| 
						 
						
						     
						1998-ci il   fevralın 22-də  Bakıda  dünyaya göz açan 
						Ənvər Kərimov  doğulduğu  gündən evdə musiqi səsi eşidib. 
						Anası, əməkdar artist  Töhvə Kərimovanın ifa etdiyi  
						musiqilər sanki balaca  Ənvərin ilk laylaları olub. 
						Beləcə, illər ötdükcə  musiqi sədaları altında o, 
						böyüyüb boya-başa çatıb. Musiqinin sehrindən ayrıla 
						bilməyən, istedad və bacarığı ilə hələ uşaq ikən 
						fərqlənən balaca Ənvər nəhayət, 2007-ci ildə  Üzeyir 
						Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas 
						musiqi məktəb studiyasının truba ixtisası üzrə  
						Azərbaycan Respublikasının əməkdar artisti Vladislav 
						Kuznesovun sinfinə daxil olub. Burada təhsil aldığı 
						illərdə o, dəfələrlə  rəngarəng konsert proqramları ilə 
						M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 
						səhnəsində, Bakı Musiqi Akademiyasının böyük və 
						Kapelxauz Kamera Musiqi zallarında çıxış edib.15 dekabr 
						2011-ci ildə isə Ənvər  Musiqi Akademiyasının 90 
						illiyinə həsr olunmuş  konsertdə öz məharətini göstərib.   
						Həmin il o, Bakıda keçirilən nəfəs və zərb alətləri  
						ifaçılarının II Respublika müsabiqəsinin  laureatı 
						olaraq  I yeri  qazanıb. Bolqarıstanın Stara Zaqora 
						şəhərində keçirilən  VI Beynəlxalq müsabiqədə  I yerlə 
						mükafatlandırılıb.  
						
						
						Hazırda  Ənvər Kərimov Azərbaycanın xalq artisti 
						T.Göyçayevin bədii rəhbərliyi altında  Gənclər  simfonik 
						orkestrinin  və Azərbaycanın əməkdar artisti 
						V.Kuznesovun bədii rəhbərliyi altında fəaliyyət göstərən 
						"Golden Brass" mis nəfəs alətləri ansamblının solistidir. 
						O, gözəl, əsrarəngiz səsə və parlaq texnikaya malikdir.
						 
						
						
						 Hazırda yeniyetmə musiqiçi Üzeyir Hacıbəyli adına  Bakı 
						Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb 
						studiyasının 5-ci və Bakıdakı 47 nömrəli  tam orta 
						məktəbin 8-ci siniflərinin şagirdidir. Dərslərini yaxşı 
						oxuyur. Ən çox sevdiyi fənn riyaziyyatdır. 
						
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  29 
						mart 2012-ci il tarixdə  imzaladığı  "Gənc istedadların 
						xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncamı ilə  
						Ənvər  Kərimovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl 
						kitabı"na yazılmaqla o, xüsusi aylıq təqaüdə layiq 
						görülüb.  
						
						
						
						Sifai SƏFƏROVA   |