| 
						 
						
						 Məğrurə 
						Məhəmməd qızı İmanlı  idmanı çox sevir.   İdmanın şahmat 
						növü üzrə məşğul olur. O,  iki dəfə  Azərbaycan və üç 
						dəfə Bakı çempionudur.  1998-ci ildə Bakıda həkim 
						ailəsində anadan olub,  Sabunçu rayonunun Zabrat 
						qəsəbəsindəki 307 nömrəli tam orta məktəbin VIII sinif 
						şagirdidir. 14  yaşlı Məğrurə şahmat oynamağa 4-5   
						yaşlarından başlayıb.  Sonralar valideynləri  bu idman 
						növünə olan böyük həvəsini görüb onu Bakı Şəhəri üzrə 1 
						nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - 
						Gənclər İdman Şahmat-Dama məktəbinə qoyurlar. O, burada 
						təcrübəli müəllim, beynəlxalq qrossmeyster  Fərid 
						Abbasovdan şahmatın sirlərini öyrənməyə başlayır. 
						 
						
						
						
						- Məğrurə, səndə idmanın şahmat növünə olan həvəs hardan 
						yarandı və ilk qələbəni necə xatırlayırsan? 
						
						
						- Əvvəlcə fürsətdən istifadə edərək üstümdə əməyi olan 
						müəllimlərimə və valideynlərimə  sonsuz təşəkkürümü 
						bildirirəm. Babam şahmatı  çox sevir və gözəl oynayır.  
						O, mənim demək olar ki, ilk müəllimim olub.  Boş 
						vaxtlarında  həmişə məni öyrədər, etdiyim səhvləri oyun 
						zamanı deyərdi. 4-5 yaşlarımdan  şahmatı seçdim və ilk 
						sirlərini öyrəndim. Təxminən 5-6 yaşlarımda sərbəst   
						oynamağa başladım.  Ailəmizdə bacımın da şahmata marağı 
						çox olub. Valideynlərim məndən qabaq onu şahmatçı görmək 
						istəyirdilər. Bu məqsədlə onu şahmat məktəbinə qoydular. 
						Mən də bacımın yanında şahmatı  öyrənirdim. 
						Valideynlərim mənim şahmata olan həvəsimi, bacımdan 
						yaxşı oynadığımı gördülər. Onun yerinə məni şahmat 
						məktəbinə apardılar. 
						
						
						Şahmatda ilk addımlarımı atmağa başladım.  2007-ci ilin 
						yanvarında 10 yaşlı qızlar arasında Bakı və  Azərbaycan 
						çempionu oldum. Sonralar dəfələrlə Bakı və Azərbaycan 
						çempionatlarında I yerə çıxdım.  
						
						
						
						- Şahmatda hansı fiqurları daha çox sevirsən? 
						 
						
						
						- Bütün fiqurların öz yeri var. Ancaq mən  üç fiquru çox 
						sevirəm. Vəzir, fil və at fiqurlarını həmişə özümə yaxın 
						bilmişəm. Oyunlarımda həmin fiqurlara daha çox üstünlük 
						verirəm.  
						
						
						
						- Şahmat oynayanda hansı hissləri keçirirsən? 
						
						
						-  Həmişə  həyəcanlı oluram.  Oynamağa başlayanda 
						çalışıram ki, həyəcanımı boğum və heç bir səhvə yol 
						verməyim. Tələsmədən  düzgün qərarlar vermək istəyirəm. 
						Hər bir rəqib oyunçudan yaxşı nəsə öyrənməyə çalışıram.
						 
						
						
						
						- Güclü rəqiblərlə mübarizə aparmaq azyaşlı Məğrurəyə  
						çətin gəlmirki? 
						
						
						- Bir oyunçu kimi gücümə güvənirəmsə, heç vaxt güclü 
						rəqiblərlə oynamaq çətin deyil.  Çempion olmaq hər bir 
						idmançının arzusudur.  Bu yolda mübarizə aparmaq 
						lazımdır. Ən böyük arzum Avropa və dünya çempionu 
						olmaqdır. Gələcəkdə özümü tanınmış və məşhur şahmatçı 
						kimi görmək istəyirəm.  
						
						
						
						Bakı Şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya 
						Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat-Dama məktəbinin 
						direktoru Natiq  Ələkbərov:  
						
						
						- Son on ildə idman məktəbinin  nəticələri yüksək 
						səviyyədədir. 2006-cı ildən bəri dünya və Avropa 
						çempionatlarında yetirmələrimiz  çoxlu medallar qazanıb.  
						Bu da biz müəllimləri çox sevindirir. Bundan başqa, biz 
						2011-ci ilin nəticəsinə görə Təhsil Nazirliyinin 
						keçirdiyi ilin ən yaxşı məktəbi,  2011-ci ilin dekabr 
						ayında Gənclər və İdman Nazirliyinin keçirdiyi "Yaxşıların 
						yaxşısı" nominasiyalarının  qalibi olduq. 2011-ci ildə 
						üç məşqçimiz əməkdar məşqçi adına, 1 idmançımız 
						beynəlxalq qrossmeyster, iki idmançımız isə beynəlxalq 
						usta adına layiq görüldü. Bu yaxınlarda 14,16,18 yaşlı 
						şahmatçılar arasında Azərbaycan çempionatı keçirildi. 
						Həmin çempionatda məktəbimizin iki idmançısı,  dəfələrlə 
						Azərbaycan çempionu Məğrurə İmanlı və Elxan  Bayramov 
						Avropa çempionatına vəsiqə qazandılar.   
						
						
						Məğrurə İmanlı  çalışqanlığı, iti zəkası, idmana olan 
						marağı ilə digərlərindən həmişə fərqlənir. O, şahmat 
						məktəbinə qəbul olanda bu idman növü haqqında kifayət 
						qədər anlayışı var idi. Məğrurəni  irəliyə aparan yaxşı 
						cəhətlərindən biri həmişə öz üzərində işləməsidir. O, 
						2011-ci ildə Azərbaycan çempionu adını qazanmışdır. 
						Məğrurə İmanlı  haqqında onu demək olar ki, qısa müddət 
						ərzində bu qədər yüksək nəticəni qazanan yeniyetmə 
						şahmatçının böyük gələcəyi var. İnanırıq ki, o, 
						ölkəmizin adını həmişə dünya arenalarında uca tutacaq, 
						üçrəngli bayrağımızı zirvələrə ucaldacaq.  
						
						
						
						Məğrurə İmanlının qazandığı uğurlarda peşəkar və 
						təcrübəli şahmat müəllimi, beynəlxalq qrossmeyster Fərid 
						Abbasovun  də əziyyəti böyükdür. O, yetirməsi haqqında 
						bu fikirdədir: 
						
						
						- Məğrurə  özünə güvənən, prinsipial, nümunəvi  və 
						nizam-intizamlı bir oyunçudur. O, güclü yaddaşa malik 
						şahmatçıdır. Onunla işləmək rahatdır, çünki o, boş 
						vaxtlarında öz üzərində çalışmağı çox sevir və verilən 
						tapşırıqlara düzgün əməl edir. Şahmatda böyük məsuliyyət, 
						özünə qarşı tələbkarlıq və əzmkarlıq lazımdır. Mən 
						bunların hamısını Məğrurədə  görürəm.  Belə davam eləsə, 
						onu tezliklə Avropa və dünya çempionu kimi görərik.  Biz 
						ona güvənirik.   
						
						
						
						Məğrurə İmanlı həm də dərs əlaçısıdır  
						
						
						Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 nömrəli tam 
						orta məktəbin direktoru İqbal Kərimov  Məğrurənin  
						nümunəvi bir şagird olduğunu dedi.  Bildirdi ki, o, dərs 
						əlaçısı kimi məktəb kollektivinin hörmətini qazanıb. 
						Müəllimləri həmişə onun güclü hafizəyə, iti zəkaya malik 
						olduğunu söyləyirlər. 
						
						
						  
						
						
						
						"Ailəmizin arzusu Məğrurəni  məşhur şahmatçı kimi 
						görməkdir"  
						
						
						Babası Feyzulla Qasımov: O, ailədə ortancıl övladdır. 
						Ailəmizin arzusu Məğrurəni  məşhur şahmatçı kimi 
						görməkdir.  Biz onun əldə etdiyi uğurlarına ürəkdən 
						sevinirik.  
						
						
						Öyrəndik ki, Məğrurə  bu il Avropa və dünya  
						çempionatlarında iştirak edəcək. İnanırıq ki, o, 
						qarşıdakı  mötəbər yarışlarda ölkəmizi  layiqli təmsil 
						edərək üçrəngli dövlət bayrağımızı zirvələrə qaldıracaq.  
						Bu şərəfli və çətin yolda ona uğurlar arzulayırıq. 
						
						
						  
						
						
						
						 Rəşad ZİYADOV  |