| 
						 
						
						BSU-nun məktəb-lisey kompleksində XX əsr Azərbaycan 
						ədəbiyyatının görkəmli simalarından biri olan satirik 
						şair M.Ə.Sabirin 150 illik yubileyi keçirilib. Şagirdlər 
						ədəbi-bədii kompozisiya  hazırlamışdılar. "Çatlayır 
						Xanbacı qəmdən ürəyim", "Kişi", "Uşaqdır uşağım" 
						əsərləri şagirdlərin ifasında maraqla qarşılanıb. Şairin 
						yaratdığı orijinal bədii vasitələr və surətlər, satirik 
						dialoq və monoloqlar ustalıqla qələmə alındığı kimi 
						ustalıqla da səhnələşdirilmişdi. Məktəblilər "Millət 
						necə tarac olur olsun","Fəhlə, özünü sən də bir insanmı 
						sanırsan?", "Bir cibimdə əskinazım, bir cibimdə ağ 
						manat" deyən zülmkar mülkədarların iç üzünü obrazlı 
						şəkildə nümayiş etdirə bildilər. V sinif şagirdlərinin 
						Sabirin uşaq şeirləri və satiraları əsasında 
						hazırladıqları kompozisiya şairin yaradıcılığının  nə 
						qədər geniş və məzmunlu olduğunu bir daha sübut etdi. 
						Tədbirdə xalq artisti, mərhum sənətkarımız Mirzə 
						Babayevin ifasında M.Ə.Sabirin "Tək səbir",  "Oxutmuram, 
						əl çəkin!" satiralarına bəstələnmiş mahnılarının lent 
						yazıları da səsləndirildi. 
						
						
						
						Sifai SƏFƏROVA   |