| 
						 
						
						 Tarixin 
						qəhrəmanlıq səhifəsini vərəqlədikcə gözümüz önündə gözəl 
						bir məmləkət - Odlar yurdu Azərbaycan canlanır. Elə bir 
						məmləkət ki, neçə-neçə illərin, əsrlərin sınağından 
						iftixarla çıxıb. Neçə-neçə ərənlər, qəhrəmanlar bu 
						torpağın qoynunda  öz əbədiyaşar adını həkk edib, 
						əbədiyyətə qovuşub, tarixə öz layiqli   imzasını  atıb.
						 
						
						
						Təsadüfi deyil ki, bu gün çalışdığım təhsil ocağı məhz 
						həmin qəhrəmanlardan biri - Roman Yusifovun adını 
						daşıyır. Məktəbimiz lisey tiplidir. Liseyin müəllim və 
						şagirdləri qəhrəmanın adına layiq təhsil və 
						fəaliyyətləri ilə nümunə göstərməyə  çalışırlar. 
						Məktəbdə tədris olunan tarix dərsləri  mütəmadi olaraq 
						qəhrəmanın şərəfinə təşkil olunmuş sinif-guşədə 
						keçirilir. Şagirdlər  sinif-guşədə qəhrəmanın keçdiyi 
						qəhrəmanlıq  və həyat yolu barədə tam məlumat əldə edir, 
						tariximizin  şanlı səhifəsinin bir hissəsinin də 
						şabranlılardan ibarət olduğunu qürur hissi ilə yad 
						edirlər. Bu ənənə ədəbiyyat dərslərində tarixi 
						qəhrəmanlıq  mövzulu dərslərin tədris olunduğu zaman da 
						təkrarlanır. Şagirdlərlə tədris prosesində tez-tez şanlı 
						tarixi salnaməmizdən bəhs edən inşa yazılar üzərində 
						işləyirik. Bu missiyanın əsas məqsədi şagirdlərdə Vətənə 
						olan məhəbbət və vətənpərvərlik hisslərini aşılamaqdan 
						ibarətdir.    
						
						
						Bu yaxınlarda V sinifdə Mehdi Hüseynin "Odlu qılınc" 
						əsərini tədris edərkən şagirdlərə  "Azərbaycanın 
						azadlığı uğrunda mübarizə aparmış qəhrəmanlar" 
						mövzusunda kiçik bir inşa yazmağı tapşırdım. Hər kəs öz 
						inşasını bir tarixi qəhrəmana həsr etmişdi. Kimi "Kitabi-Dədə 
						Qorqud" dastanı qəhrəmanlarının igidliyindən, kimi xalq 
						qəhrəmanı Koroğlu  və onun dəlilərindən, kimi Babək  və 
						Cavanşirin, kimi Qaçaq Nəbi və Qaçaq Kərəmin dağlara 
						çəkilərək ağır və çətin şəraitdə xalqın azadlığı uğrunda 
						apardığı  ləyaqətli və şərəfli mübarizəsindən söhbət 
						açaraq  onlara bənzəmək istədiklərini, lazım gələrsə 
						onlar kimi Vətənin azadlıq və müstəqilliyinin qorunması 
						yolunda canlarından keçməyə hazır olduqlarını inamla əks 
						etdirmişdilər. Şagirdlər Böyük Vətən müharibəsi 
						qəhrəmanlarından M.Hüseynzadə, H.Əliyev, H.Aslanov kimi 
						qəhrəmanları da unutmamış, onların adını çəkmiş, 
						keçdikləri  qəhrəmanlıq yolu haqqında məlumat 
						vermişdilər. Onlar Qarabağ münaqişəsi, 1995-ci ildə 
						dövlət çevrilişinə cəhdi də xüsusilə diqqətə çatdırmağa 
						çalışmışdılar. Mübariz İbrahimov, Fərid Əhmədov  kimi 
						mərd, cəsur, igid, qorxmaz vətən oğullarının ermənilərə 
						qarşı mübarizədə canları bahasına yurdlarını müdafiə 
						etmələri bu kiçikyaşlı məktəblilərin qəlbini böyük 
						iftixar  və qürur hissi ilə döyündürür. 
						
						
						 Şagirdlərdən 
						birinin inşası diqqətimi xüsusilə cəlb etdi. Bu kiçik,  
						vətənin gələcək müdafiəçisi  və  əsgəri inşasını bu 
						sözlərlə başlamışdı: "Vətən müqəddəsdir, Vətən pakdır, 
						Vətən ülvidir. Vətən sevənlərin gözü tək safdır, aydan 
						arı, sudan durudur. Vətən ana südü qədər şirin, ana 
						qucağı tək isti, ana nəfəsi kimi doğmadır, əzizdir. 
						Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də 
						bizik, Vətən övladlarıyıq". Sonra o, Azərbaycan xalqının 
						azadlıq və müstəqillik uğrunda  mücadiləsi tarixində 
						şanlı səhifələr açmış el qəhrəmanı Cavanşirdən bəhs 
						etmiş, inşasını bu sözlərlə davam etdirmişdi: "Mən 
						bilirəm ki, odlu qılınc olmur. Lakin  həyatını xalqın 
						azadlığı uğrunda mübarizəyə həsr etmiş bu el igidinin 
						qılıncı düşmən başına enəndə od-alov kimi parlayır. Bu 
						rəmzi məna  daşıyır.   Cavanşir, Babək kimi  
						qəhrəmanlarımız  bu gün  də  az  deyil. Bunlardan biri  
						oxuduğum məktəbin adını daşıyan Roman Yusifovdur. Mən 
						fəxr edirəm ki, qəhrəmanın adını daşıyan məktəbdə təhsil 
						alıram".  
						
						
						R.Yusifov Şabran rayonunda anadan olub. Orta təhsilini 
						adını daşıdığı 2 nömrəli tam orta məktəb-liseydə alıb. 
						Orta məktəbi bitirdikdən  sonra  ordu sıralarına, həqiqi 
						hərbi  xidmətə 1992-ci ilin ilk günlərində çağırılmışdır. 
						Torpaqlarımızın müdafiəsi  uğrunda erməni işğalçılarına 
						qarşı döyüşlərdə boğazından ağır yara alan  döyüşçü 
						Naxçıvanda hospitalda müalicə olunmuşdur. Sədərəkdən 
						sonra Romanın döyüş yolu az qala bütün cəbhə boyu  
						bölgələrdən keçmişdi: Füzuli, Tərtər, Kəlbəcər, Ağdam. 
						Roman igid, cəsur, vətənini göz bəbəyi kimi sevən bir 
						gənc idi. Onun cəsurluğu komandirlərinin gözündən 
						yayınmamışdı. Roman təhsil almaq üçün qısamüddətli 
						zabitlər kursuna göndərildi. Kursu müvəffəqiyyətlə 
						bitirən  kiçik leytenant  tağım komandiri təyin edildi. 
						
						
						1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərdə 
						qiyamçılara qarşı mübarizədə R.Yusifov müstəqilliyimizin, 
						dövlətçiliyimizin qorunub saxlanması yolunda 
						qəhrəmancasına həlak oldu. Bu gün R.Yusifovun təhsil 
						aldığı 2 nömrəli tam orta məktəb-lisey iftixarla onun 
						adını daşıyır. Milli Qəhrəmanın yaşadığı küçəyə onun adı 
						verilmiş, böyüyüb boya-başa çatdığı evin qarşısında 
						barelyefi vurulmuşdur. Məktəbin önündə büstü qoyulmuşdur. 
						Bu, məktəbimizin və rayonumuzun fəxri, Azərbaycanın 
						Milli Qəhrəmanı  R.Yusifovun xatirəsinə olan hörmət və 
						ehtiramın bariz nümunəsidir. Qəhrəmanın xatirəsini əziz 
						tutan məktəblilər hər il dekabrın 28-də - doğum günündə 
						qəhrəmanı yad edərək onun büstü və adına təşkil olunmuş 
						sinif-guşədəki şəkli önünə tər çiçəklər qoyurlar. 
						 
						
						
						Məktəbimizin şəhid qəhrəmanları  təkcə bununla bitmir. 
						Daha  dörd nəfər  canını Vətən uğrunda fəda etmiş  şəhid 
						bu məktəbin məzunudur: Rahib Mirzəyev, İbrahim Həsənov, 
						Sabit Əmiraslanov, Elman Məmmədov. Məktəb kollektivi bu 
						şəhidləri də yaddan çıxarmır, xatirəsini əziz tutur, 
						adlarına sinif-guşə təşkil edərək stendlərdə onların 
						keçdiyi həyat və döyüş yolu haqqında geniş və ətraflı 
						məlumat vermişdir.   
						
						
						Azərbaycan  Respublikasının suverenliyi və ərazi 
						bütövlüyünün qorunmasında vətən uğrunda canından keçən 
						qəhrəmanlar  heç vaxt unudulmur, yaddan çıxmır. 
						Qədirbilən xalqımız belə qəhrəmanları ilə fəxr edir, 
						onları qəlbində yaşadır, əbədi yad edir.   
						
						
						
						Kəmalə ŞEYDAYEVA, 
						Şabran şəhər  Roman Yusifov adına 2 nömrəli texniki 
						fənlər təmayüllü  
						tam orta məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat 
						müəllimi  |