| 
						 
						
						Ulu öndər Heydər Əliyev XX əsr tarixində Azərbaycanın 
						inkişafı yolunda ən böyük xidmətlər göstərmiş dahi 
						şəxsiyyətdir. Onun ömür yolu Vətənə, doğma xalqa və 
						millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir. 
						
						
						Azərbaycanın iftixarı, qüdrətli dövlət xadimi və 
						yenilməz siyasətçi Heydər Əliyev özünün möhtəşəm 
						fəaliyyəti ilə dünya azərbaycanlılarının ümummilli 
						lideri səviyyəsinə yüksəlmiş, Azərbaycan xalqının 
						yaddaşında və qəlbində şöhrəti və nüfuzu sərhəd 
						tanımayan polad iradəli rəhbər olaraq qalmışdır. 
						
						
						Əbədiyaşarlıq zirvəsinə ucalmış ümummilli liderimiz 
						Heydər Əliyev nəsillərə nümunə bir şəxsiyyətdir. Onun 
						mübarizə və qələbələrlə zəngin fəaliyyəti bu günün və 
						gələcəyin insanları, xüsusən də gənclər üçün əsl tərbiyə 
						məktəbidir. Ulu öndərin ölkə vətəndaşlarına qiymətli 
						əmanəti hesab edilən əvəzolunmaz irsi-xarici və daxili 
						siyasət quruculuğuna, iqtisadiyyatın, elmin, təhsil və 
						mədəniyyətin inkişafına, dövlətçilik ənənələrinin 
						qorunub saxlanmasına və möhkəmləndirilməsinə, dövlətin 
						idarə olunması texnologiyalarına, cəmiyyətdə insan 
						amilinin və mənəvi ucalığın, Vətən təəssübünun prioritet 
						dəyərlər kimi qiymətləndirilməsinə həsr edilmiş proqram 
						istiqamətli nitq və çıxışları, müsahibələri XXI əsr 
						Azərbaycan vətəndaşının  yetkin şəxsiyyət olaraq 
						formalaşması üçün daim öyrənməli zəngin xəzinədir. Dahi 
						rəhbərin dünyanın nüfuzlu dövlət başçıları, siyasi 
						xadimləri ilə keçirdiyi görüşlərdə nümayiş etdirdiyi 
						taktiki ustalıq, dialoq mədəniyyəti və müsahibini öz 
						təsir dairəsində saxlamaq istedadı isə gələcək 
						siyasətçilər üçün ibrətamiz ustad dərsləridir. 
						
						
						Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, eləcə də 
						Sovetlər Birliyində ali dövlət vəzifəsi daşıdığı illərdə 
						ulu öndərin genişmiqyaslı gərgin fəaliyyətinə həsr 
						edilmiş xeyli sayda sənədli filmlər, xronikalar 
						çəkilmişdir. Xüsusilə, ölkəmiz müstəqillik qazandıqdan 
						sonra ayrı-ayrı telekanallar, habelə tanınmış kino 
						xadimləri bu vacib məsələyə daha ciddi diqqət yetirməyə 
						başlamış, nəticədə ümummilli liderimizin möhtəşəm 
						fəaliyyəti ilə  bağlı vətəndaşlarımıza indiyədək məlum 
						olmayan tarixi məqamları əks etdirən qiymətli sənədli 
						filmlər yaranmışdır. Belə filmlərin ərsəyə gətirilib 
						ictimaiyyətə təqdim olunmasında görkəmli kinorejissor 
						Vaqif Mustafayevin əməyi xüsusilə təqdirəlayiqdir. 
						
						
						Birmənalı qeyd edilməlidir ki, bu filmlər mühüm tarixi 
						əhəmiyyətə malikdir və ümumtəhsil məktəb şagirdlərinin 
						ulu öndərin mənalı ömür yolu ilə, təkcə Azərbaycanda 
						deyil, eləcə də keçmiş Sovetlər Birliyi hüdudlarında 
						göstərdiyi böyük xidmətlərlə əyani olaraq yaxından tanış 
						olmalarında önəmli rol oynaya bilər. 
						
						
						Bununla belə, o da nəzərə alınmalıdır ki, həmin filmlər 
						televiziya kanallarında daha çox müəyyən olunmuş 
						əlamətdar günlərdə nümayiş etdirildiyindən şagirdlərin 
						bir qismi bu və ya digər səbəblərdən onlara baxmaq 
						imkanı əldə etmir, izləyənlər isə uşaq təfəkkürləri ilə 
						bu filmlərin əsl mahiyyətini dərk etməkdə müəyyən 
						çətinlik çəkirlər. 
						
						
						Yerli təhsil orqanları və ümumtəhsil məktəblərindən 
						daxil olan təkliflərdə də xüsusi vurğulanır ki, əslində 
						həmin filmlər geniş ictimaiyyət üçün nəzərdə tutulsa da, 
						bilavasitə məktəblərdə şagirdlərin vətəndaş tərbiyəsində 
						ciddi əhəmiyyətə malik tədris resursu statusunda 
						istifadə olunmalı, fənlərin tədrisi prosesində ulu 
						öndərin elmi-nəzəri  irsinin öyrədilməsi ilə yanaşı, bu 
						filmlər sistemli şəkildə nümayiş etdirilməklə əyani 
						təbliğat və təşviqat rolu oynamalıdır. 
						
						
						Qeyd olunanları nəzərə alaraq  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) 
						təhsil şöbələri: 
						
						
						1.1. Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli 
						dövlət xadimi və siyasətçi Heydər Əliyevin nəsillərə 
						nümunə olan mənalı ömür yolu, həyat və fəaliyyəti, 
						zəngin yazılı irsi ilə uşaq və gəncləri sistemli şəkildə 
						daha yaxından tanış etmək məqsədi ilə aşağıdakı 
						məsələlərin də əhatə olunduğu Fəaliyyət planı hazırlayıb 
						icrasına müntəzəm nəzarəti həyata keçirsinlər: 
						
						
						1.1.1. Hər il mayın 10-da ümumtəhsil məktəblərində ilk 
						dərslərin ulu öndər Heydər Əliyevin həyat və 
						fəaliyyətinə həsr olunması. 
						
						
						1.1.2. Bütün ümumi orta və tam orta ümumtəhsil 
						məktəblərində, lisey və gimnaziyalarda tədris ili 
						ərzində daimi fəaliyyət göstərən "Heydər Əliyev 
						lektoriyası"nın yaradılması. 
						
						
						1.1.3. Ümumtəhsil məktəblərində tanınmış alim və 
						mütəxəssislərin iştirakı ilə ulu öndər Heydər Əliyevin 
						Azərbaycan dili, ədəbiyyatı və tarixi, iqtisadiyyat, 
						mədəniyyət və incəsənət, milli-mənəvi dəyərlər barədə 
						irəli sürdüyü müddəaların izahı və şərhinə həsr olunmuş 
						tədbirlərin təşkili.  
						
						
						1.1.4. Məktəb kitabxanalarında ümummilli lider Heydər 
						Əliyevə həsr olunmuş kitablardan ibarət ayrıca bölmənin 
						yaradılması və bu kitabların məzmunu ilə şagirdlərin 
						tanış olmalarının təmin olunması. 
						
						
						1.1.5. Görkəmli şəxsiyyətlərin ulu öndər Heydər Əliyev 
						haqqında fikirlərinin şagirdlərə çatdırılması. 
						
						
						1.1.6. Şagirdlər arasında "Dahi rəhbər Heydər Əliyev 
						haqqında bildiklərim"  mövzusunda təqdimat müsabiqəsinin 
						keçirilməsi. 
						
						
						1.1.7. Şagirdləri maraqlandıran digər tədbirlərin 
						təşkili. 
						
						
						2. Görkəmli kinorejissor Vaqif Mustafayevin ümummilli 
						lider Heydər Əliyevə həsr edilmiş sənədli filmlərinin 
						xüsusi əhəmiyyətli tədris resursu və tərbiyə vasitəsi 
						olaraq ümumtəhsil məktəblərində sistemli şəkildə 
						nümayişi məqsədəmüvafiq hesab edilsin və nazirliyin 
						aparatı (İ.Pirməmmədov) aidiyyəti şöbələrlə birlikdə bu 
						işin təşkili üzrə təkliflər hazırlayıb 1 həftə müddətinə 
						rəhbərliyə təqdim etsinlər. 
						
						
						3. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) 1 ay 
						müddətinə ulu öndər Heydər Əliyevin irsindən tədris 
						prosesində istifadə məsələlərini əhatə edən nümunəvi 
						tövsiyələr hazırlayıb yerli təhsil orqanlarına 
						çatdırılmasını təmin etsin.  
						
						
						4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin 
						"Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" 
						məcmuəsində dərc olunmasını təmin etsin. 
						
						
						5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.   
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						10 may 2012-ci il  |