| 
						 
						
						 İyunun 
						1-dən 8-dək Azərbaycan Respublikasının təhsil naziri 
						Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti 
						İtaliyada səfərdə olub. 
						
						
						Nümayəndə heyəti iyunun 4-də 140 min tələbəsi ilə 
						Avropanın ən qədim və ən böyük ali təhsil ocaqlarından 
						biri olan La Sapienza Universitetində olub, rektor Luici 
						Frati ilə görüşüb. Sonra universitetdə rektor və fakültə 
						dekanlarının iştirakı ilə görüş keçirilib. 
						
						
						Görüşdə ötən ilin oktyabrında Azərbaycan universitetləri 
						ilə tanışlıq məqsədi ilə La Sapienza  Universitetindən 
						Bakıya gəlmiş nümayəndə heyətinin üzvləri də iştirak 
						ediblər. Onlar Azərbaycan universitetlərində 
						keçirdikləri görüşlərdən məmnun qaldıqlarını və 
						əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını 
						bildiriblər. 
						
						
						La Sapienza Universitetinin rektoru Luici Frati 
						rəhbərlik etdiyi universitetdə biotexnologiya, 
						baytarlıq, kimya, nanotexnologiya, arxeologiya, 
						iqtisadiyyat və hüquq sahələrinə geniş yer verildiyini 
						deyib. Rektor hazırda Rusiya və Cənubi Koreyada 
						vətəndaşlıq hüququ mövzusunda geniş elmi araşdırmaların 
						aparıldığını bildirib. Universitetdə iqtisadiyyatın 
						idarə olunmasının daha çox diqqət mərkəzində 
						saxlanıldığını qeyd edib. Daha sonra Luici Frati 
						Azərbaycan universitetləri ilə əməkdaşlıq sazişinin 
						imzalanmasının ikitərəfli əlaqələrin uğurla davam 
						etdirilməsi baxımından əhəmiyyətli olacağını nəzərə 
						çatdırıb. 
						
						
						 Cari 
						ildən başlayaraq xarici ölkələrdən gələn tələbələrin 
						sayını artırmaq məqsədilə La Sapienza Universitetinin 
						tibb və iqtisadiyyat fakültələrində ingilis dilində 
						bölmənin fəaliyyət göstərəcəyi barədə məlumat verən 
						universitet rəhbəri hər iki fakültədə Azərbaycandan olan 
						tələbələrin də təhsil almasından məmnun olacağını 
						bildirib. 
						
						
						Rektor məsafədən (distant) təhsil məsələsinə toxunaraq 
						qeyd edib ki, əgər rəsmi saziş mövcud olarsa, 
						azərbaycanlı gənclər İtaliyaya gəlmədən də İnternet 
						vasitəsi ilə təhsil ala, eyni zamanda doktorluq dərəcəsi 
						və ixtisasartırma üzrə italiyalı həmkarları ilə birgə 
						elmi araşdırmalar apara bilərlər. Eyni zamanda bu 
						universitetdə hazırda 4000 tədqiqatçının doktorluq 
						dərəcəsi üzrə elmi araşdırmalar apardığı nəzərə 
						çatdırılıb. 
						
						
						Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov 
						1919-cu ildə İtaliyanın Azərbaycanın müstəqilliyini 
						tanıyan ilk dövlətlərdən biri olduğunu məmnunluqla qeyd 
						edib, ölkələrimiz arasında bütün sahələrdə geniş 
						əməkdaşlığın mövcud olduğunu bildirib. Nazir İtaliyanın 
						ticarət üzrə Azərbaycanla tərəfdaşlıqda birinci yerdə 
						olması haqqında da məlumat verib. 
						
						
						 Misir 
						Mərdanov təhsil sahəsində mövcud olan potensialdan  
						tərəflərin hələ tam şəkildə istifadə edə bilmədiyini və 
						hazırkı şəraitdə bunun üçün geniş imkanların olduğunu 
						söyləyib. Nazir Azərbaycan Tibb Universiteti ilə 
						İtaliyanın Genuya Universiteti arasında Avropa 
						İttifaqının TEMPUS, Erasmus-Mundus və digər proqramları 
						üzrə uğurlu əməkdaşlığın mövcud olduğu və müvafiq 
						çərçivədə yeni sahələr üzrə birgə proqramların davam 
						etdirildiyi barədə məlumat verib.  Təhsil naziri 
						həmçinin Azərbaycanın 3 universiteti ilə əməkdaşlıq 
						müqavilələrinin artıq imzalandığını və yaxın müddətdə 
						Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan 
						Texniki Universiteti ilə əlaqələrin rəsmiləşdirilməsi 
						üçün lazımi tədbirlərin görüləcəyini bildirib. 
						
						
						Azərbaycan Dillər Universitetində italyanşünaslıq 
						kafedrasının fəaliyyət göstərdiyini italiyalı rektorun 
						diqqətinə çatdıran təhsil naziri Azərbaycanda italyan 
						dilinə və mədəniyyətinə marağın olduğunu söyləyib. Misir 
						Mərdanov İtaliyaya səfərdən öncə bu ölkənin 
						Azərbaycandakı səfiri ilə görüşdüyünü və yaxın vaxtlarda 
						İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bir 
						neçə Azərbaycan məktəbində bu dilin geniş tədris 
						olunması üçün tədbirlər görüləcəyini diqqətə 
						çatdırıb.     
						
						
						Sonra Misir Mərdanov 2005-ci ildən Boloniya sisteminə 
						qoşulmuş Azərbaycanın təhsil sahəsində əldə etdiyi 
						yeniliklərdən, bu proses çərçivəsində görüləcək işlərdən 
						danışıb və La Sapienza Universitetinin azərbaycanlı 
						gənclərin xaricdə təhsil aldığı prioritet universitetlər 
						siyahısına düşməsi üçün bütün tələblərə uyğun olduğunu 
						qeyd edib. 
						
						
						Nümayəndə heyəti üzvlərinin təhsil sistemində idarəçilik 
						üzrə qısamüddətli kurslar keçirilməsi təklifi də 
						müzakirə edilib və La Sapienza Universitetinin rektoru 
						tərəfindən əlaqədar şəxslərə əsas ixtisasların 
						siyahısının tezliklə Azərbaycan Respublikasının Təhsil 
						Nazirliyinə göndərilməsi tapşırığı verilib. 
						
						
						Daha sonra nazir iki ölkə arasında təhsil sahəsində 
						əlaqələrin inkişafının yüksək nəticəsi kimi La Sapienza 
						Universitetində azərbaycanşünaslıq kafedrasının 
						yaradılmasının vacibliyindən danışıb. Nazir belə bir 
						kafedranın yaradılması, eləcə də inkişafı üçün 
						hərtərəfli dəstək göstəriləcəyini bildirib. Təhsil 
						naziri Misir Mərdanov La Sapienza Universitetinin 
						rektoru Luici Fratini cari ilin sentyabr ayında 
						Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin 
						qurulmasının 20 illik yubileyinə həsr olunmuş konfransda 
						iştirak etmək üçün  Bakıya dəvət edib. 
						
						
						Rektor Luici Frati Bakıya bu dəvətdən məmnun olduğunu 
						bildirib. Luici Frati Azərbaycan universitetləri ilə 
						daha yaxından tanışlıq və əməkdaşlığın inkişafı 
						baxımından belə bir səfərin səmərəli olacağına inamını 
						ifadə edib. 
						
						
						Sonda rektor Luici Frati azərbaycanlıların İtaliya 
						universitetlərinə  və italyan dilinə marağının artmasına 
						göstərdiyi dəstək və yardıma görə təhsil naziri Misir 
						Mərdanova dərin təşəkkürünü bildirib. 
						
						
						Məlumat üçün bildirək ki, La Sapienza Universiteti ilə 
						Azərbaycanın bir neçə ali məktəbi arasında əməkdaşlıq 
						sazişi imzalanıb. Bu işdə Azərbaycanın İtaliyadakı 
						fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov və 
						səfirliyin əməkdaşlarının əməyi xüsusi qeyd edilməlidir. 
						Hazırda isə Azərbaycan Memarlıq və İnşaat Universiteti, 
						Azərbaycan Texniki Universiteti ilə rəsmi əməkdaşlıq 
						sazişinin imzalanması üzrə hazırlıq işləri aparılır. 
						
						
						İyunun 5-də İtaliyanın təhsil naziri Françesko Profumo 
						ilə görüş keçirilib. Misir Mərdanov İtaliya ilə bütün 
						sahələrdə mövcud olan geniş əməkdaşlıqdan danışıb, 
						xalqımızın bu ölkəyə və onun vətəndaşlarına olan 
						hörmətinin təhsil sahəsində qarşılıqlı əlaqələrin 
						genişlənməsinə zəmin yaratdığını qeyd edib. 
						
						
						Universitetlər arasında mövcud olan əlaqələrdən və 
						əməkdaşlığın inkişafı üçün görüləcək işlərdən bəhs edən 
						Misir Mərdanov La Sapienza Universitetində yaradılacaq 
						azərbaycanşünaslıq kafedrasının gələcəkdə Azərbaycan ilə 
						İtaliya arasında əlaqələrin mərkəzinə çevrilə biləcəyini 
						söyləyib. La Sapienza Universitetində keçirilən görüşdən 
						razı qaldığını bildirən nazir xaricdə təhsil üzrə Dövlət 
						Proqramı barədə italiyalı həmkarına məlumat verib. Misir 
						Mərdanov İtaliya universitetlərində təhsil alan 
						azərbaycanlı gənclərin sayının artırılmasının 
						vacibliyini vurğulayıb, bunun üçün Azərbaycan hökuməti 
						tərəfindən təqaüd ayrılmasının mümkünlüyünü qeyd edib. 
						
						
						Təhsil naziri iki ölkənin alimləri arasında birbaşa 
						əlaqələrin genişləndirilməsinin və yay tətili müddətində 
						hər iki ölkə tələbələrinin səfərlərinin təşkil 
						olunmasının mühüm əhəmiyyətini vurğulayıb. Misir 
						Mərdanov yaxın gələcəkdə Azərbaycan orta məktəblərində 
						italyan dilinin tədris olunması ilə bağlı İtaliyanın 
						ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə 
						müzakirələr aparıldığını söyləyib. 
						
						
						İtaliyanın təhsil naziri Françesko Profumo italyan dili 
						və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkür edib 
						və Azərbaycan barədə İtaliya ictimaiyyətinin 
						məlumatlandırılmasının vacibliyini nəzərə çatdırıb. Eyni 
						zamanda La Sapienza Universitetində Azərbaycan dili və 
						tarixinin yüksək səviyyədə öyrənilməsinin təşkili 
						məsələsinə toxunan nazir təhsilin digər istiqamətləri 
						üzrə əlaqələrin yaradılması işinə hərtərəfli dəstək 
						veriləcəyini bildirib. 
						
						
						Daha sonra iki ölkənin təhsil nazirləri arasında elm, 
						təhsil, mədəniyyət və texnologiya üzrə 2005-ci ildəki 
						sazişdə nəzərdə tutulan məsələlər (tələbə mübadiləsi, 
						birgə elmi araşdırmalar, elmi konfrans və simpoziumların 
						keçirilməsi və s.) ətrafında müzakirələr aparılıb. 
						Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə 
						Florensiya Arxiv İnstitutu arasında qurulmuş əlaqələrin 
						tənzimlənməsinin vacibliyi vurğulanıb. Eyni zamanda 
						Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə İtaliya 
						universitetlərinin arasında əlaqələrin yaradılması 
						məsələləri müzakirə edilib. 
						
						
						Misir Mərdanov Azərbaycanla İtaliya arasında təhsil 
						sahəsi üzrə işçi qrupunun yaradılması təklifi ilə çıxış 
						edib. 
						
						
						Görüşdə Azərbaycanla İtaliya arasında təhsil 
						sənədlərinin tanınması məsələsi müzakirə edilib. 
						
						
						Sonda Misir Mərdanov italiyalı həmkarı Françesko 
						Profumonu cari ilin sentyabrında keçiriləcək Azərbaycan 
						ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 
						20 illik yubileyinə həsr olunmuş konfransda iştirak 
						etmək üçün Bakıya dəvət edib. 
						
						
						İtaliyalı nazir dəvəti məmnuniyyətlə qəbul edərək 
						təşəkkürünü bildirib. 
						
						
						İyunun 5-də İtaliyada təhsil alan azərbaycanlı 
						tələbələrlə görüş keçirilib. 
						
						
						Nazir tələbələrlə söhbət edərək onların təhsili ilə 
						maraqlanıb, Azərbaycan həqiqətlərinin dünyaya 
						çatdırılması işində onların üzərinə mühüm vəzifələr 
						düşdüyünü qeyd edib. 
						
						
						Həmin gün İtaliyanın Dante Aligyeri İnstitutunun 
						prezidenti Bruno Bottai və baş direktoru Alessandro Mazi 
						ilə görüş keçirilib. 
						
						
						İyunun 6-da İtaliya Senatının təhsil, elm və mədəniyyət 
						komissiyasının sədri, Senatın YUNESKO ilə əməkdaşlıq 
						qrupunun əlaqələndiricisi senator Quido Possa ilə görüş 
						keçirilib. 
						
						
						Təhsil naziri Misir Mərdanov İtaliya ilə Azərbaycan 
						arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam 
						etdiyini nəzərə çatdırıb. Nazir gəlişinin əsas 
						məqsədinin İtaliyanın təhsil ocaqları ilə əlaqələrin 
						genişləndirilməsi olduğunu diqqətə çatdırıb. 
						Azərbaycanda italyan dilinin tədrisi məsələlərinə, bu 
						işin daha ciddi və geniş şəkildə aparılması üçün 
						görüləcək işlərə toxunan təhsil naziri eyni zamanda 
						Avropa İttifaqı proqramları çərçivəsində əməkdaşlığın 
						genişləndirilməsinin vacibliyindən söz açıb. 
						
						
						Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli 
						səfiri Vaqif Sadıqov ölkələrimiz arasındakı əlaqələrin 
						yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. 
						
						
						Senator Quido Possa iki ölkə arasında mövcud olan 
						əlaqələrin yüksək səviyyədə davam etdirilməsi üçün 
						göstərilən səylərə görə təşəkkürünü bildirib. Senator 
						7-ci təhsil, mədəniyyət, incəsənət və idman daimi 
						komitəsinin sədri olaraq Azərbaycanı bütün sahələrdə 
						dəstəkləyəcəyini nəzərə çatdırıb və təhsil üzrə 
						əməkdaşlığın inkişafında universitetlərarası əlaqələrin 
						inkişafı üçün səy göstərəcəyini və bunun üçün bütün 
						imkanların mövcud olduğunu qeyd edib. 
						
						
						Şərq tərəfdaşlığı iştirakçı ölkələri arasında iqtisadi 
						və siyasi baxımdan Azərbaycanın regionda ən güclü dövlət 
						olduğunu qeyd edən senator İtaliya - Azərbaycan dostluq 
						qrupunun yaranmasına ehtiyac olduğunu vurğulayıb. 
						Azərbaycanın gənclər ölkəsi olduğunu və gələcəyə doğru 
						inamla addımladığını söyləyən senator Quido Possa 
						Azərbaycan dilinin tədrisi üçün layihələr həyata 
						keçirilməsinin mümkünlüyünü də nəzərə çatdırıb. 
						
						
						Sonda təhsil naziri Misir Mərdanov görüşün yüksək 
						səviyyədə təşkilinə görə senator Quido Possaya və Senat 
						üzvlərinə təşəkkürünü bildirib.  |