| 
						 
						
						 Mayın 
						24-də Şabran şəhər R.Yusifov adına 2 nömrəli tam orta 
						məktəb-liseydə "Şahmat idmanın şahıdır" mövzusuna həsr  
						olunmuş əyləncəli  şahmat bayramı keçirildi. Məktəbin 
						riyaziyyat müəllimi Muradxan Səfərəliyevin hazırladığı 
						tədbirdə şagirdlər, valideynlər və digər qonaqlar 
						iştirak edirdilər. Tədbir Azərbaycanın Dövlət himninin 
						oxunması ilə başladı.  Məktəbin sinifdənxaric və 
						məktəbdənkənar işlər üzrə təşkilatçısı G.Rzayeva  şahmat 
						bayramının təşkil olunmasında xidməti və  əməyi olanlara 
						təşəkkürünü  bildirərək tədbiri açıq elan etdi. O, 
						şahmatın tarixindən danışaraq onun dünyanın ən qədim və 
						maraqlı oyunlarından biri olduğunu, Azərbaycanda da bu 
						oyuna geniş yer verildiyini vurğuladı. Bildirdi ki, 
						gənclərdən S.Xəlilbəyli, A.Zeynallı, V.Bağırov, 
						Ç.Sultanov  və başqaları respublika və beynəlxalq 
						səviyyəli müxtəlif yarışlarda iştirak edərək yüksək 
						nəticələr əldə etmişlər.1980-2000-ci illərdə 
						respublikamızda şahmat getdikcə daha böyük vüsət almış 
						və beynəlxalq ustalar yetişmişdir. 
						
						
						Sonra məktəbin direktoru Rafiq Hüseynov  çıxış edərək 
						idmanın, xüsusən şahmatın əhəmiyyətindən danışdı. Qeyd 
						etdi  ki, əsası ümummilli liderimiz Heydər Əliyev 
						tərəfindən qoyulan idman və gənclər siyasəti bu gün  
						möhtərəm Prezidentimiz cənab  İlham Əliyev tərəfindən   
						yüksək səviyyədə uğurla davam etdirilir. Respublikanın 
						paytaxtı ilə yanaşı regionlarda da inşa edilən idman-sağlamlıq 
						komplekslərinin sayı durmadan artır. Şabranda da idman 
						sahəsinə böyük diqqət və qayğı var. İdmançılarımız 
						beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, 
						olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edirlər. 
						Bu uğurlar şahmat sahəsində də özünü göstərir. 
						
						
						Azərbaycan Respublikasının  Prezidenti cənab İlham 
						Əliyevin  5 may 2009-cu il tarixli  sərəncamı ilə təsdiq 
						olunmuş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın 
						inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası ilə 
						əlaqədar   Təhsil  Nazirliyi tərəfindən müvafiq işlər 
						görülür. Proqrama uyğun olaraq respublikamızın 75 
						ümumtəhsil orta məktəbində cari ildə II siniflərin 
						tədris proqramlarına bir saat  şahmat  dərsi salınmışdır. 
						
						
						Dövlət Proqramına uyğun olaraq silsilə   tədbirlərin 
						həyata keçirilməsi, respublikamızda şahmat idman növünün 
						daha da inkişaf etdirilməsi, şagirdlərin intellektual 
						səviyyəsinin yüksəldilməsi, şahmatın kütləviliyinə nail 
						olunması məqsədilə 2012-ci ildən başlayaraq rayonumuzda 
						seçilmiş bir ümumtəhsil məktəbində - R.Yusifov adına 2 
						nömrəli texniki fənlər təmayüllü tam orta məktəbdə 
						şahmat dərsləri tədris olunur.  
						
						
						Bununla əlaqədar Respublika Təhsil Nazirliyinin xüsusi  
						kursundan keçən  ali dərəcəli riyaziyyat müəllimi, 
						şahmat üzrə dəfələrlə rayon  birincisi olmuş, 1-ci 
						dərəcəli şahmatçı Muradxan Səfərəliyev yanvar  ayında 
						xüsusi treninqlərdə iştirak etmişdir. 
						
						
						Həmin vaxtdan məktəb-liseyin ikinci siniflərində şahmat 
						dərsləri müvəffəqiyyətlə keçilir. Bu dərslər 
						valideynlərin və şagirdlərin böyük marağına səbəb 
						olmuşdur. Bugünkü şahmat bayramında uşaqlar öz bilik və 
						bacarıqlarını nümayiş etdirdilər. 
						
						
						Məktəb-liseyin  riyaziyyat müəllimi, "Ən yaxşı müəllim" 
						müsabiqəsinin qalibi Muradxan Səfərəliyev  şahmatın həm 
						bir oyun, həm elm, həm də idmanın bir növü olduğunu 
						bildirdi. Bu oyun insanı həm mənəvi, həm də zehni 
						cəhətdən  kamilləşdirir. O, son illərdə rayonumuzda 
						şahmat  üzrə xeyli işlərin görülməsinin nəticəsi kimi 
						respublika yarışlarında uğurla iştirak edən Vüsalə, Şölə 
						kimi dərəcəli şahmatçıların yetişməsini bu sahədə 
						uğurlarımızın bariz nümunəsi olduğunu  qeyd etdi.   
						Şagirdlərin, xüsusən kiçikyaşlıların bu oyuna olan maraq 
						və həvəsindən danışan M.Səfərəliyev bildirdi ki, bugünkü 
						körpə fidanlar gələcəkdə gözəl şahmatçılar kimi 
						yetişəcək,  Azərbaycanı beynəlxalq  şahmat yarışlarında  
						təmsil edəcəklər. 
						
						
						Sonra II siniflərin komandaları arasında "Şahmat 
						viktorinası" və şahmat üzrə sadə məsələ həlli yarışması 
						keçirildi. Şahmat üzrə viktorinada II "b" və II "ç" 
						siniflərinin komandaları, şahmat üzrə məsələ həlli 
						yarışmasında isə II "a" və II "c" siniflərinin 
						komandaları fərqləndilər. Muradxan Səfərəliyev  rayon 
						şahmat məktəbinin müəllimləri Ramil Səfərəliyev və 
						Çingiz Bağırovdan ibarət münsiflər heyətinin yekdil rəyi 
						ilə hər dörd komanda qalib hesab edildi. Komandaların 
						kapitanları II "a" sinif şagirdi  Fərman Əliyev, II "b"  
						sinif şagirdi Elmira Şəfiyeva, II "c" sinif şagirdi 
						Elnurə Qəniyeva və II "ç" sinif şagirdi Bahar 
						Mehdiyevaya hədiyyələr verildi.  
						
						
						Sonra bədii əyləncəli hissə başlandı. Bu hissədə VI 
						sinif şagirdi Mələk  Babayeva " Mənim balaca dostum", 
						VI  sinif şagirdi Səbinə Mehdiyeva  "Müəllim" şeirlərini 
						söylədilər.  Balaca şahmatçılar  arasında  milli rəqs 
						müsabiqəsi keçirildi. Kiçikyaşlı fidanlar  milli 
						rəqslərlə qonaqları və tədbir iştirakçılarını 
						salamladılar. IX "c" sinif şagirdi Seymur İsaqovun  
						ifasında "Azərbaycan" mahnısı dinlənildi, məktəbin 
						şagirdləri vətənpərvərlik ruhunda və şahmata həsr 
						olunmuş şeirlər söylədilər. Sonda şahmata aid məsələləri 
						tez və düzgün həll edənlərə xüsusi həvəsləndirici 
						mükafat və hədiyyə verildi. 
						
						
						Tədbirin sonunda   qonaqlar təəssüratlarını bildirdilər. 
						Rayon şahmat məktəbinin direktoru Ağarəhim Beydullayev 
						Muradxan müəllimə rayonda şahmatın inkişafında 
						göstərdiyi  əməyinə görə Fəxri fərman təqdim etdi.  
						
						
						
						Kəmalə  ŞEYDAYEVA, 
						Şabran şəhər R.Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin
						 
						dil-ədəbiyyat müəllimi   |