| 
						 
						
						Bakıdakı 204 nömrəli tam orta məktəbin şagirdləri 
						aprelin 18-də keçirdikləri "Dünya bizim evimizdir" adlı 
						ekoloji tədbirlərini Yer gününə həsr etmişdilər. 
						
						
						Şagird aparıcılar tədbiri açdıqdan sonra Yer planeti 
						haqqında qısametrajlı film nümayiş olundu. Filmdə 
						planetimizin mənzərəli yerlərindən, zəngin flora və 
						faunasından görüntülər əksini tapmışdı. Filmi şagird 
						aparıcının dünyamız haqqında verdiyi ümumi məlumat 
						müşayiət edirdi. Məlumatda Yerin bizim vahid evimiz 
						olması, planetin səthinin böyük hissəsini su təşkil 
						etməsi, dünya okeanlarının iqlimə təsiri, ilk həyatın 
						okeanda olması və s. kimi bilgilərdən söz açılırdı. 
						
						
						Aparıcıların söylədikləri "Amma çox təəssüf ki, bu gözəl 
						planetimiz insan əli ilə bəzən korlanır" sözlərindən 
						sonra ekrandakı gözəl mənzərələri ekologiyanın 
						çirklənməsini əks etdirən epizodlar əvəz etdi. 
						
						
						Sonra ekologiyanı qorumaq üçün dünyada və ölkəmizdə 
						görülən işlər barədə məlumat verildi. Qeyd olundu ki, 
						BMT bu məqsədlə 1970-ci ildə aprelin 22-ni Beynəlxalq 
						Yer günü elan edib. Artıq 42 ildir ki, bu gün ekoloji 
						aksiyalarla qeyd olunur. Şagirdlər bildirdilər ki, 
						ölkəmizdə ekologiyanın qorunması, ekoloji problemlərin 
						həlli istiqamətində mühüm işlər görülür. Bu məsələ daim 
						dövlətimizin diqqət mərkəzindədir. 
						
						
						Tədbirdə Azərbaycanda ekoloji problemlərlə bağlı 
						şagirdlərin hazırladıqları slaydlar proyektor vasitəsi 
						ilə nümayiş olundu.  
						
						
						Sonra şagirdlər ekologiyanın çirkləndirilməsi və buna 
						qarşı mübarizə mövzusunda səhnəcik nümayiş etdirdilər. 
						
						
						Aparıcılar ekologiyanın qorunması istiqamətində məktəbin 
						rəhbərliyi və müəllimlərin köməyi ilə həyata keçirilən 
						tədbirlərdən danışdılar. Bildirdilər ki, "Havada oksigen 
						qazının artması üçün sən də bir addım at" adı altında 
						keçirilən aksiyaya məktəbin 7-ci sinif şagirdləri də 
						qoşulmuş, çoxlu ağac və gül kolları əkmişlər. Aksiya 
						çərçivəsində bukletlər hazırlanaraq əhaliyə paylanıb. 
						
						
						Aksiyadan hazırlanmış slaydlar göstərildi. Şagirdlər 
						aksiyanın bir sıra ekoloji problemlərin həllinə müsbət 
						təsir edəcəyinə inandıqlarını söylədilər. 
						
						
						Sonra söz tədbirin əsas təşkilatçısı olan coğrafiya 
						müəllimi Aysel Süleymanovaya verildi. O, ekologiyanı 
						qorumağın, ətraf mühitin çirkləndirilməsinə qarşı 
						mübarizənin vacibliyindən danışıb məktəblilərin bu 
						proseslərdə iştirakını təqdir etdi və tədbiri yüksək 
						səviyyədə keçirdikləri üçün onlara təşəkkürünü bildirdi. 
						
						
						Coğrafiya fənnindən nümayiş etdirdikləri fəallığa görə 
						məktəbin 7-ci sinif şagirdlərinin böyük bir qrupuna 
						diplomlar təqdim olundu. 
						
						
						Tədbiri yekunlaşdıran məktəbin direktoru Ziba Rzayeva da 
						ekoloji problemlərin yaranma səbəblərindən, ölkəmizdə 
						onların həlli istiqamətində atılmış addımlardan danışdı. 
						Direktor məktəblilərin keçirilən ekoloji aksiyalarda 
						iştiraklarını, tədbirdəki çıxışlarını yüksək 
						qiymətləndirib, onlara, habelə bu işdə əməyi olan 
						coğrafiya müəllimi Aysel Süleymanovaya, təlim-tərbiyə 
						işləri üzrə direktor müavini Kübra Əliyevaya təşəkkür 
						etdi.  
						
						
						
						Yusif ƏLİYEV  |