| 
						 
						
						Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində 
						ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu 
						ildönümünə həsr olunmuş "Müasir Azərbaycan ulu öndər 
						Heydər Əliyevin ideyaları işığında" mövzusunda ənənəvi 
						şagird-tələbə elmi konfransı keçirildi. 
						
						
						Konfransa Bakı məktəbliləri və tələbələrlə yanaşı, 
						Mingəçevir, Şəki, Beyləqan və Ağcabədi rayonlarında 
						məskunlaşan Laçın, Zəngilan, Cəbrayıl, Ağdam rayon 
						qaçqın və köçkün məktəblərinin istedadlı şagirdləri cəlb 
						edilmişdi.  
						
						
						Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın 
						müxbir üzvü, professor Kamal Abdullayev universitet 
						alimlərinin konfransdan öncə qaçqın məktəblərində 
						olduqlarını, şagirdlərin elmi işlərinə rəhbərlik 
						etdiklərini vurğuladı. O bildirdi ki, Bakının qabaqcıl 
						lisey və məktəblərini təmsil edən istedadlı şagirdlərlə 
						yanaşı, müxtəlif bölgələrdə yerləşən qaçqın məktəbləri 
						şagirdlərinin konfransda iştirakı olduqca vacibdir: "Azərbaycan 
						təhsili sıçrayış dönəmindədir və bu inkişafın təməli 
						məhz Heydər Əliyevin əməyi üzərində qurulmuşdur. Bugünkü 
						milli qürurumuza görə biz ulu öndər Heydər Əliyevə 
						minnətdarıq", - deyə rektor söylədi. 
						
						
						Konfransın işi "Azərbaycan dili və ədəbiyyat",  "İctimai  
						elmlər",  "Təhsil və mədəniyyət", "İqtisadiyyat", "Xarici 
						dillər. Tərcümə" bölmələri üzrə təşkil olunmuşdu.  Bakı  
						məktəbliləri,  tələbələr, qaçqın  və  köçkün  
						məktəblərinin  gənc istedadları  ana  dili  ilə  yanaşı,  
						xarici  dillərdə  də  məruzələrlə  çıxış  etdilər. 
						 
						
						
						Laçın, Zəngilan, Ağdam, Cəbrayıl rayonlarından gəlmiş 
						şagirdlər BSU-nun professor-müəllim heyəti, 
						tədris-mədəniyyət mərkəzləri, muzeyi, kitabxanası, 
						ayrı-ayrı fakültələri ilə yaxından tanış oldular. 
						 
						
						
						Konfransın sonunda BSU Məktəb-Lisey Kompleksi, BDU 
						nəzdində "Gənc istedadlar" liseyi, Heydər Əliyev adına 
						MTK, Bakı Avropa Liseyi, 190 nömrəli tam orta və s. 
						məktəblərin şagirdləri, universitetin tələbələri, eləcə 
						də qaçqın məktəblərindən olan istedadlar fərqləndikləri 
						üçün diplom və hədiyyələrlə mükafatlandırıldılar.  
						
						
						
						BSU-nun Mətbuat xidməti  |