| 
						 
						
						 Bakıdakı 
						M.Rahim adına 7 nömrəli tam orta məktəb respublikamızın 
						qabaqcıl təhsil ocaqlarındandır. Məktəb ötən əsrin 
						əvvəllərində, yəni 1921-ci ildə ibtidai orta məktəb 
						(I-VII siniflər) kimi fəaliyyətə başlayıb və Paris 
						Kommunasının adını daşıyıb. Dərslər rus dilində 
						keçirilib. İlk direktor Popova Yekatrina Minayevna olub.
						 
						
						
						1940-1946-cı illərdə məktəbin binasından hərbi hospital 
						kimi istifadə olunub. 1950-ci ildən başlayaraq 7 nömrəli 
						məktəb Azərbaycan dilində tədrisə başlayıb. 1977-ci ildə 
						xalq şairi M.Rahimin 70 illik yubileyində məktəbə onun 
						adı verilib. Müstəqil ölkəmizdə təhsil islahatlarına 
						başlanan vaxtdan 7 nömrəli məktəb bir sıra layihələrin 
						həyata keçirilməsində pilot məktəb kimi iştirak edir. 
						Elmi-metodik layihələrin işlənməsi və tədrisə tətbiqi, 
						innovasiyaların öyrənilməsi və pedaqoji-ictimai mühitə 
						ötürülməsi digər pilot məktəblər kimi bu təhsil ocağının 
						da adı ilə bağlıdır. Məktəbin tanınmış pedaqoqlarının 
						elm, tədris və mədəniyyət, habelə, sosial-siyasi və 
						iqtisadi sahələrdə yetirmələri çox olub. Məktəbin 
						məzunlarından olmuş Böyükxanım Atakişiyeva, Yeganə 
						Mirzəzadə, Gülirə Yoldaşova, Sona Məmmədova, Səidə 
						Behbudova, Lalə Qurbanova, Zahirə Kəsimova, Sevinc 
						Əliyeva kimi müəllimlər vaxtilə təhsil aldıqları bu 
						məktəbdə indi tanınmış pedaqoqlar kimi gənc nəslin təlim-tərbiyəsi 
						keşiyində dayanırlar.  
						
						
						7 nömrəli məktəbin böyük şagird kontingenti və pedaqoji 
						kollektivi var. İnnovasiyaların öyrənilməsi və tətbiqi 
						sahəsində tanınmış alim, metodist və əməkdar 
						müəllimlərdən Xoşqədəm İbrahimova, Rəna Ağasıyeva, Telli 
						Şabanova, Zenfira Əsgərova, Elmira İbrahimova, Nuridə 
						Abdullayeva, Təranə Hüseynova, Firəngiz Mustafayeva, 
						Kübra Məmmədova və başqalarının məktəbdə əməyi çoxdur. 
						Onlar gənc nəslin təlim-tərbiyəsi və gələcək kadrların 
						hazırlanması sahəsində böyük əmək sərf edirlər. Məktəbin 
						pedaqoji uğurları çoxdur. Bunların əldə olunmasında, 
						əlbəttə, müasir təhsilə verilən demokratik tələblərlə 
						bərabər, xüsusi tədris üsulları və təlim metodları mühüm 
						əhəmiyyət kəsb edir. Məktəb yeni layihələrlə işləyir. 
						Konstruktiv təlim metodları artıq neçə illərdir ki, 
						təlim-tərbiyə prosesinə tətbiq edilir. Müəllimlər 
						konstruktiv təlimin üsul və vasitələri ilə elmi-nəzəri 
						və metodik biliklərini zənginləşdirir, seminar və 
						treninqlər keçirirlər. Pilot məktəb artıq 3 ildir ki, "İnnovativ 
						məktəb" layihəsinə qoşulub. Hazırda innovativ layihəyə 
						əsaslanan iki başqa məktəb də dayaq məntəqəsi olan bu 
						məktəbin hamiliyindədir. Məqsəd innovasiya yolunda 
						monitorluq etmək, qabaqcıl pedaqoji təcrübənin 
						yayılmasına, unifikasiya olunmasına kömək göstərməkdən 
						ibarətdir. Məktəbdə daha bir yenilik "İngilis dilinin 
						intensiv tədrisi" layihəsidir. Həmin layihə I-VIII sinif 
						şagirdlərini əhatə edir. Şagirdlər ingilis dilində 
						danışmaq, fikirlərini ifadə etmək, şifahi və yazılı nitq 
						vərdişlərinə yiyələnmək, disput və "gecələr" keçirmək 
						imkanları əldə edirlər. Bu layihə çərçivəsində başqa 
						orta məktəblərlə maraqlı görüşlər keçirilir. Müəllimlər 
						elmi-metodik bilik və vərdişlərini gücləndirmək məqsədi 
						ilə treninqlərdə vaxtaşırı iştirak edirlər.  
						
						
						7 nömrəli tam orta məktəb, həm də "Elektron məktəb" 
						layihəsinə daxil olan 10 pilot məktəbdən biridir. Artıq 
						bütün müəllimlər kompüter texnologiyasına demək olar ki, 
						yiyələniblər. Tədrisdə DVD versiyalarından geniş 
						istifadə edilir. Mövzuların tədrisində ciddi əhəmiyyət 
						kəsb edən resurslar sırasına demək olar ki, hər dərsi 
						əhatə edən "Power Point" təqdimatları daxil edilib ki, 
						bu da şagirdlərə geniş məlumatların vizual səsli və 
						animasiyalı şəkildə verilməsinə şərait yaradır. 
						Dərslərdə şagirdlər tədqiqatlar (araşdırmalar) aparmaq 
						məqsədilə İnternet şəbəkəsindən müvafiq məlumatlar əldə 
						edir və İKT-nin fəal istifadəçisinə çevrilirlər. Əldə 
						olunan məlumatlar hər bir fənn, sinif üçün yaradılan 
						qovluqlarda yığılıb saxlanılır.  
						
						
						Məktəbdə tətbiq olunan layihələrdən biri də "İntel-gələcək 
						üçün təhsil" layihəsidir. Məqsəd layihə metodikasına 
						əsaslanan müasir səviyyəli dərslərin təşkili və müəllim 
						kadrlarının hazırlığıdır. Bu sahədə kollektivin fədakar 
						köməkçisi məktəbin informatika müəllimi Gülnarə 
						Səlimovanın böyük əməyi vardır.  
						
						
						Tədris prosesində tətbiq olunan innovasiya layihələri, 
						pedaqoji yeniliklər məktəbin iş təcrübəsini 
						zənginləşdirir. Təbii ki, problemlərin kollektiv, 
						demokratik həllində məktəb direktoru aparıcı simaya 
						malikdir. Tanınmış pedaqoq və təşkilatçı Gülnaz 
						Mehdizadə 2006-cı ildən 7 nömrəli məktəbə rəhbərlik edir. 
						Məktəbdə normal iş şəraiti və səmərəli öyrənmə mühiti 
						yaradılıb.  
						
						
						Müəllim və şagird şəxsiyyətinə dərin hörmət, düzgün 
						münasibət məktəb fəaliyyətinin, pedaqoji prosesin 
						əsasını təşkil edir. Gülnaz Mehdizadə hesab edir ki, 
						məktəbdə hər bir şagird və müəllimin təhsil prosesində 
						öz sözü, öz yeri olmalıdır. Öyrədən müəllim öyrənən 
						şagirdin səsinə həssaslıqla qulaq asmalı, onun 
						tələbatına tam cavab verməlidir. Belə yanaşmanın bir 
						vizual modeli demokratik qaydada seçilmiş "Şagird 
						parlamenti"dir. Parlament üzvləri hər həftənin sonunda 
						məktəbin radio qovşağı vasitəsi ilə rəhbər orqanlara və 
						məktəb kollektivinə hesabat verirlər. 
						
						
						Məktəbin müəllim və şagirdləri yeni layihələr 
						axtarışındadır. Əbəs deyil ki, XI sinfin şagirdləri ötən 
						ilin noyabrında Kiprdə keçirilən "Qlobal istilik və 
						sualtı ekologiya" mövzusunda beynəlxalq konfransda 
						uğurlu nəticə əldə edib. Daha üç şagird Almaniyada 
						M.Lomonosovun xatirəsinə həsr edilmiş beynəlxalq 
						olimpiadanın sertifikatını alıb və ikinci tura dəvət 
						olunub. 
						
						
						Direktorun təşkilatçılıq bacarığı və axtarışlara, 
						innovasiyalara meyilliliyi, əzmkarlığı nəticəsində 
						məktəb "Dünya innovativ məktəblər şəbəkəsi"nin üzvü olub. 
						Hazırda həmin şəbəkə dünyanın 61 ölkəsindən olan 
						qabaqcıl məktəbləri əhatə edir. Burada, eyni zamanda baş 
						verən yeniliklər haqqında məlumat verilir və müvafiq 
						müzakirələr keçirilir. Şübhəsiz, qlobal iş təcrübəsinin 
						öyrənilməsi, Avropa təhsil məkanına inteqrasiya 
						məktəblərdə yeni layihələrin hazırlanmasına yol açır. 
						Bütün bunların nəticəsidir ki, artıq 3 ildir məktəbdə "Diferensial 
						siniflər" layihəsi işlənib həyata keçirilir.  
						
						
						Hazırda 7 nömrəli məktəb demokratik şəraitdə 
						fəaliyyətini davam etdirməkdə, pilot məktəb statusunu 
						daha artıq möhkəmləndirmək, qoruyub saxlamaq əzmindədir. 
						Biz məktəbin rəhbərliyi, şagird və müəllim kollektivini 
						bu təhsil ocağının yaradılmasının 90 illiyi münasibəti 
						ilə ürəkdən təbrik edir, öz fəaliyyətlərində daha böyük 
						uğurlar arzulayırıq.   
						
						
						
						Əlizadə ƏSGƏRLİ, 
						AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, 
 filologiya elmləri doktoru, professor  |