| 
						 
						
						 Ali 
						məktəblərin biologiya, kənd təsərrüfatı fakültələrində 
						və tibb kolleclərində təhsil alan tələbələr, həmçinin 
						ixtisas müəllimləri üçün nəzərdə tutulmuş "Latın dili: 
						qrammatika və terminologiyanın əsasları" kitabı 
						səriştəli mütəxəssislər - Naxçıvan Tibb Kollecinin 
						direktoru, tibb üzrə fəlsəfə doktoru İ.R.Mustafayeva və 
						AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun 
						əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları 
						R.Ə.Ələkbərov, A.B.Bayramov və M.M.Məhərrəmov tərəfindən  
						birgə yazılmışdır. Fənn ədəbiyyatları sırasına yeni 
						təqdim edilmiş bu gərəkli dərslik haqqında öz 
						mülahizəmizi bildirmək istərdik. 
						
						  
						
						
						İlk öncə onu qeyd edək ki, indiki İtaliya dövlətinin 
						mərkəzində çox qədimlərdə mövcud olmuş tayfanın adı ilə 
						adlandırılan Latın dili uzun müddət Roma imperiyasında 
						və ona qonşu olan ölkələrdə dövlət dili, şeir və 
						ədəbiyyat dili olmuşdur. Həmin dövrlərdə təbabətin atası 
						sayılan Hippokrat (b.e.ə. 460 - 375-ci illər) və onun 
						yetirmələri tərəfindən latın-yunan tərkibli tibbi 
						terminologiyanın əsasları yaradılmağa başlandı. Tibbi 
						terminologiyanı bilmək və istifadə etmək antik dövr 
						həkimlərinin vəzifə borcu idi, bu amil təbiblərin savad 
						göstəricisi sayılırdı. Sonradan imperiyanın süqut 
						etməsinə baxmayaraq Latın dili uzun əsrlərdir ki, 
						yaşayır və müasir dövrdə də dünyanın yüksək ixtisaslı 
						mütəxəssis hazırlayan ali təhsil müəssisələrində və 
						universitetlərində elm və ədəbiyyat  dili kimi onun 
						xüsusi tədrisi davam etdirilir. Latın dilinin Orta 
						Şərqdə ən yaxşı bilicisi, dünyaca tanınmış təbib Əbu Əli 
						İbn Sinanın (980 - 1037-ci illər) məşhur "Təbabət 
						sənətinin qanunu" əsəri bu dilə tərcümə olunaraq uzun 
						illər Avropada tibbin tədrisində əsas dərs vəsaiti kimi 
						istifadə edilmişdir. 1594-cü ildə Romada latın dilinə 
						tərcümədə çap olunan "Evklid başlanğıcının təsviri" 
						əsəri Nəsirəddin Tusi ideyalarının Avropada yayılmasında 
						böyük iş görmüşdür. 
						
						
						Hazırda Yer kürəsində milliyyətindən asılı olmayaraq, 
						istənilən bioloq və ya tibb mütəxəssisi hər hansı bir 
						latın terminini - bitkinin, heyvanın elmi adını və ya 
						xəstəliyin diaqnozunu hansı əlifbanı öyrənməsindən asılı 
						olmayaraq latın hərfləri ilə ifadə edir, həmkarını başa 
						düşür və onunla ünsiyyət saxlaya bilir. Başqa sözlə, hər 
						bir tibb işçisinin və ya biologiya üzrə mütəxəssisin öz 
						sahəsi üzrə əldə edə biləcəyi uğur onun ixtisasına uyğun 
						elmi terminologiyanı düzgün mənimsəməsindən və bacarıqla 
						istifadə etməsindən  daha çox asılıdır. Ona görə də ali 
						və orta ixtisas tibb məktəblərində beynəlmiləl mənbə 
						kimi bütün elm sahələrində, xüsusən də tibdə və 
						biologiyada müasir terminologiyanın bünövrəsini təşkil 
						edən Latın dili kursu sırf ixtisas məqsədli tədris 
						edilir. Həmin tələbələr üçün nəzərdə tutulmuş bu kitab 
						ixtisas dilinin mənimsənilməsi üçün çox dəyərli dərs 
						vəsaiti hesab edilməlidir.  
						
						
						Kitab hər biri Latın dilinin tədrisində müəyyən 
						məsələlərin aydın, yığcam, həm də yetərli dərəcədə 
						əhatəli, ardıcıl şərhinə imkan verən 19 başlıqdan, 
						öyrənilmiş materialın daha yaxşı qavranılması məqsədi 
						ilə tərtib edilmiş tapşırıqlardan, testlərdən və ixtisas 
						üzrə geniş latın sözləri ehtiyatına malik olan lüğətdən 
						ibarətdir. Hippokratdan üzü bəri tibb və biologiya 
						elminin inkişafında xüsusi xidmətləri ilə seçilən elm 
						xadimləri haqqında verilmiş qısa məlumatlar, floramızda 
						geniş yayılmış faydalı dərman bitkilərinin latınca-azərbaycanca 
						adları, tibdə istifadəsi və onların yüksək keyfiyyətli 
						şəkilləri kitabın dəyərini xeyli artırmışdır. Dərslikdə 
						Latın dilinin əlifbası, qrammatikasının və fonetikasının 
						əsasları, termin düzəltmənin ümumi prinsipləri, üzvi 
						aləmin sistematikası və nomenklaturası üzrə məlumatlar, 
						həmçinin çoxsaylı tibbi, bioloji və farmakoloji 
						terminlərin qurulmasının izahlı nümunələri verilmişdir.
						 
						
						
						Bütün dillərdə olduğu kimi, Latın dilində də sözlərin 
						seçimi, tələffüzü və qrammatik formalarda istifadəsi 
						müəyyən qaydalara və normalara tabedir. Ədəbiyyatın, 
						elmin və texnikanın müasir dili olaraq qəbul edilmiş bu 
						dildə terminlər müəyyən məna daşıyan "terminoelementlər" 
						adlanan yunan və latın mənşəli önşəkilçilərin və 
						sonşəkilçilərin köməkliyi ilə yaradılır. Dərslikdə həmin 
						şəkilçilərin gözəl tərtib edilmiş cədvəllərdə əks 
						etdirilməsini və onların istifadəsi ilə yaradılan 
						terminlərin Azərbaycan dilində tərcüməsinin verilməsini 
						dilin tədrisini dərinləşdirən və müstəqil çalışmaq 
						imkanı yaradan üsul kimi qiymətləndiririk. Diqqət 
						yetirdikdə belə şəkilçilərin mənasına görə belə 
						terminlərin patoloji, fizioloji və ya müayinə 
						proseslərindən hansına aid olduğunu  asanlıqla 
						müəyyənləşdirmək olur.  
						
						
						Ali məktəblərdə və tibb kolleclərində təhsil alan 
						tələbələr üçün Latın dili üzrə dərs proqramlarında 
						nəzərdə tutulduğundan daha zəngin materialın elmi 
						səviyyədə, gözəl ədəbi dildə qavranılmasına imkan verən 
						qiymətli və olduqca faydalı vəsait əldə etmişlər. 
						Müəlliflər, şübhəsiz, təkcə tələbələrin deyil, həm də 
						bioloqların və tibb işçilərinin masaüstü kitabı olacaq 
						bu dərsliyi yazmaqla böyük və faydalı iş görmüşlər. 
						
						
						Aydın və anlaşıqlı dildə yazılmış bu kitabın hər bir 
						tibb işçisinin və biologiya elmləri üzrə mütəxəssisin öz 
						ixtisası üzrə dil mədəniyyətinə yiyələnməsinə, biliyinin 
						möhkəmlənməsinə və dünyagörüşünün formalaşmasına geniş 
						imkanlar yaradacağına inanırıq. Əminliklə demək olar ki, 
						ilk dəfə muxtar respublikamızda işıq üzü görən bu kitab 
						indiyədək universitetlərin müvafiq fakültələrinin 
						birinci kursunda və tibb məktəblərində Latın dili 
						fənninin tədrisindəki yaranmış boşluğu müvəffəqiyyətlə 
						tamamlaya biləcəkdir.  
						
						
						
						İsmayıl MƏMMƏDOV, 
						AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutunun 
						direktor müavini,  
						biologiya üzrə fəlsəfə doktoru, dosent,   
						
						
						
						Arzu MƏMMƏDOV, 
						AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutunun böyük 
						elmi işçisi,  
						biologiya üzrə fəlsəfə doktoru   |