| 
						 
						
						Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının 
						ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu 
						ildönümünə həsr olunmuş silsilə tədbirlərə start 
						verilmişdir. Bu münasibətlə fakültələrarası müxtəlif 
						idman yarışları da keçirilir. On fakültənin 
						idmançılarının iştirak etdiyi sərbəst güləş və cüdo 
						yarışları artıq yekunlaşmışdır. Gərgin mübarizə 
						şəraitində keçən hər iki yarışda pedaqoji fakültənin 
						bədən tərbiyəsi və idman ixtisasının tələbələri fiziki 
						hazırlıqları, idman səriştəliliyi və mübarizə əzmləri 
						ilə fərqlənmişlər. Belə ki, sərbəst güləş yarışında 60 
						kq çəki dərəcəsi üzrə Museyikazım Seyidov, 74 kq çəki 
						dərəcəsi üzrə Sənan Abdullayev, 84 kq çəki dərəcəsi üzrə 
						Röyal Nəbiyev rəqiblərinə qalib gələrək birinci yerləri 
						tutmuşlar. 55 kq çəki dərəcəsi üzrə yarışan 
						güləşçilərdən təbiətşünaslıq və kənd təsərrüfatı 
						fakültəsində kimya ixtisası üzrə təhsil alan Məhərrəm 
						Əliyev, 66 kq çəki dərəcəsi üzrə iqtisadiyyat 
						fakültəsinin tələbəsi Məhəmməd İbrahimov azarkeşlərini 
						qələbə ilə sevindirmişlər. Yarışda ikinci və üçüncü 
						yerləri pedaqoji fakültənin bədən tərbiyəsi və idman 
						ixtisasının tələbələri - 55 kq çəki dərəcəsi üzrə Sadiq 
						Səfərov və Murad Əliyev, 60 kq çəki dərəcəsi üzrə Sadıq 
						Əsgərov və Şamil Quliyev, 66 kq çəki dərəcəsi üzrə 
						Samuray Nağıyev və Ceyhun Talıbov, 74 kq çəki dərəcəsi 
						üzrə Əli Quliyev və Həsən Eyvazov, 84 kq çəki dərəcəsi 
						üzrə Qaraş Nuriyev və Azad Muradov bölüşmüşlər. 
						
						
						Cüdo üzrə yarışlarda da pedaqoji fakültənin bədən 
						tərbiyəsi və idman ixtisasının tələbələri birincilik 
						uğrunda inadlı mübarizə aparmışlar. Beş çəki dərəcəsində 
						yarışan cüdoçulardan 60 kq çəki dərəcəsi üzrə Novruz 
						Şirəliyev, 66 kq çəki dərəcəsi üzrə Yadigar Məmmədov, 73 
						kq çəki dərəcəsi üzrə Hidayət Hacızadə, 81 kq çəki 
						dərəcəsi üzrə Vüsal Məmmədov, 90 kq çəki dərəcəsi üzrə 
						Röyal Quliyev rəqiblərini tatami üzərində məğlubiyyətə 
						uğradaraq birincilik əldə etmişlər. 
						
						
						Qaliblərə rektorluq tərəfindən mükafat və fəxri 
						fərmanlar təqdim olunmuşdur. NDU-nun tərbiyə işləri üzrə 
						prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd 
						Rzayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 
						"Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" 
						elan edilməsi haqqında" 16 yanvar 2012-ci il tarixli 
						sərəncamına əsasən muxtar respublikada idmanın inkişafı 
						istiqamətində görülən işlərdən, universitetin idmanın ən 
						müxtəlif sahələri üzrə qazandığı nailiyyətlərdən 
						danışmışdır. Qeyd olunmuşdur ki, belə yarışların 
						keçirilməsi gənclərin fiziki tərbiyəsi, respublika və 
						beynəlxalq səviyyəli yarışlara hazırlanması baxımından 
						əhəmiyyətlidir. 
						
						
						
						Mehriban SULTAN, 
						NDU-nun Mətbuat  şöbəsinin müdiri  |