| 
						 
						
						 Ali 
						məktəblərə daxil olmaq üçün  xüsusi hazırlığa həmişə 
						ehtiyac olub. Çox az sayda abituriyent  qəbula  müstəqil 
						şəkildə hazırlaşa bilir. Gündəlik dərslərə yaxşı 
						hazırlaşmaq qəbul imtahanlarını uğurla vermək üçün 
						kifayət deyil. İllərlə öyrəndiklərini sistemli şəkildə 
						təkrarlamaq, nəzəri bilikləri məsələ həllinə tətbiq edə 
						bilmək, testlərə  tez və doğru cavab vermək... Bütün 
						bunlar indiki abituriyentin qarşısında duran əsas 
						vəzifələrin yalnız bir hissəsidir. Mükəmməl  bir vəsait 
						bu vəzifələrin yerinə yetirilməsində  abituriyentlərin 
						əsl yardımçısı ola bilər. Akademik Z.Əliyeva adına 
						liseyin riyaziyyat müəllimi Ə.Məmmədlinin bu günlərdə 
						çapdan çıxmış "Riyaziyyat-I hissə: 9-11-ci sinif 
						şagirdləri və abituriyentlər üçün vəsait" adlı 
						kitabı da elə bu məqsədlə yazılmışdır. Məzmununa, "hesab, 
						cəbr və analizin başlanğıcı, birləşmələr və ehtimal 
						nəzəriyyəsinin elementləri" daxil olan  vəsait TQDK-nın 
						Azərbaycan Respublikası ali məktəblərinə keçirdiyi qəbul 
						imtahanlarının riyaziyyat proqramına uyğun 
						hazırlanmışdır. Kitabda nəzəri biliklər sistemli şəkildə, 
						yığcam və sadə  dillə şərh olunmuşdur. Hər paraqrafda  
						nəzəri hissə həlli ilə verilmiş misallarla 
						möhkəmləndirilmişdir. Vəsait müəllifin öz oxucuları ilə 
						"canlı söhbəti" ruhunda yazılmışdır. 
						
						
						Qəbul imtahanları zamanı bütün mövzulara aid testlərə 
						tez və doğru cavab vermək yolları vəsaitdə ayrı-ayrı 
						nümunələr üzərində nümayiş etdirilmişdir. Kitab orta 
						məktəblərin riyaziyyat müəllimləri, repetitorlar, IX-XI 
						sinif şagirdləri və abituriyentlər üçün çox faydalıdır.  
						
						
						
						Y.ƏLİYEV  |