| 
						 
						
						 Hər 
						bir kəsə onun oxuduğu məktəb daha əzizdir. İllər ötür, 
						zaman dəyişir, insan yaşa dolur... Lakin nə məktəb, nə 
						də qayğıkeş müəllimlər heç vaxt unudulmur. O məktəb də, 
						o müəllim də ucalıq timsalına çevrilir. Həmin illərin 
						xatirəsinə daldıqca o əziz, o şirin məktəb illəri bir 
						kino lenti kimi gözlərin önündən gəlib keçir. Arzuların 
						pərvazlana-pərvazlana səni də özü ilə uca zirvələrə 
						uçuran illərdi məktəb illəri... Quş qanadlı, həyat 
						amallı, kövrək xatirəli, sevinc soraqlı illərdi məktəb 
						illəri... 
						
						
						"Son zəng" günündə Lerik rayonunun Kəlvəz kənd tam orta 
						məktəbinin məzunu Zöhrab Əliyevlə keçirilən görüşdə də 
						beləcə xoş duyğulu, şirin xatirəli anlar yaşanıb... 
						
						
						Zöhrab neçə illərdir ki, Rusiya Federasiyasının Altay 
						diyarının Yarovoye şəhərində yaşayır. Şirkət rəhbəri 
						kimi fəaliyyət göstərən Zöhrab həm də şəhərin "Arsal-Ximik" 
						futbol komandasının prezidentidir. 
						
						
						O, hər il ənənəvi olaraq "Son zəng" günü doğma 
						məktəblərinə gəlir, əziz və mehriban müəllimləri ilə 
						görüşür. Builki "Son zəng" günü də ənənəsinə sadiq qalıb.
						 
						
						
						Z.Əliyev həmin gün keçirilən tədbirdə müəllim və şagird 
						kollektivi qarşısında çıxış edib, kövrək xatirələrini 
						söyləyib. Sonra məktəbin 3 şagirdinə ilk dəfə olaraq pul 
						mükafatlarını təqdim edib. Bildirib ki, bu ənənə hər il 
						təkrarlanacaq. 
						
						
						Tədbirdə Lerik RTŞ-ın müdir müavini Cəbrayıl Surətov, 
						Bakıdan dəvət olunmuş şair-jurnalist Ağacəfər Həsənli, 
						RİH-in məsul işçisi Hüseyn Hüseynov, qocaman müəllimlər 
						Sahil Mirzəyev, Bahadır Hidayətov, Zöhrabın sinif 
						yoldaşı Ənvər Şükürov, əlifbanı ona öyrətmiş sinif 
						müəllimi Dilarə Hidayətova və başqaları çıxış edərək 
						Kəlvəz kənd məktəbinin  Zöhrab kimi yetirməsi ilə fəxr 
						etdiklərini, onun doğma məktəbi unutmadığını, qayğı 
						göstərdiyini və belə məzunların məktəbin başqa 
						yetirmələrinə də nümunə olacağını diqqətə çatdırıblar.  
						
						
						
						Ə.DAŞDƏMİRLİ  |