| 
						 
						
						
						Müasir dövrdə mədəniyyətin inkişafının hərəkətverici 
						qüvvələri içərisində muzeylər mühüm əhəmiyyət kəsb edir. 
						Muzey fəaliyyətinin daha interaktiv olması cəmiyyətimiz 
						üçün olduqca vacibdir. Xalqın tarixi, elmi və mədəni 
						abidələrinin, maddi və mənəvi dəyərlərinin qorunması, 
						saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə 
						ötürülməsində muzeylər müstəsna rol oynayaraq tədqiqat 
						və tədris-tərbiyə funksiyalarının vəhdətini yaradırlar.
						
						
						  
						
						
						 Azərbaycan 
						xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Gənclərimiz 
						milli ruhda tərbiyə olunmalıdır. Milli dəyərlərimizi, 
						milli ənənələrimizi, tariximizi bilməyən gənc 
						vətənpərvər ola bilməz". Ulu öndərin bu tövsiyəsinin 
						həyata keçirilməsində müasir dövrdə bəşəri inkişafın 
						hərəkətverici vasitələri içərisində mühüm əhəmiyyət kəsb 
						edən muzeylərin üzərinə böyük vəzifələr düşür. 
						
						
						Muzeylər qədim yunan mifologiyasında insanların mənəvi 
						fəaliyyətinin - poeziya, elm və incəsənətin himayədar 
						ilahələri hesab edilən muzalar məbədi mənasının 
						daşıyıcıları olaraq yalnız estetik zövq verməklə 
						kifayətlənmir, həmçinin tarixi, maddi və mənəvi 
						abidələri komplektləşdirən, mühafizə edən, öyrənən, 
						nümayiş etdirərək təbliğ edən mədəni-maarif müəssisələri 
						kimi öz elmi - ictimai fəaliyyətini, muzey işinin əsas 
						prinsiplərini elmi-tarixi əsaslar üzərində qurur, müasir 
						avadanlıqlarla və eksponatlarla təchiz olunmasını təmin 
						edir, elmi biliklərin yayılmasına xidmət edir. 
						
						
						Muzeylərə təşkil olunan ekskursiyalar yüksək 
						effektivliyə malik olub bir neçə funksiya (dərketmə, 
						ünsiyyət və s.) yerinə yetirir. Ekskursiya aparıcısı 
						elmilik, forma və məzmun vəhdətini gözləməklə  muzeyə 
						gələnlərin zəruri məlumatlara yiyələnməsi üçün muzey 
						mühitinin imkanlarından maksimum istifadə etmələrinə 
						şərait yaradır.  
						
						
						 Muzeyə 
						ekskursiya zamanı həmin  mövzulara dair  materialları və 
						eksponatları  əyani şəkildə görmək və onlara dair  daha 
						geniş məlumat  almaq  təbliğatla yanaşı,  böyüməkdə  
						olan  nəslin  bilik  səviyyəsinin yüksəlməsinə  və   
						onlarda  vətənpərvərlik hissinin aşılanmasına xidmət 
						edir. Ekspozisiya üzrə mühazirələr sanki eksponatları 
						canlandırır, muzeyə gələnləri tarixi hadisələrin 
						səyahətçisinə çevirir. 
						
						
						Azərbaycan xalqı çox zəngin tarixi, ədəbi, elmi və 
						mədəni irsə malikdir. Bunu hamı təsdiq edər ki, keçmişi 
						bilmədən irəliləmək, bu günümüzə və gələcəyimizə xeyir 
						vermək mümkün deyil.  
						
						
						Azərbaycanın tarixi inkişaf yolunun ən mühüm 
						istiqamətlərindən birini təhsil təşkil edir.  
						
						
						Respublikamızın muzeyləri arasında Azərbaycan təhsilinin 
						tarixini yaşadan, görkəmli pedaqoq və maarifçilərimizin 
						həyat və fəaliyyətini işıqlandıran Xalq Təhsili 
						Muzeyinin özünəməxsus yeri vardır.  
						
						
						Xalq Təhsili Muzeyi XKS-nin 27 aprel 1932-ci il tarixli, 
						651 nömrəli qərarına əsasən 1930-cu ildə təşkil edilmiş 
						pedaqoji sərginin və Pedaqoji muzeyin  bazasında 
						yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi 
						Xalq Təhsili Muzeyinin fəaliyyətinin əsas məqsədi qədim 
						zamanlardan etibarən müasir dövrə qədər Azərbaycanda 
						pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks 
						etdirmək, bu sahədə elmi-axtarış işi aparmaq, bütövlükdə 
						fasiləsiz təhsil sisteminin bütün pillələrində 
						qazanılmış uğurların, təhsilin yetirdiyi ən görkəmli 
						şəxsiyyətlərin fəaliyyətini təbliğ etməkdir. Muzeyin 
						təbliğat fəaliyyətinin spesifik forması olan 
						ekspozisiyasında müxtəlif dövrlərdə maarifin və 
						bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına 
						çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin, 
						pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində 
						təhsil uğrunda mübarizəsini, müxtəlif növ təhsil 
						müəssisəsinin yaranmasını, qadın təhsilinin inkişafını, 
						bu sahədə aparılan islahatları və təhsilə dövlət 
						qayğısını  əks etdirən sənəd və materiallar, nadir dərs 
						vəsaitləri və ləvazimatları, müxtəlif illərə dair 
						dərslik və proqramlar, bütün növ qabaqcıl təhsil 
						müəssisəsinin, o cümlədən məktəbdənkənar müəssisələrin 
						fəaliyyəti və iş təcrübəsi, tədris müəssisələrində 
						istifadə edilən texniki-tədris vasitələri, müəllim, 
						şagird və tələbələrin əl işləri, əyani vəsaitlər, 
						albomlar, maketlər, hədiyyələr və s. nümayiş 
						etdirilməsinin təhsil tarixinin öyrənilməsi və  
						təbliğində  müstəsna əhəmiyyətə malikdir. 
						
						
						Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji 
						ardıcıllığa riayət edən ekspozisiyası  altı  salonda 
						yerləşdirilmişdir.  
						
						
						I salon qədim zamanlardan başlayaraq Azərbaycanda 
						pedaqoji fikir və təhsil tarixini, II salon XIX əsrin 
						sonu, XX əsrin əvvəllərində təhsil,  III salon 1918-40-cı 
						illərdə təhsil, IV salon ali və orta ixtisas təhsilinin 
						inkişafı, V salon 1941-45, 1946-80-ci illərdə uşaq 
						evləri, internat-məktəblərin yaranması və inkişafı, 
						ümumtəhsil, texniki peşə məktəblərinin fəaliyyətinə dair 
						sənəd və materialları əhatə edir.  
						
						
						Muzeyin VI salonu (böyük salon) müstəqillik illərində 
						Azərbaycanda təhsilin inkişafına həsr olunmuş və üç 
						bölmədən ibarətdir. Azərbaycan dövləti və hökumətinin 
						təhsilə göstərdiyi diqqət və qayğı VI salonun  
						ekspozisiyasının əsas istiqamətidir. 
						
						
						Salonda xalqımızın ümummilli lideri Heydər Əliyevin 
						Azərbaycan təhsilinin inkişafı naminə  fəaliyyətini əks 
						etdirən "Heydər Əliyev və təhsil", Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyevin təhsil 
						sahəsində genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev 
						Fondunun  təhsilə göstərdiyi qayğını təcəssüm etdirən 
						materiallar nümayiş etdirilir. Salonun ikinci bölməsində 
						müstəqillik illərində, bütövlükdə Azərbaycan təhsil 
						sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar, 
						statistik məlumatlar, nəşr nümunələri, yeni dərsliklər, 
						maketlər və digər eksponatlar nümayiş etdirilir. Həmin 
						bölmədə Təhsil Nazirliyinin fəaliyyətini əks etdirən 
						sənəd və materiallara, hədiyyələrə xüsusi yer 
						ayrılmışdır. Burada həmçinin pedaqoji kadrlara 
						göstərilən qayğıya və Azərbaycan müəllimlərinin XI-XIII 
						qurultaylarına dair materiallar da  nümayiş olunur . 
						
						
						Salonun  üçüncü  bölməsində  nümayiş etdirilən  sənəd  
						və materiallar məktəbdənkənar müəssisələrə, uşaq, 
						yeniyetmə və gənclərin mənəvi və estetik tərbiyəsinə 
						həsr edilmlşdir. Vitrinlərdə  uşaq, yeniyetmə və 
						gənclərin hazırladıqları tətbiqi  sənət  nümunələri,  
						müxtəlif  əl işlərinə yer verilmişdir.  
						
						
						Azərbaycan təhsilinin təbliğində muzeyin fond 
						materiallarından ekspozisiyada   maksimum istifadə 
						edilməsinin, fondda elmi araşdırma və elmi tədqiqatlar 
						aparılmasının, müxtəlif  mövzularda səyyar və stasionar 
						sərgilərin təşkil edilməsinin, tədqimat mərasimləri, 
						elmi konfrans və seminarların keçirilməsinin mühüm rolu 
						vardır.  
						
						
						Fəaliyyətdə olduğu illər ərzində muzey kollektivinin 
						səyi nəticəsində xalq maarifinin inkişafına dair çox 
						zəngin materiallar muzey fondunda  toplanıb sistemə 
						salınmışdır. 
						
						
						Toplanmış hər bir sənəd, material və eksponat haqqında 
						məlumatlar muzey fondunun xüsusi qeydiyyat kitabına 
						salınıb, muzey texnikasına müvafiq şəraitdə qorunub 
						saxlanılır.   
						
						
						Muzeyin zəngin fondu və kitabxanasında əsas və 
						elmi-köməkçi fond daxil olmaqla minlərlə sənəd, neqativ, 
						fotoşəkil, dərslik və metodik ədəbiyyat toplanmışdır. 
						Onların arasında nadir biblioqrafik  ədəbiyyatlar da 
						vardır.    
						
						
						Fond və kitabxana materiallarından pedaqoji fikir və 
						maarifçilik tarixi ilə məşğul olan tədqiqatçılar, təhsil 
						və mədəniyyət işçiləri, kütləvi  informasiya 
						vasitələrinin nümayəndələri, kinematoqrafiya işçiləri, 
						eləcə də digər mütəxəssislər istifadə edirlər. Bir çox 
						elmi əsərlərin işıq üzü görməsində və pedaqogika 
						sahəsində çalışan alimlərin yetişməsində Xalq Təhsili 
						Muzeyinin də xidmətləri vardır. 
						
						
						1962-1997-ci illərdə muzeydə valideynlər üçün "Ailə və 
						məktəb" və yuxarı sinif şagirdləri üçün "Hər şeyi bilmək 
						istəyirəm" pedaqoji bilikləri yayan Xalq Universiteti 
						fəaliyyət göstərmiş və apardığı işə görə keçmiş İttifaq 
						miqyasında təşkil edilən baxışlarda I və II dərəcəli 
						diplomlarla  təltif edilmişdir. 
						
						
						Muzeyin iş təcrübəsi əsasında 1986-cı ildə Bolqarıstanın 
						Qabrova şəhərində Milli Təhsil Muzeyi yaradılmışdır. 
						
						
						Muzeyin ekspozisiyası ilə tanış olmaq məqsədilə ABŞ, 
						Almaniya, Polşa, Hindistan, Suriya, Yəmən, Ukrayna, 
						Gürcüstan, Türkiyə və başqa xarici ölkələrin elm və 
						mədəniyyət xadimləri, İSESKO-nun Baş katibi, xarici 
						ölkələrin Azərbaycandakı səfirləri, Litva 
						Respublikasının təhsil və elm naziri, Avropa Şurasının 
						nümayəndələri və digər xarici qonaqlar gəlmişlər. Eləcə 
						də respublikamızın görkəmli elm və mədəniyyət xadimləri, 
						ümumtəhsil, texniki peşə məktəblərinin şagirdləri, ali 
						təhsil müəssisələrinin tələbə və müəllimləri müntəzəm 
						olaraq muzeyə ekskursiyaya gəlirlər. Ekspozisiya ilə 
						tanış olmaq məqsədilə muzeyə gələn qonaqlar öz 
						təəssüratlarını rəy kitabında qeydlərində açıqlamış, 
						Azərbaycan təhsil tarixinin təbliğində Xalq Təhsili 
						Muzeyinin müstəsna əhəmiyyətini vurğulamışlar. 
						
						
						Müstəqil Azərbaycan Respublikasında elm, təhsil, 
						mədəniyyət və digər sahələrdə həyata keçirilən 
						islahatlar muzeylərin də işində dəyişikliklərin 
						aparılmasını tələb edir. 
						
						
						Azərbaycanın iqtisadi cəhətdən   inkişaf etdiyi,  hüquqi, 
						demokratik dövlət  quruculuğu ilə irəlilədiyi  bir 
						dövrdə XXI əsrin "təhsil əsri" elan edilməsi muzeyin  
						qarşısında daha geniş vəzifələr qoyur, muzey mühitinin 
						ətraf mühitlə qarşılıqlı əlaqələrinin qanunauyğun 
						vəhdətini yaradır. 
						
						
						Bu gün respublikamızın muzeyləri dövlət qayğısı ilə 
						əhatə  olunmuş və daim diqqət mərkəzindədirlər. 
						Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda 
						muzey işinin yaxşılaşdırılması haqqında" 6 mart 2007-ci 
						il tarixli və "Azərbaycanın regionlarında fəaliyyət 
						göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, 
						yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair 
						xüsusi tədbirlər planının təsdiq edilməsi haqqında" 22 
						may 2009-cu il tarixli sərəncamlarının icrası muzeylərin 
						fəaliyyətinin gələcəkdə daha da təkmilləşdirilməsinə, 
						müasir standartlara uyğun qurulmasına, tarixi, mədəni 
						irsin, maddi mədəniyyət nümunələrinin mühafizəsi və 
						təbliği  işinin daha da  yüksək səviyyəyə qaldırılmasına 
						təkan verir, maddi-mənəvi irsimizin, tarixi həqiqətlərin 
						təbliği üçün geniş imkanlar yaradır. 
						
						
						Respublikamızda  muzey fəaliyyətinin  yaxşılaşdırılması 
						istiqamətində həyata keçirilən tədbirlər sırasında  Xalq 
						Təhsili Muzeyi üçün yeni binanın inşa edilməsi  muzey 
						işinə dövlət qayğısının təzahürüdür. 
						
						
						Xalq  Təhsili  Muzeyi  zəngin  mütərəqqi ənənələrə, 
						milli mənəvi   dəyərlərə   və  beynəlxalq   təcrübəyə   
						əsaslanaraq  inkişaf   edən   müasir   Azərbaycan     
						təhsilinin  nailiyyətlərini  qoruyub   saxlayan  və   
						muzeyə gələnlərə layiqincə təbliğ edən mədəni-maarif 
						müəssisəsidir.  
						
						
						2006-2007-ci illərdə Xalq Təhsili Muzeyinin iki nəfər 
						əməkdaşının Azərbaycan Respublikası Prezidentinin 
						sərəncamı ilə "Tərəqqi" medalı, muzeyin 80 illik 
						yubileyi ərəfəsində Azərbaycan Respublikası Təhsil 
						Nazirliyi Kollegiyasının qərarı ilə muzeyin iki nəfər 
						əməkdaşının "Azərbaycan Respublikasının qabaqcıl təhsil 
						işçisi" döş nişanı, on iki nəfər əməkdaşının isə 
						Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri 
						fərmanı ilə təltif  edilməsi  muzey işçilərinə  
						göstərilən diqqət və qayğının parlaq təcəssümüdür.   
						
						
						
						Zülfiyyə ŞİRİYEVA, 
						Xalq Təhsili Muzeyinin direktor müavini  |