhsil alır. Tam orta təhsilli məzunlar ali 
								məktəblərdə oxumaq hüququ qazanırlar. 
								
								
								Dərs ili sentyabrın 1-dən başlanır və 9 ay davam 
								edir. Ölkədə müəllim- şagird nisbəti dünyada ən 
								yaxşı göstəricilər səviyyəsindədir. 
								
								
								Səudiyyə Ərəbistanında özəl təhsil müəssisələri 
								bütün səviyyələr üzrə dövlət təhsil sisteminin 
								fəaliyyətinə dəstək verir. Təhsil Nazirliyinin 
								Özəl Təhsil üzrə Baş İdarəsi qeyri-dövlət ümumi 
								təhsil müəssisələrinə nəzarət edir. Dövlət özəl 
								təhsil müəssisələrini pulsuz dərsliklər və illik 
								maliyyə vəsaiti ilə təmin edir. Hər bir özəl 
								məktəbin direktoru nazirlik tərəfindən təyin 
								edilir və onların əməkhaqları dövlət hesabına 
								ödənilir. 
								
								
								XX əsrin ikinci yarısına qədər Səudiyyə 
								Ərəbistanında xüsusi qayğıya ehtiyacı olan 
								uşaqlar təhsilə cəlb olunmayıb. Yalnız 
								valideynlər belə uşaqların təhsil almasına 
								şərait yaradıblar. 
								
								
								1958-ci ildə gözdən əlil uşaqlar üçün "elmi 
								institutlar" adlı təhsil müəssisələri fəaliyyətə 
								başlayıb. Bununla da ölkədə xüsusi qayğıya 
								ehtiyacı olan uşaqların bir qrupunun təhsil 
								almasına şərait yaranıb. 
								
								
								1960-cı ildə dövlətin dəstəyi ilə gözdən əlil 
								oğlan tələbələr üçün Əl-Nur İnstitutunda xüsusi 
								təhsil proqramının tətbiqinə başlanılıb. 1962-ci 
								ildə gözdən əlil, eşitmə və zehni qüsurlu 
								tələbələr üçün təhsil xidmətlərinin inkişaf 
								etdirilməsi məqsədilə Təhsil Nazirliyinin 
								nəzdində Xüsusi təlim şöbəsi yaradılıb. Zehni 
								qüsurları olan oğlan tələbələr üçün ilk xüsusi 
								təhsil proqramının tədrisinə 1971-ci ildə Əl-Tərbiyə 
								Əl-Fikriyə İnstitutunda başlanılıb. 
								
								
								Əməl İnstitutunda eşitmə qüsurları olan 
								tələbələr üçün xüsusi təhsil proqramları tədris 
								olunur. 1964-cü ildən isə gözdən əlil qız və 
								oğlan tələbələr üçün təhsil müəssisələri 
								fəaliyyət göstərir. 
								
								
								Hazırda Səudiyyə Ərəbistanında gözdən əlil 
								uşaqlar üçün 10, eşitmə qüsurları olanlar üçün 
								28, əqli qüsurlu uşaqlar üçün isə 16 təhsil 
								müəssisəsi fəaliyyət göstərir. 
								
								
								Məlum olduğu kimi, inkişaf etmiş ölkələrdə 
								təhsil sektoruna ümumi daxili məhsulun təxminən 
								5 faizi həcmində vəsait yönəldilir. Səudiyyə 
								Ərəbistanı Krallığında isə bu göstərici 9 faiz 
								təşkil edir.  
								
								
								
								Məktəbəqədər təhsil  
								
								
								Səudiyyə Ərəbistanında məktəbəqədər təhsil rəsmi 
								təhsil pilləsi hesab edilmir. Əsasən, 3-5 yaşlı 
								uşaqlar məktəbəqədər təhsilə cəlb olunur. 
								
								
								İbtidai məktəbin I sinfinə qəbul zamanı 
								məktəbəqədər təhsil almayan uşaqlara heç bir 
								məhdudiyyət qoyulmur. Hökumətin maddi və texniki 
								dəstəyi ilə özəl məktəbəqədər təhsil 
								müəssisələri də fəaliyyət göstərir. 
								
								
								Məktəbəqədər təhsil pilləsində uşaqlara yazı 
								vərdişləri aşılanır və Quran ayələri öyrədilir. 
								Eyni zamanda uşaqların hərtərəfli psixoloji və 
								zehni inkişafına zəmin yaradan digər biliklərin 
								tədrisinə də yer verilir. 
								
								
								Statistikaya görə, 2009-2010-cu tədris ilində 
								ölkədə 1521 məktəbəqədər təhsil müəssisəsi 
								fəaliyyət göstərib. Bu müəssisələrdə 106301 uşaq 
								təhsil alıb. Bu göstərici Səudiyyə Ərəbistanında 
								uşaqların məktəbəqədər təhsilə cəlb olunma 
								göstəricisinin təxminən 10,8 faizi təşkil 
								etdiyini deməyə əsas verir. Məktəbəqədər təhsil 
								müəssisələrində 10 min 337 müəllim, 2 mindən çox 
								inzibati işçi çalışır.  
								
								
								
								İbtidai təhsil  
								
								
								Səudiyyə Ərəbistanında 6 yaşı tamam olmuş 
								uşaqlar ibtidai təhsilə başlaya bilərlər. 
								İbtidai təhsil pilləsi 6 il davam edir. Bütün 
								dövlət ibtidai məktəbləri gündüz təhsil 
								müəssisələridir. 
								
								
								Qızlar müvafiq daxili qaydaların ciddi qorunduğu 
								təhsil müəssisələrində ayrıca təhsil alırlar. 
								Onu da qeyd edək ki, ölkədə ilk qızlar məktəbi 
								1964-cü ildə tikilib. Artıq ötən əsrin 
								sonlarından ölkənin demək olar ki, bütün 
								bölgələrində qızlar məktəbi fəaliyyət göstərir. 
								
								
								İbtidai təhsil pilləsini başa vuran şagirdlər 
								imtahan verməlidirlər. İmtahanlardan uğurla 
								keçən şagirdlərə İbtidai Təhsil Sertifikatı 
								təqdim olunur. Bu sənəd növbəti siniflərdə 
								oxumaq üçün mühüm əhəmiyyət kəsb edir. 
								
								
								Statistikaya görə, 2009-2010-cu tədris ilində 
								ölkədəki 13 min 602 ibtidai məktəbdə 2 milyon 
								493 min 125 nəfər şagird təhsil alıb. Onların 1 
								milyon 227 min 699 nəfəri qızlardan ibarət olub. 
								İbtidai məktəblərdə çalışan müəllimlərin ümumi 
								sayı 223 min 511, inzibati heyətin sayı isə 11 
								min 673 nəfər təşkil edib. 
								
								
								Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanında 
								məktəbyaşlı bütün uşaqların 99 faizi ibtidai 
								təhsil pilləsinə cəlb olunur.  
								
								
								
								Tam orta təhsil  
								
								
								Tam orta təhsil mərhələsi 2 pilləyə bölünür. Hər 
								ikisi 3 illik olan natamam orta təhsil və orta 
								təhsil pillələri tədris proqramlarına görə bir-birindən 
								əhəmiyyətli dərəcədə fərqlənir. 
								
								
								İbtidai təhsil pilləsini uğurla başa vuran 
								şagirdlər təhsillərini natamam orta təhsil 
								pilləsində davam etdirirlər. Həm natamam orta 
								təhsil, həm də orta təhsil pillələrində 
								şagirdlərin biliyi ildə iki dəfə keçirilən 
								imtahanlar vasitəsilə qiymətləndirilir. Bu 
								imtahanlar Təhsil Nazirliyi tərəfindən təşkil 
								edilir. 
								
								
								2009-2010-cu tədris ilində ölkədə 7 min 910 
								natamam orta məktəb fəaliyyət göstərib. Onların 
								3 min 780-i qızlar, 4 min 130-u isə oğlanlar 
								üçün təyin olunmuş təhsil müəssisələri olub. 
								Natamam orta təhsil müəssisələrində oxuyan 1 
								milyon 188 min 342 nəfər şagirddən 553 min 415 
								nəfərini qızlar təşkil edib. Həmin məktəblərdə 
								çalışan müəllimlərin ümumi sayı 117 min 370, 
								inzibati heyətin sayı isə 6 min 289 nəfər olub. 
								
								
								Orta təhsil ümumi təhsil mərhələsinin sonuncu 
								pilləsi hesab edilir. Natamam orta təhsil 
								pilləsini bitirən şagirdlər təhsillərini ümumi, 
								dini və ya peşəyönümlü orta məktəbdə davam 
								etdirmək imkanı əldə edirlər. 
								
								
								Peşəyönümlü orta məktəblərdə sənaye, kommersiya, 
								kənd təsərrüfatı sahələri üzrə texniki və peşə 
								hazırlığı həyata keçirilir. Bu məktəblərdə də 
								təhsil müddəti 3 ildir. 
								
								
								2009-2010-cu tədris ilinin statistik 
								məlumatlarına görə, ölkədə 2 min 440 qızlar, 2 
								min 469 oğlanlar üçün məktəb fəaliyyət göstərib. 
								Orta təhsil müəssisələrində oxuyan 1 milyon 096 
								min 174 şagirdin 490 min 112 nəfərini qızlar 
								təşkil edib. Orta təhsil müəssisələrində 99 min 
								753 nəfər müəllim, 4 min 756 nəfər inzibati işçi 
								çalışıb. 
								
								
								Təhsilə cəlb olunan qızların sayı qismən azlıq 
								təşkil etdiyi üçün oğlanlar arasında 
								savadlılığın səviyyəsi 89,1 faiz olduğu halda, 
								qızlar arasında bu göstərici təxminən 79,4 faizə 
								bərabərdir. Ancaq aparılan islahatlar 
								nəticəsində təhsil alan qadınların sayı ilbəil 
								artmaqdadır. Orta məktəblərdə hər il oğlanların 
								sayı 6,7, qızların sayı isə 11,2 faiz artır. 
								Səudiyyə Ərəbistanında məzunlara verilən orta 
								təhsil haqqında attestatlar ABŞ, Avropa və bütün 
								ərəb ölkələrində tanınır.  
								
								
								
								Texniki peşə təhsili  
								
								
								Səudiyyə Ərəbistanında texniki peşə təhsilinə 
								Texniki və Peşə Təhsili Korporasiyası 
								cavabdehlik daşıyır. Texniki və Peşə Təhsili 
								Korporasiyası ölkənin əmək bazarının müvafiq 
								ehtiyaclarını müəyyənləşdirir və buna uyğun 
								olaraq fəaliyyətini qurur. 
								
								
								Texniki peşə təhsili sistemi ümumilikdə sənaye, 
								kommersiya və kənd təsərrüfatı kimi 3 
								kateqoriyaya ayrılır. Texniki peşə təhsili 
								müəssisələri sırasına texnologiya kollecləri, 
								ali texniki qızlar institutları və peşə 
								institutları daxildir. 
								
								
								Texniki peşə təhsili müəssisələrində sub-bakalavr 
								(Azərbaycandakı orta ixtisas təhsilinə uyğun) 
								pilləsi üzrə kadrlar hazırlanır. Təhsil müddəti 
								3 ildir. Texnologiya kollecləri texniki sahələr 
								üçün ixtisaslı işçilər hazırlayır. Ölkədə 
								təxminən 35-ə yaxın belə təhsil müəssisəsi 
								fəaliyyət göstərir. 
								
								
								Ali texniki qızlar institutlarında qadınların 
								müxtəlif texniki peşə sahələri üzrə ixtisaslara 
								yiyələnməsi üçün geniş imkanlar mövcuddur. Həmin 
								tədris ocaqları istehsal müəssisələri ilə sıx 
								təmasda fəaliyyət göstərirlər. 
								
								
								Peşə institutlarında tədris proqramları yerli 
								əmək bazarının tələblərinə uyğun olaraq 
								müəyyənləşdirilir. Ölkə üzrə fəaliyyət göstərən 
								63 peşə institutunun yetişdirdiyi kadrlara artan 
								tələbat bu tədris ocaqlarının səviyyəsindən və 
								nüfuzundan xəbər verir.  
								
								
								
								Ali təhsil  
								
								
								Ölkənin ali təhsil sisteminə nəzarət edən Ali 
								Təhsil Nazirliyinin tabeliyində bir sıra 
								qurumlar fəaliyyət göstərir. Ali Təhsil Şurası, 
								Akademik Akkreditasiya və Qiymətləndirmə üzrə 
								Milli Komissiya belə qurumlardandır.  
								
								
								Ali Təhsil Şurası ölkənin ali təhsil sisteminə 
								nəzarət edən ali orqandır. Şuranın əsas məqsədi 
								ali təhsil islahatlarının müvafiq strategiyaya 
								uyğun həyata keçirilməsi, ali təhsilin 
								genişləndirilməsi, universitetlər arasında 
								əməkdaşlığın təmin edilməsi, elmin və tədqiqatın 
								inkişafının stimullaşdırılmasından ibarətdir. 
								Akademik Akkreditasiya və Qiymətləndirmə üzrə 
								Milli Komissiyanın əsas fəaliyyət istiqaməti ali 
								təhsil müəssisələrinin və onların təklif etdiyi 
								proqramların akkreditasiyasını həyata 
								keçirməkdir. 
								
								
								Ölkədə humanitar və sosial elmlər sahələri üzrə 
								ali təhsil proqramları 4 illikdir. Tibb, 
								mühəndislik və əczaçılıq sahələri üzrə ali 
								təhsil müddəti isə 5-6 il davam edir. 
								
								
								Səudiyyə Ərəbistanında 32 universitet fəaliyyət 
								göstərir. Onlardan 24-ü dövlət, 8-i isə özəl ali 
								təhsil müəssisəsidir. 
								
								
								Statistik məlumatlara görə, ölkənin ali təhsil 
								müəssisələri tələbələrinin sayı 636 min 245 
								nəfərdir. Ölkə üzrə ali təhsilə cəlb olunma 
								göstəriciləri ilbəil artır. 
								
								
								Ölkədə ali təhsil sisteminin özünəməxsus inkişaf 
								tarixi var. Şəriət elmlərini öyrənən ilk müasir 
								ali təhsil müəssisəsi 1949-cu ildə Məkkədə 
								yaradılıb. 4 il sonra bu şəhərdə Pedaqoji 
								İnstitut, Ər-Riyadda isə Şəriət İnstitutu açılıb. 
								
								
								1957-ci ildə Kral Səud Universiteti yaradılıb. 
								Kral Səud Universitetinin təsis olunması ölkədə 
								müasir dünyəvi ali təhsil sisteminin tətbiqinin 
								başlanğıcı hesab edilir. Bu ali təhsil 
								müəssisəsi Fars körfəzi regionunda və ərəb 
								ölkələrində ilk universitetdir. 
								
								
								Kral Səud Universitetində filologiya, pedaqoji, 
								təbiət elmləri, idarəetmə, əczaçılıq, tibb, 
								mühəndislik, aqrar mühəndislik, stomatologiya, 
								tətbiqi sənət, uçot və informasiya, planlaşdırma, 
								ərəb dili, xarici dillər və digər fakültələr 
								fəaliyyət göstərir. 
								
								
								1970-ci ildə yaradılmış Kral Fəhd adına Neft və 
								Minerallar Universitetində sırf neft sənayesi, 
								energetika, geologiya sahələri üzrə 
								mütəxəssislər hazırlanır. Bu ali məktəbin 
								məzunları əsasən, ABŞ-Səudiyyə müştərək şirkəti 
								olan "Saud-ARAMKO"nun müəssisələrində çalışırlar. 
								
								
								Ölkənin digər nüfuzlu ali məktəbləri sırasında 
								Mədinə şəhərində əsası qoyulmuş İslam 
								Universiteti (1961) və Ciddə şəhərində fəaliyyət 
								göstərən Kral Abduləziz Universitetinin (1961) 
								adlarını çəkə bilərik. Taibba Universiteti, 
								Qassim Universiteti və Taif Universiteti də 
								yüksək səviyyəli tədris imkanları ilə tanınan 
								ali məktəblərdəndir. 
								
								
								Ölkənin demək olar ki, bütün kollec və 
								universitetlərində təbiət elmləri, texnologiya, 
								hərbi, ilahiyyat, tibb və digər ixtisaslar üzrə 
								kadrlar hazırlanır. İslam dini və ilahiyyat elmi 
								istiqamətində ixtisaslaşmış ali məktəblərin sayı 
								nisbətən çoxluq təşkil edir. Quranın öyrənilməsi, 
								şərhi, təfsiri, hafizlik və İslam ənənələrinin 
								gündəlik həyata tətbiqi müvafiq ali təhsil 
								proqramlarının əsas hissəsini təşkil edir. Dinin 
								tədrisi bütün universitetlərdə icbari qaydada 
								həyata keçirilir.  
								
								
								
								Əlavə təhsil  
								
								
								Yaşlıların təhsili Səudiyyə Ərəbistanının təhsil 
								sisteminin mühüm bir hissəsini təşkil edir. 
								Ölkədə əhalinin savadlılıq səviyyəsinin 
								artırılması və hamı üçün bərabər təhsil 
								imkanlarının təmin edilməsi məqsədilə çoxsaylı 
								yaşlıların təhsili mərkəzləri fəaliyyət göstərir. 
								Ucqar ərazilərdə yaşayan yaşlılar üçün hökumət 
								tərəfindən üç aylıq intensiv təhsil kursları 
								təşkil edilir. 
								
								
								Ölkədə ixtisasartırma təhsilinə də xüsusi diqqət 
								yetirilir. Bu istiqamətdə görülən işlər təhsilin 
								bütün səviyyələri üzrə tədrisin keyfiyyətinin 
								yüksəlməsinə, müəllimlərin peşəkarlığının 
								artırılmasına əlverişli zəmin yaradır. 
								
								
								İbtidai sinif müəllimlərinin hazırlığı ölkənin 
								müəllim hazırlığı kolleclərində aparılır. 
								Kişilər üçün 18, qadınlar üçün 102 ibtidai sinif 
								müəllimlərinin hazırlığı kolleci fəaliyyət 
								göstərir. 
								
								
								Orta məktəb müəllimlərinin hazırlığı Kral 
								Abduləziz və Kral Səud Universitetlərinin 
								pedaqoji fakültələrində, ali məktəb 
								müəllimlərinin hazırlığı isə Kral Abduləziz 
								Universitetinin Müəllim Hazırlığı və Təlimin 
								İnkişafı Mərkəzində həyata keçirilir.  
								
								
								
								Təhsilin idarə olunması  
								
								
								Qeyd etdiyimiz kimi, ölkənin təhsil sistemi 
								Təhsil Nazirliyi, Ali Təhsil Nazirliyi və 
								Texniki və Peşə Təhsili Korporasiyası tərəfindən 
								idarə olunur. Lakin strateji baxımdan təhsilin 
								idarə olunması mərkəzləşdirilmiş qaydada həyata 
								keçirilir. 1963-cü ildə təsis olunmuş Təhsil 
								Siyasəti üzrə Ali Komitə Səudiyyə Ərəbistanında 
								təhsil sisteminə nəzarət edən ən ali orqandır. 
								
								
								Təhsil Nazirliyi ümumi təhsil, xüsusi təhsil və 
								yaşlıların təhsili sahəsinə cavabdehlik daşıyır. 
								Ali Təhsil Nazirliyi ali təhsil, müəllimlərin 
								təhsili və ixtisasartırması sahələri üzrə 
								məsuldur. Texniki və Peşə Təhsili Korporasiyası 
								isə texniki və peşə təhsili müəssisələrinin 
								idarə olunması işini yerinə yetirir. 
								
								
								Dərslik siyasəti müəyyənləşdirilərkən hər üç 
								dövlət qurumunun təklifləri nəzərə alınır. 
								Kurikulumlar, dərsliklər və dərs vəsaitləri 
								bütün ölkə üzrə vahid strategiya əsasında 
								hazırlanır və vahid meyarlara cavab verir.  
								
								
								
								Beynəlxalq əməkdaşlıq  
								
								
								Səudiyyə Ərəbistanı təhsil sahəsində bir çox 
								ölkələrlə səmərəli əlaqələrə malikdir. Bu 
								baxımdan tələbə mübadiləsi istiqamətində daha 
								nəzərəçarpan uğurlar qazanılıb. 
								
								
								2005-ci ildə ölkə rəhbərliyinin təşəbbüsü ilə 
								gənclərin inkişaf etmiş Qərb ölkələrinin 
								qabaqcıl ali məktəblərində təhsil almasına dair 
								təqaüd proqramı elan edilib. Həmin təqaüdlər 
								təhsil və yaşayış xərclərini əhatə edir. Təkcə 
								2007-2008-ci tədris ilində 5000 nəfər səudiyyəli 
								tələbə bu təqaüd proqramı hesabına xaricdə 
								təhsil alıb. 
								
								
								Xaricdə təhsil almaq istəyən tələbələr əsasən 
								Kanada, ABŞ, Böyük Britaniya, Avstraliya, Yeni 
								Zelandiya, İsveçrə, Fransa və Almaniyanın ali 
								məktəblərini seçirlər. Proqram çərçivəsində 
								təkcə Böyük Britaniyada 15000 nəfər tələbə 
								təhsil alıb ki, onların da 25 faizini qızlar 
								təşkil edir.  
								
								
								
								MÜQAYİSƏLİ STATİSTİKA 
								
									
										|   | 
										
										
											
												| 
												
												
												Göstəricilər | 
												
												
												
												Səudiyyə Ərəbistanı Krallığı | 
												
												
												
												Azərbaycan
												
												
												Respublikası | 
											 
											
												| 
												
												Ərazi | 
												
												
												
												2,25 milyon km² | 
												
												
												
												86,6 min km² | 
											 
											
												| 
												
												Əhali | 
												
												
												
												28,7 milyon nəfər | 
												
												 
												
												9,25 milyon nəfər  | 
											 
											
												| 
												
												Dövlət büdcəsi | 
												
												
												
												184 milyard ABŞ dolları | 
												
												 
												
												16,44 milyard manat 
												(təxminən 21 milyard ABŞ 
												dolları)  | 
											 
											
												| 
												
												Təhsil sahəsinə ayrılan vəsait | 
												
												
												
												45 milyard ABŞ dolları | 
												
												 
												
												1,583 milyard manat 
												(təxminən 2 milyard ABŞ dolları)  | 
											 
											
												| 
												
												Ümumi təhsil  müəssisələrinin 
												sayı  | 
												
												
												
												26421 | 
												
												
												
												4523 | 
											 
											
												| 
												
												Ümumi təhsil  müəssisələrində 
												çalışan müəllimlərin sayı | 
												
												
												
												440634 nəfər | 
												
												
												
												169117 nəfər | 
											 
											
												| 
												
												Ümumi təhsil müəssisələri
												
												
												şagirdlərinin sayı | 
												
												
												
												4777623 nəfər | 
												
												
												
												1294059 nəfər | 
											 
											
												| 
												
												Ali təhsil müəssisələrinin sayı
												 | 
												
												
												
												32  | 
												
												
												
												51 | 
											 
											
												| 
												
												Ali təhsil müəssisələri  
												tələbələrinin sayı | 
												
												
												
												636245 nəfər
												
												
												(2006-cı il üzrə) | 
												
												
												
												143146 nəfər | 
											 
											
												| 
												
												Ali təhsil müəssisələri üzrə 
												illik təhsil haqqı | 
												
												
												
												13333 ABŞ dolları | 
												
												 
												
												700-4500 manat 
												(təxminən 890-5725 ABŞ dolları)  | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								
								Bəşarət MƏMMƏDOV, 
								
								
								
								Ramil HÜSEYNOV  
								
								
								Yazının hazırlanmasında Səudiyyə Ərəbistanının 
								Təhsil Nazirliyi, Ali Təhsil Nazirliyi, eləcə də 
								Texniki və Peşə Təhsili Korporasiyasının rəsmi 
								məlumatlarından istifadə olunub.  |