| 
						 
						
						 Yeni 
						Zelandiya dünya elminə bir sıra dahilər bəxş edib. 
						4443000 əhalisi olan bu ölkə 3 Nobel mükafatçısı 
						yetişdirib. Onların arasında ən məşhuru, mübaliğəsiz 
						olaraq demək olar ki,  radioaktivlik və atomun quruluş 
						nəzəriyyəsinin banilərindən biri Ernest Rezervorddur. 
						Rezervordun adı elm tarixində həm də ona görə yüksək 
						zirvədədir ki, onun 12 tələbəsi Nobel mükafatı 
						laureatıdır.  O, alfa və beta şüalarını kəşf etmiş və 
						onların təbiətinin izahını vermişdir. 1903-cü ildə 
						F.Soddi ilə birlikdə radioaktivlik nəzəriyyəsini yaradıb. 
						1911-ci ildə atomun planetar modelini təklif edən alim 
						1921-ci ildə neytronun mövcudluğunu əvvəlcədən xəbər 
						vermişdi. 1908-ci ildə kimya üzrə Nobel mükafatı alıb.  
						
						
						
						Məktəb illəri  
						
						
						İngilis fiziki Ernest Rezervord 1871-ci il avqustun 
						30-da Yeni Zelandiyada Nelson şəhəri yaxınlığında anadan 
						olub. O, tikinti ustası olan Ceyms Rezervord və 
						şotlandiyalı məktəb müəllimi Marta (Tompson) Rezervordun 
						ailəsində doğulmuş 12 uşaqdan biri  idi. Həkim 
						olmadığından uşaqlardan 3-ü müxtəlif xəstəliklərdən 
						vəfat etmişdi. Balaca Ernest iricüssəli, heyrətləndirici 
						yaddaşa, qeyri-adi gücə malik idi.   O, əvvəlcə yerli 
						ibtidai və orta məktəbi bitirib, daha sonra Nelson 
						Kollecinə daxil olaraq xüsusi təqaüdə layiq görülüb.  
						Burada özünü xüsusən də riyaziyyat sahəsində istedadlı 
						tələbə kimi göstərib.  Təhsildə qazandığı uğurları 
						sayəsində Ernest tezliklə daha bir təqaüdə layiq 
						görülməklə ölkənin ən böyük şəhəri olan Kreytçerdəki 
						Keterberi Kollecinə daxil olmaq  imkanı qazanıb.    
						Kollecdə oxuyarkən fizika və kimya müəllimləri 
						E.Bikerton və riyaziyyatçı C.Kuxun ona böyük təsiri olub. 
						1892-ci ildə Ernest humanitar elmlər sahəsində bakalavr 
						dərəcəsi aldıqdan sonra riyaziyyat üzrə aldığı təqaüd 
						hesabına kollecdə məşğələləri davam etdirib.  Növbəti il 
						Ernest fizika və riyaziyyat imtahanlarını hamıdan yaxşı 
						verərək  humanitar elmlər magistri olub. Onun magistrlik 
						işi hələ 10 il əvvəl kəşf olunmuş yüksəktezlikli 
						radiodalğaların tədqiqinə həsr olunmuşdu. Ernest bu 
						hadisəni öyrənmək üçün simsiz radioötürücü icad etmişdi.  
						Bu qurğu vasitəsilə o, uzaq məsafədən həmkarlarının 
						göndərdiyi radiosiqnalları qəbul edirdi.   
						
						
						 1894-cü 
						ildə E.Rezervorda təbiətşünaslıq sahəsində bakalavr 
						dərəcəsi təqdim olundu. Keterberi Kollecində belə bir 
						ənənə mövcud idi: humanitar sahədə magistr dərəcəsi 
						almış və kollecdə qalmış hər bir tələbə elmi 
						araşdırmalarını davam etdirməli və təbiət elmləri 
						sahəsində bakalavr dərəcəsi almalı idi. Beləliklə də 
						Ernest 23 yaşında 3 dərəcə - humanitar elmlər sahəsində 
						bakalavr, təbiətşünaslıq sahəsində bakalavr,  humanitar 
						sahədə magistr dərəcələri alıb. Kreytçerdə qısa zaman 
						ərzində yerli məktəbdə müəllimliklə məşğul olan 
						Rezervord elm sahəsində qeyri-adi qabiliyyətləri 
						sayəsində Böyük Britaniyada Kembric Universitetinin 
						təqaüdünə layiq görülür. Ernest bu xəbəri atasının 
						kartof tarlasında işləyərkən alıb. O, ətrafındakılara 
						baxaraq uzaqgörənliklə deyib: "Bu, yəqin ki, mənim qazıb 
						çıxardığım sonuncu kartofdur". O, zəhmətkeş ailədə 
						anadan olmuşdu. Buna görə də uşaq yaşlarından əməyə 
						alışmışdı. Məhz zəhmətsevərliyi nəticəsində o, mümkün 
						olan 600 baldan 580-i toplayaraq İngiltərədə təhsilini 
						davam etdirmək imkanı qazanmışdı.   
						
						
						
						Rezervordun parlaq kəşfi  
						
						
						O, Kembricdə məşhur Kavendiş laboratoriyasında, dünyanın 
						ən böyük elmi-tədqiqat mərkəzlərindən birində 
						araşdırmalar aparıb. Kavendiş laboratoriyası dünyaya 15 
						Nobelçi alim bəxş edib. Rezervord burada ingilis fiziki 
						Con Tompsonun rəhbərliyi altında işləyib. Rezervordun 
						radiodalğaların tədqiqi sahəsində işləri Tompsonda dərin 
						təəssürat yaradıb və o, 1896-cı ildə cəmi bir il əvvəl 
						kəşf olunmuş rentgen şüalarının qazlarda elektrik 
						boşalmalarına təsirini öyrənməyi təklif edib. Onların 
						birgə əməkdaşlığı və Tompsonun mənfi elektrik yükə malik 
						elektronu kəşf etməsi uğurla nəticələnib. Öz 
						tədqiqatlarına əsaslanan Tompson və Rezervord belə bir 
						mülahizə irəli sürdülər ki, rentgen şüaları qazdan 
						keçərkən  qaz atomları parçalanır, nəticədə eyni sayda 
						müsbət və mənfi yüklü zərrəciklər ayrılır. Alimlər bu 
						zərrəcikləri ion adlandırıblar. Bu işlərdən sonra 
						Rezervord atom strukturunun öyrənilməsi ilə məşğul olub.
						 
						
						
						1899-cu ildə Rezervord Kanadanın Monreal şəhərindəki 
						Makginli Universitetində professor  vəzifəsini qəbul 
						edib. O, burada uran elementinin radioaktiv şualanması 
						ilə bağlı bir sıra vacib eksperimentlərə başlayıb. 
						Təcrübələrin nəticəsi kimi alimin 66 elmi məqaləsi, "Radioaktivlik" 
						kitabı nəşr olunub.  Alim tezliklə alfa və beta 
						şüalanmalarını kəşf edib. Daha sonra fizik müəyyən edib 
						ki, radioaktiv torium elementi qazabənzər radioaktiv 
						məhsul buraxır. O, bu məhsulu şüalanma adlandırıb. 
						Sonrakı tədqiqatlar göstərib ki, digər radioaktiv 
						elementlər - radium və aktinium da şüalanma buraxırlar. 
						Bu və digər kəşflər əsasında Rezervord belə bir  
						əhəmiyyətli elmi nəticəyə gəlmişdi ki, bütün radioaktiv 
						elementlər alfa və beta şüalar buraxır. Daha çox maraq 
						kəsb edən məqam isə ondan ibarət idi ki, istənilən 
						radioaktiv elementin radioaktivlik  xüsusiyyəti müəyyən 
						zaman keçdikdən sonra zəifləyir. Bu nəticələr belə bir 
						elmi qənaətə gəlməyə əsas verirdi ki, bütün radioaktiv 
						elementlər atomların vahid ailəsinin məhsuludur. 
						Makginli Universitetində aparılan elmi tədqiqatlar 
						əsasında Rezervord və onun həmkarı Frederik Soddi 
						yaratdıqları radioaktivlik nəzəriyyəsinin müddəalarını 
						ifadə etdilər. Bu müddəaya əsasən, radioaktivlik o zaman 
						baş verir ki,  atomdan böyük sürətlə zərrəcik ayrılır və 
						bu itki nəticəsində  bir kimyəvi elementin atomu digər 
						elementin atomuna çevrilir. Rezervord və Soddinin bu 
						nəzəriyyəsi  atomların dəyişilməz və bölünməz olmasına 
						dair əvvəllər mövcud olmuş  konsepsiyalarla ziddiyyət 
						təşkil edirdi. Rezervord əldə olunmuş nəticələri daha da 
						inkişaf etdirmək üçün bir sıra eksperimentlər apardı, bu 
						araşdırmalar onun təklif etdiyi nəzəriyyəni təsdiq etdi.  
						Rezervordun elmi işləri bütün dünyada alimlər tərəfindən 
						dərin  maraqla qarşılanmışdı.  Aparıcı  elmi-tədqiqat 
						mərkəzləri, Avropanın məşhur universitetləri Rezervordu 
						əməkdaşlığa dəvət edirdilər. Elmi araşdırmalar mərkəzinə 
						yaxın olmaq məqsədilə Rezervord tezliklə İngiltərədəki 
						Mançester Universitetində professor vəzifəsini tutdu. O, 
						burada radioaktivliyin öyrənilməsi üzrə məktəb yaratdı. 
						1908-ci ildə radioaktiv maddələrin kimyasında 
						elementlərin parçalanması sahəsində tədqiqatlarına görə 
						kimya üzrə  Nobel mükafatına layiq görüldü. İsveç Kral 
						Akademiyası bildirirdi ki, "Rezervordun kəşfi parlaq 
						nəticəyə yol açıb: elementE digər elementə çevrilə bilər". 
						Rezervord mükafatı alarkən zarafatla demişdi ki, "Eelə 
						mən özüm də fizikdən  kimyaçıya çevrildim".  
						
						
						
						Planetar model  
						
						
						 Nobel 
						mükafatını aldıqdan sonra Rezervord nazik qızıl 
						folqaların uranın radioaktiv parçalanma məhsulu olan  
						alfa zərrəciklərlə bombalanması nəticəsində müşahidə 
						olunan hadisələrin öyrənilməsi ilə məşğul olub.   Alim 
						müəyyən etmişdi ki,  alfa zərrəcikləri əksetmə bucağının 
						köməyi ilə davamlı elementlərin strukturunu öyrənmək 
						mümkündür. O zaman mövcud olmuş təsəvvürlərə görə, atom  
						tərkibində müsbət və mənfi yüklərin bərabər paylandığına 
						görə alfa zərrəciklərin hərəkət istiqamətini dəyişə 
						bilməyən  modeldir. Qüvvədə olan Tompson modeli atomu 
						içərisində yüklənmiş elektron olan cism kimi təsvir 
						edirdi. Lakin bu model atomun xassələrini açmırdı. 
						Rezervord müəyyən etmişdi ki, qüvvədə olan nəzəriyyədən 
						fərqli olaraq,  alfa zərrəciklərinin müəyyən qismi 
						gözlənilən istiqamətlərdən böyük məsafədə uzaqlaşır.  Öz 
						araşdırmaları ilə  Rezervord təsdiq etmişdi ki, alfa 
						zərrəciklərinin kifayət qədər böyük hissəsi gözləntilərə 
						rəğmən daha uzaq məsafədə, bəziləri hətta 90 dərəcədən 
						artıq məsafədə  ayrılırlar. Bütün bu proseslər üzərində 
						fikirləşən Rezervord 1911-ci ildə atomun yeni modelini 
						təklif etmişdi. Bu gün hamı tərəfindən qəbul olunmuş 
						modelə əsasən, yüklənmiş müsbət zərrəciklər atomun 
						ağırlıq mərkəzində, mənfi zərrəciklər (elektron) nüvənin 
						orbitində, ondan kifayət qədər uzaq məsafədə  yerləşib.  
						Bu model Günəş sisteminin  modelinə uyğun olaraq onu 
						nəzərdə tutur ki, atomlar əsas olaraq boş məkandan 
						ibarətdir. Rezervordun elmi qənaətləri klassik 
						mexanikanın prinsipləri ilə bir araya gəlmirdi. Fırlanan 
						yüklü zərrəcik özündən elektromaqnit dalğaları buraxaraq 
						enerji itirməlidir. Hesablamalara görə isə elektronun 
						nüvəyə düşməsi vaxtı çox qısadır.   Rezervordun 
						nəzəriyyəsi 1913-cü ildə danimarkalı fizik Nils Borun 
						elmi işlərindən sonra birmənalı qəbul olunmağa başladı. 
						Məhz Bor Rezervordun planetar modelinə prinsipcə yeni 
						keyfiyyət - kvant ideyasını gətirmişdi.   Bor sübut 
						edirdi ki, Rezervordun terminlərdə təklif etdiyi 
						strukturlar hidrogen atomunun, eləcə də daha ağır 
						elementlərin atomlarının artıq elmə məlum olan fiziki 
						xassələri  ilə izah oluna bilər. Nils Borun məşhur 
						postulatlarına görə, elektronlar müəyyən enerji 
						vəziyyətində şüalanırlar. O göstərmişdir ki, atomu 
						təsvir etmək üçün klassik mexanika kifayət deyil. 
						Atomların sonrakı tədqiqatı kvant mexanikasının 
						yaranmasına gətirib çıxarmışdır. Bu sahə bir çox 
						müşahidə olunan faktların izahını mümkün etmişdir. 
						Rezervord atomun planetar modelini kəşf etmək üçün on 
						ildən çox vaxt sərf etdi. Alim alfa zərrəciklərinin 
						qızıl folqadan səpilməsi təcrübəsinin 20 minə yaxın 
						fotoşəklini çəkdi və onları araşdırdı. 1900-cü ildə 
						başlanmış  iş 1913-cü ildə başa çatdı. Bu, elm naminə 
						fədakarlıq idi. Rezervord 1920-ci ildə neytron və 
						deytronların mövcudluğunu əvvəlcədən xəbər vermişdi. 
						Onun bu sahədə işləri nüvə energetikasının əsasını 
						təşkil edirdi.       
						
						
						
						Böyük alim, böyük müəllim  
						
						
						 Məlumdur 
						ki, Ernest Rezervord  təkcə böyük alim yox, həm də  
						böyük müəllim olub. "Mən onun müasiri olan digər hər 
						hansı bir böyük alimin  laboratoriyasında bu qədər 
						görkəmli fizikin işlədiyini yadıma sala bilmirəm. Elmin 
						tarixi göstərir ki, böyük alimin böyük insan olması 
						məcburi deyil, lakin böyük müəllim hökmən böyük insan 
						olmalıdır",-deyə Rezervordun tələbəsi olmuş Nobel 
						mükafatı laureatı, akademik Pyotr Kapitsa 1966-cı il 
						mayın 17-də London Kral Cəmiyyətində müəlliminin 
						xatirəsinə həsr olunmuş  çıxışında qeyd edirdi.   Onun 
						sözlərinə görə, bir çox fiziklər, xüsusilə, 
						nəzəriyyəçilər  elmi mübahisələri çox sevirlər; mübahisə 
						prosesi onlar üçün təfəkkür üsuludur. "Mən heç vaxt 
						eşitməmişəm ki, Rezervord mübahisə etsin.  O, öz fikrini 
						çox qısa və tam aydınlığı, konkretliyi ilə  ifadə edərdi; 
						Əgər ona etiraz edərdilərsə, o, maraqla onlara qulaq 
						asardı, bununla da diskussiyalar başa çatardı. Rezervord 
						hələlik heç bir konkret nəticə əldə etməyən tələbəsinə  
						çox az diqqət yetirərdi. O, xırda himayəçiliklə məşğul 
						olmazdı.  Rezervord tez-tez qısa müddətə laboratoriyaya 
						gələr və hər dəfə belə bir irad bildirərdi: "Nədi bu, 
						yenə  bir yerdə toplaşmısınız? Nəticələr nə vaxt olacaq?". 
						Mən Kavendiş laboratoriyasında yeni çalışmağa başlayanda 
						onun bu cür iradları mənə çox güclü təsir edirdi, 
						xüsusən də ona görə ki, onlar uca səslə və onun üzünün 
						sərt ifadəsi ilə deyilirdi. Sonradan mən əmin oldum ki,  
						bu, onun ani fikirləridir: Rezervord bunları Yeni 
						Zelandiya fermerlərindən əxz etmişdi. Onlar öz 
						tabeliklərində olan işçiləri ruhlandırmaq üçün bəzən bu 
						kimi "xoş" sözlər deyirdilər".  
						
						
						Bir haşiyə: Bir  axşam dahi fizik laboratoriyaya daxil 
						olub. Gec olsa da, alim tələbələrindən birini  
						laboratoriya cihazına doğru əyilmiş vəziyyətdə görüb. 
						Tələbə və müəllim arasında belə bir dialoq olub: 
						
						
						- Siz bu gec saatda nə edirsiniz? 
						
						
						- İşləyirəm. 
						
						
						 -  
						Bəs gündüz nə edirsiniz?  
						
						
						- Əlbəttə, işləyirəm.   
						
						
						- Bəs, səhər tezdən yenə işləyirsiniz?  
						
						
						- Bəli, professor, səhər tezdən də işləyirəm,-deyən 
						tələbə təriflənəcəyi ümidilə müəlliminə baxıb. Rezervord 
						tutulub və əsəbiliklə soruşub:  
						
						
						- Qulaq asın, bəs siz nə vaxt  düşünürsünüz?  
						
						
						
						Tələbələri üstündə əsən  müəllim 
						
						  
						
						
						Tələbələrinin elmi təşəbbüslərini dəstəkləmək, əldə 
						olunan nəticələri düzgün qiymətləndirmək, onlara 
						istiqamət vermək bacarığı  Rezervordun bir alim kimi ən 
						gözəl xüsusiyyətləri olub. Dahi fizik tələbələrinin 
						üstündə əsirdi. Onun  şagirdlərində qiymətləndirdiyi ən 
						yaxşı keyfiyyətlər  təfəkkürün müstəqilliyi, 
						təşəbbüskarlıq, şəxsiyyət  idi. Bununla belə, demək 
						lazımdır ki, Rezervord çox həssas psixoloq kimi insanın 
						fərdi xüsusiyyətlərini üzə çıxarmaq üçün əlindən gələn 
						hər şeyi edirdi. Akademik Kapitsa xatirələrində qeyd 
						edirdi: "Kembricdə işləyərkən mən bir dəfə Rezervorda 
						dedim ki, tələbələrindən biri uğursuz ideya üzərində 
						işləyir, boş yerə vaxt itirməklə məşğuldur. Cavabında 
						Rezervord gözlənilmədən dedi: "Mən bilirəm ki, o, 
						ümidsiz problem üzərində işləyir, lakin bu problem onun 
						özünə məxsusdur və əgər bu iş nəticəsiz başa çatsa belə, 
						əvəzində o, müstəqil surətdə düşünməyi öyrənəcək və bu 
						onu digər problemə gətirəcək ki, bunun da eksperimental 
						nəticəsi olacaq".  Kapitsann sözlərinə görə, Rezervord 
						insanda orijinal düşüncəni və müstəqilliyin tərbiyə 
						olunması üçün hər şeyi qurban verməyə hazır idi. Və əgər 
						bu keyfiyyətlər üzə çıxardısa, Rezervord öz qayğısını 
						əsirgəməz, hər vasitə ilə onun işini həvəsləndirərdi.   
						Rezervord hesab edirdi ki, elmi tədqiqatlara yenicə 
						başlamış alimə texniki cəhətdən çətin iş tapşırmaq 
						düzgün deyil. Yeni işçiyə, hətta o, əgər istedadlı olsa 
						belə uğur lazımdır, ən xırda uğursuzluqlar onda  
						əsaslandırılmamış məyusluq yarada bilər. Əgər şagirdin 
						uğuru varsa, onu ədalətli olaraq qeyd etmək və 
						qiymətləndirmək lazımdır. O, hər bir yeni tədqiqat işini 
						tələbələrinə təqdim edərkən qeyd edərdi ki, "ümid edirəm 
						ki, bu, vacib mövzudur, çünki hələ bilmədiyimiz çox 
						şeylər var". 
						
						
						Yetirmələrinə qayğı ilə yanaşar, onlara axşam saat 6-dan 
						sonra işləməyə icazə verməzdi. O deyirdi ki, pis o 
						insandır ki, həddən artıq çox işləyir və çox az düşünür.  
						"Şagirdlərim məni gənc qalmağa məcbur edir",-deyən alim 
						hesab edirdi ki, sadəlik ən böyük müdriklikdir. Dünya 
						şöhrətli alim olmasına baxmayaraq, Rezervord elmi 
						dairələrdə, həm də həyatda sadə insan kimi tanınırdı.     
						Elmi diskussiyalarda alim  "mən sadə insanam, mənə sadə 
						cavab verin",- deyirdi.  
						
						
						
						Timsah ləqəbli alim 
						
						  
						
						
						Mehriban və səmimi xasiyyətinə görə tələbələri və 
						həmkarları Rezervordu timsah ləqəbi  ilə çağırırdılar. 
						Bunun öz tarixçəsi vardı. 1931-ci ildə Rezervord  bütün 
						səylərini səfərbər edərək sevimli tələbəsi Pyotr Kapitsa 
						üçün laboratoriya binasının tikintisinə 15 min 
						funt-sterlinq topladı. 1933-cü ilin fevralında Kembricdə 
						laboratoriyanın təntənəli açılışı oldu. İkimərtəbəli 
						binanın daş divarında nəhəng timsah təsviri həkk 
						olunmuşdu. Kapitsanın xahişi ilə bu işi məşhur 
						heykəltəraş Erik Qill görmüşdü. Laboratoriyanın giriş 
						qapısının açarı qızıldan hazırlanmış və timsah 
						formasında idi. Rus yazıçısı D.Danilin "Rezervord" adlı 
						kitabında qeyd edir ki, Kapitsa anasına yazdığı 
						məktubunda Rezervordu timsah adlandırmasından bəhs edib. 
						Rezervord özü də izah edirdi ki, daş divardakı timsah 
						təsviri ona həsr olunub.  Bu heyvan heç vaxt geri dönmür, 
						gözüaçıqlığı və sürətli, cəld hərəkətləri ilə 
						Rezervordun həmişə irəliyə doğru canatma səylərini 
						simvolizə edirdi. Rezervord tələbələrinin onu timsah 
						adlandırmasından heç vaxt inciməmişdi. O, həmişə irəliyə 
						baxar və məqsədinə doğru inamla, sürətlə irəliləyərdi.   
						Onun 12 tələbəsi fizika və kimya sahəsində tədqiqatlara 
						görə Nobel mükafatına layiq görülüb. Pyotr Kapitsa, Mark 
						Olifant, Patrik Blekett, Qans Qeyqer, Frederik Soddi, 
						Nils Bor,   Ernest Uolton, Ceyms Çedvik, Con Kokroft, 
						Eduard Eplton, Otto Qann, Henri Mozli alimin ən tanınmış 
						tələbələridir. Almaniyada Hitlerin hakimiyyətə 
						gəlməsindən sonra Rezervord daha narahat günlər 
						keçirməyə başlayıb. O, Almaniyanın ən məşhur elm 
						adamlarını nasistlərin təqibindən xilas etmək üçün 
						yaradılmış Akademik Yardım Şurasına rəhbərlik edib.
						 
						
						
						Rezervord kəşflərinin praktikada tətbiq olunmasına heç 
						vaxt inanmayıb. Bir dəfə ondan soruşublar ki, kəşf 
						etdiyi nüvə enerjisi nə zaman praktiki tətbiqini tapacaq. 
						Cavabında alim "Heç vaxt!" deyib. Daha sonra əlavə edib 
						ki, bunun üçün azı 200-300 il gözləmək lazım gələcək. 
						Rezervordun bu açıqlamasından 5 il sonra dünyada ilk 
						atom reaktoru işə salındı, daha 8 il sonra isə dünyada 
						ilk atom bombası yaradıldı.  
						
						
						1914-cü ildə ona zadəgan titulu verilib. 1923-cü ildə 
						Britaniya Assosiasiyasının prezidenti seçilib. 
						1925-1930-cu illər ərzində London Kral Cəmiyyətinin 
						prezidenti olub. Dünyanın ən məşhur universitetlərinin 
						və elmi cəmiyyətlərinin fəxri üzvü seçilib.  1931-ci 
						ildə baron titulu alan alim lord Rezervord of Nelson 
						adlandırılmağa başlanıb. O, Yeni Zelandiyaya anasına bu 
						məzmunda teleqram vurmuşdu: "Mənim lord Rezervord 
						olmağım məndən çox sənin xidmətindir. Oğlun Ernest". 
						Lord titulu alsa da Rezervord  bu imtiyazdan istifadə 
						etmədi, həmişə sadə fermer oğlu  olduğunu bildirirdi. 
						Ernest Rezervord bir vaxtlar Kreytçerdə yaşadığı pansion 
						sahibinin qızı Meri Corcine Nyuton ilə evlənib.  1901-ci 
						il martın 30-da onların yeganə qız övladları dünyaya 
						gəlib. O,  fizikada yeni  elm sahəsinin - nüvə 
						fizikasının banilərindən biri olan atasının doğum 
						günündə göz açıb. 1903-cü ildə Rezervordun London Kral 
						Cəmiyyətinin üzvü seçilməsi onun üçün qızının 
						doğulmasından sonra ikiqat sevinc idi. Ömrünün sonuna 
						kimi çox sağlam və gümrah olan alim 1937-ci il oktyabrın 
						17-də  Kembricdə qısa sürən xəstəlikdən vəfat edib. 
						 
						
						
						Ötən əsrdə çox haqlı olaraq fizikanın ən nəhəng 
						simalarından hesab olunan Ernest Rezervordun kəşfləri, 
						onun tələbələrinin bir neçə nəslinin gördüyü işlər elm 
						və texnikanın inkişafına, həm də milyonlarla insanın 
						həyatına böyük təsir edib. Rezervord  xüsusilə də 
						həyatının son günlərində bu təsirin xeyirli olacağı 
						barədə düşünməyə bilməzdi. Lakin o, nikbin idi, 
						insanlara və bütün həyatını həsr etdiyi  elmə inanırdı. 
						  
						
						
						
						Hazırladı:  Oruc MUSTAFAYEV  |