| 
						 
						
						İyunun 1-də Bakıdakı 20 nömrəli məktəb-liseydə 
						Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 
						bərpasının iyirminci ildönümünə və 28 may- Respublika 
						Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri 
						arasında keçirilmiş ifa üzrə respublika müsabiqələri 
						qaliblərinin yekun konserti və mükafatlandırılması 
						mərasimi oldu. 
						
						
						Tədbiri Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar 
						müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov açaraq 
						təhsil naziri cənab Misir Mərdanovun salamlarını mərasim 
						iştirakçılarına çatdırdı. Nazirlik tərəfindən ilk dəfə 
						olaraq keçirilən ümumtəhsil məktəblərinin şagirdləri 
						arasında ifa müsabiqələri haqqında məlumat verən 
						A.İbrahimov bildirdi ki, bu müsabiqələr müvafiq olaraq 
						Təhsil Nazirliyinin 24 oktyabr 2011-ci il  və 18 aprel 
						2012-ci il tarixli  əmrlərinə əsasən ümumtəhsil 
						məktəblərinin şagirdləri arasında keçirilib. 
						Müsabiqələrin keçirilməsində məqsəd ümumtəhsil 
						məktəbləri şagirdlərinin ifa mədəniyyətini yüksəltmək, 
						musiqi alətlərində Azərbaycan bəstəkarlarının 
						əsərlərinin, xalq mahnılarının səsləndirilməsi 
						istiqamətində aparılan işlərin səmərəliliyini artırmaq, 
						xüsusu istedada malik uşaq və gəncləri üzə çıxarmaqdan 
						ibarətdir. Müsabiqələr 4 mərhələdə keçirilib, yüzlərlə 
						iştirakçı arasında ən yaxşıları qalib olaraq 
						müəyyənləşdirilib. 
						
						
						Sonra  müxtəlif nominasiyalar üzrə qalib olmuş istedadlı 
						uşaqların ifasında mahnılar, şeirlər dinlənildi. Hər ifa, 
						hər çıxış iştirakçılar tərəfindən maraqla qarşılandı.
						 
						
						
						Tədbirin sonunda müsabiqələrin respublika mərhələsində 
						mahnı, çalğı alətlərində ifa və şeir nominasiyaları üzrə 
						I, II, III yerləri tutan və fəal iştirak edən 15 şagird 
						Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə 
						mükafatlandırıldılar.  
						
						
						
						Ədalət DAŞDƏMİRLİ  |