| 
						 
						
						Məktəblilərimiz X Beynəlxalq Türk Dili Olimpiadasında 
						Azərbaycanı layiqincə təmsil edirlər  
						
						
						 Son 
						illər şagirdlərimizin istər ölkə daxilində, istərsə də 
						respublikamızın hüdudlarından kənarda müxtəlif 
						mövzularda keçirilən beynəlxalq olimpiadalarda, bilik 
						yarışlarında, müsabiqələrdə əldə etdikləri nailiyyətlər, 
						qazandıqları uğurlar Azərbaycan təhsilinin inkişafından, 
						istedadlı  yeniyetmə və gənclərin sayının artmasından 
						soraq verir. Azərbaycan məktəbliləri olduqları ölkələrdə 
						respublikamızı layiqincə təmsil edir, yüksək intellekt, 
						bilik və bacarıq nümayiş etdirirlər. Elə bu günlərdə 
						bizə qardaş ölkə olan Türkiyənin İstanbul şəhərində "İnsanlıq 
						əl-ələ" devizi altında keçirilən X Beynəlxalq Türk  
						Dili  Olimpiadasında  iştirak  edən  məktəblilərimizin  
						fəallığı, uğurlu iştirakı dünyanın 135 ölkəsindən gələn 
						dini, irqi ayrı-ayrı insanların bir daha ölkəmizi 
						yaxından tanımasına imkan verdi. 
						
						
						Olimpiadanın məqsədi türk dilini tanıtmaq, sevdirmək, 
						dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, təhsili, 
						adət-ənənələri və milli dəyərləri ilə tanışlıq, onların 
						bir araya gətirilməsidir. 
						
						
						2003-cü ildə 17 ölkədən 62 məktəblinin iştirakı ilə 
						keçirilən ilk Beynəlxalq Türk Dili Olimpiadasına ildən-ilə 
						maraq artmışdır. Olimpiadada iştirak edən ölkələrin sayı 
						bunu bir daha sübut edir. Bu il təşkil edilən yarışmaya 
						isə 135 ölkədən 1500 məktəbli qatılmışdır. Məlumat üçün 
						bildirək ki, olimpiadanın keçirildiyi 10 il ərzində 
						Azərbaycan məktəbliləri çoxlu sayda qızıl, gümüş və 
						bürünc medallar qazanıblar.  
						
						
						 Açılışı 
						mayın 30-da olan X Beynəlxalq Türk Dili Olimpiadasında 
						şagirdlər yazı, danışıq, qrammatika, xalq rəqsləri, şeir, 
						rəsm, tamaşa, mahnı, tanıtım stendləri daxil olmaqla 14 
						nominasiya üzrə çıxış edirlər. Azərbaycanı olimpiadada 
						təmsil edən 65 məktəblimiz də xüsusi fəallığı ilə 
						seçilir.  
						
						
						Əsas təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan 
						olimpiadanın Azərbaycandakı tərəfdaşı "Çağ" Öyrətim 
						İşlətmələri Şirkətidir. Olimpiadanın təşkilində 
						adıçəkilən qurumun ayrı-ayrı ölkələrdəki nümayəndələri 
						fəal dəstək göstərirlər. Respublikamızdan beynəlxalq 
						müsabiqədə iştirak edən məktəblilərin seçimi Təhsil 
						Nazirliyinin dəstəyi ilə "Çağ" Öyrətim İşlətmələri 
						Şirkəti tərəfindən aparılıb. Azərbaycan-Türkiyə Özəl 
						Liseylərinin və respublikamızın digər ümumtəhsil 
						müəssisələrinin şagirdləri arasında seçim üçün 3 
						mərhələdə müsabiqə keçirilib. Olimpiadada həmin 
						müsabiqənin qalibləri, eləcə də bu ilin fevralında 
						keçirilən "Ana dilini sevək, sevdirək" yarışmasında 
						yüksək göstəriciləri ilə fərqlənənlər iştirak edirlər. 
						 
						
						
						İyunun 1-3 tarixlərində İstanbulun Fuar Mərkəzində 
						olimpiada çərçivəsində iştirakçı 135 ölkənin tanıtım 
						stendləri nümayiş olundu. Burada yaradılmış 
						pavilyonlarda iştirakçı ölkələrin mədəniyyətlərini, 
						tarixi abidələrini, milli mətbəxini, turizm obyektlərini 
						əks etdirən eksponatlar nümayiş olunurdu. 3 gün 
						müddətində 100 mindən çox ziyarətçi tanıtım stendləri 
						ilə tanış olub, onların vasitəsilə iştirakçı ölkələrin 
						tarixi və mədəniyyəti barədə müəyyən bilgilər əldə 
						etdilər. 
						
						
						İstanbulun Fuar Mərkəzində Türkiyədən sonra ən böyük 
						pavilyonla Azərbaycanın təmsil olunması hər bir 
						azərbaycanlının qəlbində qürur hissi oyadırdı. 
						Pavilyonun qarşısında dahi şəxsiyyət, ulu öndər Heydər 
						Əliyevin, ölkə başçısı cənab İlham Əliyevin 
						şəkillərindən ibarət böyük stend öz möhtəşəmliyi ilə 
						diqqət çəkirdi. Ölkəmizin tarixi abidələri olan Qız 
						qalasının, Nizami Gəncəvinin məqbərəsinin, Möminə Xatun 
						türbəsinin, Şirvanşahlar sarayının, İçərişəhərin, Şəki 
						Xan Sarayının maketlərinin, həmçinin xalqımızın 
						mədəniyyətini, adət-ənənələrini əks etdirən müxtəlif 
						məişət əşyalarının, milli geyim nümunələrinin, musiqi 
						alətlərinin nümayişi tamaşaçılar tərəfindən  böyük 
						maraqla qarşılanırdı. Azərbaycan pavilyonu ilə tanış 
						olanlara milli şirniyyatlarımız paylanılırdı. Milli 
						şirniyyatlarımız və müxtəlif növ təamlarımızdan 
						tamaşaçıların o qədər xoşu gəlmişdi ki, getdikcə həmin 
						stendlərin qarşısında uzun bir növbə yaranmağa 
						başlanmışdı. Tarixi-memarlıq abidələrimizin maketləri, 
						müxtəlif eksponatlarımızın yanında duran azərbaycanlı 
						məktəblilərimiz isə stendə tamaşa edənlərin suallarına 
						ətraflı cavab verməyə çalışır, onlara üçrəngli 
						bayrağımız, ölkəmiz haqqında məlumatları əks etdirən 
						bukletlər və disklər təqdim edirdilər.  
						
						
						X Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan böyük 
						bir nümayəndə heyəti ilə təmsil olunurdu. İyunun 2-də 
						respublikamızdan gəlmiş  Milli Məclisin deputatları, iş 
						adamları, KİV nümayəndələrindən ibarət qrup, təhsil 
						işçiləri və incəsənət xadimləri də Azərbaycan pavilyonu 
						ilə tanış oldular. Azərbaycan nümayəndə heyətinin 
						üzvləri  İstanbulun Fuar Mərkəzinin ən görkəmli yerində 
						ölkəmizin tanıtım stendinin qurulmasını, bütövlükdə 
						tədbirin yüksək səviyyədə təşkil olunmasını müsbət 
						dəyərləndirərək Azərbaycan dövlətinin sürətlə inkişaf 
						etdiyini söylədilər. 
						
						
						Bir mətbuat işçisi olaraq diqqətimizi çəkən məqamlardan 
						biri də bizim stendlə tanış olan xarici ölkə 
						vətəndaşlarının tarixi-memarlıq abidələrimizə, milli 
						geyim və musiqi alətlərimizə böyük maraq göstərmələri, 
						öz zənginliyi ilə fərqlənən eksponatlarımızın qarşısında, 
						ən əsası isə bayrağımızla şəkil çəkdirmələri oldu. 
						Azərbaycan pavilyonunu ziyarət edən Türkiyə, İngiltərə, 
						Almaniya, Fransa, İtaliya və digər ölkələrin 
						vətəndaşlarından ölkəmizin tanıtım stendi barədə 
						təəssüratlarını soruşduq. Cavablar demək olar kı, bir-birini 
						tamamlayırdı:  
						
						
						
						"Sizin stendlə tanışlıq bizdə xoş hisslər oyatdı. 
						Eksponatlarınız olduqca maraqlıdır. Milli 
						şirniyyatlarınıza söz ola bilməz. Ölkənizin tarixi-memarlıq 
						abidələri ilə tanışlıqdan məmnun qaldıq. Pavilyonda 
						nümayiş olunan eksponatlar, fotolar vasitəsilə ölkəniz 
						haqqında müəyyən bilgilərə malik olduq, bizdə 
						respublikanız barədə müəyyən təsəvvür yarandı. Ölkənizdə 
						adət-ənənələrin qorunub saxlanması və yaşadılması, milli 
						dəyərlərə hörmət və ehtiram, insanlarınızın 
						qonaqpərvərliyi, səmimiyyəti çox xoşumuza gəldi. Siz 
						xoşbəxtsiniz ki, belə bir ölkədə - odlar yurdu 
						Azərbaycanda yaşayırsınız".   
						
						
						Müsahiblərimizin səmimi etirafları, ölkəmiz haqqında 
						söylədikləri xoş sözlər təbii ki, bir azərbaycanlı 
						olaraq hər birimizdə iftixar hissi oyadırdı. 
						
						
						Ölkəmizin tanıtım stendi ilə tanışlıqdan sonra 
						İstanbulun Fuar Mərkəzinin açıq havada qurulmuş böyük 
						səhnəsində Azərbaycana həsr olunan konsert proqramı 
						keçirildi. Minlərlə tamaşaçının qatıldığı tədbir uğurla 
						keçdi. Şagirdlərimizin Azərbaycan və Türkiyənin milli 
						folklorundan ifa etdikləri xalq mahnıları, şeirlər və 
						rəqslər tamaşaçıların böyük marağına səbəb oldu və onlar 
						məktəblilərimizin çıxışlarını ayağa qalxaraq 
						alqışladılar. Hər bir kəsin əlində təbii ki, Azərbaycan 
						bayrağı var idi. 
						
						
						Mərasimdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil 
						attaşesi Nəcibə Nəsibova çıxış edərək  belə bir yüksək 
						səviyyədə tədbir keçirdiklərinə görə təşkilatçılara öz 
						minnətdarlığını bildirdi. Tədbirin əhəmiyyətinə toxunan 
						N.Nəsibova qeyd etdi ki, bu olimpiada türk dili və 
						mədəniyyətlərinin  sürətlə inkişaf etdiyini, sevildiyini 
						bir daha təsdiqləyir. 
						
						
						"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri 
						Ənvər Özərən X Beynəlxalq Türk Dili Olimpiadasının 
						keçirilməsinin  təkcə türk dilinin təbliğinə deyil, eyni 
						zamanda bütün insanlar arasında sevginin, dostluğun  
						artırılmasına, sülhün qorunmasına, xalqların bir-birinə 
						yaxınlaşmasına,  daha yaxından tanımasına xidmət 
						etdiyini xüsusi vurğuladı.  
						
						
						Respublikamızda ümummilli lider Heydər Əliyevin xeyir-duası 
						ilə fəaliyyətə başlayan Azərbaycan -Türk Özəl 
						Liseylərinin yarandığı vaxtdan bu günə qədər qazandığı 
						uğurlardan söz açan Ə.Özərən burada təhsil alan 
						şagirdlərin dünya bilik yarışlarında, nüfuzlu 
						müsabiqələrdə Azərbaycanı layiqincə təmsil etdiklərini 
						söylədi. Ənvər Özərən çıxışının sonunda təşkil olunan X 
						Beynəlxalq Türk Dili Olimpiadasından da şagirdlərimizin 
						üzüağ, alnıaçıq çıxacağına, doğma vətənə medallarla 
						dönəcəyinə ümidvar olduğunu bildirdi. 
						
						
						Onu da qeyd edək ki, azərbaycanlı şagirdlər olimpiada 
						çərçivəsində Türkiyənin digər şəhərlərində təşkil edilən 
						yarışma və şənliklərdə də fəallıq göstərirlər. İyunun 
						9-da olimpiadanın müxtəlif nominasiyalar üzrə keçirilən 
						müsabiqələrinin qalibləri mükafatlandırılacaq, iyunun 
						14-də isə X Beynəlxalq Türk Dili Olimpiadasının rəsmi 
						bağlanış mərasimi keçiriləcəkdir.  
						
						
						
						Samirə KƏRİMOVA 
						Bakı-İstanbul-Bakı  |