| 
						 
						
						Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
						Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat 
						elmləri doktoru, professor Asəf Zamanov kompozit 
						materiallar mexanikası üzrə XVII Beynəlxalq elmi 
						konfransın Təşkilat Komitəsinin sədri, "Mechanics of 
						Composite Materials" dövri elmi jurnalının baş redaktoru,  
						Avropa Elmlər Akademiyasının və Latviya Elmlər 
						Akademiyasının akademiki  Vitauts Tamujun dəvəti 
						əsasında adıçəkilən beynəlxalq konfransda iştirak 
						etmişdir. Kompozit materiallar mexanikasının aktual 
						problemlərinə həsr edilmiş dünyanın 31 ölkəsindən 200-ə 
						qədər alimin iştirak etdiyi konfransın 7 bölməsindən 
						birinə  - "Kompozit strukturlar" bölməsinə rəhbərlik 
						professor Asəf Zamanova həvalə olunmuşdu. Qeyd etmək 
						yerinə düşər ki, konfransın Təşkilat Komitəsinin 
						dünyanın müxtəlif ölkələrindən olan 17 üzvündən biri də 
						Asəf Zamanovdur. Konfransın əsas təşkilatçılarından biri 
						impakt faktor göstəricili, Latviyada rus dilində, Nyu-Yorkda 
						ingilis dilində nəşr edilən, Azərbaycandan da professor 
						A.Zamanovun redaksiya heyətində təmsil olunduğu "Mechanics 
						of Composite Materials" beynəlxalq elmi jurnalıdır. 
						Beynəlxalq konfransda Asəf müəllim elmi rəhbərlik etdiyi 
						doktorantlarla birgə son vaxtlar alınmış elmi nəticələr 
						əsasında 2 məruzə ilə çıxış etmişdir. Hər iki məruzə 
						konfransda iştirak edən mütəxəssislər tərəfindən yüksək 
						qiymətləndirilmişdir.  
						
						
						Xarici ölkə universitetləri ilə  BPKİYİ-nin elm və 
						təhsil sahəsində gələcək əməkdaşlığına dair məsələlər də 
						konfransda iştirak edən həmin universitetlərin 
						səlahiyyətli şəxsləri ilə birgə müzakirə edilmişdir. 
						Finlandiyanın Helsinki Universiteti ilə də əməkdaşlığın 
						təməli qoyulmuş, beynəlxalq əlaqələr sahəsində 
						institutun fəaliyyəti daha da genişlənmişdir.  
						
						
						
						Sevinc QULİYEVA, 
						BPKİYİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri  
						  |