| 
						 
						
						
						Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 iyun 
						2012-ci il tarixli,  
						1093 nömrəli əmri ilə təsdiq edilmişdir  
						  
						
						
						
						I. Ümumi təhsil müəssisələrində və peşə liseylərində 
						pedaqoji kadrlara tələbatın müəyyənləşdirilməsi 
						
						
						  
						
						
						1. Ümumi   təhsil   müəssisələri  və  peşə  liseylərində   
						işləyən  müəllimlər arasında dərs bölgüsü Azərbaycan 
						Respublikası Nazirlər Kabinetinin "Təhsil 
						müəssisələrinin pedaqoji işçilərinin dərs yükü 
						normalarının müəyyən edilməsi haqqında" 24.11.2010-cu il 
						tarixli, 215 nömrəli Qərarına uyğun aparılmaqla vakant 
						yerlər müəyyənləşdirilir. 
						
						
						2. Dərs bölgüsü aparılarkən ümumi təhsil müəssisələrində 
						və peşə liseylərində işləyən müəllim üçün həftəlik 1 (bir) 
						stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 2 
						(iki) stavkanı aşmamalıdır) müəyyənləşdirilir. 12 
						saatdan az dərs vakant olarsa, həmin saatlar ilk növbədə 
						müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş 
						yuxarı hədd gözlənilməklə bölüşdürülür. Təhsil 
						müəssisəsində hər hansı ixtisasdan kadr olmadıqda, həmin 
						ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş 
						həftəlik dərs yükü (ümumi təhsil müəssisələri və peşə 
						liseyləri üçün həftəlik 6-11 saatadək) vakant hesab 
						edilir və müsabiqəyə çıxarılması üçün təqdim olunur. 
						
						
						3. Kadr çatışmazlığı olduğu hallarda yaranmış vəziyyətin 
						tənzimlənməsi üçün mövcud qaydalara uyğun, yeni müəllim 
						təyinatı həyata keçirilənədək əmək qanunvericiliyinin 
						tələbləri gözlənilməklə saathesabı və ya əvəzçilik 
						qaydasında əmək müqaviləsi bağlanılmaqla digər təhsil 
						müəssisələrindən ixtisaslı müəllimlər cəlb oluna bilər.
						 
						
						
						4. Pedaqoji kadrlara ciddi ehtiyac olan ümumi təhsil 
						müəssisələri və peşə liseylərində 65 yaş həddinə çatmış 
						müəllimlərlə qanunvericiliyə uyğun olaraq müddətli əmək 
						müqavilələri bağlanıla bilər. 
						
						
						5. Analıq məzuniyyətində olan müəllimlərə hər dərs 
						ilinin əvvəlində həftəlik dərs saatı ayrılır və 
						əmrləşdirilir. Analıq məzuniyyəti yerinə müddətli əmək 
						müqaviləsi ilə işə götürülən işçilərə həmin dərs saatı 
						verilir və tarifləşmə cədvəlində qeyd edilir.  
						 
						
						
						6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 
						2010-cu il tarixli, 67 nömrəli qərarına əsasən kənd 
						məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan 
						yerlər xüsusi işarələnməklə vakant yerlər haqqında 
						məlumata daxil edilir. Kənd məktəblərinə işə qəbul üçün 
						nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ali və orta 
						ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə 
						bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərə şamil 
						olunur.  
						
						
						7. Kənd yerlərində olan ümumi təhsil müəssisələrində 
						fəaliyyətə başlayan gənc mütəxəssislərə əlavə güzəşt və 
						stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerləri 
						Təhsil Nazirliyi tərəfindən hər tədris ili üçün 
						müəyyənləşdirilir və iyul ayının 1-dək Azərbaycan 
						Respublikası Maliyyə Nazirliyinə təqdim edilir. 
						 
						
						
						8. Ümumtəhsil müəssisələrinin ibtidai siniflərində 
						müəllimlərin bir qayda olaraq iki sinif komplektində 
						dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda 
						təhsili idarəetmə orqanlarının və ya təhsil 
						müəssisələrinin əsaslandırılmış təqdimatına əsasən 
						ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində 
						dərs aparması nazirliyin razılığı ilə həyata keçirilir. 
						
						
						9. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, 
						texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif 
						müəllimlərinin özləri tərəfindən, xarici dil və 
						informatika fənləri isə ixtisaslı kadrlar tərəfindən 
						tədris edilir. Kadr olmadığı halda informatika fənnini 
						ibtidai sinif müəllimi apara bilər. 
						
						
						10. Pedaqoji işçilərin yeni tədris ili üçün ilkin dərs 
						yükü müəssisə rəhbərləri tərəfindən müəllimlər əmək 
						məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu 
						barədə məlumat verilir.  
						
						
						11. Yerli təhsili idarəetmə orqanları və müvafiq təhsil 
						müəssisələrinin rəhbərləri hər tədris ili başa çatdıqdan 
						sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı 
						müəyyənləşdirilmiş forma üzrə (Əlavə 1) Təhsil 
						Nazirliyinə təqdim edir.  
						
						
						12. Bir qayda olaraq müəllimlərin dərs yükü tədris ili 
						ərzində sabit saxlanılır. Dərs bölgüsü yekun variantda 
						hər il sentyabrın 20-dək əmrlə rəsmiləşdirilir. 
						Tarifləşmə cədvəli təsdiqə təqdim olunanadək müəssisə 
						üzrə kadr məsələlərinin tənzimlənməsi təmin olunmalı və 
						vakant dərs saatları cədvəldə göstərilməlidir.  
						
						
						
						II. Pedaqoji kadrların işə qəbulunun tənzimlənməsi  
						
						
						1. Təhsil  Nazirliyi  sisteminə daxil olan ümumi  təhsil  
						müəssisələrinə  və peşə liseylərinə müəllimlərin və 
						gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin işə 
						qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə 
						yolu ilə (elektron ərizədəki göstəricilərin 
						qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron 
						proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. 
						
						
						2. Ali  və  orta  ixtisas  təhsili müəssisələrini 
						pedaqoji ixtisaslar üzrə bitirmiş və vahid formalı 
						dövlət təhsil sənədi (diplom) almış kadrlar ümumi təhsil  
						müəssisələrinə  işə qəbul üzrə müsabiqədə iştirak edə 
						bilərlər. Bu zaman ixtisas tələblərinə uyğunluq əsas 
						götürülür. Peşə liseylərinə ümumi  təhsil fənləri 
						müəllimlərinin işə qəbulu üzrə müsabiqədə yalnız  ali 
						təhsil müəssisələrini bitirən pedaqoji kadrlar iştirak 
						edə bilərlər. 
						
						
						3. Müəllimlərin işə qəbulunu həyata keçirmək üçün Təhsil 
						Nazirliyinin rəsmi İnternet saytının (www.edu.gov.az) "Müəllimlərin 
						işə qəbulu üzrə müsabiqə" səhifəsində "Azərbaycan 
						Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi 
						təhsil müəssisələrində və peşə liseylərində vakant 
						yerlərə müəllimlərin işə qəbulu üzrə Reqlament", "Vakant 
						yerlər barədə məlumat forması", "Elektron ərizə forması", 
						"Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və 
						elektron ərizənin doldurulmasına dair təlimat", "Müəllimlərin 
						işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin 
						elektron ərizələri əsasında təhsil və nailiyyət 
						göstəricilərinin qiymətləndirilməsi meyarları", "Test 
						suallarının cavablandırılmasına dair təlimat", "Boş 
						qalan yerlərə əlavə yerləşdirmə üçün müraciətə dair 
						təlimat" və "Şəxsi səhifə" yerləşdirilir.  
						
						
						4. İşə   qəbul   prosesinin   səmərəli   təşkili   və   
						keçirilməsi   üçün   Təhsil Nazirliyində müsabiqə 
						komissiyası və imtahanın nəticələri ilə bağlı 
						şikayətlərə baxılması məqsədilə apelyasiya komissiyası 
						yaradılır. 
						
						
						5. Müsabiqədə  iştirak  etmək  üçün  İnternet vasitəsilə 
						"Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil 
						olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin 
						qəbulu bir qayda olaraq hər il 01-15 iyul tarixlərində 
						aparılır. Zərurət yaranarsa, elektron ərizələrin qəbulu 
						vaxtı dəyişdirilə bilər və bu barədə Təhsil Nazirliyi 
						tərəfindən əvvəlcədən elan verilir.  
						
						
						6. Elektron ərizələrin doldurulması üçün əvvəlcə 
						"Elektron ərizə forması" (Əlavə 2), "Namizədlər 
						tərəfindən vakant yerlərin seçilməsi və elektron 
						ərizənin doldurulmasına dair təlimat" (Əlavə 3) ilə 
						tanış olmaq lazımdır. Qarşısında (H-1)1 və 
						(H-2)2  işarəsi olan vakant yerlər Azərbaycan 
						Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il 
						tarixli, 67 nömrəli qərarına uyğun dövlət sifarişinə 
						əsasən kənd məktəblərində həvəsləndirmə tədbirlərinin 
						tətbiqi nəzərdə tutulan yerlərdir.  
						
						
						7. Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 (səkkiz) 
						vakant yer seçə bilər. 2 (iki) və daha artıq yer 
						seçənlər vakant yerlərin ardıcıllığına diqqət 
						yetirməlidirlər. Çünki elektron proqram təminatı 
						imtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə 
						yerləşdirilməsi zamanı seçim ardıcıllığını birincidən 
						başlayaraq nəzərə alır. 
						
						
						8. Elektron ərizələrin qəbulu başa çatdıqdan 5 (beş) 
						təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər kod və 
						parol vasitəsilə "Şəxsi səhifə"yə daxil olaraq 
						müsabiqəyə buraxılması, test imtahanının keçirilmə vaxtı 
						və yeri barədə məlumat əldə edirlər. 
						
						
						9. Müsabiqənin birinci mərhələsində elektron proqram 
						təminatı "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 
						iştirak edən namizədlərin elektron ərizələri əsasında 
						təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi 
						meyarları" (Əlavə 4) əsasında hər bir namizədin 
						qiymətləndirməsini aparır.  
						
						
						10. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci 
						mərhələsində imtahan keçirilməsi üçün Təhsil Nazirliyi 
						tərəfindən müvafiq ixtisaslar üzrə işçi qrupları 
						yaradılır və "Test bankı" hazırlanır. 
						
						
						11. Müsabiqə iştirakçıları imtahanın başlanmasına 1 
						(bir) saat qalmış qeydiyyatdan keçməlidirlər. Bunun üçün 
						şəxsiyyət vəsiqəsinin əsli təqdim edilir. Şəxsiyyət 
						vəsiqəsi olmayan şəxslər pasport qeydiyyatı şöbəsi 
						tərəfindən verilmiş şəkilli arayış təqdim edə bilərlər. 
						Şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadıqda namizəd 
						imtahana buraxılmır. 
						
						
						12. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda 
						iştirak etməyənlər üçün təkrar imtahan təşkil edilmir.
						 
						
						
						13. İmtahanda iştirakdan əvvəl hər bir namizəd "Test 
						suallarının cavablandırılmasına dair təlimat"la (Əlavə 
						5) tanış olmalıdır. İmtahanda hər bir namizədə fərdi 
						olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil 
						məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, 
						təlim strategiyaları və məktəbdaxili qiymətləndirmə 
						qaydalarına aid 5 test, məntiq və ümumi dünyagörüşünə 
						aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. 
						Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. 
						Zəruri ehtiyac yarandıqda test suallarının sayı və 
						imtahana ayrılan vaxt dəyişdirilə bilər.  
						
						
						14. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir və 
						verilmiş vaxt ərzində icra olunduqdan dərhal sonra 
						düzgün cavabların sayına uyğun bal kompüterin ekranında 
						göstərilir.  
						
						
						15. Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 
						28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid 
						balını toplamış hesab olunurlar. Həvəsləndirmə 
						tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün 
						test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna 
						düzgün cavab keçid balı hesab olunur. Zərurət yaranarsa, 
						boş qalan yerlərin sayından asılı olaraq keçid balı 
						dəyişdirilə bilər. 
						
						
						16. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə 
						qiymətləndirmənin nəticələri nəzərə alınmaqla 
						namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin 
						sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə 
						ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə 
						elektron proqram təminatı vasitəsilə həyata keçirilir və 
						nəticələr barədə məlumat hər bir namizədin "Şəxsi 
						səhifə"sinə göndərilir.  
						
						
						17. Namizədlər  "Şəxsi səhifə"yə daxil olmaqla 
						müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin 
						yekununa uyğun topladığı ümumi bal və müsabiqənin III 
						mərhələsində iştirak barədə məlumat əldə edirlər. 
						 
						
						
						18. Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər  
						"Şəxsi səhifə"də qeyd olunan tarixdə şəxsi işini 
						(elektron ərizənin surəti, diplom(lar) və ona 
						əlavə(lər), şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında 
						arayış, əmək kitabçası (əgər varsa), gənclərin 
						çağırışaqədərki hazırlıq rəhbərlərinin işə qəbuluna 
						Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət 
						Xidmətinin müvafiq rayon (şəhər) strukturundan razılıq 
						məktubu və elektron  ərizəsində göstərilən məlumatları 
						təsdiq edən digər sənədlərin surətini) təsdiqlənmək və 
						müsahibədən keçmək üçün müsabiqə komissiyasına təqdim 
						edirlər.  
						
						
						19. Elektron ərizədəki məlumatlarla təqdim edilən 
						sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, 
						həmin namizədin müsabiqə nəticələri ləğv olunur və bu 
						barədə şikayətə baxılmır. 
						
						
						20. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha 
						artıq sayda eyni bal toplamış namizəd olduqda, müsabiqə 
						komissiyası bütün halları araşdırmaqla onlardan hansının 
						üstün göstəricilərə malik olmasına dair qərar qəbul 
						edir. 
						
						
						21. İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə hər bir 
						ixtisas üzrə boş qalan yerlər barədə məlumatlar 
						"Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində 
						"Şəxsi səhifə" daxilində yerləşdirilir. Uyğun ixtisas 
						üzrə müsahibə başa çatdıqdan sonra bir həftə müddətində 
						müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq 
						seçdiyi vakant yerə işə qəbul oluna bilməyən namizədlər 
						"Şəxsi səhifə"yə daxil olmaqla boş qalan yerlər haqqında 
						məlumatla tanış olub əlavə yerləşdirmə üçün seçim edə 
						bilərlər. 
						
						
						22. Namizəd "Boş qalan yerlərə əlavə yerləşdirmə üçün 
						müraciətə dair təlimat"la (Əlavə 6) tanış olmaqla, boş 
						qalan yerləri seçməlidir. Uyğun ixtisas üzrə ən çoxu 4 
						vakant yer seçilə bilər. Namizəd boş qalan yerlərdən 4 
						seçimdən əlavə "Nazirlik tərəfindən göndərilən yerə 
						razıyam" düyməsini qeyd etmiş olarsa, əlavə 
						yerləşdirmədən sonra qalan yerə göndərilə bilər. 
						
						
						23. Əlavə yerləşdirmə üçün boş qalan yerlərin seçim 
						edilməsi bitdikdən sonra müsabiqədə ən çox bal 
						toplayandan başlayaraq yerləşdirmə elektron proqram 
						təminatı vasitəsilə həyata keçirilir və nəticələr 
						namizədlərin  "Şəxsi səhifə"sinə göndərilir. İşə qəbul 
						olunanlar müsahibə qaydalarına uyğun olaraq sənədlərini 
						təqdim etməklə müsahibədən keçirilir. 
						
						
						24. Əlavə yerləşdirmə üçün 4 seçimdən başqa Təhsil 
						Nazirliyi tərəfindən təklif olunan yerə razı olduğunu 
						qeyd edənlərə boş qalmış yerlər təklif edilir və "Şəxsi 
						səhifə"yə bu barədə məlumat göndərilir. Təklifi qəbul 
						edənlər müsahibə qaydalarına uyğun olaraq sənədlərini 
						təqdim etməklə müsahibədən keçirilir. 
						
						
						25. Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilən 
						müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı 
						nazirliyin İnternet saytında yerləşdirilir, müvafiq 
						siyahılar və şəxsi işlər rəsmi məktubla aidiyyəti üzrə 
						təhsili idarəetmə orqanlarına, nazirliyin birbaşa 
						tabeliyində olan ümumi təhsil müəssisələrinə və peşə 
						liseylərinə göndərilir. 
						
						
						26. Nazirliyin məktubuna əsasən təhsil müəssisəsinin 
						rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır 
						və işə qəbul mövcud qanunvericiliyə uyğun 
						rəsmiləşdirilir. 
						
						
						27. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya 
						şikayətinə bütün ixtisaslar üzrə test imtahanları başa 
						çatdıqdan sonra bir həftə ərzində baxılır. 
						
						
						28. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan 
						sonra, hər bir ixtisas üzrə keçid balını toplayıb, lakin 
						işə qəbul ola bilməyənlərin siyahısı müsabiqə 
						komissiyası tərəfindən təsdiq olunur. Tədris ili 
						başlandıqdan sonra yaranan əlavə vakant yerlərə uyğun 
						ixtisaslar üzrə ən çox bal toplayandan başlayaraq 
						siyahıda adı olanlara təklif edilir. Təklifi qəbul 
						edənlər müsahibə qaydalarına uyğun olaraq sənədlərini 
						təqdim etməklə müsahibədən keçirilir. 
						
						
						29. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatanadək 
						elan edilmiş vakant yerlərə yerdəyişmə yolu ilə və ya 
						əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanmasına 
						icazə verilmir. 
						
						
						30. Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə 
						əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan 
						şəxslər pedaqoji işdə çalışa bilməzlər və işə qəbul üzrə 
						müsabiqəyə buraxılmırlar.  
						
						
						
						III. Pedaqoji kadrların işə qəbulunun tənzimlənməsi 
						sahəsində təhsili idarəetmə orqanları və müəssisə 
						rəhbərlərinin səlahiyyət və məsuliyyətləri  
						
						
						1. Təhsil müəssisələrində analıq məzuniyyəti yerinə 
						müəllimlərin işə qəbulu təhsili idarəetmə orqanlarının, 
						nazirliyin birbaşa tabeliyində olan təhsil 
						müəssisələrində isə Təhsil Nazirliyinin razılığı ilə ən 
						çoxu 3 il müddətinə əmək müqaviləsi bağlanılır, əmrlə 
						rəsmiləşdirilir və bu müddətdə hər il üçün tarifləşmə 
						cədvəlində qeyd edilir. Həmin müddət bitdikdən sonra 
						əmək müqaviləsinin tərəf, müddət və şərtlərinə yenidən 
						baxılır. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə 
						əmək müqaviləsi analıq məzuniyyətində olan müəllim işə 
						qayıtdığı gündən ləğv edilir. 
						
						
						2. Bu reqlament ilə müəyyənləşdirilən miqdarda vakant 
						dərs saatı olduqda təhsil müəssisələrində işləyən 
						müəllimlərin bir rayon (şəhər) daxilində müvafiq təhsil 
						müəssisəsinə və uyğun ixtisasa yerdəyişməsi təhsili 
						idarəetmə orqanının, nazirliyin tabeliyində olan təhsil 
						müəssisələrində işləyən müəllimlərin yerdəyişməsi isə 
						Təhsil Nazirliyinin razılığı və işəgötürənin əmri ilə 
						yerinə yetirilir. 
						
						
						3. Tədris ili ərzində müəllimlərin bir rayondan 
						(şəhərdən) digər rayonda (şəhərdə) yerləşən müvafiq 
						təhsil müəssisəsinə yerdəyişməsinə Təhsil Nazirliyinin 
						razılığı əsasında icazə verilir. Bunun üçün müəllimin 
						yerini dəyişməsinin səbəbini göstərməklə yazdığı 
						ərizənin üzərində işlədiyi rayon (şəhər) təhsili 
						idarəetmə orqanının rəhbərinin rəsmi razılığı (imza, 
						möhür) qeyd olunmaqla şəxsi işini yeni iş yerinin aid 
						olduğu rayon (şəhər) təhsili idarəetmə orqanına təqdim 
						edir. Öz növbəsində, təhsili idarəetmə orqanı 
						yerdəyişmənin hansı vakant yerə görə aparılmasını 
						əsaslandıran müşayiətedici məktubla yerini dəyişən 
						müəllimin şəxsi işini müvafiq razılıq alınması üçün 
						Təhsil Nazirliyinə təqdim edir. Təhsil Nazirliyinin 
						razılıq məktubundan sonra işçinin işdən azad edilməsi və 
						işə qəbulu əmək qanunvericiliyinin tələblərinə uyğun 
						yerinə yetirilir. 
						
						
						4. Ümumtəhsil müəssisələrinə və peşə liseylərinə qeyri-pedaqoji 
						təhsilli, özəl tədris müəssisəsini bitirmiş, lakin vahid 
						formalı dövlət təhsil sənədi-diplomu olmayan kadrların, 
						həmçinin xaricdə təhsil alaraq təhsil sənədinin 
						tanınmasına dair Təhsil Nazirliyinin şəhadətnaməsi 
						olmayan, eləcə də bakalavriat səviyyəsində qiyabi təhsil 
						alan tələbələrin müəllim vəzifəsinə işə qəbulu 
						qadağandır. 
						
						
						5. Pedaqoji kadrların yalnız fakültativ, fərdi və qrup 
						məşğələləri, eləcə də dərnək məşğələləri üçün ayrılmış 
						saatlara işə qəbuluna icazə verilmir.  
						
						
						6. Müxtəlif səbəblərdən cinayət məsuliyyətinə cəlb 
						edilmiş müəllimlərin pedaqoji işə qaytarılması 
						məsələsinə  qüvvədə olan qanunlar əsasında yerli təhsili 
						idarəetmə orqanı tərəfindən baxılır. 
						
						
						7. İşə qəbul, eləcə də işdən azad olunan müəllimlər 
						haqqında məlumatlar ən geci 10 gün müddətində "Təhsilin 
						idarə olunmasının məlumat sistemi"nə yerləşdirilməsi 
						üçün Təhsil Nazirliyinə göndərilir. 
						
						
						8. Müəllimlərin işə qəbulu ilə əlaqədar bu reqlamentə 
						riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən 
						nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil 
						müəssisələrinin rəhbərləri bilavasitə məsuliyyət 
						daşıyırlar. 
						 
						
						
						
						1. Rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən kənd 
						məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində 
						bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc 
						mütəxəssislərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq 
						olunur: 
						
						
						
						* yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, 
						ilkin yaşayış şəraitinin yaradılması məqsədilə 
						əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım; 
						
						
						
						* 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər 
						ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi; 
						
						
						
						* yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi; 
						
						
						
						* torpaq sahələrinin ayrılması; 
						
						
						
						* ipoteka kreditlərinin verilməsi. 
						
						
						
						2. Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən 
						kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il 
						müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən 
						gənc mütəxəssislərə yuxarıda göstərilən həvəsləndirmə 
						tədbirləri ilə yanaşı hər ay əməkhaqqına 70 (yetmiş) 
						manat əlavə olunur. 
						
						   |