| 
						 
						
						Ali və orta ixtisas təhsili müəssisələrində 2011/2012-ci 
						tədris ilinin yaz semestrinin imtahan sessiyasında (bundan 
						sonra imtahan sessiyası) tələbələrin biliyinin 
						qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin 
						etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq 
						məqsədilə  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Təhsil Nazirliyində "Qaynar xətt" xidmətinin 
						fəaliyyət  göstərdiyi  nəzərə alınsın (Tel.: 496-34-82, 
						faks: 496-37-61, e-mail:
						
						qaynar-xett@edu.gov.az). 
						
						
						2. Ali və orta ixtisas təhsili müəssisələrinin 
						rəhbərləri: 
						
						
						- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında 
						təşkil olunmasını təmin etsinlər; 
						
						
						- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan 
						qərargahı və "Qaynar xətt" yaratsınlar; 
						
						
						- qərargaha və "Qaynar xətt"ə daxil olan hər bir şikayət 
						barədə nazirliyin "Qaynar xətt" xidmətinə operativ 
						məlumat verilməsini təmin etsinlər; 
						
						
						- imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin 
						gücləndirilməsini təmin etsinlər; 
						
						
						- imtahanların təşkilində və gedişində nöqsanlara, 
						neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud 
						qanunvericiliyə uyğun tədbirlər görsünlər; 
						
						
						- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil 
						müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə 
						məsuliyyət daşıyırlar; 
						
						
						- imtahan sessiyasının təşkili, keçirilməsi və 
						nəticələri barədə sessiya bitdikdən sonra 15 gün 
						müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər. 
						
						
						3. Təhsil Nazirliyinin Aparatının rəhbərinə 
						(İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) 
						tapşırılsın: 
						
						
						- Təhsil Nazirliyinin əməkdaşlarının, nazirliyin 
						Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan 
						qeyri-hökumət təşkilatları və ictimaiyyət 
						nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrində 
						imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin 
						etsinlər; 
						
						
						- imtahan sessiyasısı zamanı korrupsiya hallarının 
						müəyyənləşdirilməsi üçün tələbələr arasında anket 
						sorğularını təşkil etsinlər; 
						
						
						- imtahan sessiyasına hazırlıq dövründə və sessiya 
						müddətində təhsil müəssisələrində baş vermiş neqativ 
						hallarla bağlı daxil olan məlumatları operativ 
						araşdırsınlar və onların yol verilməsində günahı olan 
						şəxslər barədə tədbir görmək üçün təkliflər 
						hazırlasınlar; 
						
						
						- imtahan sessiyasının nəticələrini təhlil edib müvafiq 
						hesabatı müzakirəyə təqdim etsinlər. 
						
						
						4. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
						imtahan sessiyasının gedişi barədə kütləvi informasiya 
						vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin 
						etsin. 
						
						
						5. Əmr "Azərbaycan müəllimi" qəzetində və nazirliyin 
						İnternet saytında dərc edilsin. 
						
						
						6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						25 may 2012-ci il   |