| 
						 
						
						Azərbaycan Dillər Universitetində "Xarici dillərin 
						tədrisinin  aktual problemləri"  mövzusunda   V 
						Respublika elmi-praktik  konfransı keçirildi.    İki gün  
						davam edən konfransda Təhsil Nazirliyinin Elm şöbəsinin, 
						Təhsil Problemləri İnstitutunun, Bakı Pedaqoji Kadrların 
						İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun və Bakı 
						Dövlət Universitetinin nümayəndələri  iştirak edirdilər. 
						
						
						Konfransın plenar iclası  Dövlət himni ilə başladı. ADU-nun 
						rektoru, Milli Məclisin deputatı, professor Səməd 
						Seyidov  iştirakçıları salamlayaraq konfransın 
						əhəmiyyəti haqqında danışdı. Ənənəvi olaraq hər il 
						keçirilən konfransda Azərbaycanın müxtəlif orta və ali 
						məktəblərinin nümayəndələri ilə fikir mübadiləsi 
						aparıldığını bildirdi. Rektor yeni metodların tətbiqinin 
						birbaşa orta və ali məktəblərdə öyrənilməsinin vacib 
						olduğunu vurğuladı və  konfransın işinə  uğurlar 
						arzuladı.  
						
						
						Sonra Azərbaycan Dillər Universiteti və Bakı Pedaqoji 
						Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu  
						arasında memorandum imzalandı. Hər iki tərəf  təhsil və 
						elmi tədqiqat sahəsində ümumi maraqlara əsaslanaraq 
						əməkdaşlığın bir sıra  prinsipləri haqqında razılığa 
						gəldilər. Əməkdaşlıq psixologiya və pedaqogika elmləri 
						sahəsində təcrübə mübadiləsi, tədris müəssisələrində 
						psixoloji xidmətin təşkili, xarici dil mütəxəssislərinin 
						- müəllimlərinin ixtisasartırmasının təşkili, yeni 
						texnika və texnologiyaların mübadiləsi, yeni təlim 
						metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə 
						simpozium, konfrans və seminarların təşkili, qarşılıqlı 
						maraq doğuran layihə və proqramlarda birgə iştirak 
						sahələrini əhatə edirdi. 
						
						
						Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin 
						Hacıyeva  indiki dövrdə gənclərin xarici dilləri, 
						xüsusilə də ingilis dilini öyrənməyə xüsusi maraq 
						göstərdiklərini qeyd etdi. O, qloballaşma şəraitində 
						xarici dilləri öyrənən mütəxəssislərə və peşəkar 
						tərcüməçilərə tələbatın artdığını bildirdi. G.Hacıyeva  
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 
						may 2012-ci ildə "Azərbaycan dilinin qloballaşma 
						şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və 
						ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı 
						haqqında" sərəncam imzaladığını iştirakçıların nəzərinə 
						çatdırdı.  
						
						
						ADU-nun xarici dillərin tədrisi metodikası kafedrasının 
						dosenti Gülbəniz Camalova və Xətai rayonundakı 55 
						nömrəli orta məktəbin müəllimi Nailə Həsənova "Dil 
						tədrisində layihə metodundan istifadə", ADU-nun təlimdə 
						innovasiyalar və əlavə təhsil kafedrasının müəllimi 
						Türkan Əliyeva "İngilis dilinin qrammatikasının 
						tədrisində İKT-nin tətbiqi və elektron dərsliklərdən 
						istifadə yolları", ingilis dilinin qrammatikası 
						kafedrasının müəllimi Könül Hacıyeva "On-line 
						proqramlardan istifadə etməklə tələbələrin produktiv 
						lüğət ehtiyatlarının zənginləşdirilməsi" mövzularında 
						məruzə ilə çıxış etdilər. 
						
						
						Ertəsi gün  konfrans öz işini bölmə iclaslarında  davam 
						etdirdi. 
						
						
						Konfransın yekununda çıxış edən ADU-nun elmi işlər üzrə 
						prorektoru, professor Dünyamin Yunusov bölmələrdə 
						maraqlı müzakirələrin getdiyini söylədi. Müzakirələrdə 
						22 ali məktəb və bir sıra ümumtəhsil müəssisələrinin 
						nümayəndələrinin  fəal iştirak etdiyi qeyd edildi.
						 
						
						
						Konfransın bölmə rəhbərləri - professorlar Bilal 
						İsmayılov, Dilarə İsmayılova, Gülnar Hüzeynzadə, Azad 
						Məmmədov,  Ələkbər Qubatov və dosentlər Gülbəniz 
						Camalova, Aytən Bayramova çıxış edərək konfransın uğurlu 
						təşkilinə görə universitet rəhbərliyinə təşəkkür etdilər.   
						Xarici dillərin tədrisinin inkişafı baxımından  belə 
						konfrans və iclasların mütəmadi keçirilməsinin vacibliyi 
						vurğulandı.   
						
						
						Şakir CƏFƏROV   |