| 
						 
						
						 Məktəblilərin 
						hərbi-vətənpərvərlik ruhunda tərbiyə almaları, onların 
						baş verə biləcək fövqəladə hallara hazırlıqlı olmaları  
						günümüzün ən vacib məsələlərindən biridir. Bu baxımdan 
						Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 
						təşkilatçılığı və Təhsil, Gənclər və İdman 
						nazirliklərinin dəstəyi ilə ümumi təhsil məktəblərinin 
						şagirdləri arasında keçirilən "Gənc xilasedici  və 
						yanğınsöndürən" yarışı böyük əhəmiyyət kəsb edir. 
						
						
						Şuşa rayonunun məktəbliləri də bu yarışa xüsusi maraq 
						göstərmiş və böyük məsuliyyətlə həmin tədbirdə iştirak 
						etmişlər. Müsabiqənin rayon mərhələsində uğur əldə 
						edərək I yer tutmuş 10 nömrəli tam orta məktəbin 
						komandası zona yarışlarında iştirak etmək hüququ  
						qazanmışdır. Zona yarışları Sumqayıt Regional Mərkəzində 
						Abşeron, Xızı, Şuşa, Qubadlı  rayon və Sumqayıt şəhər 
						məktəblilərinin iştirakı ilə keçirilmişdir. Sevindirici 
						haldır ki, müsabiqənin son  dərəcə gərgin  və maraqlı 
						keçən  bu mərhələsində  də Şuşa məktəbliləri qalib 
						gələrək I yeri tutmuş və ümumrespublika  yarışlarında  
						iştirak etmək hüququ qazanmışlar. Qələbənin 
						qazanılmasında 10 nömrəli  tam orta məktəbin şagirdləri 
						- Xəyal Əlizadə, Mehralı Mehralıyev, Binnət Cabbarlı, 
						Samiq Tahirov, İlqar Mehralıyev, Raqif  Rəhimov və 
						Ağasif Məmmədov böyük fəallıq göstərmişlər. 
						Şagirdlərimizin yarışlara hazırlaşmasında, bu 
						mübarizələrdə uğurlu iştirakında 10 nömrəli məktəbin 
						direktoru Rafael Ağayevin və GÇH rəhbəri Kənan 
						Əbdüləzimovun  böyük zəhməti olmuşdur. Biz inanırıq ki, 
						komandamız final mərhələsində də uğurla iştirak 
						edəcəkdir.   
						
						
						
						Ceyhun MƏMİYEV, 
						Şuşa RTŞ-ın əməkdaşı   |