| 
						 
						
						 2003-cü 
						ildə ulu öndər Heydər Əliyev yeni məktəblərin, mövcud 
						məktəblərə əlavə korpusların tikintisi və əsaslı təmiri 
						üzrə Dövlət Proqramının qəbul edilməsi ilə bağlı 
						sərəncam imzaladı. Bu sərəncamdan sonra ölkədə məktəb 
						tikintisi geniş vüsət almağa başladı. 
						
						
						Ulu öndərin siyasətini uğurla davam etdirən ölkə 
						Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi 
						vaxtdan məktəb tikintisinə diqqət daha da artırıldı. 
						2003-2008-ci illərdə  cənab Prezidentin diqqət və 
						qayğısı sayəsində respublikada  300 min yerlik 1360 yeni 
						məktəb binası tikilib istifadəyə verildi. Həmin 
						məktəblərdən biri də Hacıqabul şəhər 8 nömrəli humanitar 
						fənlər təmayüllü məktəb-liseydir. 
						
						
						15 sentyabr 2008-ci ildə fəaliyyətə başlayan bu 
						məktəb-lisey çox gənc olmasına baxmayaraq, verdiyi 
						təhsilin səviyyəsinə, bütün təlim-tərbiyə işlərinin 
						keyfiyyətli təşkilinə, şagirdlərin hazırlığına görə 
						rayonun qabaqcıl məktəblərindən hesab olunur. 
						
						
						Məktəbin müəllimləri müasir dərs üsullarını və yeni 
						texnologiyaları daha dərindən öyrənir, onları 
						dərslərində tətbiq etməyə çalışırlar. Məktəbdə təhsilin 
						keyfiyyətini daha da yüksəltmək  məqsədilə nümunəvi 
						dərslər, dərs dinləmələr, bilik yarışları keçirilir. 
						
						
						Məktəbin şagirdləri hər il istər rayon, istərsə də 
						respublika səviyyəli inşa müsabiqələrində, fənn 
						yarışmalarında fəal iştirak edirlər. Belə ki, məktəbin 
						məzunu Aysel Ələkbərova 2010-2011-ci tədris ilində "Gələcək 
						nəsillərlə üz-üzə"  III ümumrespublika inşa 
						müsabiqəsinin qalibi olmuşdur. Məktəbin yetirmələri 
						respublika fənn olimpiadalarında  da artıq öz bilik  və 
						bacarıqları  ilə  fərqlənirlər. 
						
						
						2009-2010-cu tədris ilində Aysel Ələkbərova respublika 
						fənn olimpiadasında tarix fənni üzrə, 2010-2011-ci 
						tədris ilində isə biologiya fənni üzrə həvəsləndirici 
						yerlərə layiq görülmüşdür. 
						
						
						2011-2012-ci tədris ilində gənc məktəb daha böyük 
						uğurlara imza atdı. Məktəbin iki şagirdi - Aydın Şükürlü 
						respublika fənn olimpiadalarında tarix fənni üzrə III 
						yerə, Şirin Mehdiyeva isə kimya fənni üzrə 
						həvəsləndirici yerə layiq görüldülər. 
						
						
						Məktəblilər hərbi-vətənpərvərlik istiqamətində keçirilən 
						idman oyunlarında, idmanın müxtəlif növləri üzrə rayon 
						və respublika turnirlərində, yarışlarda böyük uğurla 
						çıxış edirlər. 
						
						
						2008-2009-cu tədris ilində "Şahin" hərbi-idman 
						oyunlarının zona turunda II yerə layiq görülmüş məktəbin 
						komandası respublika final yarışlarında iştirak etmək 
						hüququ qazanmış, həmin mərhələdə də uğurlu iştirakına 
						görə Təhsil Nazirliyinin diplomu ilə təltif edilmişdir. 
						
						
						Məktəb 2011-2012-ci tədris ilində rayonda keçirilən "Azərbaycan 
						dili və ədəbiyyat" aylığı çərçivəsində sinifdənxaric 
						işlər üzrə I yerə layiq görülmüşdür.   
						
						
						
						Y.MƏMMƏDOVA, 
						Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü 
						məktəb-liseyin  
						Azərbaycan dili və ədəbiyyat müəllimi  |