| 
						 
						
						ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xarici ölkələrdə 
						təhsil alan tələbələr tərəfindən Azərbaycan 
						həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 
						oxuduqları ali təhsil müəssisəsində Azərbaycana həsr 
						olunmuş müxtəlif tədbirlər keçirmələri artıq ənənə halı 
						almışdır.  
						
						
						Şirkətin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 
						Fransanın "Audensiya Nant Menecment" məktəbində təqaüdçü 
						Kənan Məmmədli "Azərbaycan günü" təşkil etmişdir. 
						Tədbirdə dünyanın 30 ölkəsini təmsil edən tələbələr, 
						habelə məktəbin müəllimləri iştirak etmişlər. Mərasim 
						iştirakçılarına Azərbaycanın tarixi, iqtisadi inkişafı, 
						ölkədə həyata keçirilən neft-qaz siyasəti, qazanılan 
						uğurlar haqqında məlumat verilmişdir. Azərbaycanda 
						həyata keçirilən layihələr və "Eurovision- 2012" mahnı 
						müsabiqəsini əks etdirən müxtəlif videomateriallar 
						nümayiş etdirilmişdir. 
						
						
						K.Məmmədli Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ 
						münaqişəsi haqqında tədbir iştirakçılarına ətraflı 
						məlumat vermiş, qonaqların bu mövzuda suallarını 
						cavablandırmışdır. Tədbirin ikinci hissəsində mərasim 
						iştirakçılarına Azərbaycan mətbəxinin nümunələri təqdim 
						edilmişdir.  |