| 
						 
						
						 Ümummilli 
						liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 
						dövrlərdə təhsil infrastrukturunun təkmilləşdirilməsinə 
						xüsusi diqqət yetirilmiş, yüzlərlə məktəb binası 
						tikilərək istifadəyə verilmiş, bu sahənin maddi-texniki 
						bazası gücləndirilmişdir. Ulu öndərin müəyyənləşdirdiyi 
						təhsil strategiyası Naxçıvan Muxtar Respublikasında da 
						uğurla davam etdirilir, hər il onlarla yeni məktəb 
						binası tikilərək müəllim və şagirdlərin istifadəsinə 
						verilir. 
						
						
						Mayın 4-də - ümummilli liderimiz Heydər Əliyevin anadan 
						olmasının 89-cu ildönümü ərəfəsində Naxçıvan şəhərindəki 
						17 nömrəli tam orta məktəbin binası istifadəyə 
						verilmişdir. 
						
						
						Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif 
						Talıbov açılış mərasimində iştirak etmişdir. 
						
						
						Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının 
						təhsil naziri Piri Nağıyev bildirmişdir ki, muxtar 
						respublikada təhsil sahəsində həyata keçirilən tədbirlər 
						2011-2012-ci tədris ilində də davam etdirilmiş, 
						ümumtəhsil məktəbləri üçün yeni binalar tikilərək 
						istifadəyə verilmişdir. Hazırda Naxçıvan şəhərində 10 
						nömrəli, Şərur rayonunda Aralıq, Dərəkənd, Danyeri, 
						Qarxun, Babək rayonunda Nehrəm kənd 1 nömrəli, 
						Kərimbəyli, Ordubad rayonunda Yuxarı Əylis, Parağa, 
						Behrud, Culfa rayonunda Ləkətağ, Şahbuz rayonunda 
						Biçənək, Ağbulaq, Kəngərli rayonunda Çalxanqala kənd tam 
						orta məktəb binalarının tikintisi davam etdirilir. 
						
						
						 Təhsil 
						naziri qeyd etmişdir ki, son illər ümumtəhsil 
						məktəblərində fərqlənən şagirdlərə 405 kompüter dəsti 
						hədiyyə edilmiş, məktəb kitabxanalarına 1 milyon 471 min 
						dərslik, 620 mindən artıq bədii ədəbiyyat verilmiş, 12 
						məktəb "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin, 
						20 müəllim isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi 
						olmuşdur. 
						
						
						Məktəbin müəllimi Gülçöhrə Babayeva çıxışında təhsilin 
						inkişafına göstərilən dövlət qayğısından danışaraq qeyd 
						etmişdir ki, muxtar respublikamızın hər yerində yeni 
						məktəb binaları tikilir və ən müasir avadanlıqla təchiz 
						olunur. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan 
						məktəb binalarında müasir informasiya-kommunikasiya 
						texnologiyalarının tətbiqi təhsilin keyfiyyətinin 
						yüksəldilməsinə səbəb olmuşdur. Göstərilən diqqət və 
						qayğıya görə kollektiv adından minnətdarlığını bildirən 
						Gülçöhrə Babayeva bundan sonra da səylə çalışacaqlarına, 
						yüksək intellektli gənclər yetişdirəcəklərinə söz 
						vermişdir. 
						
						
						Açılış tədbirində məktəblilər ümummilli liderimiz Heydər 
						Əliyevə həsr olunmuş şeirlər söyləmişlər. 
						
						
						Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif 
						Talıbov 17 nömrəli tam orta məktəbin yeni binasının 
						ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu 
						ildönümünün qeyd olunduğu ərəfədə istifadəyə verildiyini 
						bildirmiş, bu münasibətlə məktəbin kollektivini təbrik 
						etmişdir. 
						
						
						Ulu öndərin "Təhsil millətin gələcəyidir" fikrini 
						xatırladan Ali Məclisin sədri demişdir: Yeni məktəb 
						binasının istifadəyə verilməsi təhsili millətin gələcəyi 
						hesab edən dahi şəxsiyyətin doğum gününə ən dəyərli 
						töhfədir. Ümummilli liderin yolunu uğurla davam etdirən 
						hörmətli Prezidentimiz deyir ki, "Biz Azərbaycanın qara 
						qızılını insan kapitalına çevirəcəyik". İnsan kapitalı 
						isə ümumtəhsil məktəblərində formalaşdırılır. Ona görə 
						də ölkəmizdə təhsil sahəsində həyata keçirilən 
						tədbirlərə xüsusi diqqət yetirilir, bu sahənin maddi-texniki 
						bazası gücləndirilir. Bütün bunları 17 nömrəli tam orta 
						məktəbin timsalında da görmək olar. 936 yerlik məktəb 
						binasında perspektiv də nəzərə alınmış, tədris üçün hər 
						cür şərait yaradılmışdır. Burada geniş və işıqlı sinif 
						otaqları, kimya, biologiya, fizika laboratoriyaları, 
						hərbi kabinə, 4 elektron lövhəli sinif, İnternetə 
						qoşulmuş 57 kompüter, kitabxana, idman zalı müəllim və 
						şagirdlərin istifadəsinə verilir. Bu da məktəbdə 
						şagirdlərin hərtərəfli təhsil almasına, savadlı, 
						intellektli gənc kimi böyümələrinə, gələcəkdə dünyanın 
						istənilən universitetində ali təhsillərini davam 
						etdirmələrinə imkan verəcəkdir. Ona görə də müəllimlər 
						yaradılan şəraitdən səmərəli istifadə etməli, 
						gələcəyimiz olan gənclərin yetişdirilməsində səy və 
						bacarıqlarını əsirgəməməlidirlər. 
						
						
						Məktəbin pedaqoji kollektivinin fəaliyyətini yüksək 
						qiymətləndirən Ali Məclisin sədri demişdir ki, 
						2010-2011-ci tədris ilində məktəbi bitirən 36 məzundan 
						10-u ali məktəblərə, 4-ü Naxçıvan Tibb Kollecinə, 4-ü 
						Heydər Əliyev adına Hərbi Liseyə, 1-i isə IX sinif 
						təhsil bazasından Naxçıvan Dövlət Texniki Kollecinə 
						qəbul olunmuşdur. Bu nailiyyətlər məktəbdə hazırkı 
						şərait olmadan qazanılmışdır. Lakin bu gün yaradılan ən 
						müasir tədris şəraiti imkan verəcəkdir ki, məktəb 
						uğurlarını daha da artırsın, təhsil ocağında savadlı və 
						vətənpərvər gənclər yetişdirilsin. 
						
						
						Ümummilli liderin doğum günü ərəfəsində muxtar 
						respublikanın ümumtəhsil məktəblərində təhsil alan 100 
						əlaçı şagirdə kompüter dəstinin hədiyyə olunacağını 
						bildirən Ali Məclisin sədri onlara təhsildə qazandıqları 
						nailiyyətə görə təşəkkür etmiş, məktəbin kollektivinə 
						gələcək fəaliyyətində uğurlar arzulamışdır. 
						
						
						Sonra Ali Məclisin sədri muxtar respublikanın ümumtəhsil 
						məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərə 100 
						kompüter dəsti hədiyyə etmişdir. 
						
						
						Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış 
						olmuşdur. 
						
						
						Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 
						mərtəbədən ibarət olan binanın birinci, ikinci və üçüncü 
						mərtəbələrində 52 sinif otağı vardır. Binanın 
						zirzəmisində isə fənn kabinələri, tibb otağı, bufet, 
						qazanxana, qarderob və anbar yerləşir. 
						
						
						Ali Məclisin sədri məktəbdə birincilərin dərs prosesi 
						ilə maraqlanmışdır. Qeyd olunmuşdur ki, məktəbdə 450 
						şagirdin təhsili ilə 75 müəllim məşğul olur. 
						2011-2012-ci tədris ilində birinci sinfə 31 şagird qəbul 
						olunmuşdur. 
						
						
						Muxtar respublikanın orta məktəb kitabxanalarının bədii 
						və elmi ədəbiyyatla təchiz olunması şagirdlərin mütaliə 
						imkanlarını artırır. Bu təhsil ocağının kitabxanasında 
						da 6342 latın qrafikalı dərslik və 4524 bədii ədəbiyyat 
						olmaqla 10 min 866 kitab vardır. Kitabxanaya bir 
						kompüter qoyulmuş, hər həftənin cümə günü "Kitabxana 
						günü" elan olunmuşdur. Ali Məclisin sədri mütaliənin, 
						bədii ədəbiyyatdan istifadənin əhəmiyyətini qeyd etmiş, 
						şagirdlərin kitabxanalara cəlb olunmasına xüsusi diqqət 
						yetirməyin vacibliyini bildirmişdir. 
						
						
						Son illər məktəblərin kompüterləşdirilməsi sahəsində 
						həyata keçirilən tədbirlər daha intensiv xarakter almış, 
						orta məktəblərdə yeni kompüter dəstləri quraşdırılmış, 
						elektron lövhəli siniflər yaradılmışdır. Məktəbdəki 3 
						kompüter otağında 57 kompüter dəsti quraşdırılmışdır. 
						
						
						Məktəbdə hərbi dərslərin keyfiyyətlə tədris olunması 
						üçün hər cür şərait yaradılmışdır. Burada mühəndis, atəş, 
						tibbi və sıra hazırlıqları, hərbi topoqrafiya şagirdlərə 
						yüksək səviyyədə öyrədilir. Şagirdlər arasında hərbi 
						sənətə maraq yüksəkdir. Bu il məktəbin şagirdlərindən 15 
						nəfəri Heydər Əliyev adına Hərbi Liseyə, 5 nəfəri isə 
						Ali Hərbi məktəblərə sənəd vermişdir. 
						
						
						Muxtar respublikanın ümumtəhsil məktəblərində yaradılan 
						idman zalları şagirdlərin fiziki tərbiyəsində mühüm 
						əhəmiyyətə malikdir. 17 nömrəli tam orta məktəbdə də 
						idman dərslərinin yüksək səviyyədə tədris olunması üçün 
						bütün imkanlar yaradılmış, müasir idman zalı istifadəyə 
						verilmiş, həyətdə açıq idman qurğuları quraşdırılmışdır. 
						
						
						Müəllimlərlə səmimi söhbət zamanı Ali Məclisin sədri 
						təhsilin inkişafı istiqamətində bundan sonra da lazımi 
						tədbirlərin həyata keçiriləcəyini, yaradılan şəraitdən, 
						göstərilən diqqət və qayğıdan hər bir təhsil işçisinin 
						lazımi səviyyədə istifadə etməsinin vacibliyini 
						bildirmişdir. Müəllimlər yaradılan şəraitə, göstərilən 
						qayğıya əməli işləri ilə cavab verəcəklərini 
						bildirmişlər.  
						
						
						Binanın həyətində abadlıq işləri aparılmış, ərazidə gül 
						kolları və ağaclar əkilmiş, işıqlandırma sistemi 
						quraşdırılmışdır. 
						
						
						Tikinti işləri həyata keçirilərkən Əziz Əliyev 
						küçəsindən məktəbə qədər olan 900 metr məsafə 
						asfaltlanmış və səki salınmış, yolun hər iki tərəfində 
						ümumilikdə 280 metr hasar çəkilmişdir. Həmçinin 
						ərazidəki elektrik xətləri və dirəkləri yenilənmiş, 
						transformator yarımstansiyası quraşdırılmış, 550 metr 
						uzunluğunda rabitə xətləri yeraltı kabellərlə əvəz 
						olunmuşdur.  
						
						
						
						AzərTAc  |