| 
						 
						
						Bu günlərdə Azərbaycan Dillər Universitetində mülki 
						müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın 
						təşkilatçılığı ilə "Sağlam həyat tərzi gənclərin gözü 
						ilə" mövzusunda tədbir keçirildi. Tədbirdə   Nazirlər 
						Kabinetinin, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq 
						Problemləri üzrə Dövlət Komitəsinin, Regional 
						Psixologiya Mərkəzinin  nümayəndələri  və universitetin 
						tələbə-müəllim heyəti iştirak edirdi.  
						
						
						ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev 
						çıxış edərək gənclərin sağlam həyat tərzinin 
						formalaşmasına dövlət tərəfindən daim diqqət və qayğı 
						göstərildiyini bildirdi.  Tələbələrin sağlam həyat 
						tərzinə uyğunlaşması istiqamətində belə tədbirlərin 
						əhəmiyyətindən danışan Ə.Əliyev maarifləndirmə işinin bu 
						sahədə önəmli rol oynadığını diqqətə çatdırdı. Zərərli 
						vərdişlərin yayılmasının qarşısının alınması 
						istiqamətində keçiriləcək tədbirlərlə bağlı Nazirlər 
						Kabinetinə müraciət edildiyi  və bu təşəbbüsə dəstək 
						verildiyi qeyd edildi. 
						
						
						Sonra 1 saylı İngilis dili və regionşünaslıq və 
						beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin 
						ifasında "İtirilmiş həyatlar" adlı tamaşa nümayiş 
						etdirildi.  
						
						
						Gənclərin üzləşdiyi problemlərin obrazlı şəkildə 
						canlandırılmasını yüksək qiymətləndirən Regional 
						Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova  bu 
						kimi tədbirlərin psixoloji tərbiyə mühitində önəmli rol 
						oynadığını vurğuladı.  
						
						
						Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə  
						çıxışında zərərli vərdişlərlə mübarizədə ADU-nun 
						tələbələrinin yenilikçi ideyalarının təsiredici 
						xarakterə malik olduğunu bildirdi. Yeni maarifləndirmə 
						üsullarının ənənəvi metodlardan daha  effektiv olduğu 
						tədbir iştirakçılarının diqqətinə çatdırıldı.   
						 
						
						
						Tədbir diskussiya ilə başa çatdı.  
						
						
						
						Şakir CƏFƏROV  |