| 
								 
								
								
								Təhsil sistemi  
								
						
						 Çilinin 
								təhsil sistemi yüksək əks mərkəzləşdirilmiş 
								idarəçiliyi ilə xarakterizə olunur. Dövlət, 
								bələdiyyə və özəl təhsil müəssisələri eyni 
								tələblər əsasında fəaliyyət göstərirlər. 
								
								
								Ölkədə təhsil 4 pillədən - məktəbəqədər, əsas (ibtidai), 
								orta və ali təhsil pilləsindən ibarətdir. 
								Uşaqlar 6 yaşa qədər məktəbəqədər təhsilə, 6-13 
								yaşlarında əsas təhsilə, 14-17 yaşlarında orta 
								təhsilə cəlb olunurlar. Əsas təhsil pilləsi 
								I-VIII, orta təhsil pilləsi isə IX-XII sinifləri 
								əhatə edir. 
								
								
								Ölkə Konstitusiyasına görə əsas və orta təhsil 
								icbari hesab edilir. Dövlət hamı üçün 12 illik 
								icbari təhsil almağa bərabər imkanlar yaradır. 
								Bu, Latın Amerikası ölkələri üçün analoqu 
								olmayan haldır. Təsadüfi deyil ki, Çilidə 
								əhalinin ümumi savadlılıq səviyyəsi 96 faiz 
								təşkil edir ki, bu da Cənubi Amerika ölkələri 
								üzrə çox yaxşı göstəricilərdən biri hesab olunur. 
								
								
								Orta təhsil pilləsi kurikulumun məzmunundan 
								asılı olaraq təbiət, humanitar, texniki və ya 
								peşə təmayüllü ola bilər. Dövlət, dövlətdən 
								maliyyə dəstəyi alan özəl, dövlətdən maliyyə 
								dəstəyi almayan özəl və müstəqil idarəetməyə 
								malik məktəblər fəaliyyət göstərir. 
								
								
								Bütün təhsil müəssisələrində pulsuz təhsil 
								xidmətləri göstərilməsə də, dövlətə məxsus olan 
								ümumi təhsil müəssisələrində təhsil haqqını 
								ödəmək üçün hər bir şagirdə hökumət tərəfindən 
								maddi dəstək verilir. Odur ki, bütün bunları 
								nəzərə alaraq, ölkədə ümumi orta təhsilin pulsuz 
								olduğunu söyləyə bilərik. 
								
								
								Dövlət tərəfindən əsas və orta təhsil pilləsində 
								oxuyan şagirdlərin 93 faizinə təhsil xərclərinin 
								ödənilməsi üçün vauçerlər verilir. Qalan 3 faiz 
								isə özəl təhsil müəssisələrində öz xərcləri 
								hesabına oxuyur. 
								
								
								Ali təhsil müəssisələri sırasına universitetlər, 
								peşə institutları və peşə təhsili mərkəzləri 
								daxildir. 
								
								
								Onu da qeyd edək ki, Çilidə ümumilikdə ümumi 
								daxili məhsulun 7,3 faizi həcmində vəsait təhsil 
								sahəsinə ayrılır.  
								
								
								
								Məktəbəqədər təhsil  
								
						
						 Çili 
								məktəbəqədər təhsil sahəsində ən müasir 
								strategiyaya malik olan ölkələrdən biridir. 
								Məktəbəqədər təhsil müəssisələrinə 6 yaşa qədər 
								olan uşaqlar cəlb edilir. 2007-ci ildə 
								Konstitusiyada edilmiş dəyişikliyə əsasən, 
								məktəbəqədər təhsil pulsuz olsa da, icbari deyil. 
								
								
								Son illər məktəbəqədər təhsil sahəsində böyük 
								irəliləyişə nail olunub. Məktəbəqədər təhsilə 
								ayrılan dövlət xərclərinin həcmi əsaslı şəkildə 
								artırılıb. Körpələrə qayğı mərkəzlərinin sayı 4 
								dəfə, bağçaların sayı isə 5 dəfə çoxalıb. 
								
								
								Məktəbəqədər təhsil müəssisələri idarəetmə 
								prinsiplərinə görə dövlət və özəl, maliyyələşmə 
								mənbəyinə görə isə bələdiyyə, dövlətdən maddi 
								dəstək alan özəl və dövlətdən maddi dəstək 
								almayan özəl təhsil müəssisələri kimi 
								qruplaşdırılır. Bələdiyyələrin nəzdindəki 
								məktəbəqədər təhsil müəssisələrində heç bir 
								ödəniş tələb olunmur. Dövlət hər bir uşağa görə 
								müəssisəyə subsidiya ayırır. Maraqlıdır ki, bir 
								çox özəl məktəbəqədər təhsil müəssisələri də 
								dövlət tərəfindən maddi yardım alır. Valideynlər 
								könüllülük prinsipi əsasında özəl məktəbəqədər 
								təhsil müəssisələrinə yardımlar da edirlər. 
								
								
								Dövlətdən maddi dəstək almayan məktəbəqədər 
								təhsil müəssisələri tam özəl mənbələr hesabına 
								maliyyələşir. Bu müəssisələrdə də təhsil haqqı 
								tələb olunur. 
								
								
								Bundan əlavə, Çilinin məktəbəqədər təhsil 
								sistemi üçün unikal olan cəhətlərdən biri də 
								dövlətin maliyyələşdirdiyi iki müstəqil qurumun 
								- Məktəbəqədər Təhsil üzrə Milli Şura və İnteqra 
								Fondunun bu sahənin inkişafı üçün ciddi səylər 
								göstərməsidir. Bu qurumlar kasıb əhali qrupuna 
								daxil olan uşaqların məktəbəqədər təhsilə cəlb 
								olunmasını təmin edir və müvafiq xidmətlər 
								göstərirlər. 
								
								
								Ümumilikdə, ölkənin məktəbəqədər təhsil sistemi 
								əsasən, dövlət tərəfindən maliyyələşən 
								proqramlara (83 faiz) uyğun olaraq fəaliyyət 
								göstərir. Son illər alternativ qayğı və ailə 
								proqramlarının, eləcə də digər layihələrin 
								həyata keçirilməsi, müasir yeniliklərin tətbiqi 
								ölkədə məktəbəqədər təhsil sisteminin daha da 
								inkişaf etdirilməsinə şərait yaradıb. 
								
								
								Məktəbəqədər təhsil kurikulumuna oxu, yazı 
								hazırlığı, incəsənət, musiqi sahəsi üzrə 
								bacarıqların aşılanması və inkişaf etdirilməsi 
								daxildir. Bu təhsil pilləsi erkən uşaqlıq və 
								əsas təhsil dövrü arasında əlaqə təşkil etdiyi 
								üçün məktəbəqədər müəssisələrdə uşaqlarda 
								əməkdaşlıq hisslərinin formalaşmasına, onların 
								ictimailəşməsinə xüsusi diqqət yetirilir. 
								Məktəbəqədər təhsil kurikulumunda oyunlar 
								vasitəsilə uşaqların məntiqi təfəkkürünün 
								inkişaf etdirilməsinə də geniş yer verilir. 
								
								
								 Əsas 
								təhsil  
								
						
						 Çilidə 
								6-13 yaşlı uşaqlar əsas təhsilə (I-VIII siniflər) 
								cəlb olunurlar. Qeyd etdiyimiz kimi, əsas təhsil 
								icbaridir. Əsas təhsil müəssisələri idarəetmə 
								prinsiplərinə görə dövlət və özəl, maliyyələşmə 
								mənbəyinə görə isə bələdiyyə, dövlətdən maddi 
								dəstək alan özəl və dövlətdən maddi dəstək 
								almayan özəl təhsil müəssisələrinə bölünür. 
								
								
								Bələdiyyə hesablı əsas təhsil müəssisələrində 
								təhsil pulsuzdur. Dövlət hər bir uşağa görə 
								müəssisəyə subsidiya verir. Dövlətdən maddi 
								yardım alan özəl əsas təhsil müəssisələrində 
								oxuyan uşaqların valideynləri könüllülük 
								prinsipi əsasında məktəbə yardım edirlər. 
								Dövlətdən maddi dəstək almayan əsas təhsil 
								müəssisələri tam özəl mənbələr hesabına 
								maliyyələşir və bu məktəblərdə təhsil haqqı 
								tələb olunur. 
								
								
								Çilinin 1997-ci ildə qəbul etdiyi əsas təhsil 
								kurikulumu həm icbari, həm də seçmə məzmundan 
								ibarətdir. Kurikulumun seçmə məzmununa uyğun 
								olaraq hər bir məktəb öz tədris proqramlarını 
								müəyyən etməkdə azaddır. Əsas təhsil pilləsində 
								şagirdlərə kurikulum üzrə ümumi təhsil fənləri, 
								o cümlədən riyaziyyat, təbiət elmləri və 
								humanitar elmlər tədris olunur. 
								
								
								2010-cu ilin statistikasına görə, ölkə üzrə 
								müvafiq yaş qrupundakı uşaqların 99 faizi əsas 
								təhsilə cəlb olunub. Bu pilləni uğurla başa 
								vurduqdan sonra şagirdlərə əsas təhsil 
								sertifikatı verilir.  
								
								
								
								Orta təhsil  
								
						
						 Orta 
								təhsil pilləsi kurikulumun məzmunundan asılı 
								olaraq təbiət, humanitar, texniki və ya peşə 
								təmayüllü ola bilər. Orta təhsilə 14-17 yaşlı 
								(IX-XII siniflər) uşaqlar cəlb olunur. Qeyd 
								etdiyimiz kimi, orta təhsil icbari xarakter 
								daşıyır. Dövlət hamı üçün 12 illik icbari təhsil 
								almağa bərabər imkanlar yaradır.   
								
								
								Təbiət və ya humanitar təmayüllü məktəblərdə 
								şagirdlər müvafiq ixtisaslar üzrə ali təhsil 
								pilləsinə hazırlanır. Belə məktəblərdə şagirdlər 
								riyaziyyat, fizika, kimya, biologiya, ədəbiyyat, 
								tarix və ya fəlsəfə istiqaməti üzrə daha dərin 
								biliklərə yiyələnirlər.  
								
								
								Texniki və peşə təmayüllü məktəbləri bitirmiş 
								şagirdlər birbaşa əmək bazarına daxil olmaq 
								imkanı qazanırlar. Bu məktəblərdə şagirdlərə 
								mexanika, çilingərlik, elektronika, eləcə də 
								digər texniki və peşə sahələri üzrə fənlər daha 
								çox praktiki istiqamət əsas götürülərək tədris 
								edilir. 
								
								
								Kurikulumun məzmunu IX-X siniflərdə bütün 
								profilli orta məktəblərdə eynidir. Orta təhsilin 
								XI-XII siniflərində isə şagirdin seçdiyi 
								ixtisasdan və məktəbin profilindən asılı olaraq 
								müvafiq ixtisaslaşma üzrə tədris aparılır. 
								
								
								Orta təhsil pilləsində texniki və peşə təmayüllü 
								orta məktəblər sayca üstünlük təşkil edir. Belə 
								təhsil müəssisələri sırasına mexanika, 
								elektronika, informatika sahələri üzrə 
								ixtisaslaşmış sənaye məktəblərini, idarəetmə, 
								mühasibatlıq, dəftərxana sahələri üzrə 
								ixtisaslaşmış kommersiya məktəblərini, 
								kulinariya, moda, dayəlik sahələri üzrə 
								ixtisaslaşmış texniki məktəbləri və çoxprofilli 
								(iki və daha çox sahə üzrə ixtisaslaşmış) 
								məktəbləri aid etmək olar. 
								
								
								2010-cu ilin statistikasına görə, ölkə üzrə 
								müvafiq yaş qrupundakı uşaqların 92 faizi orta 
								təhsilə cəlb olunub. Orta təhsil pilləsini 
								uğurla başa vuran şagirdlərə orta təhsil 
								haqqında sertifikat verilir.  
								
								
								
								Ali təhsil  
								
						
						 Çilinin 
								ali təhsil müəssisələri sırasına universitetlər, 
								peşə institutları və texniki təlim mərkəzləri 
								daxildir. Universitetlər ənənəvi və özəl ali 
								təhsil müəssisələri olmaqla 2 qrupa bölünür. 
								Çilidə 25 tam müstəqil ənənəvi və 50 özəl 
								universitet fəaliyyət göstərir. Ənənəvi 
								universitetlər ilə müqayisədə özəl ali 
								məktəblərin sayı tədricən artmaqdadır. Lakin 
								yeni yaranmaqda olan özəl universitetlərdə 
								tədrisin keyfiyyəti ənənəvi universitetlərlə 
								müqayisədə nisbətən aşağıdır. 
								
								
								Bütün ənənəvi universitetlərə vahid və şəffaf 
								qəbul prosesi mövcuddur. Bu proses Universitetə 
								Seçim Testi vasitəsilə həyata keçirilir. 
								Universitetə Seçim Testi Təhsil Nazirliyi 
								tərəfindən idarə olunur. Universitetə Seçim 
								Testi riyaziyyat və dil olmaqla 2 icbari fənn 
								üzrə həyata keçirilir. Bundan başqa, tələbələr 
								ixtisaslaşma və müraciət etdiyi proqram 
								sahəsindən asılı olaraq 2 xüsusi fəndən də 
								imtahan verməlidir. Qəbul zamanı məzunların orta 
								təhsil şəhadətnaməsindəki qiymətlər də nəzərə 
								alınır. Hər bir universitet təklif olunan 
								proqramın məzmunundan asılı olaraq əlavə 
								imtahanlar da tələb edə bilər. 
								
								
								Universitetlərdə bakalavriatura, magistratura və 
								doktorantura pilləsində müxtəlif ixtisaslar üzrə 
								kadrlar hazırlanır. Peşə institutları və texniki 
								təlim mərkəzləri isə özəl ali təhsil 
								müəssisələridir. Bu ali təhsil müəssisələrinə 
								qəbul yalnız orta təhsil haqqında 
								şəhadətnamədəki qiymətlərə əsasən aparılır. 
								
								
								Çilidə 48 peşə institutu fəaliyyət göstərir ki, 
								onlardan da 11-i tam müstəqildir. Peşə 
								institutlarında təhsilin müddəti 4 ildir. Həmin 
								müəssisələrdə müxtəlif peşə sahələri üzrə 
								kadrlar hazırlanır və məzunlara müvafiq peşə 
								dərəcəsi verilir. 
								
								
								Ölkədə 117 texniki təlim mərkəzi fəaliyyət 
								göstərir ki, bunlardan 6-sı tam müstəqildir. 
								Texniki təlim mərkəzlərində təhsilin müddəti 
								2-2,5 ildir. Texniki təlim mərkəzlərində dövlət, 
								eləcə də özəl sektorun tələblərinə uyğun bilik 
								və bacarıqlara yiyələnmiş texniki mütəxəssislər 
								hazırlanır. Texniki təlim mərkəzlərini 
								bitirənlərə müvafiq texniki sahə üzrə sertifikat 
								verilir. 
								
								
								2009-cu ilin statistikasına görə, 18-24 yaşlı 
								əhalinin 28,88 faizi ali məktəblərdə təhsil alıb. 
								
								
								Ölkənin bütün ali təhsil müəssisələri 
								ödənişlidir. Lakin ənənəvi universitetlərdə 
								təhsil haqlarının ödənilməsi üçün dövlət 
								tərəfindən tələbələrə təhsil və sosialyönümlü 
								kreditlər verilir. Özəl universitetlərdə və 
								texniki peşə profilli ali təhsil müəssisələrində 
								təhsil haqlarının ödənilməsi üçün tələbələr 
								dövlət zəmanəti əsasında banklardan kredit almaq 
								imkanına sahibdirlər. Ancaq bankların verdiyi 
								kreditlər üçün faizlər nisbətən yüksək olur. 
								Həmçinin, ölkənin ali təhsil müəssisələrində 
								təhsil xərclərinin ödənilməsi üçün bir çox 
								təqaüdlərdən də yararlanmaq mümkündür. Bu 
								təqaüdlər tələbələrin sosial statusuna, tədris 
								göstəricilərinə və bir sıra başqa meyarlara görə 
								verilir. 
								
								
								Çilinin ali təhsil müəssisələri Latın Amerikası 
								ölkələri arasında ən yaxşı ali məktəblər hesab 
								edilir. Ölkənin ən qədim və ən nüfuzlu ali 
								təhsil müəssisəsi əsası 1842-ci ildə qoyulmuş 
								Çili Universitetidir. Çili ali təhsil 
								müəssisələrinin verdiyi dərəcələr demək olar ki, 
								dünyanın bütün ölkələri tərəfindən tanınır. 
								
								
								Ali təhsil müəssisələrində tədris ispan dilində 
								aparılsa da, son illər ingilis dilli 
								proqramların sayı artmaqdadır. Ali təhsil 
								müəssisələrində tədris olunan kurikulum və 
								proqramlara Təhsil Nazirliyi cavabdehlik daşıyır. 
								
								
								Xarici ölkələrin ən nüfuzlu universitetlərində 
								təhsil almaq istəyən Çili vətəndaşları da 
								çoxsaylı təqaüd proqramlarından bəhrələnə 
								bilərlər. Xaricdə təhsil proqramları vasitəsilə 
								on minlərlə tələbənin dünyanın qabaqcıl 
								universitetlərində təhsili maliyyələşdirilir. 
								Bunun üçün dövlət tərəfindən və ayrı-ayrı 
								fondlar hesabına milyardlarla dollar vəsait 
								ayrılır. Ancaq qeyd olunan təqaüdlər hesabına 
								xaricdə oxuyan tələbələr təhsillərini başa 
								vurduqdan sonra geri qayıtmaq və təhsil 
								dövründən 2 dəfə artıq müddətdə öz ölkələrində 
								çalışmaq öhdəliyi daşıyırlar.  
								
								
								
								Əlavə təhsil  
								
						
						 Çilidə 
								yaşlıların təhsil səviyyəsinin yüksəldilməsi 
								üçün bir çox əlavə təhsil proqramı və layihələri 
								həyata keçirilir. 2002-2009-cu illəri əhatə edən 
								ixtisasartırma proqramı çərçivəsində yaşlıların 
								təhsilinə dair qaydalar müəyyənləşdirilib. 
								
								
								Yaşlıların təhsili proqramları əsasən, onların 
								əmək bazarına daxil olmasına və müvafiq 
								bacarıqlara yiyələnməsinə istiqamətlənib. 
								Həmçinin, xüsusi mərkəzlərdə yaşlıların ibtidai 
								və orta təhsili həyata keçirilir. Ölkə üzrə 294 
								belə  mərkəz fəaliyyət göstərir. 
								
								
								Çilidə müəllimlərin əlavə təhsili ya Təhsil 
								Nazirliyi, ya da universitet və özəl şirkətlərin 
								təklif etdiyi kurslar vasitəsilə həyata 
								keçirilir. İcbari (islahatlar ilə əlaqədar) 
								kurslar pulsuz, digər kurslar isə ödənişli 
								əsaslarla fəaliyyət göstərir. 
								
								
								Hər il əsas və orta məktəblərdə çalışan təxminən 
								40000 müəllimin ixtisasartırma kurslarında 
								iştirakına imkan yaradılır. Bu kurslarda 
								müəllimlər kurikulum islahatı nəticəsində 
								hazırlanmış və qəbul edilmiş yeni tədris 
								proqramları üzrə ixtisasartırmaya cəlb olunurlar. 
								
								
								Xaricdə İxtisasartırma Təhsili Təqaüdü Proqramı 
								çərçivəsində hər il təxminən 5000 sinif müəllimi 
								və məktəb rəhbəri əcnəbi ölkələrin təhsil 
								müəssisələrində, eləcə də elmi mərkəzlərində 
								müvafiq proqram üzrə 5-6 həftəlik kurslarda 
								iştirak edir. Milli Müəllim Proqramı isə 1 
								həftəlik tədris ezamiyyətləri vasitəsilə 
								ölkədaxili təhsil müəssisələri arasında müəllim 
								mübadiləsinə imkan verir.  
								
								
								
								Elmi tədqiqatlar  
								
								
								Artıq 40 ildən artıqdır ki, Elm və Texnoloji 
								Tədqiqat üzrə Milli Komissiya Çilidə elm və 
								texnologiyanın inkişafı sahəsində aparıcı qurum 
								kimi fəaliyyət göstərir. Bu komissiya Təhsil 
								Nazirliyinin insan kapitalının inkişafına, 
								ölkənin elmi və texnoloji imkanlarının 
								gücləndirilməsinə cavabdeh olan qurumudur. 
								
								
								Elmi tədqiqat sahələri Elm və Texnoloji Tədqiqat 
								üzrə Milli Komissiya tərəfindən 
								maliyyələşdirilir. Komissiya maliyyə 
								vəsaitlərini birbaşa olaraq dövlət elmi tədqiqat 
								mərkəzlərinə yönəldir. 
								
								
								Bu qurum dövlət müəssisəsi olmaqla Milli 
								İnnovasiya Sisteminə daxildir. Təqdirəlayiq 
								haldır ki, Milli İnnovasiya Sisteminin büdcəsi 
								2005-ci ildə 322 milyon ABŞ dolları olduğu halda, 
								2011-ci ildə 874 milyon ABŞ dolları təşkil edib. 
								
								
								Elm və Texnoloji Tədqiqat üzrə Milli Komissiya 
								eləcə də universitetlərlə sıx əməkdaşlıq edir. 
								Komissiya müxtəlif fondların və proqramların 
								vasitəsilə ölkədə elmin, texnologiyanın 
								inkişafına böyük töhfələr verir. 
								
								
								1981-ci ildə yaradılmış Elm və Texnoloji İnkişaf 
								üzrə Milli Fond əsasən, fərdi tədqiqatlara 
								dəstək verir. Fond fəaliyyəti dövründə 14000 
								tədqiqat layihəsinin maliyyələşdirilməsini 
								həyata keçirib. 
								
								
								1992-ci ildə yaradılmış Elmi və Texnoloji 
								İnkişafın Təşviqi Fondu tətbiqi tədqiqat, 
								həmçinin texnoloji inkişaf layihələrinin 
								genişləndirilməsi məqsədilə tədqiqat 
								müəssisələri, şirkətlər və digər qurumlar 
								arasında əlaqələndirməni tənzimləyir. 
								
								
								Peşəkar Tədqiqat Müəssisələrinin 
								Maliyyələşdirilməsi Fondu 1991-ci ildən 
								fəaliyyət göstərir. Fondun əsas məqsədi müvafiq 
								istiqamət üzrə formalaşmış müəssisələrdə 
								aparılan peşəkar tədqiqatları dəstəkləməkdən 
								ibarətdir. 
								
								
								2009-cu ildə yaradılmış Köməkçi Tədqiqat 
								Proqramının əsas məqsədi ölkənin elmi 
								potensialının daha da möhkəmləndirilməsini təmin 
								etmək və elmi nailiyyətlərin tətbiqi işinin 
								təşviqini həyata keçirməkdən ibarətdir. 
								
								
								Bunlarla yanaşı, Regional Proqram, Astronomiya 
								Proqramı, Səhiyyə Sahəsində Tədqiqat və İnkişaf 
								üzrə Milli Fond, İnsan Kapitalının Cəlb Edilməsi 
								Proqramı, Eksplora Proqramı ölkə üzrə elm və 
								texnologiyanın inkişafına, əldə olunmuş 
								nəticələrin uğurlu tətbiqinə imkan verir.  
								
								
								
								Bəşarət MƏMMƏDOV, 
								
								
								
								Ramil HÜSEYNOV  
								
								
								Yazının hazırlanmasında Çili Respublikası Təhsil 
								Nazirliyinin rəsmi məlumatlarından istifadə 
								olunub.  |