| 
						 
						
						 İyunun 
						1-də Azərbaycan Dillər Universitetində "Germanistikanın 
						aktual problemləri"nə həsr olunmuş elmi-praktik konfrans 
						keçirildi.  
						
						
						Konfransda Türkiyə, Avstriya, Almaniya, Rusiya 
						universitetlərinin germanistika üzrə tanınmış 
						professorları, Almaniyanın, Avstriyanın Azərbaycandakı 
						səfirliklərinin nümayəndələri, ADU-nun professor-müəllim 
						heyəti və tələbələri iştirak edirdilər.    
						
						
						Konfransı giriş sözü ilə açan ADU-nun alman dili 
						fakültəsinin dekanı, dosent Sevinc Rzayeva 
						germanistikanın elm sahəsi kimi daim öndə getdiyini və 
						indi də aparıcı mövqe tutduğunu qeyd etdi. O, bu cür 
						tədbirlərin keçirilməsində universitet rəhbərliyinin, 
						xüsusi ilə də ADU-nun rektoru, Milli Məclisin deputatı, 
						professor Səməd Seyidovun dəstəyinin olduğunu konfrans 
						iştirakçılarının diqqətinə çatdırdı.  
						
						
						ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin 
						Yunusov tədbir iştirakçılarını universitet rəhbərliyi 
						adından salamladı.  Belə tədbirlərin keçirilməsində 
						fakültə və kafedraların təşəbbüs göstərməsinin 
						sevindirici hal olduğunu deyən D.Yunusov  bildirdi ki, 
						tədqiqat işi ilə məşğul olan daim inkişaf etməli, 
						araşdırmalar aparmalıdır. Natiq universitet 
						əməkdaşlarının monoqrafiya və dərs vəsaitləri nəşr 
						etdirmələrini də yüksək qiymətləndirdi.  
						
						
						Türkiyənin Mərmərə Universitetinin xarici dillərin 
						tədrisi bölümünün rəhbəri,  professor Cemal Yıldız 
						konfransda iştirak etdiyindən məmnun olduğunu bildirdi. 
						Türkiyə və Azərbaycan universitetləri arasında 
						əməkdaşlığın olduğunu və bu əməkdaşlığın inkişaf 
						etdiyini konfrans iştirakçılarının nəzərinə çatdırdı. O, 
						germanistikanın Almaniya ilə bağlı olmasına baxmayaraq 
						İsveçrədə, Avstriyada və digər ölkələrin dilçilik 
						universitetlərində də tədqiq olunduğunu qeyd etdi.
						 
						
						
						 Bonn Universitetinin professoru Heinrich Kelz həm 
						Almaniyanın daxilində, həm də bütün dünyada alman 
						dilinin xarici dil kimi tədrisini təmin etmək  qarşıda 
						duran əsas vəzifələrdən biri olduğunu vurğuladı və 
						konfransın işinə uğurlar arzuladı. 
						
						
						Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli 
						səfiri Herbert Kvelle ADU-da təhsil alan tələbələrin 
						alman dilinə böyük maraq göstərdiklərinin sevindirici 
						hal olduğunu bildirdi.  
						
						
						Avstriyanın ölkəmizdəki səfirliyinin mədəni işlər üzrə 
						attaşesi Ziqlinde Şpanlanq  Avstriya nümayəndələrinin də 
						konfransda iştirak etmələrindən   məmnun olduğunu qeyd 
						etdi.   
						
						
						Alman dilinin leksikologiyası və üslubiyyatı 
						kafedrasının professoru Sərxan Abdullayev bilik qazanmaq 
						üçün daim elmə maraq göstərməyi, elmi inkişaf etdirmək 
						üçün səy göstərməyin vacib olduğunu vurğuladı. O, alman 
						dili fakültəsinin buna daim təşəbbüs göstərdiyini 
						bildirdi. 
						
						
						Konfransda əlavə çıxış edənlər də oldu.  
						
						
						
						Şakir CƏFƏROV  |