| 
						 
						
						  Azərbaycan 
						Müəllimlər İnstitutunun Mingəçevir filialının 
						təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 
						anadan olmasının 89-cu ildönümü münasibətilə "Heydər 
						Əliyev: elm və təhsil" mövzusunda elmi-praktik konfrans 
						keçirilmişdir. 
						
						
						Konfransda Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir 
						filialının, Mingəçevir Turizm Kollecinin professor-müəllim 
						heyəti, Yevlax, Bərdə, Ağdaş, Tərtər, Göyçay, Ucar 
						rayonlarından gələn təhsil işçiləri iştirak edirdilər. 
						
						
						Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin 
						abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri 
						qoydular. 
						
						
						Konfransı giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutu 
						Mirgəçevir filialının direktoru, fizika-riyaziyyat 
						elmləri doktoru, professoru Orucəli Rzayev açaraq ulu 
						öndər Heydər Əliyevin 23 iyun 2000-ci il tarixli fərmanı 
						ilə açılmış - müstəqilliyimizin töhfəsi olan AMİ-nin 
						Mingəçevir filialı və onun son illərdəki uğurları 
						haqqında məlumat verdi. Bildirildi ki, regionun qabaqcıl 
						ali təhsil müəssisələrindən sayılan AMİ-nin Mingəçevir 
						filialında bu gün riyaziyyat və informatika, riyaziyyat 
						və fizika, ibtidai sinif müəllimliyi, ingilis dili, 
						Azərbaycan dili və ədəbiyyat ixtisasları üzrə 647-dən 
						artıq tələbə təhsil alır.  
						
						
						Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 
						birinci müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru 
						İlham İsmayılov "Heydər Əliyev Azərbaycan təhsilinin və 
						elminin banisidir" adlı məruzə ilə çıxış etdi. 
						
						
						Sonra konfrans öz işini bölmələrdə davam etdirdi. 
						
						
						AMİ-nin Mingəçevir filialının tədris və elmi işlər üzrə 
						direktor müavini, fəlsəfə doktoru Nizami Abbasovun "Heydər 
						Əliyev və Azərbaycanda ali təhsilin inkişaf 
						tendensiyaları", əlavə təhsil üzrə direktor müavini, 
						fəlsəfə doktoru Xatirə Həsənovanın "Heydər Əliyev və 
						Azərbaycan təhsili", Mingəçevir təbiət-riyaziyyat və 
						humanitar elmlər təmayüllü liseyin direktoru, fəlsəfə 
						doktoru Mayıl İsmayılovun "Heydər Əliyev və milli təhsil 
						quruculuğu", Yevlax rayon Xaldan kənd kompleks tam orta 
						məktəbin direktoru Şahin Kərimovun "Heydər Əliyev 
						müstəqil Azərbaycan dövlətinin qurucusudur", Ucar 
						rayonunun Qaracal 1 nömrəli tam orta məktəbinin müəllimi 
						Elsor İbrahimovun "Heydər Əliyev və Azərbaycan", 
						Mingəçevir Turizm Kollecinin müəllimi Sahib Hüseynovun "Azərbaycan 
						təhsilinin ən şərəfli səhifəsi Heydər Əliyevin adı ilə 
						bağlıdır" adlı məruzələri maraqla dinlənilmişdir. 
						
						
						Çıxış edənlər ümummilli lider Heydər Əliyevin elmin, 
						təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu 
						öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev 
						tərəfindən uğurla həyata keçirildiyini vurğulamışlar.  
						
						
						
						Raya QULİYEVA, 
						AMİ-nin Mingəçevir filialının pedaqoji fakültəsinin 
						metodisti   |