| 
						 
						
						2012-ci ilin may ayında Təhsil  Nazirliyinin "Qaynar 
						xətt" xidmətinə  (telefon: 146; faks: 496-37-61; 
						elektron poçt ünvanı: 
						
						qaynar-xett@edu.gov.az) 1055 müraciət daxil olub. 
						Müraciətlərin 966-sı telefonla, 89-u elektron poçt 
						vasitəsi ilə qəbul edilib. Müraciətlərin böyük hissəsi 
						sorğu və məlumat xarakterlidir. 
						
						
						Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn 
						olimpiadaları, xaricdə təhsil, əlavə təhsil, ali və orta 
						ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, 
						təhsil sənədlərinin alınması, nostrifikasiyası, təhsil 
						müəssisələrinə, xüsusilə ümumi təhsil məktəblərinə 
						vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu 
						qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird 
						qəbulu, müəllimlərin dərs yükü normaları ilə əlaqədar 
						olub. Bütün sorğular "Qaynar xətt" xidmətinin növbətçi 
						əməkdaşları tərəfindən qəbul edilib, qeydə alınıb və 
						cavablandırılmaqla həllini tapıb. 
						
						
						May ayında baxılmış 45 şikayət məzmunlu müraciətlərin 
						təhlili göstərir ki,  Bakı şəhərindəki ümumi təhsil 
						məktəblərindən 31, digər şəhər məktəblərindən 3 (Sumqayıtdan 
						2, Gəncədən 1), Abşeron rayonundan 3, Şahbuz, Qəbələ, 
						Xaçmaz, Balakən, Sabirabad, Qusar, Gədəbəy, Samux 
						rayonlarının ümumi təhsil məktəblərinin  hər birindən 1 
						şikayət məzmunlu müraciət daxil olub. 
						
						
						Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas 
						hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi 
						nöqsanlar, məktəblərdə fond pulu toplanması, dərs 
						bölgüsündən narazılıq, buraxılış imtahanları ilə 
						əlaqədar vərəqələrin paylanması, bir sıra məktəblərdə 
						tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin 
						əməkhaqqından qanunsuz tutulmalar, məzuniyyətin düzgün 
						hesablanmaması, maaşların gecikdirilməsi məsələləri 
						təşkil edir. Qeyd etmək lazımdır ki, bu müraciətlərin 
						araşdırılması zamanı yenə də xeyli sayda müraciətdə ad, 
						soyad, telefon nömrəsi göstərilsə də, onların anonim 
						olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd 
						olunan faktlar öz təsdiqini tapmayıb. 
						
						
						Ötən ay "Qaynar xətt" xidmətinə dövlət ali və orta 
						ixtisas təhsili müəssisələri ilə bağlı 11, özəl ali 
						təhsil müəssisələri ilə əlaqədar 3 müraciət daxil olub. 
						Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən 
						daxil olan şikayətlərdə əsasən, təhsil sənədlərinin 
						gecikdirilməsi, imtahanlarla əlaqədar sualların 
						qabaqcadan verilməməsi,  təhsil haqqının ödənilməsi, 
						struktur bölmə rəhbərlərinin vəzifə səlahiyyətlərini 
						yerinə yetirməsində yol verdiyi nöqsanlar öz əksini 
						tapıb. Bütün bu məsələlər müvafiq qaydada araşdırılıb və 
						həll edilib.  |